Məhkəmə qərarları › İş №2(019)-1032/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1032/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1032/2021 21.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15 fevral 2008-ci il tarixli 438 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 7,966 (yeddi min doqquz yüz altmış altı) AZN, faiz borcu üzrə 569,56 ( beş yüz altmış doqquz manat 56 qəpik) AZN, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5,063.82 (beş min altmış üç manat 82 qəpik) manat faiz borcu, cəmi 13,599.38 (on üç min beş yüz doxsan doqquz manat 38 qəpik) AZN borcun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) AZN bank xidmət haqqının ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on manat) AZN Dövlət rüsumunun və 30 (otuz manat) AZN xidmət haqqının, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 (on manat) AZN Dövlət rüsumunun və 30 (otuz manat) AZN ödənilmiş xidmət haqqının iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan, Balakən şəhəri, S.Gözəlov küçəsində, istifadədə olan 2 nömrəli 2 mərtəbəli binanın 1-ci qirişində 2-ci mərtəbəsində yerləşən 16 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin 7 saylı Balakən filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2008-ci il tarixli 438 saylı kredit müqaviləsinə əsasən sonuncuya 12 (on iki) ay müddətinə, illik 24 % faiz olmaqla, 9,800 (doqquz min səkkiz yüz manat) AZN məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 29 iyun 2007-ci il tarixli 222 saylı İpoteka müqaviləsinə əsasən özünə məxsus və mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində, istifadədə olan 2 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində 2-ci mərtəbəsində yerləşən 16 saylı mənzili Girov predmeti kimi banka təqdim etmişdir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə Cavabdeh1 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır.İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2008-ci il tarixli 438 saylı kredit müqaviləsinə əsasən 13.08.2021-cı il tarixə Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 7,966 (yeddi min doqquz yüz altmış altı) AZN, faiz borcu üzrə 569,56 ( beş yüz altış doqquz manat 56 qəpik) AZN, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5,063.82 (beş min altmış üç manat 82 qəpik) manat faiz borcu, cəmi 13,599.38 (on üç min beş yüz doxsan doqquz manat 38 qəpik) AZN borc öhdəliyi yaranmışdır. Məlumat üçün bildirilir ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş , iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək mülki iş üzrə məhkəmə baxışının 21 oktyabr 2021-ci il tarixə, saat 15:30-a təyin edildiyini, xüsusi karantin rejimi ilə əlaqədar olaraq, həmçinin Bakıda proseslərinin çox olması səbəbindən həmin prosesdə iştirak edə bilməyəcəklərini, iddiaçı olaraq iddia tələblərini tam müdafiə etdiklərini göstərərək iddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 Məmməd oğluna qarşı qaldırdığı iddia tələbi üzrə məhkəmə prosesini iştirakları olmadan baxılaraq iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, o, iddiaçı "xxxx" ASC-dən aylıq 24 faiz dərəcəsi ilə 12 ay müddətinə 9800 (doqquz min səkkiz yüz ) manat məbləğində kredit almış və öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 məxsus Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 1 otaqlı 16 nömrəli mənzili Girov predmeti kimi banka təqdim etmişdir.O, müqavilə müddətində,yəni 15 fevral 2008-ci ildən 15 fevral 2009-cu il tarixədək müddətdə 2352 manat faiz və 1834 manat əsas məbləğdən ödəniş etmiş, qalan krediti ödəməmişdir. On iki ildən artıq vaxt keçsə də ona kredit borcu ilə bağlı heç bir xəbərdarlıq edilməmişdir. On iki ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bununla da iddia müddətini ötürmüşdür. İddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 15 fevral 2008-ci il tarixli 438 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 9.800 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.3-cü maddəsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi,bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən Borc alanın öhdəliklərinin təminatı kimi 29 iyun 2007-ci il tarixli 222 saylı İpoteka müqaviləsində göstərilmiş əmlak ipoteka predmeti kimi qəbul olunur. Müqavilənin 5.4-cü maddəsinə əsasən kredit vəsaitindən istifadə müddəti 12 aydır. Müqavilənin 6.1-ci maddəsinə əsasən kredit illik 24 faiz dərəcəsi ilə verilmişdir. Müqavilənin 7.3-cü maddəsinə əsasən borcalan tərəfindən kreditin qaytarılması 12 ay ərzində həyata keçirilməsi yolu ilə aparılır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 29 iyun 2007-ci il tarixli 222 nömrəli İpoteka müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan Balakən şəhəri S.Gözəlov küçəsində, istifadəsində olan 2 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində 2-ci mərtəbədə yerləşən 16 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmış və MH seriyalı ******* №li çıxarışdan görünür ki, Balakən şəhəri,S.Gözəlov küçəsi bina 2, mənzil 16 da yerləşən mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin 7 saylı Balakən filialının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tətqiq edilmiş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli 2-1(81)-1404/2016 nömrəli qərarından görünür ki, həmin qərarla İddiaçı Açıq Səhimdar Cəmiyyətinin müflis elan edilməsi və iflas proseduruna başlanması və Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətininin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Məhkəmə, məhkəmə iclasına gəlmiş cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları əlaqəli şəkildə tədqiq edib aşağıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ASC-nin 7 saylı Balakən filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2008-ci il tarixli 438 saylı kredit müqaviləsinə əsasən sonuncuya 12 (on iki) ay müddətinə, illik 24 % faiz olmaqla, 9,800 (doqquz min səkkiz yüz manat) AZN məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi 29 iyun 2007-ci il tarixli 222 saylı İpoteka müqaviləsində göstərilmiş əmlak ipoteka predmeti kimi qəbul olunmuşdur. 29 iyun 2007-ci il tarixli 222 saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh2 özünə məxsus və mülkiyyətinə olan Balakən şəhəri S.Gözəlov küçəsində, istifadədə olan 2 nömrəli 2 mərtəbəli binanın 1ci qirişində 2-ci mərtəbəsində yerləşən 16 saylı mənzili Girov predmeti kimi banka təqdim etmişdir. Cavabdeh1 yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş, kredit borcunu tam ödəməmişdir.13.08.2021-cı il tarixə Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 7,966 (yeddi min doqquz yüz altmış altı) manat , faiz borcu üzrə 569,56 ( beş yüz altış doqquz manat 56 qəpik) manat borcu yaranmışdır. Ona , kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 5,063.82 (beş min altmış üç manat 82 qəpik) manat faiz borcu, hesablanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış 15 fevral 2008-ci il tarixli 438 saylı kredit müqaviləsinin müddəti bitdikdən, yəni 15 fevral 2009-cu il tarixdən sonra Cavabdeh1 heç bir ödəniş etməmişdir.Buna baxmayaraq iddiaçı tərəfindən borcun ödənməsi üçün heç bir tədbir görülməmiş,cavabdehlərə xəbərdarlıq göndərilməmiş, ipoteka predmetinə tutma yönəldilməmişdir. Kredit müqaviləsinin müddəti başa çatdığı vaxtdan 12 il 5 ay 16 gün sonra, 31 avqust 2021-ci il tarixdə ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildiriş verilmiş, 07 sentyabr 2021ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Ərizə 13 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmuşdur. Lakin onun tələbi qüvvədən düşmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən: 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. 554.2. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. 554.3. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. 554.4. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Məhkəmə işin hallarını, hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilənin müddəti başa çatandan 12 ildən artıq müddət keçdikdən sonra iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi öz qüvvəsini itirmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. İddia müddətinin tətbiqi barədə Cavabdeh1 ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 373.3. maddələrinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki Məcəllənin 377.2-ci maddəsindən görünür ki,icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə iddiaçının tələbinin müddətin keçməsinə görə qüvvədən düşməsini nəzərə alaraq hesab edir ki, iddia müddətinin tətbiq edilməsinə zərurət yoxdur, ona görə də cavabdehin bu barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar