Məhkəmə qərarları › İş №2(018)-669/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-669/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-669/2023 20.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi, hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:

1. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2022-ci il tarixli ərizənin (025A********** saylı kredit müqaviləsinin) ləğv edilməsi;

2. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 11019 (on bir min on doqquz) manat, 54 (əlli dörd) qəpik kredit borcu, 802 (səkkiz yüz iki) manat, 89 (səksən doqquz) qəpik məbləğində faiz borcu və 215 (iki yüz on beş) manat, 98 (doxsan səkkiz) qəpik məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12038 (on iki min otuz səkkiz) manat, 41 (qırx bir) qəpik məbləğində borcun və ödənilmiş 126 (bir yüz iyirmi altı) manat, 11 (on bir) qəpik məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə imzaladığı iddia ərizəsindən məlum olur ki, Cavabdeh 03 iyun 2022-ci il tarixdə İddiaçı QSC-nin ilə bağladığı ərizəyə əsasən, Cavabdeh Bankın internet səhifəsinə yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həminərizəyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,7917 % olmaqla, 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 01 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 7.9-cu bəndinin tələblərini pozaraq götürdüyü kredit üzrə bütün ödəmələri dəfələrlə yubatmış kredit borc və faiz borcudan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03 yanvar 2023-cü il tarixdən banka qaytarmamışdır. O, cəmi 980 (doqquz yüz səksən) manat, 40 (qırx) qəpik ödəniş etmiş 11019 (on bir min on doqquz) manat, 54 (əlli dörd) qəpik kredit borcu qalmışdır. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş 03 iyun 2022-ci il tarixli ərizədən (025A********** saylı kredit müqaviləsindən) məlum olur ki, Cavabdeh aylıq faiz dərəcəsi 1,7917 % olmaqla, 48 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində kredit götürmüşdür. Mülki işə əlavə edilmiş ödəniş planından məlum olur ki, 03 iyun 2022-ci il tarixli ərizə (025A********** saylı kredit müqaviləsi) üzrə aylıq ödənilməli məbləğ təqribən 377 (üç yüz yetmiş yeddi) manat məbləğində təşkil etmişdir. Mülki işə əlavə edilmiş İddiaçı QSC-nin maliyyə arayışından məlum olur ki, Cavabdeh arasında bağlanmış 03 iyun 2022-ci il tarixli ərizə (025A********** saylı kredit müqaviləsi) üzrə 13 aprel dekabr 2023-cü tarixə kimi 11019 (on bir min on doqquz) manat, 54 (əlli dörd) qəpik kredit borcu, 802 (səkkiz yüz iki) manat, 89 (səksən doqquz) qəpik məbləğində faiz borcu və 215 (iki yüz on beş) manat, 98 (doxsan səkkiz) qəpik məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12038 (on iki min otuz səkkiz) manat, 41 (qırx bir) qəpik məbləğində borcu vardır. Mülki işə əlavə edilmiş xəbərdarlıq məktubundan məlum olur ki, cavabdehə 03 iyun 2022-ci il tarixli ərizə (025A********** saylı kredit müqaviləsi) üzrə İddiaçı QSC-yə borcu olduğu barədə bildirilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 126 (bir yüz iyirmi altı) manat, 11 (on bir) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 215 (iki yüz on beş) manat, 98 (doxsan səkkiz) qəpik məbləğində cərimə pulu azaldılaraq 30 (otuz) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1.-ci maddəsinə əsasən iddia qismən təmin olunduğu üçün iddiaçının ödədiyi 126 (bir yüz iyirmi altı) manat, 11 (on bir) qəpik dövlət rüsumunun 110 (bir yüz on) manat hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 233-cü maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2022-ci il tarixli ərizə (025A********** saylı kredit müqaviləsi) ləğv edilsin. Cavabdeh 03 iyun 2022-ci il tarixli ərizə (025A********** saylı kredit müqaviləsi) üzrə 11019 (on bir min on doqquz) manat, 54 (əlli dörd) qəpik kredit borcu, 802 (səkkiz yüz iki) manat, 89 (səksən doqquz) qəpik məbləğində faiz borcu və 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 11852 (on bir min səkkiz yüz əlli iki) manat, 43 (qırx üç) qəpik məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəməyə iddia ərizəsinin verilməsinə görə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumuna görə 110 (bir yüz on) manat pul Cavabdeh alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia cərimə borcunun 165 (bir yüz altmış beş) manat, 98 (doxsan səkkiz) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar