Məhkəmə qərarları › İş №2(019)-114/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-114/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-114/2021 05.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməmiş 1439.28 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 331.34 manat faiz, 1180.96 manat cərimə, müqavilənin bitdiyi tarixdən 01.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 331.20 manat borc, ümumilikdə 3282.78 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 25.02.2014-cü il tarixli 497/014 nömrəli Kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 28 % dərəcəsi ilə 2650 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında 25.02.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1 -ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Ölkə başçısının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq hazırkı mülki iş üzrə Fərmanın icrası ilə bağlı cavabdehə bildiriş (qoşmaya əlavə olunur) göndərilmişdir. Lakin cavabdeh tərəfindən Banka yeni müqavilə bağlanması üçün müraciət “Azərbaycan Respublikasında «problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası”nın 6.16 bəndinə əsasən “Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu il dekabrın 31-də başa çatır”..Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borc alan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı raydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Zaminlik müqaviləsinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, zaminlik müqaviləsində göstərilmişdir ki, əgər “borcalan” kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə, zamin bankın ona göndərdiyi bildirişin alınması vaxtından müvafiq sayda gündən gec olmamaq şərti ilə “borcalan”-ın bütün borclarının ödənilməsinə zamin olur. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu ohdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borc alan Cavabdeh1 01.10.2020-ci il tarixinədək "Tecnikabank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 1.439,28 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 331.34 manat faiz, 1.180,96 manat cərimə, müqavilənin bitdiyi tarixdən 01.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 331.20 manat borc, ümumilikdə 3.282,78 manat məbləğində kredit borcu vardır. Məlum olduğu kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi- ləğv prosesində olan "xxxx" ASC-nin Hüquq şöbəsinin Məhkəmə və dövlət orqanları ilə iş bölməsinin hüquqşünası məhkəməyə ərizə göndərərək, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən mülki işə tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətmanə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 -ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, hazırki iddia üzrə mülki işin mahiyyəti üzrə baxılmasını tələb edir. İddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyildir, real vəziyyəti əks etdirmir. Belə ki, 25.02.2014-cü il tarixli, 497/014 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC tərəfindən ona hər hansı məbləğdə kredit verməsini xatırlamır. Ümumiyyətlə, bu müqavilə üzrə Texnikabank” ASC ona kredit verməmişdir. Əgər bu kredit verilsəydi, onda onun imzası olan bankın kassa məxaric orderi və ya digər ödəniş sənədi olardı. Belə bir ödəniş sənədi isə mövcud deyildir. Hələ müqavilənin olması həmin müqavilədə göstərilən kreditin verilməsi demək deyildir. Müqavilədə kreditin verilməsi və qaytarılması ilə bağlı tərəflərin üzərinə götürdüyü öhdəliklər qeyd olunur. Kredit məbləği borcalana verildikdən sonra tərəflərin öhdəlikləri, hüquq və vəzifələrinin real yerinə yetirilməsi prosesi başlanır. Həmçinin İddiaçı ASC-nin ona qarşı kredit borcu tələbinə dair iddia müddəti keçmişdir. İddia müddətinin keçməsi isə iddianın rədd olunması üçün əsasdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb, hazırki tələb üzrə iddia müddəti tətbiq edilməklə iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Həmçinin Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək, hazırki iş üzrə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiasına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia müddətinin tətbiq edilməsini və iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırki cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadından görünür ki, ləğv prosesində olan "Texnikabank” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 14 may 2020ci il tarixli Sərəncamına əsasən X1 Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 25 fevral 2014-cü il tarixli, 366/014 saylı Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, müqavilədə zaminlərin Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmələri qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ləğv prosesində olan İddiaçı ASC-nin 02 oktyabr 2020-ci il tarixli **********675 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 01.10.2020-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə 1439.28 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 331.34 manat faiz, 1180.96 manat cərimə olmaqla, müqavilənin bitdiyi tarixdən 01.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 331.20 manat borc, ümumilikdə 3282.78 manat borcunun yarandığı qeyd edilmişdir. İşə əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 08 fevral 2021-ci il tarixli, 9/5946 saylı və 08.05.2021-ci il tarixli, 9/2287 saylı bildirişlərindən görünür ki, 08.02.2021-ci il tarixli ekspertiza tədqiqatının dəyəri 100 manat və 08.05.2021-ci il tarixli ekspertiza tədqiqatının dəyəri 100 manat olmaqla iş üzrə cəmi ekspertiza xərci 200 manat təşkil edir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanun normasının mənasından görünür ki, kredit müqaviləsi iki tərəfli müqavilədir. Müqavilə üzrə borc verən pulu borcalana verməli, borcalan həmin pulu qəbul etməlidir. Lakin hazırki iş materialları ilə 25 fevral 2014-cü il tarixli, 497/014 nömrəli kredit müqaviləsi əsasında illik 28 faiz dərəcəsi ilə 2650 manat məbləğində pulun 24 ay müddətinə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 verilməsi və Cavabdeh1 həmin pulu alması öz təsdiqini tapmır. İddiaçı məhkəməyə 25 fevral 2014-cü il tarixli, 497/014 nömrəli kredit müqaviləsini, bu müqavilə üzrə 2650 manat məbləğində pulun Cavabdeh1 nağd və ya köçürmə yolu ilə verilməsini və Cavabdeh1 həmin pulu almasını təsdiq edən müvafiq ödəmə sənədinikassa məxaric orderini, ödəniş tapşırığını və ya digər sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə yalnız Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi üzrə səlahiyyətli şəxs Elnur Quliyev tərəfindən imzalanmış 02.10.2020-ci il tarixli maliyyə arayışı təqdim olunmuşdur. Maliyyə arayışında sözügedən kreditin Cavabdeh1 verilməsi heç bir müvafiq sənədlə təsdiqini tapmır. İşdəki hər hansı sübutla məhz 25 fevral 2014-cü il tarixli, 497/014 nömrəli kredit müqaviləsi üzrə kreditin Cavabdeh1 verilməsi və cavabdehin həmin müqavilə üzrə ödənişləri həyata keçirməsi müəyyən olunmur. Məhkəmə hesab edir ki, 02.10.2020-ci il tarixli maliyyə arayışı və sözügedən ödəniş səhifələri ehtimal edilən 25 fevral 2014-cü il tarixli müqavilə üzrə Cavabdeh1 kredit alması və həmin müqavilə üzrə kredit borcu ödəməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz. Belə ki, həmin arayışda və materiallarda kredit müqaviləsi üzrə kreditin və borc ödənişinin həyata keçirilməsinin sübutu kimi heç bir ödəniş qəbzinə (kassa məxaric orderi və kassa mədaxil qəbzi) və digər müvafiq sənədə istinad olunmur. Halbuki ödəniş olduğu təqdirdə kassa məxaric orderi, kassa mədaxil qəbzi və ya ödəniş qəbzinin kötüyü bankda qalır ki, hazırki işdə də iddiaçı həmin ödəniş sənədini (qəbzi) məhkəməyə təqdim edə bilməmişdir. Həmin arayış və materiallar işdəki digər sübutlarla da təsdiq olunmur. İş üzrə Cavabdeh1 qeyd edilən 25 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı bankdan 2650 manat kredit almadığını və bank qarşısında heç bir öhdəliyinin olmadığını bildirmişdir. İddiaçı tərəfindən də Cavabdeh1 25 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2650 manat məbləğində kreditin real olaraq verilməsi və onun verilən kreditlə bağlı iddia ərizəsində göstərilən məbləğdə İddiaçı ASC-yə borcunun olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Göstərilənlər maliyyə arayışının və hesab üzrə ödəmə səhifələrinin həqiqi məlumatları əks etdirmələrinə şübhə doğurur. Ona görə də məhkəmə hesab edir ki, həmin materiallar hazırki işdə sübut kimi qəbul oluna bilməz. Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyəti ilə bağlı sözügedən 3 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasınqda məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı qərarında qeyd etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Deryus Litvaya qarşı, Baranovski Polşaya qarşı və Braniovski Polşaya qarşı işlərdə Avropa Məhkəməsi göstərmişdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standartlara cavab verməlidir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarına istinad edərək qeyd edir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqədardır. Bu hal da hər zaman bir-biri ilə üst-üstə düşmür. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı, 25 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 2650 manat məbləğində pulun-kreditin Cavabdeh1 nağd və ya köçürmə yolu ilə ödənilməsini, bu müqavilə üzrə verilməsi göstərilən, lakin verilməsi heç bir mötəbər sübutla təsdiq olunmayan kreditlə bağlı Cavabdeh1 və digər cavabdehlərin iddiaçı təşkilata 1439.28 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 331.34 manat faiz, 1180.96 manat cərimə, müqavilənin bitdiyi tarixdən 01.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 331.20 manat borc, ümumilikdə 3282.78 manat məbləğində kredit borcunun olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəmə təqdim etmədiyindən, Cavabdeh1 tərəfindən İddiaçı ASC ilə 25 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2650 manat kredit alınması etiraf edilmədiyindən və işdə bu kreditin alınmasını təsdiq edən hər hansı mötəbər sübut olmadığından, iddiaçının hazırki iddia tələbi ilə bağlı cavabdeh tərəfə münasibətdə subyektiv hüquqa malik olması və cavabdeh tərəfin də həmin hüququ pozması təsdiq olunmur. İddiaçı da həqiqətən İddiaçı ASC tərəfindən 25.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2650 manat məbləğində kreditin Cavabdeh1 verilməsi, onun və digər cavabdehlərin iddia ərizəsində göstərilən məbləğdə banka borcunun olması və cavabdeh tərəfə münasibətdə borc tələbi ilə bağlı subyektiv huququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandırdığı halları sübut edən sübutları məhkəməyə təqdim etməklə, iddianı sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Bu xüsusda məhkəmə, məhkəməəmtəəşünaslıq ekspertizasının 08.02.2021-ci il tarixli, 9/5946 nömrəli və 08 may 2021-ci il tarixli, 9/2287 nömrəli rəylərini iddia tələbi ilə bağlı mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin ekspertiza rəyləri 25 fevral 2014-cü il tarixli kredit müqaviləsi ilə kassa məxaric orderi və ya digər ödəniş sənədləri əsasında İddiaçı ASC tərəfindən Cavabdeh1 2650 manat məbləğində kreditin həqiqətən də verilməsini təsdiq etmir. İkincisi, həmin ekspertiza rəylərində yalnız iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisinin təqdim etdiyi sənədlər əsasında hesablama aparılmışdır. Həmin hesablamanın düzgün və obyektiv aparılması üçün Cavabdeh1 hər hansı ödəniş sənədləri alınmamış və cavabdehin mövqeyinə və təqdim etdiyi hər hansı sənədə istinad edilməmişdir. Üçüncüsü, həmin ekspertiza rəylərində olan hesablamalar iddiaçının təqdim etdiyi hesablamalarla tam ziddiyyət təşkil edir. Belə olan halda məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08.02.2021-ci il tarixli, 9/5946 nömrəli və 08 may 2021-ci il tarixli, 9/2287 nömrəli rəyləri mötəbər sübut sayılmır. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçının iddia tələbi ilə bağlı subyektiv hüququ olmamış, cavabdeh tərəfdən də iddiaçıya münasibətdə hər hansı subyektiv hüquq pozulmamışdır. Məhkəmə həmçinin hesab edir ki, hətta iddiaçının cavabdeh tərəfə münasibətdə bu subyektiv hüququ mövcud olsaydı belə, bununla bağlı qanunda nəzərdə tutulmuş iddia müddəti buraxılmışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı 25.02.2014-cü il tarixli kredit müqaviləsinə görə 2650 manat məbləğində kreditin illik 28 % dərəcəsi ilə 24 ay müddətinə Cavabdeh1 verilməsini göstərir. Həmin müqavilə üzrə həmin məbləğdə kreditin Cavabdeh1 verilməsini təsdiq edən müvafiq mötəbər sübutlar məhkəməyə təqdim edilməsə də, hipotetik olaraq ehtimal olunan kreditin 24 ay müddətinə verilməsi ehtimal olunsa, buradan belə nəticəyə gəlmək olar ki, kreditin son ödəmə müddəti 25 fevral 2016-cı il tarix olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 3 iyun 2013-cü il tarixli qərarına əsasən müqavilə üzrə iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin bitməsi tarixindən, yəni həmin 25 fevral 2016-cı il tarixdən başlanır. Göstərilənlər əsasında həmçinin o qənaət də hasil olunmalıdır ki, iddiaçının kredit müqaviləsi ilə bağlı ehtimal edilən subyektiv hüququ obyektiv an-25 fevral 2016-cı il tarixdən başlayır və məhz həmin tarixdən o, öz hüquqlarının pozulduğunu bilməli idi. Belə ki, bank özünə məxsus olan pul vəsaitini sonradan qaytarmaq şərtilə kredit formasında müştəriyə verir və bu zaman ödənilən faizlər bankın qazancını təşkil edir. Bankın əsas funksiyalarından biri də kredit funksiyasıdır. Verdiyi kredit məbləğlərinin qaytarılmasına nəzarət etmək və bununla bağlı müvafiq hüquqi prosedurlardan istifadə etmək bankın vəzifəsidir. Bu zəmində məhkəmə hesab edir ki, müştəriləri ilə çoxlu sayda kredit müqaviləsi bağlayan və kreditləşmə funksiyasını həyata keçirən peşəkar bank məhz qeyd olunan tarixdən öz hüquqlarının pozulduğunu bilməli idi. İddiaçı iddia müddətinin axımının dayandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsində qeyd olunmuş halların mövcud olması və iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə hər hansı sübutlar təqdim etməmiş, eyni zamanda iddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Qanun normasının tələbinə görə İddiaçı ASC məhz ehtimal olunan kredit müqaviləsinin bitdiyi 25 fevral 2016-cü il tarixdən 3 il müddətində cavabdehlərə qarşı bu tələblə bağlı iddia irəli sürə bilərdi. Lakin iddiaçı tərəfindən 25 fevral 2016-cı il tarixdən axımı başlayan 3 illik iddia müddəti ötürülmüş, həmin iddia müddətinin sonu 25 fevral 2019-cu il tarix olmasına baxmayaraq, 25 fevral 2016-cı il tarixdən 1 il 7 ay 13 gün sonra- 08 oktyabr 2020-ci il tarixdə məhkəməyə hazırki tələblə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən birmənalı şəkildə hazırki iddia ilə bağlı iddia müddəti ötürülmüşdür. Cavabdeh1 da iddia müddətinin tətbiqi barədə məhkəməyə yazılı ərizə verməklə, iddia müddətinin keçməsi ilə bağlı hazırki iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi və iddiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməyib, iddia tələbini sübut edə bilmədiyi üçün, iddia təmin olunmamalıdır. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 da ehtimal edilən, ancaq məhkəməyə təqdim edilə bilməyən 25.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısında Cavabdeh1 görə məsuliyyət daşımalı olması iş materialları ilə təsdiqini tapmır. Belə ki, 25.02.2014-cü il tarixli zaminlik müqaviləsində zamin kimi göstərilən həmin şəxslərin Cavabdeh1 bank qarşısında öhdəliklərini yerinə yetirməsi üçün məsuliyyəti öz üzərinə götürməsi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Lakin hazırki işdə iddiaçı Cavabdeh1 25.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2650 manat kredit verməsi və onun bank qarşısında iddia ərizəsində göstərilən məbləğlər üzrə öhdəliyinin yaranmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bununla bağlı iddia tələbini sübut edə bilməmişdir. Ona görə də Cavabdeh1 iddiaçı qarşısında öhdəliyinin yaranması sübut olunmadığından, belə bir öhdəliyin olmaması qəbul edilməlidir. Cavabdeh1 iddiaçı qarşısında sözügedən kredit müqaviləsi üzrə öhdəliyi olmadığından, zaminlər Cavabdeh2 və Cavabdeh3 da onun olmayan öhdəliyinə görə iddiaçı qarşısında heç bir məsuliyyət daşıya bilməz. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, hətta hipotetik olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında 25.02.2014-cü il tarixli kredit müqaviləsinin bağlanması və həmin müqavilə əsasında Cavabdeh1 2650 manat kreditin verilməsi qəbul olunsa belə (hərçənd ki, bu hal heç bir mötəbər sübutla təsdiq olunmur və məhkəmə də onu qəbul etmir), aşağıdakı əsaslara görə də iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Belə ki, 25 fevral 2014-cü il tarixli, 497/014 №-li nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28% ödəmək şərti ilə 2650 manat məbləğində kredit verilməsi ehtimal edilsə belə, həmin kreditin son ödəniş müddəti 25.02.2016-cı il tarix olmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 25 fevral 2014-cü il tarixli zaminlik müqaviləsinin 13.1-ci bəndində bu müqavilənin 25 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənişlər kreditora ödənilənədək qüvvədə olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi, qanun o cümlədən əqdlə təyin edilən müddətin təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar və hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Hazırki mülki işdə olan 25 fevral 2014-cü il tarixli zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il müddətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir; bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır; kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər; mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər; kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır; kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Qanun normalarının tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə kredit müqaviləsi müddətli müqavilədir. Deməli, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün bağlanılan və müddəti göstərilməyən zaminlik müqaviləsinin müddəti də kredit müqaviləsinin müddəti olaraq hesab olunmalıdır. Qanunun tələbinə əsasən zaminliyin verilmə müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanmalıdır. İş materiallarından görünür ki, əgər Cavabdeh1 iddiaçı bank tərəfindən kredit verilməsi nəzərə alınsa (halbuki iş materialları ilə bu təsdiq olunmur), hazırki iş üzrə ehtimal olunan 25 fevral 2014-cü il tarixli kredit müqaviləsinin icra müddətinin bitmə tarixi 25 fevral 2016-cı ildir. Yəni 25 fevral 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyin təmin etməsi göstərilən öhdəliyin icrası vaxtının çatdığı gün 25 fevral 2016-cı il tarix olur. Belə olan halda məhkəmə hesab edir ki, 25 fevral 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminlərə qarşı zaminlik müqaviləsinin təmin etdiyi ehtimal edilən öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni 25 fevral 2016-cı il tarixdən başlayaraq bir il ərzində iddia irəli sürülməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəiyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliklə təmin edilməsi göstərilən ehtimal edilən 25 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə verilməsi qeyd edilən 24 aylıq kreditlə bağlı öhdəliyin icrası vaxtının başa çatdığı gün 25 fevral 2016-cı il tarixdir ki, qanuna görə də kreditor, yəni LPO İddiaçı ASC və ya onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin gündən, yəni 25 fevral 2016-cı il tarixdən başlayaraq bir il ərzində hazırki zaminlərə qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, 25 fevral 2014-cü il tarixli zaminlik müqaviləsi əsasında zaminliklə təmin edilməsi göstərilən ehtimal edilən və heç bir mötəbər sübutla təsdiqini tapmayan öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən zaminlər hesab olunan Cavabdeh2 və Cavabdeh3 qarşı iddia irəli sürülməmiş, bu iddia həmin müddət keçdikdən sonar- 08.10.2020-ci il tarixdə irəli sürülmüşdür ki, bu da qanunun tələblərinə ziddir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən Cavabdeh2 və Cavabdeh3 zaminliyinə xitam verilməklə onların məsuliyyətinə xitam verilir. Zaminliyə xitam verildiyi halda, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 digər Cavabdeh1 bağlanması və kredit verilməsi sübut olunmayan 25 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə ehtimal edilən öhdəliklərinə görə məsuliyyət daşıya bilməzlər. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə bu əsas görə də təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia müddətləri və onların hesablanması ilə bağlı qaydalar bir sıra ölkələrin (Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Almaniya, Fransa, Türkiyə və s.) qanunvericiliklərində də müəyyən edilmişdir. Bu dövlətlərin qanunvericiliklərində iddia müddətləri müxtəlif müəyyən edilsə də, mahiyyət etibarı ilə eyni məqsədə xidmət edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən 3 iyun 2013-cü il tarixli qərarında əks olunan oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarında də əks olunmuşdur. Qeyd edildiyi kimi, Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında o da qeyd edilmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (Mülki Məcəllənin 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (Mülki Məcəllənin 375.2-ci maddəsi). İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllənin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə, Cavabdeh1 izahatını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi və iddiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməyib, iddia tələbini sübut edə bilmədiyi və həmçinin zaminliyin verilmə müddəti keçdiyi üçün iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair iddiası təmin olunmamalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməli, həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 200 manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X2 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 200 manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X2 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəkil Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar