Məhkəmə qərarları › İş №2(018)-987/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-987/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-987/2023 01.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, hakim köməkçisi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin PİKÜMİD-nin Regional Məhkəmə Hüquq şöbəsinin baş hüquqşunası Elməddin Məmmədov Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 299 (iki yüz doxsan doqquz) manat, 24 (iyirmi dörd) qəpik əsas, 72 (yetmiş iki) manat, 73 (yetmiş üç) qəpik faiz, 3 (üç) manat, 16 (on altı) qəpik cərimə, cəmi 375 (üç yüz yetmiş beş) manat, 13 (on üç) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 01U/21 saylı, xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi ofertanın 16.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixədək illik 29% olmaqla istehlak məqsədləri üçün ödəniş vaxtı hər ayın 20-30 aralığı olmaq şərtilə 300 manat kredit xətti açılmış və məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. Ümumi ofertanın 17.10-cu bəndinə əsasən müştəri kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilədən və təqdim olunmuş hesabdan çıxarışdan məlum olur ki, cavabdehin 375 (üç yüz yetmiş beş) manat, 13 (on üç) qəpik borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış ərizəsi və ofertaya əsasən iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixədək illik 29% olmaqla istehlak məqsədləri üçün ödəniş vaxtı hər ayın 20-30 aralığı olmaq şərtilə 300 manat kredit xətti açılmış və məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş 14 iyun 2023-cü il tarixli arayışından görünür ki, Cavabdehnın 1682sLKNb/22 saylı kredit müqaviləsi üzrə 299 (iki yüz doxsan doqquz) manat, 24 (iyirmi dörd) qəpik əsas, 72 (yetmiş iki) manat, 73 (yetmiş üç) qəpik faiz, 3 (üç) manat, 16 (on altı) qəpik cərimə, cəmi 375 (üç yüz yetmiş beş) manat, 13 (on üç) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş 15 mart 2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 20 iyun 2022-ci il tarixli, 1682sLKNb/22 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 20 iyun 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 3 (üç) manat, 16 (on altı) qəpik məbləğində olan cərimə silinərək 0 (sıfır) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20 iyun 2022-ci il tarixli, 1682sLKNb/22 saylı kredit müqaviləsi üzrə 299 (iki yüz doxsan doqquz) manat, 24 (iyirmi dörd) qəpik əsas, 72 (yetmiş iki) manat, 73 (yetmiş üç) qəpik faiz, cəmi 371 (üç yüz yetmiş bir) manat, 97 (doxsan yeddi) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia cərimə ilə bağlı 3 (üç) manat, 16 (on altı) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar