Məhkəmə qərarları › İş №2(018)-485/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-485/2024

14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-485/2024 14.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçi İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması tələbi» barədə iddiasına dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 11 mart 2024-cü il tarixdə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, 27 aprel 2013-cü il təvəllüdlü X3 və 14 may 2015-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılıb, Cavabdeh hər ay hər uşaq üçün 250 manat olmaqla iki uşağa görə ümumilikdə 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, həmçinin ödənilmiş 55 manat mediasiya xərcinin və 55 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiası əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(018)-923/2022 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, birgə nikahlarından olan 27 aprel 2013-cü il təvəllüdlü X3 və 14 may 2015-ci il təvəllüdlü X4 adlı uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla ümumilikdə iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin iddiçının xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin qeyd etdiyi qətnaməsindən narazı qalaraq apellyasiya şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2 (106)-2145/2022 saylı qətnaməsilə Astara Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(018)-923/2022 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği dəyişdirilmiş, Cavabdeh 27 aprel 2013-cü il təvəllüdlü X3 və 14 may 2015-ci il təvəllüdlü X1 üçün 07 iyul 2022-ci il tarixdən başlayarq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla ümumilikdə iki uşağa görə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq xeyrinə verilməsi qət edilmişdir. Qətnamənin qəbul olunmasından bir müddət keçmişdir və hazırki dövrə münasibətdə həmin məbləğ uşağın saxlanması üçün real deyil. Bir uşaq üçün 120 manat aliment həddən artıq azdır. Keçən dövr ərzində uşağın həyat şəraitində də dəyişikliklər baş vermişdir. Tələb etdiyi məbləğdə alimentin məhkəmə tərəfindən təyin edilməməsi uşağının mənafeyinə uyğun olmaz. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəməyə teleqramla müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Astara Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(018)-923/2022 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, birgə nikahlarından olan 27 aprel 2013-cü il təvəllüdlü X3 və 14 may 2015-ci il təvəllüdlü X4 adlı uşaqların saxlanılması üçün ondan hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla ümumilikdə iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin iddiçının xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin qeyd etdiyi qətnaməsindən iddiaçı narazı qalaraq apellyasiya şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2 (106)-2145/2022 saylı qətnaməsilə Astara Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(018)- 923/2022 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği dəyişdirilmiş, ondan 27 aprel 2013-cü il təvəllüdlü X3 və 14 may 2015-ci il təvəllüdlü X1 üçün 07 iyul 2022-ci il tarixdən başlayarq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla ümumilikdə iki uşağa görə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin verilməsi qət edilmişdir. Məhkəmənin müəyyən etdiyi alimenti hər ay vaxtında ödəyir. Heç yerdə işləmir. Özü ikinci dəfə ailə qurmuş və bir uşağı var. Ailəsini uşağını çətinliklə saxlayır. İddiaçının qeyd etdiyi məbləği ödəmək iqtidarında deyil. Alimentin həcmi artırılarsa, onu heç cür ödəyə bilməyəcəkdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını və məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır:

1. Şəxsiyyət vəsiqəsinin surətindən və yaşayış yeri barədə arayışdan görünür ki, İddiaçı Astara rayonun, Pəlikəş kəndində qeydiyyatdadır.

2. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 27 aprel 2013-cü il təvəllüdlü X3 və 14 may 2015-ci il təvəllüdlü X4 adl iki uşaqları dünyaya gəlmişdir.

3. Şirvan Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(106)-2145/2022 saylı qətnaməsi ilə İddiaçı apellaysiya şikayəti təmin olunmuş, Astara Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(018)-923/2022 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği dəyişdirilmiş, ondan 27 aprel 2013-cü il təvəllüdlü X3 və 14 may 2015-ci il təvəllüdlü X1 üçün 07 iyul 2022-ci il tarixdən başlayarq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla ümumilikdə iki uşağa görə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin verilməsi qət edilmişdir.

4. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 55 (əlli beş) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir.

5. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ayarışdan görünür ki, 27 fevral 2024-cü il tarixində, saat 11:00 keçirilməli olan ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər. İddiaçı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırki dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı müvafiq xərclərin miqdarından fərqlənir. Bundan başqa uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı da artır. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı 2022-ci ildə müəyyən olunmuş və həmin azyaşlı uşaqlar üçün ümumilkdə 240 manat aliment kəsilmişdir. Hazırda uşaq məktəbli olmaqla, onun saxlanılması üçün xərclər də artmışdır. Məhkəmə iddiaçının alimentin müəyyən olunmuş miqdarının artırılması barədə iddiasının qismən təmin edilməsini, alimentin miqdarı hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə iki uşağa görə 340 (üç yüz qırx) manat müəyyən olunmasını əsaslı və qanuni hesab edir. Hazırki vaxtda hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumilikdə iki uşağa görə 240 manat alimenti məhkəmə uşağın saxlama xərclərinə qeyri-mütənasib hesab edir və ona görə də iddiaçının iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq maraqları, Azərbaycan Respublikası üzrə uşaqlar üçün yaşayış minimumunun məbləği nəzərə alınmaqla uşağın mənafeyinə cavabdehdən hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə iki uşağa görə 340 manat məbləğində alimentin tutulması hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Əks halda, hazırki işdə xeyrinə aliment tutulan uşağın maraqları əhəmiyyətli dərəcədə pozulmuş olar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri isə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından müəyyən olundu ki, 27 fevral 2024-cü il tarixində saat 11:00-da keçirilməli olan ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər. İddiaçı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Ona görə də, 50 (əlli) manat məbləğində olan mediasiyaya dair xərcini cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1.İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması tələbinə» dair iddiası qismən təmin edilsin.

2. Şirvan Appelyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(018)-2145/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın.

3. 27 aprel 2013-cü il təvəllüdlü X3 və 14 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla ümumilikdə iki uşağa görə 340 manat alimenti sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. İddiaçı tərəfindən ödənilən 55 (əlli beş) manat dövlət rüsumu və 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərc, cəmi 110 (yüz on) manat pul Cavabdeh alınıb İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar