Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-751/2023 17.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Mirzəzadə Ofeliya Cavad qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Alimentin artırılması tələbinə dair” iddiası üzrə mülki işə Astara şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “Alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan yetkinlik yaşına çatmayan 14 avqust 2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə tutulan aliment məbləğinin artırılaraq 220 (iki yüz iyirmi) manat olması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Astara Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(018)-23/2023 nömrəli qətnaməsilə 14 avqust 2020-ci il təvəllüdlü X1 üçün 10 fevral 2021-ci il tarixindən başlayaraq Cavabdeh hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Müəyyən olunmuş alimentin miqdarının həddindən az olduğunu bildirmişdir. Belə ki, 2022-ci il tarixdən etibarən malların və xidmətlərin qiymətləri xeyli bahalaşmış, eyni zamanda uşağın böyüməsi ilə əlaqədar maddi tələbatlar da artmışdır. Cavabdehin kifayət qədər qazancı, iddia edilən məbləğdə alimentin ödənilməsi üçün maddi imkanı olduğunu, iddiaçının isə uşağın saxlanılmasında çətinlik çəkdiyini qeyd etmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işdə olan materialları tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1994-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(018)- 23/2023 nömrəli qətnaməsindən görünür ki, 14 avqust 2020-ci il təvəllüdlü X1 üçün 10 fevral 2021-ci il tarixindən başlayaraq Cavabdeh hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 50 (əlli) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə də, məhkəmədə müəyyən olundu ki, Astara Rayon Məhkəməsinin 31 may 2022ci il tarixli, 2(018)-23/2023 nömrəli qətnaməsi ilə 14 avqust 2020-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Alimentin müəyyən edildiyi vaxtdan malların və xidmətlərin qiymətlərinin xeyli bahalaşdığını, eyni zamanda uşağın böyüməsi ilə əlaqədar maddi tələbatların artdığını iddiaçı alimentin artırılması üçün əsas kimi gətirmişdir. Lakin, İddiaçı Cavabdeh aylıq qazancı və gəlirləri barədə məhkəməyə heç bir subut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu təqdirdə, məhkəmə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi ilə bağlı qətnamə qəbul etməsi göstərilmişdir. İddiaçı bu dəyişikliyin qiymətlərin dəfələrlə artırılması, uşaqların böyüməsi və gündəlik tələbatı artırılması ilə əlaqələndirmişdir. Sadalanan qanunvericilik normalarını hazırki mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, alimentin tutulması ilə bağlı qəbul edilmiş qətnamənin çıxarıldığı tarixdən üç ildən artıq müddət keçdiyinə və uşağın saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünə görə 14 avqust 2020-ci il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməsi üçün iddia qismən təmin edilməli, alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləği həddində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Konstitutsiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. “Uşaq hüquqları haqqında” 12 noyabr 1989-cu il tarixli BMT Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Həmin Konvensiyanın 7-ci maddəsinə əsasən uşaq doğulduğu andan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Göründüyü kimi, yuxarıda qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideyinlər şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə mənbəyindən asılı olmayaraq öz qazanclarını uşağı ilə bölüşdürməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məccələsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkun qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Mülki Processual Məcəllənin 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “Alimentin artırılması tələbinə dair” iddiası qismən təmin edilsin.
1. 14 avqust 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Astara rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(018)-23/2023 nömrəli qətnaməsi ilə qət edilmiş hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilsin. 2.İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh tutulub İddiaçı verilsin. 3.İddia alimentin artırılmasına dair 50 (əlli) manat hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov.