Məhkəmə qərarları › İş №2(019)-1152/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1152/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1152/2021 22.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 374.51 manat məbləğində kredit borcu, 57.05 manat məbləğində faiz borcu və 85.46 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 517 (beş yüz on yeddi) manat 02 (iki) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 30.09.2019-cu il tarixdə bağladığı 019A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.25% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 05.02.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1625.49 manat ödəniş etmiş və onun iddiaçıya 374.51 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 23.09.2021-ci il tarixə 230 gün üçün hesablanmış faiz borcu 57.05 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu Ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 23.09.2021-ci il tarixə 230 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 85.46 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddiaçı QSC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini göstərərək, işə onların iştirakı olmadan baxaraq, iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.09.2019-ci il tarixli, 019A********** saylı kredit müqaviləsindən və ödəniş sənədlərindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 2.25 % olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 30.09.2019-ci il tarixli, 019G**********01 saylı Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC-nin 30.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 019A********** saylı 30.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 23.09.2021-ci il tarixə iddiaçı təşkilata borcu 374.51 manat məbləğində əsas kredit borcu, 57.05 manat məbləğində faiz borcu və 85.46 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 517.02 manat təşkil edir. İş materiallarından görünür ki, kreditin Ödəniş Planından görünür ki, kreditin əsas borc, faiz və cərimələr üzrə ödənişlər əsasında son ödənilmə tarixi 05 aprel 2021-ci il tarix müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 01.10.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan borcun ödənilməsi təkliıf olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı QSC ilə 30.09.2019-cu il tarixdə bağladığı 019A********** saylı kredit müqaviləsi əsasında İddiaçı QSC-dən aylıq faiz dərəcəsi 2.25% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 götürdüyü kredit borcundan 1625.49 manat ödəniş etmiş və onun iddiaçıya 374.51 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Cavabdeh1 götürdüyü kredit borcundan iddiaçıya 374.51 manat məbləğində əsas borcu, 57.05 manat faiz borcu qalmış və ona 85.46 manat məbləğində cərimə formasında dəbbə pulu hesablanmışdır. İddiaçı QSC pretenziya qaydasına riayət edərək cavabdeh tərəfdən borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh yenə də kredit borcunu ödəməmişdir. İşdəki sübutlardan həmçinin görünür ki, Cavabdeh1 həqiqətən də 30.09.2019-cu il tarixli, 019A********** saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyini lazımi qaydada icra etməyib, iddiaçıya ziyan vurmuş, müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçını ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, İddiaçı QSC ilə cavabdehlər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı bank qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2012-ci il tarixli qərarında göstərilir ki, borclu öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehlərə qarşı yönəltdiyi 374.51 manat əsas kredit borcu və 57.05 manat faiz borcu tələbi əsaslıdır və tam təmin olunmalıdır. İş materiallarından həmçinin görünür ki, iddiaçı cavabdehlərdən 85.46 manat cərimə növündə dəbbə pulu tələb edir. Məhkəmə iddiaçının 85.46 manat cərimə növündə dəbbə pulu tələbinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi dəbbə pulu tələb edilən 374.51 manat əsas borc və 57.05 manat faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə kreditorun, yəni İddiaçı QSC-nin gəliri, kredit müqaviləsi üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, hazırki iş üzrə tələb olunan 85.46 manat dəbbə pulu tələb olunan 57.05 manat faiz borcunu aşmaqla kreditorun əmlak mənafeləri və bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən, həmçinin kreditorun və borclunun mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınmaqla tənasübsüz surətdə yüksək məbləğdir və öhdəliyin pozulmasnın nəticələrinə uyğun gəlmir. Qeyd olunanlar tələb olunan 85.46 manat dəbbə pulunun ədalətsiz və tənasübsüz surətdə yüksək məbləğ olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı» 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X4rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən tələb olunan 85.46 manat məbləğində cərimə növündə dəbbə pulu azaldılaraq, 1 (bir) manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 374.51 manat məbləğində kredit borcu, 57.05 manat məbləğində faiz borcu və 1 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 432,56 manat məbləğində borc və ödənilmiş 25.10 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSCnin xeyrinə 374.51 manat məbləğində kredit borcu, 57.05 manat məbləğində faiz borcu və 1 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 432,56 (dörd yüz otuz iki manat əlli altı qəpik) manat məbləğində borc və ödənilmiş 25.10 manat məbləğində dövlət rüsumu tutulsun; iddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar