Məhkəmə qərarları › İş №2(018)-692/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-692/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-692/2023 12.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin PİKÜMİD-nin Regional Məhkəmə-hüquq şöbəsinin hüquqşunası Elməddin Məmmədov cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə dair» iddia verərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 3192 (üç min yüz doxsan iki) manat, 52 (əlli iki) qəpik əsas məbləğ üzrə, 762 (yeddi yüz altmış iki) manat, 01 (bir) qəpik faiz üzrə, 90 (doxsan) manat, 49 (qırx doqquz) qəpik cərimə üzrə, cəmi 4045 (dörd min qırx beş) manat, 02 (iki) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 60 (altmış) manat, 86 (səksən altı) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh1 "xxxx" Kommersiya Bankı ASC ilə 875micBKX/21-EM saylı əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində bağlanmış 20 avqust 2021-ci il tarixli, 875micBKX/21 saylı əlavə kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 24% ödəmək şərtilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 zaminlik müqaviləsi bağlayaraq kredit müqaviləsi üzrə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Lakin, cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq onlar, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişlər. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 60 (altmış) manat, 86 (səksən altı) qəpik dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 20 avqust 2021-ci il tarixli, 875micBKX/21 saylı əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, “Borcverən” “Borcalan”-a 100000 manat məbləğində, illik maksimum 32%, minimum 1 ay, maksimum 120 ay müddətinə , 20 avqust 2031-ci il tarixinədək müddəti ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir və ona bank (carı, suda) açır. Mülki işə əlavə edilmiş 20 avqust 2021-ci il tarixli, 875micBKX/21 saylı əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" Kommersiya Bankı ASC-dən 24 ay müddətinə, illik 24% ödəmək şərtilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş 20 avqust 2021-ci il tarixli, 875micBKX/21 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 20 avqust 2021-ci il tarixli, 875micBKX/21 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsi üçün məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Mülki işə əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh1 875micBKX/21 saylı kredit müqaviləsi üzrə 03 may 2023-cü il tarixinə 3192 ( üç min yüz doxsan iki) manat, 52 (əlli iki) qəpik əsas borc, 762 (yeddi yüz altmış iki) manat, 01 (bir) qəpik faiz borcu və 90 (doxsan) manat, 49 (qırx doqquz) qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 4045 (dörd min qırx beş) manat, 02 (iki) qəpik borcu yaranmışdır. Mülki işə əlavə edilmiş bildiriş məktubundan görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə borcları olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 20 avqust 2021-ci il tarixli, 875micBKX/21 saylı əlavə kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 90 (doxsan) manat, 49 (qırx doqquz) qəpik məbləğində cərimə borcu azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 60 (altmış) manat, 86 (səksən altı) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3192 (üç min yüz doxsan iki) manat, 52 (əlli iki) qəpik əsas borc, 762 (yeddi yüz altmış iki) manat, 01 (bir) qəpik faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 3964 (üç min doqquz yüz altmış dörd) manat, 53 (əlli üç) qəpik borcun və 60 (altmış) manat, 86 (səksən altı) qəpik ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. İddia cərimə ilə bağlı 80 (səksən) manat, 49 (qırx doqquz) qəpik hissəsində təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar