Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-148/2021 04.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Əli oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC- cavabdehlər Cavabdeh1 Əli oğluna, X3, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək,Turan Bank Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filalı ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2013-cü il tarixli ,BK nömrəli 150/MK/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka 1014.55 (bir min on dörd,əlli beş) ABŞ dolları əsas, 594.29 (beşyüz doxsan dörd,iyirmi doqquz) ABŞ dolları faiz, 1489.69 (min dörd yüz səksən doqquz ,altmış doqquz ) ABŞ dolları cərimə borcu olmaqla cəmi 3098.53 (üç min doxsan səkkiz əlli üç) ABŞ dolları məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cabadehlərdən ( borclu – Cavabdeh1, zaminlər – X6, Cavabdeh1 Əli oğlu, Cavabdeh3 və Cavabdeh2) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin borclu Cavabdeh1, zaminlər - Cavabdeh3, Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulmasına dair” iddia tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etdiyini, iddia ərizəsi məhkəməyə verildiyi zaman texniki səhv nəticəsində sözügedən kredit müqaviləsinə aid olmayan X2 zamin qoyulduğunu, bu səbəbdən qətnamə qəbul edilərkən iddia ərizəsinin tələb hissəsini aşağıdakı qaydada nəzərə alınmasını: TuranBank Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2013-cü il tarixli, BK № 150/MK/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka 1014.55 (bir min on dörd, əlli beş) ABŞ dolları əsas, 594.29 (beş yüz doxsan dörd, iyirmi doqquz) ABŞ dolları faiz, 1489.69 (min dörd yüz səksən doqquz altmış doqquz) ABŞ dolları cərimə borcu olmaqla cəmi 3098.53 ( üç min doxsan səkkiz, əlli üç ) ABŞ dolları məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh1, zaminlər - Cavabdeh3, Cavabdeh2) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən hazırki iddianın həcmi cavabdeh X3 aid olan tələb hissəsində azaldılmışdır. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2013-cü il tarixli, BK № 150/MK/13 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 32% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 5090 (beş min doxsan) ABŞ dolları məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 (borcalan) öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında 15 fevral 2013-cü il tarixli, BK № 150/MK/13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh1 15 fevral 2013-cü il tarixli, BK № 150/MK/13 saylı kredit müqaviləsinə əsasən 24 avqust 2020-ci il tarixinə kimi kredit müqaviləsi üzrə əsas və faiz borcunu tam ödəməli olduğu halda, əsas borcdan 4075.45 ABŞ dolları, 2743.21 ABŞ dolları faiz borcundan ödəniş etmişdir. Hal-hazırda borclunun Banka olan borcu 1014.55 (bir min on dörd, əlli beş) ABŞ dolları əsas, 594.29 (beş yüz doxsan dörd iyirmi doqquz) ABŞ dolları faiz, 1489.69 (min dörd yüz səksən doqquz altmış doqquz) ABŞ dolları cərimə borcu olmaqla cəmi 3098.53 ( üç min doxsan səkkiz, əlli üç) ABŞ dolları təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq, Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 15 fevral 2013-cü il tarixli, BK № 150/MK/13 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 64% olmaqla cərimə faizi ödəyir. Müqavilənin 3.1.2-ci bəndinə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşmar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhtəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndə əsasən borcalanın Bank qarşısında öhtəliklərini icra etməməsi və ya lazımınca icta etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında İddiaçı ASC nümayəndəsi X4 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Əli oğlu, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 15 fevral 2013-ci il tarixli, BK 150/MK/13 saylı kredit müqaviləsindən və ödəniş sənədlərindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filalı tərəfindən məqsədli istifadə üçün 24 ay müddətinə illik 32 faizlə 5090 ABŞ dolları kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 15 fevral 2013-ci il tarixli, 150/MK/13-50 saylı Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filalı ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, həmin zaminlər borclu Cavabdeh1 15 fevral 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşlər. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 Əli oğluna, Cavabdeh3 və Cavabdeh2 müvafiq bildiriş və xəbərdarlıqlarla onlara olan borcun ödənilməsi təklif edilmiş və əks təqdirdə qanunvericiliyə uyğun qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş cavabdehin 15.02.2013- 15.02.2015-ci illər üzrə kredit borcu barədə maliyyə arayışında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filalı ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2013-cü il tarixli,BK nömrəli 150/MK/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka 1014.55 (bir min on dörd,əlli beş) ABŞ dolları əsas, 594.29 (beşyüz doxsan dörd ,iyirmi doqquz) ABŞ dolları faiz, 1489.69 (min dörd yüz səksən doqquz ,altmış doqquz) ABŞ dolları cərimə borcu olmaqla cəmi 3098.53 (üç min doxsan səkkiz əlli üç) ABŞ dolları borcunun olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23 iyun 2021-ci il tarixli, 9/2000 saylı rəyindən görünür ki, Cavabdeh1 Əli oğlunun İddiaçı ASC-yə olan borcu müqavilənin bitmə tarixinə, yəni 15.02.2015-cı il tarixə əsas borc üzrə 1629,44 ABŞ dolları və faiz borcu üzrə 182,50 ABŞ dolları, 24 avqust 2020-ci il tarixə əsas borc üzrə 1014,55 ABŞ dolları və faiz borcu üzrə 1900,31 ABŞ dolları təşkil edir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 10.05.2019-cu il tarixinədək 6888.66 ABŞ dolları məbləğində ödəniş etməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 23 iyun 2021-ci il tarixli, 9/2000 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2 (019)-351/2019 saylı qərardadından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı 15 fevral 2013-cü il tarixli, BK №-li 150/MK/13 saylı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. İş materiallarında olan 21.09.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən qanun normalarına istinad edən məhkəmə 15 fevral 2013-cü il tarixli kredit müqaviləsini, ödəniş sənədlərini, kredit üzrə faizlər və ödəmələr üzrə cədvəli, 15 fevral 2013-cü il tarixli zaminlik müqaviləsini, işdəki sübutlara əsasən işin həqiqi hallarını obyektiv əks etdirdiyi üçün cavabdehin əsas kredit borcu barədə və cərimə borcu göstərilən maliyyə arayışını və cavabdehin müqavilə müddətinin bitdiyi 15 fevral 2015-ci il tarixinə olan faiz borcu barədə məhkəmə-mühasibatlıq ekspertizasının 23 iyun 2021-ci il tarixli, 9/2000 №-li rəyini və sair işdə olan sənədləri işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə, Cavabdeh1 əsas kredit borcu və faiz borcu barədə iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışı ilə iş üzrə keçirilən məhkəmə-mühasibatlıq ekspertizasının 23 iyun 2021-ci il tarixli, 9/2000 saylı rəyi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, bu xüsusda işdəki sübutlara istinadən iş üzrə obyektiv həqiqəti əks etdirdiyindən Cavabdeh1 əsas borcu maliyyə arayışında göstərilən 1014.55 ABŞ dolları, müqavilə müddəti üçün faiz borcu isə məhkəmə-mühasibatlıq ekspertizasının 23 iyun 2021-ci il tarixli, 9/2000 №-li rəyində göstərilən 182.50 ABŞ dolları məbləğində qəbul edilməlidir. Həmçinin təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 cərimə borcunun 1489.69 ABŞ dolları məbləğində göstərilməsi nəzərə alınmalıdır. Məhkəmə işin məhkəmə təhqiqatı zamanı müəyyən olunmuş faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, tərəflər, yəni TuranBank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit münasibətlərindən yaranan öhdəliklər mövcud olmuş, iddiaçı Cavabdeh1 qarşısında götürülmüş öhdəliklərini icra etmiş, Cavabdeh1 isə iddiaçı qarşısında götürülmüş öhdəliklərini icra etməmiş, onun İddiaçı ASC-yə sözügedən kredit müqaviləsi üzrə 1014.44 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün 182.50 ABŞ dolları faiz borcu yaranmış və ona 1489.69 ABŞ dolları cərimə borcu hesablanmışdır. Həmçinin iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı yönəltdiyi 1014.55 ABŞ dolları əsas borc tələbi əsaslıdır və təmin olunmalıdır. Həmçinin iddia Cavabdeh1 qarşı 594.29 ABŞ dolları faiz borcu tələbinin 182.50 ABŞ dolları hissəsində təmin edilməli, həmin 182.50 ABŞ dolları faiz borcundan artıq faiz borcu tələbi hissəsində isə təmin edilməməlidir. İddiaçı həmçinin Cavabdeh1 1489.69 ABŞ dolları cərimə formasında dəbbə pulu tələb edir. Məhkəmə iddiaçının Cavabdeh1 qarşı 1489.69 ABŞ dolları dəbbə pulu tələbinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi dəbbə pulu tələb edilən əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə kreditorun, yəni İddiaçı ASC-nin gəliri, kredit müqaviləsi üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, hazırki iş üzrə tələb olunan 1489.69 ABŞ dolları məbləğində dəbbə pulu müqavilə müddəti üçün müəyyən olunmuş faiz borcunu qat-qat aşmaqla kreditorun əmlak mənafeləri və bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən, həmçinin kreditorun və borclu tərəfin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınmaqla tənasübsüz surətdə yüksək məbləğdir və öhdəliyin pozulmasnın nəticələrinə uyğun gəlmir. Qeyd olunanlar tələb olunan 1489.69 ABŞ dolları dəbbə pulunun ədalətsiz və tənasübsüz surətdə yüksək məbləğ olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı» 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X7rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 tələb olunan 1489.69 ABŞ dolları məbləğində cərimə növündə dəbbə pulu azaldılaraq, 10 ABŞ dolları məbləğində müəyyən olunmalıdır. İş üzrə Cavabdeh1 məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazını bildirməmiş və bu etirazın əsaslandırıldığı hallarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin iddia müddətinin tətbiqi ilə bağlı ondan hər hansı ərizə məhkəməyə daxil olmamışdır. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 15 fevral 2013-cü il tarixli, BK 150/MK/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məqsədli istifadə üçün 24 ay müddətinə illik 32 faizlə 5090 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsində və kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində kreditin ödəniş müddətləri 15.02.2013-15.02.2015-ci il tarixləri qeyd edilməklə əsas öhdəliyin icrası müddəti göstərilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 15 fevral 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilədə bu zaminliyin verilmə müddəti göstərilməmiş, müqavilənin 4.2-ci bəndində bu müqavilənin borcalanın bank qarşısında öhdəliklərinin tam yerinə yetirildikdən sonra qüvvədən düşməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi, qanun o cümlədən əqdlə təyin edilən müddətin təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar və hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Hazırki mülki işdə olan 15 fevral 2013-cü il tarixli zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilməmiş, yəni müqavilənin verilmə müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir; bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır; kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər; mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər; kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır; kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Qanun normalarının tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə kredit müqaviləsi müddətli müqavilədir. Deməli, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün bağlanılan və müddəti göstərilməyən zaminlik müqaviləsinin qüvvədə olma müddəti də kredit müqaviləsinin qüvvədə olma müddəti olaraq hesab olunmalıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə 15 fevral 2013-cü il tarixli kredit müqaviləsinin icra müddətinin bitmə tarixi 15 fevral 2015-ci ildir. Yəni 15 fevral 2013-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gün də 15 fevral 2015-ci il tarixdir. Belə olan halda məhkəmə hesab edir ki, 15 fevral 2013-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminlərə qarşı onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddia irəli sürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəiyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, 15 fevral 2013-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliklə təmin edilmiş 15 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə 24 aylıq kreditlə bağlı öhdəliyin icrası vaxtının başa çatdığı gün 15 fevral 2015-ci il tarixdir ki, qanuna görə də kreditor, yəni İddiaçı ASC həmin gündən, yəni 15 fevral 2015-ci il tarixdən başlayaraq bir il ərzində hazırki zaminlərə qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, 15 fevral 2013-cü il tarixli zaminlik müqaviləsi əsasında zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən zaminlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia irəli sürülməmiş, bu iddia həmin müddət keçdikdən sonra irəli sürülmüşdür ki, bu da qanunun tələblərinə ziddir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən Cavabdeh3 və Cavabdeh2 zaminliyinə xitam verilir. Zaminliyə xitam verildiyi halda, zaminlər Cavabdeh3 və Cavabdeh2 digər cavabdeh olan borclu Cavabdeh1 15 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinə görə məsuliyyət daşıya bilməzlər. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia zaminlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi lazım bilir ki, zaminliyə bu əsasla xitam verilməsi qanunda göstərilmişdir, kəsici müddətin tətbiqi olmaqla qanuni haldır. Bunun üçün qanunda zaminin razılığının tələb olunması nəzərdə tutulmamışdır. Qanun birmənalı qeyd edir ki, zaminliyin verilmə müddəti göstərilmədikdə və zaminliklə təmin edilmiş öhdəliyin icrasının başa çatdığı vaxtdan kreditor ona qarşı bir il ərzində iddia irəli sürmürsə, mütləq qaydada zaminliyə xitam verilməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2013cü il tarixli, BK № 150/MK/13 saylı kredit müqaviləsi üzrə 1014.55 ABŞ dolları əsas borc, 182.50 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 1207.05 ABŞ dolları borc ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 11.69 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə və digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə münasib olaraq iş üzrə 100,00 manat ekspertiza xərcinin 38.96 manatı Cavabdeh1 və 61.04 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2013-cü il tarixli, BK № 150/MK/13 saylı kredit müqaviləsi üzrə 1014.55 ABŞ dolları əsas borc, 182.50 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 1207.05 ABŞ dolları borc ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 11.69 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin; iddia qalan hissədə və digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməsin; iş üzrə 100,00 manat ekspertiza xərcinin 38.96 manatı Cavabdeh1 və 61.04 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-148/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-148/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver