Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-124/2021 30.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdehn iştirakı ilə İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ödənilməmiş 813.14 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 97.54 manat faiz, 664.99 manat cərimə olmaqla, müqavilənin bitdiyi tarixdən 02.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 172.37 manat borc, ümumilikdə 1748.04 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiasını onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25.05.2015-ci il tarixli, 266İNNW151450003 nömrəli Kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə illik 6000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən LPO İddiaçı ASC-dən kredit götürülməsinə baxmayaraq, müştərinin sənədləri filial tərəfindən LPO İddiaçı ASC-nin PKHTD-ə təhvil verilməmiş, bu barədə filiala müraciət edildikdə isə sənədlərin naməlum səbəbdən itirildiyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilən hesabdan çıxarış və maliyyə arayışından cavabdehə 6000 manat məbləğində kreditin verilməsi müəyyən edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Ölkə başçısının "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019- cu il tarixli Fərmanına uyğun olaraq hazırkı mülki iş üzrə Fərmanın icrası ilə bağlı cavabdehə bildiriş (qoşmaya əlavə olunur) göndərilmişdir. Lakin cavabdeh tərəfindən Banka yeni müqavilə bağlanması üçün müraciət edilməmişdir. "Azərbaycan Respublikasında problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmış "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası”nın 6.16 bəndinə əsasən "Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu il dekabrın 31-də başa çatır”. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borc alan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı raydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Zaminlik müqaviləsinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, zaminlik müqaviləsində göstərilmişdir ki, əgər "borcalan” kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə, zamin bankın ona göndərdiyi bildirişin alınması vaxtından müvafiq sayda gündən gec olmamaq şərti ilə "borcalan”-ın bütün borclarının ödənilməsinə zamin olur. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu ohdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borc alanın 02.10.2020-ci il tarixinədək "xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 813.14 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 97.54 manat faiz, 664.99 manat cərimə olmaqla, müqavilənin bitdiyi tarixdən 02.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 172.37 manat borc, ümumilikdə 1748.04 manat məbləğində kredit borcu vardır. Məlum olduğu kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan "İddiaçı” ASCnin ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi- Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi Departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri məhkəməyə ərizə göndərərək iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən mülki işə tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətmanə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 -ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, real vəziyyəti əks etdirmir. Belə ki, "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bununla ikinci dəfədir ki, kredit borcu olduğu və krediti ödəmədiyi əsası ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Onun iddiaçıya kredit borcu yoxdur. O, "İddiaçı" ASC-nin Zaqatala filialının əmanətçisi olmuşdur. Həmin filialda müxtəlif tarixlərdə əmanətləri olub. Eyni zamanda 25.05.2015-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən təminat olaraq 13.05.2015-ci il tarixli “Depozit müqaviləsinə əsasən banka əmanət şəkilndə qoyduğu 11.000 (on bir min) manat pulu təmin olaraq göstərməklə 12 ay müddətinə 6000 (altı min) manat kredit götürmüşdür. Bank ləğv edilən tarixə, yəni, 01.02.2016-cı il tarixə 2089.21 manat bankda əmanəti olduğunu bildirmişlər. Bank əmanətindən 2089.21 manat vəsaiti kredit və onun faizinin ödənilməsinə saxlayaraq, qalan 10265 manat əmanətini isə Əmanətlərin Sığortalanması Fondunun agent bankı olan "xxxx" ASC-nin Zaqatala filialından kompensasiya olunan məbləğ kimi almışdır. Lakin iddiaçı ondan kredit borcunun əvəzinə tutulmuş 2089.21 manat əmanətinin adını belə çəkmir. Bununla yanaşı, Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, hazırki iş üzrə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiasına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı surətindən görünürü ki, ləğv prosesində olan "İddiaçı” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsindən çıxarışdan görünürü ki, Azərbaycan Respublikası Prezidentinin 14 may 2020-ci il tarixli Sərncamına əsasən X1 Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilmişdir. İş materiallarında olan 06 oktyabr 2020-ci il tarixli, **********691 nömrəli məktubdan görünür ki, Cavabdeh ilə ləğv prosesində olan "İddiaçı” ASC arasında bağlanmış 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsinə əsasən, cavabdehin 02 oktyabr 2020-ci il tarixə iddiaçıya olan ümumi borcu 1748,04 (bir min yeddi yüz qırx manat, dörd qəpik) manat göstərilmişdir. İş materiallarında olan 26.05.2015-ci il tarixli Kassa məxaric orderindən görünür ki, həmin tarixdə 6000 (altı min) manat pul Cavabdeh tərəfindən "İddiaçı” ASC-nin kassasından təhvil alınmışdır. İş materiallarında olan, 24.06.2015-ci il tarixli “Kassa mədaxil orderi”ndən görünür ki, həmin tarixdə Cavabdeh "İddiaçı” ASC-nin kassasına 542 manat kredit ödənişini həyata keçirmişdir. İş materiallarında olan, 24.07.2015-ci il tarixli “Kassa mədaxil orderi”ndən görünür ki, həmin tarixdə Cavabdeh "İddiaçı” ASC-nin kassasına 542 manat kredit ödənişini həyata keçirmişdir. İş materiallarında olan, 25.08.2015-ci il tarixli “Kassa mədaxil orderi”ndən görünür ki, həmin tarixdə Cavabdeh "İddiaçı” ASC-nin kassasına 192 manat kredit ödənişini həyata keçirmişdir. İş materiallarında olan, 26.08.2015-ci il tarixli “Kassa mədaxil orderi”ndən görünür ki, həmin tarixdə Cavabdeh "İddiaçı” ASC-nin kassasına 350 manat kredit ödənişini həyata keçirmişdir. İş materiallarında olan, 23.09.2015-ci il tarixli “Kassa mədaxil orderi”ndən görünür ki, həmin tarixdə Cavabdeh "İddiaçı” ASC-nin kassasına 542 manat kredit ödənişini həyata keçirmişdir. İş materiallarında olan, 26.10.2015-ci il tarixli “Kassa mədaxil orderi”ndən görünür ki, həmin tarixdə Cavabdeh "İddiaçı” ASC-nin kassasına 50 manat kredit ödənişini həyata keçirmişdir. İş materiallarında olan, 26.10.2015-ci il tarixli “Kassa mədaxil orderi”ndən görünür ki, həmin tarixdə Cavabdeh "İddiaçı” ASC-nin kassasına 50 manat kredit ödənişini həyata keçirmişdir. İş materiallarında olan, 03.12.2015-ci il tarixli “Kassa mədaxil orderi”ndən görünür ki, həmin tarixdə Cavabdeh "İddiaçı” ASC-nin kassasına 550 manat kredit ödənişini həyata keçirmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır və rədd edilməməlidir. Belə ki, Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, real vəziyyəti əks etdirmir. Belə ki, "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bununla ikinci dəfədir ki, kredit borcu olduğu və krediti ödəmədiyi əsası ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Onun iddiaçıya kredit borcu yoxdur. O, "İddiaçı" ASC-nin Zaqatala filialının əmanətçisi olmuşdur. Həmin filialda müxtəlif tarixlərdə əmanətləri olub. Eyni zamanda 25.05.2015-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən təminat olaraq 13.05.2015-ci il tarixli “Depozit müqaviləsinə əsasən banka əmanət şəkilndə qoyduğu 11.000 (on bir min) manat pulu təmin olaraq göstərməklə 12 ay müddətinə 6000 (altı min) manat kredit götürmüşdür. Bank ləğv edilən tarixə, yəni, 01.02.2016-cı il tarixə 2089.21 manat bankda əmanəti olduğunu bildirmişlər. Bank əmanətimdən 2089.21 manat vəsaiti kredit və onun faizinin ödənilməsinə saxlayaraq, qalan 10265 manat əmanətini isə Əmanətlərin Sığortalanması Fondunun agent bankı olan "xxxx" ASC-nin Zaqatala filialından kompensasiya olunan məbləğ kimi almışdır. İş materiallarından belə başa düşülür ki, 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsinə əsasən "İddiaçı” ASC tərəfindən Cavabdeh 12 ay müddətə, illik 15 % faiz dərəcəsi ilə 6000 (altı min) manat kredit verilmişdir. Cavabdeh qeyd olunan kredit borcunun müəyyən hissəsini ödəmiş, lakin ödənilməmiş 813.14 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 97.54 manat faiz, 664.99 manat cərimə olmaqla, müqavilənin bitdiyi tarixdən 02.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 172.37 manat borc, ümumilikdə 1748.04 manat məbləğində kredit borcunun olması qeyd edilmişdir. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası ilə razılaşmayaraq, onun banka 1748.04 manat məbləğində kredit borcu olmadığını bildirmiş və iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək 01 dekabr 2020-ci il tarixli, 2(019)-922/2020 iş nömrəli qərardadı ilə belə nəticəyə gəlmişdir ki, mübahisənin ədalətli və qanuni həll edilməsi üçün ödənişlər nəzərə alınmaqla müqavilənin qüvvədə olma müddətinə cavabdeh tərəfin əsas kredit və faiz borcunun düzgün müəyyən olunması məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsin, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılsın və rəy alınanadək iş üzrə icraat dayandırılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti 25 dekabr 2020-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsinin, ödəniş qəbzlərinin və kassa məxaric orderlərinin ekpsertiza tədqiqatına təqdim olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin vəsatətini nəzərə alaraq, 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsinin, ödəniş qəbzlərinin və kassa məxaric orderlərinin ekpsertiza tədqiqatına təqdim olunması məqsədi ilə məhkəməyə təqdim edilməsini iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tələb etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmənin 22 yanvar 2021-ci il tarixl qeyd olunan sorğusuna cavab olaraq bildirmişdir ki, işlə bağlı ödəniş qəbzləri və kassa məxaric orderinin surətləri iddia ərizəsinə əlavə edilmişdir. Lakin, 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsi itdiyi üçün həmin sənədin məhkəməyə və ekspertiza tədqiqatına təqdim olunması mümkün olmamışdır. Bundan sonra, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 26 fevral 2021-ci il tarixli, 9/5894 nömrəli məktubla “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məlumatı məhkəməyə göndərmişdir. Həmin məlumatda qeyd olunmuşdur ki, 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsinin, ödəniş qəbzlərinin və kassa məxaric orderlərinin ekpsertiza tədqiqatına təqdim olunması təmin edilmədiyi üçün ekspertiza aparılması və rəy verilməsi mümkün olmamışdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, sübut etmək yükü iddiaçının üzərində olduğu halda, iddiaçı iddia ərizəsində qeyd etdiyi halları sübut edə biləcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Yuxarıda istinad olunan qanun normalarının tələbindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh ilə aralarında bağlanmış 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsinə əsasən, cavabdehin ödənilməmiş 813.14 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 97.54 manat faiz, 664.99 manat cərimə olmaqla, müqavilənin bitdiyi tarixdən 02.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 172.37 manat borc, ümumilikdə 1748.04 manat məbləğində kredit borcu olmasını sübut etməlidir. Lakin iddaçının 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsini məhkəməyə təqdim etməməsi səbəbindən işin bu halını müəyyən etmək mümkün deyildir. Cavabdehin iddiaçıya 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsi üzrə öhdəlik daşımaqla tələb edilən borcunun olması işdəki mötəbər sübutlarla sübut olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bununla yanaşı, hətta iddia əsaslı olsa belə, Cavabdeh məhkəməyə təqdim etdiyi “vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin tətbiqi barədə” ərizəsi nəzərə alınmalı və yenə də iddia rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsinin müddəti 25 may 2016-cı il tarixdə bitmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən də göründüyü kimi, Cavabdeh sonuncu dəfə kredit ödənişini 03.12.2015-ci il tarixdə həyata keçirmişdir. Yəni, hazırki iş üzrə iddia müddəti 25 may 2019-cu il tarixdə başa çatmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunur ki, “.....Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətləri və onların hesablanması ilə bağlı qaydalar bir sıra ölkələrin (Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Almaniya, Fransa, Türkiyə və s.) qanunvericiliklərində də müəyyən edilmişdir. Bu dövlətlərin qanunvericiliklərində iddia müddətləri müxtəlif müəyyən edilsə də, mahiyyət etibarı ilə eyni məqsədə xidmət edir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında əks olunmuşdur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına (nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhləri məcburi xarakterə malikdir) əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Məhkəmə iddia ərizəsini araşdırıb, cavabdehin izahatını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “Cavabdeh ödənilməmiş 813.14 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 97.54 manat faiz, 664.99 manat cərimə olmaqla, müqavilənin bitdiyi tarixdən 02.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 172.37 manat borc, ümumilikdə 1748.04 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə” iddiası təmin olunmamalı, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “Cavabdeh ödənilməmiş 813.14 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 97.54 manat faiz, 664.99 manat cərimə, müqavilənin bitdiyi tarixdən 02.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 172.37 manat borc, ümumilikdə 1748.04 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə” iddiası təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-124/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-124/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver