Məhkəmə qərarları › İş №2(018)-741/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-741/2023

30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-741/2023 30.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi və məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı Lənkəran Regional X1 cavabdeh X2 qarşı «363 (üç yüz altmış üç) manat, 40 (qırx) qəpik həcmində vurulmuş ziyan» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Lənkəran Regional X3 cavabdeh X2 qarşı «363 (üç yüz altmış üç) manat, 40 (qırx) qəpik həcmində vurulmuş ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi qaydası”nın 4-cü bəndinə görə meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxslər meşə qanunvericiliyinin tələblərinə fiziki və hüquqi şəxslər tərəfindən əməl edilməməsini aşkar edərkən bu barədə müvafiq qaydada akt tərtib edirlər və hüquqpozmalar nəticəsində meşə təsərrüfatına dəyən zərəri və itkiləri müəyyən olunmuş nırx dərəcələri və cərimələr üzrə hesablayaraq, ümumi məbləğin ödənilməsinə sərəncam verirlər. Həmin Qaydanın 5-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər meşə təsərrüfatına dəyən zərər və itkilər barədə tərtib olunmuş aktla razılaşmadıqları halda mövcud qanunvericiliyə uyğun aidiyyəti məhkəməyə şikayət edə bilərlər. Həmin Qaydanın 6-cı bəndinə əsasən meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və Azərbaycan Respublikası Meşə Məcəlləsinin pozulması ilə əlaqədar müəyyən olunmuş zərərin və itkilərin dəyəri müvafiq meşə təsərrüfatına ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 17.1.3-cü bəndinə əsasən Meşələrin inkişafı departamenti və onun yerli qurumları inzibati orqandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Yuxarıda sadalanan qanunvericiliyin normalarından görünür ki, Lənkəran Regional X1 inzibati orqan olaraq dövlət meşə fonduna vurulmuş zərərin məbləğini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “nırx dərəcələri” əsasında hesablayaraq ödənilməsi barədə qanunla müəyyən edilmiş qaydada inzibati akt qəbul etmək səlahiyyəti mövcuddur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı Lənkəran Regional X3 “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinin tələbinə uyğun olaraq pul tələbinin icraya yönəldilməsi haqqında qərar qəbul edib, həmin qərarı məcburi qaydada icra edilməsi üçün müvafiq rayon İcra bölməsinə göndərməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında da qeyd edilir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası”nın tələblərinə əsasən Lənkəran Regional X1 müvafiq inzibati akt qəbul etmək səlahiyyəti mövcuddur. Bu kateqoriya işlərin rayon məhkəmələrində baxılıb-baxılmamasının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciyt edilmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 04 sentyabr 2014-cü il tarixli qərardadı ilə həmin məsələ qəti olaraq öz həllini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 04 sentyabr 2014-cü il tarixli qərardadı ilə izah edilmişdir ki, meşə təsərrüfatına vurulmuş zərərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “nırx dərəcələri”nə əsasən hesablanması barədə müşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən inzibati akt qəbul edilməli və icraya yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Lənkəran Regional X1 cavabdeh X2 qarşı «363 (üç yüz altmış üç) manat, 40 (qırx) qəpik həcmində vurulmuş ziyan» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qubul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar