Məhkəmə qərarları › İş №2(018)-518/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-518/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-518/2023 11.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin PİKÜMİD-nin Regional Məhkəmə Hüquq şöbəsinin baş hüquqşunası Elxan Cilovxanov Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçının xeyrinə 87 (səksən yeddi) manat 37 (otuz yeddi) qəpik əsas məbləğ üzrə, 22 (iyirmi ik) manat, 95 (doxsan beş) qəpik faiz üzrə, 2 (iki) manat 28 (iyirmi səkkiz) qəpik cərimə, cəmi 112 (yüz on iki) manat 60 (altmış) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 6447sMDK/21 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 60 ay müddətinə kredit ayırmışdır. Kreditin ilkin limiti 100 (yüz) manat təyin edilmışdır. “Bank” “Borcalan”a bank hesabı (cari, kredit) açmış və ödəniş kartı təqdim etmiş, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Kredit xəttindən istifadəyə görə minimum 1% maksimum 6% nağdsız əməliyyatlar üzrə isə minimum 1% maksimum 6% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı “Borcalan” tərəfindən əlavə olaraq ödənilir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 17 avqust 2021-ci il tarixli, 6447sMDK/21 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə kredit ayırmışdır. Kreditin ilkin limiti 100 (yüz) manat təyin edilmışdir. İş materiallarına əlavə olunmuş 10 mart 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 6447sMDK/21 saylı kredit müqaviləsi üzrə 87 (səksən yeddi) manat 37 (otuz yeddi) qəpik əsas məbləğ üzrə, 22 (iyirmi ik) manat, 95 (doxsan beş) qəpik faiz üzrə, 2 (iki) manat 28 (iyirmi səkkiz) qəpik cərimə, cəmi 112 (yüz on iki) manat 60 (altmış) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 17 avqust 2021 il tarixli, 6447sMDK/21 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 17 avqust 2021-ci il tarixli, 6447sMDK/21 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 2 (iki) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində dəbbə pulu silinərək 28 (iyirmi səkkiz) qəpik həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17 avqust 2021-ci il tarixli, 6447sMDK/21 saylı kredit müqaviləsi üzrə 87 (səksən yeddi) manat 37 (otuz yeddi) qəpik əsas borc, 22 (iyirmi ik) manat 95 (doxsan beş) qəpik faiz borcu, 28 (iyirmi səkkiz) qəpik cərimə, cəmi 110 (yüz on manat) 60 (altmış) qəpik borc və və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğdə pul vəsaiti alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar