Məhkəmə qərarları › İş №2(018)-787/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-787/2023

24.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-787/2023 24.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçi İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması tələbi» barədə iddiasına dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 07 iyun 2023-cü il tarixdə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, 26 avqust 2012-ci il təvəllüdlü X3 və 19 mart 2014-cü il təvəllüdlü X4 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin olunmuş alimentin miqdarının artırılıb, Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Astara Rayon Məhkəməsinin 27 avqust 2014-ci il tarixli, 2(018)-846/2014 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, birgə nikahlarından olan 26 avqust 2012-ci il təvəllüdlü X3 və 19 mart 2014-cü il təvəllüdlü X4 adlı uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 90 (doxsan manat), ümumilikdə iki uşağa görə 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin iddiçının xeyrinə tutulması qət edilmişdir. Qətnamənin qəbul olunmasından 09 (doqquz ilə) yaxın müddət keçmişdir və hazırki dövrə münasibətdə həmin məbləğ uşağın saxlanması üçün real deyil. Bir uşaq üçün 90 manat aliment həddən artıq azdır. Keçən dövr ərzində uşaqların həyat şəraitində də dəyişikliklər baş vermişdir. Belə ki, X1 11 yaşı və X2 isə 9 yaşı olmaqla məktəbə gedirlər və tələbatları çoxdur. Tələb etdiyi məbləğdə alimentin məhkəmə tərəfindən təyin edilməməsi uşağının mənafeyinə uyğun olmaz. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Astara rayon Məhkəməsi tərəfindən 9 il əvvəl hər ay hər uşaq üçün 90 (doxsan) manat, ümumilikdə iki uşağa görə 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Hal-hazırda məhkəmə tərəfindən qət olunmuş alimenti tam ödəyə bilmir. Heç yerdə işləmədiyi üçün alimenti ödəməkdə çətinlik çəkir. Alimentin həcmi artırılarsa, onu heç cür ödəyə bilməyəcəkdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını və məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır:

1. Tərəflərin 26 avqust 2012-ci il təvəllüdlü X3 və 19 mart 2014-cü il təvəllüdlü X4 adlı iki uşaqları vardır. 2.Astara Rayon Məhkəməsinin 27 avqust 2014-ci il tarixli, 2(018)-846/2014 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «aliment tələbi»nə dair iddiası qismən olunaraq, Cavabdeh hər ay hər uşaq üçün 90 (doxsan) manat, ümumilikdə iki uşağa görə 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq 26 avqust 2012-ci il təvəllüdlü X3 və 19 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi qət olunmuşdur.

3. Astara rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı bu vaxta qədər 15200 manat məbləğində aliment borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırki dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı müvafiq xərclərin miqdarından fərqlənir. Bundan başqa uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı da artır. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı 2014-cü ildə müəyyən olunmuş və həmin vaxt iki uşaq üçün, hər birinə 90 manat olmaqla, iki uşağa görə 180 manat aliment kəsilmişdir. Hazırda uşaqlar məktəbli olmaqla, onların saxlanılması üçün xərclər də artmışdır. Məhkəmə iddiaçının alimentin müəyyən olunmuş miqdarının artırılması barədə iddiasının qismən təmin edilməsini, bir uşaq üçün 150 manat olmaqla, iki uşağın saxlanılması üçün 300 manat alimentin müəyyən olunmasını əsaslı və qanuni hesab edir. Hazırki vaxtda bir uşağın 90 (doxsan) manat aliment məbləği ilə saxlanılmasını məhkəmə uşağın saxlama xərclərinə qeyri-mütənasib hesab edir və ona görə də iddiaçının iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq maraqları, Azərbaycan Respublikası üzrə uşaqlar üçün yaşayış minimumunun məbləği nəzərə alınmaqla uşağın mənafeyinə cavabdehdən hər ay hər uşaq üçün 150 manat məbləğində alimentin tutulması hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Əks halda, hazırki işdə xeyrinə aliment tutulan uşağın maraqları əhəmiyyətli dərəcədə pozulmuş olar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri isə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1.İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması tələbinə» dair iddiası qismən təmin edilsin. 2.Astara Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli, 2(018)-846/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın.

3. 26 avqust 2012-ci il təvəllüdlü X3 və 19 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, ümumilikdə 2 (iki) uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar