Məhkəmə qərarları › İş №2(018)-693/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-693/2025

25.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-693/2025 25.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Astara Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(018)-1215/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq məhkəməyə müraciət etdiyi tarixdən hesablanmaqla 246 manat məbləğində müəyyən edilməsi, həmçinin tərəfindən mediasiya prosesi zamanı ödənilmiş 60 (altımış) məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(018)-1215/2022 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Uşağın saxlanılması üçün 2022-ci ildə 130 manat aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 3 ilə yaxın müddət keçmişdir, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmışdır. Cavabdehin maddi vəziyyətində də dəyişiklik baş vermişdir. Cavabdeh rəsmi olaraq işləməklə əmək haqqının yarısını rəsmi digər yarısını nağd şəkildə almaqla 1000 manata yaxın pul qazanır. Uşağı 130 manatla saxlamaq mümkün deyildir. 130 manat məbləğində alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Sözügedən qətnamə ilə təyin edilmiş aliment məbləği indeksasiya olunacağı təqdirdə bu gün üçün 172 manata çatacaqdır. Ona görə də indeksasiya olunmasını istəmir. Həmin məbləğ onu qane etmədiyindən müstəqil tələb ilə alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Astara Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(018)-1215/2022 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimenti ödəyir. Hazırda "xxxx" MMC-də sürücü işləyir və aylıq 200 manat əmək haqqı alır. İddiaçının tələb etdiyi alimenti ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, AA5469702 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci ildə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Astara Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(018)-1215/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq 17 aprel 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ayarışdan görünür ki, 20 fevral 2025-ci il tarixində, saat 11:30-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İddiaçı 50 (əlli) manat İMS rüsumu, 10 (on) manat məbləğində kargüzarlıq xərci ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.4-3-cü bəndində məhkəmələrə izah edilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarının 8.4-2-ci bəndində məhkəmələrə izah edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Beləliklə, məhkəmə baxış iclasında iş materiallarına əsasən müəyyən olundu ki, tərəflərin bir uşaqları var. Hal-hazırda uşaq iddiaçının yanında qalır. Astara Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(018)-1215/2022 saylı qətnaməsi ilə Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment 17 aprel 2019-cu il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulur. İddiaçı hazırda həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində aliment tələb edir və iddiasını cavabdehin maddi vəziyyətində olan dəyişikliklə əsaslandırır. Belə ki, iddiaçı cavabdehin 1000 manata yaxın əmək haqqı aldığını, cavabdehin kifayət qədər gəliri olmasını iddia etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmiş, əksinə cavabdeh tərəfindən təqdim edilən əmək müqaviləsi bildirişindən 200 manat əmək haqqı aldığı bəlli olmuşdur. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını və işin faktiki hallarını rəhbər tutumaqla hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması sübut edilə bilmədiyindən iddiaçı alimentin məbləğinin Ailə Məcəlləsinin 112-ci maddəsinə əsaslanmaqla artırılmasını tələb etməkdə haqlı deyil. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən iddiaçıya iddia ərizəsi ilə deyil də, icra icraatı çərçivəsində alimentin indeksasiya olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsi təklif olunsa da, iddiaçı alimentin miqdarının artırılmasını cavabdehin maddi vəziyyəti ilə əlaqələndirmiş, 246 manat aliment tutulmasını tələb etmişdir. Bu səbəbdən, məhkəmə tərəfindən iddia icraatı qaydasında iddia ərizəsinə baxılıb qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddiaçı 60 manat mediasiya xərci ödədiyindən alimentin artırılması tələbi ilə bağlı iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azad olunmuşdur. Bu səbəbdən iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən çəkilmiş mediasiya xərci də dövlət rüsumu kimi nəzərə alınaraq onun özünə aid edilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar