Məhkəmə qərarları › İş №2(018)-475/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-475/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-475/2023 12.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin hüquq şöbəsinin müdiri Əliəsgər Axundov Cavabdeh qarşı «borc tələbinə dair» iddia verərək, Cavabdeh Akiz qızından əsas borcu 1955 (bir min doqquz yüz əlli beş) manat, cərimə borcu 293 (iki yüz doxsan üç) manat, 25 (iyirmi beş) qəpik, həmçinin ərizəyə görə ödənilmiş 42 (qırx iki) manat, 88 (səksən səkkiz) qəpik dövlət rüsumunun əvəzi, ümumilikdə 2291 (iki min iki yüz doxsan bir) manat, 13 (on üç) qəpik borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli, 183-EMB-0682-21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə 2200 (iki min iki yüz) manat kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun iddiaçıya 1955 (bir min doqquz yüz əlli beş) manat əsas məbləğ üzrə, 293 (iki yüz doxsan üç) manat, 25 (iyirmi beş) qəpik cərimə üzrə, cəmi 2248 (iki min iki yüz qırx səkkiz) manat, 25 (iyirmi beş) qəpik borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 42 (qırx iki) manat, 88 (səksən səkkiz) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 29 dekabr 2021-ci il tarixli, 183-EMB-0682-21 saylı kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən Cavabdeh 18 ay müddətinə 2200 (iki min iki yüz) manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 09 fevral 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 183-EMB-0682-21 saylı kredit müqaviləsi üzrə 1955 (bir min doqquz yüz əlli beş) manat əsas məbləğ üzrə, 293 (iki yüz doxsan üç) manat, 25 (iyirmi beş) qəpik cərimə üzrə, cəmi 2248 (iki min iki yüz qırx səkkiz) manat, 25 (iyirmi beş) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş son xəbərdarlıq məktubundan görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli, 183-EMB-0682-21 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 29 dekabr 2021-ci il tarixli 183-EMB-0682-21 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 293 (iki yüz doxsan üç) manat, 25 (iyirmi beş) qəpik məbləğində dəbbə pulu azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 42 (qırx iki) manat, 88 (səksən səkkiz) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Akiz qızından 29 dekabr 2021-ci il tarixli, 183-EMB-0682-21 saylı kredit müqaviləsi üzrə 1955 (bir min doqquz yüz əlli beş) manat əsas məbləğ üzrə, 10 (on) cərimə üzrə, cəmi 1965 (bir min doqquz yüz altmış beş) manat və ödənilmiş 42 (qırx iki) manat, 88 (səksən səkkiz) qəpik dövlət rüsumu alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia cərimə borcu ilə bağlı 283 (iki yüz səksən üç) manat, 25 (iyirmi beş) qəpik hissəsində təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar