Məhkəmə qərarları › İş №2(019)-164/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-164/2021

04.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-164/2021 04.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2015-cı il tarixli, 2(107)-668/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə Cavabdeh xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X2 və xx xxxxxx 2012-ci il tarixdə doğulmuş İslamov Ömər Rəşid oğlunun saxlanması üçün hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx xxxxxx 2008-ci ildə 12 sayla Şəki rayonu Kiçik Dəhnə kənd İcra Nümayəndəliyində rəsmiləşdirməklə evlənmişlər. Cavabdehlə birgə yaşadıqları dövrdə xx.xx.2008- ci ildə X7 və xx.xx.2012-ci ildə İslamov Ömər Rəşid oğlu adında iki uşaqları olmuşdur. Onunla evləndikdən sonra bir müddət mehriban yaşamışlar. Sonradan aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Aralarında baş vermiş narazılıqla əlaqədar 2014-cü ilin avqust ayında o, uşaqları da götürüb, valideynlərinin evinə getmişdir. Bundan sonra cavabdehlə ayrı yaşayırlar. Balakən Rayon Məhkəməsinin 2(019)-99/2015 saylı, xx xxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə olan nikahları pozulmuş, Cavabdeh xx.xx.2008-ci ildə doğulmuş X2 və xx.xx.2012-ci ildə doğulmuş İslamov Ömər Rəşid oğlunun yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşaq üçün 60 (altmış) manat sabit pul məbləğində alimentin tutulub, ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən şikayət verdiyindən Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(107)-668/2015 saylı qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 2(019)-99/2015 saylı, xx xxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2008-ci ildə doğulmuş X2 və xx.xx.2012-ci ildə doğulmuş İslamov Ömər Rəşid oğlunun yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində alimentin tutulub, ona ödənilməsi qət edilmişdir. 80 manat məbləğdə alimentlə uşaqlarına baxmaq onun üçün çox çətindir. Cavabdeh fərdi əməklə məşğul olur. Onun alimenti ödəmək üçün kifayət qədər gəliri vardır. Özü isə heç yerdə işləmir. Hazırda uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Birgə nikahlarından doğulmuş uşaqların mənafeyi nəzərə alınmaqla, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün, eləcə də alimentin həlli məsələsində uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsində onun üzərinə daha çox ağırlığın düşməsini nəzərə alaraq, alimentin miqdarı artırılmalı və Cavabdeh xx.xx.2008-ci ildə doğulmuş X2 və xx.xx.2012-ci ildə doğulmuş İslamov Ömər Rəşid oğlunun saxlanması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat miqdarında aliment müəyyən olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, o, xx xxxxxx 2008-ci ildə rəsmi nikahla İddiaçı ilə evlənmişdir. Birgə nikahlarından xx xxxxxxxx 2008-ci il tarixdə X7 və xx xxxxxx 2012-ci il tarixdə İslamov Ömər Rəşid oğlu adında iki uşaqları olmuşdur.Evləndikdən sonra iddiaçı ilə aralarında ailə münaqişələri zəminində mübahisələri yaranmağa başlamış, xasiyyətləri uyğun gəlməmişdir. Buna görə də 2016-cı ildən iddiaçı ilə ayrılmışlar. Məhkəmənin qərarı ilə 2015-cü ildə iddiaçıdan rəsmi olaraq boşanmışdır. Birgə nikahlarından olan uşaqları hazırda iddiaçının himayəsində yaşayır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(107)-668/2015 nömrəli qətnaməsinə əsasən oğulları Xəyyam və Ömərin yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan hər ay hər bir uşaq üçün 80 manat alimentin tutulub, İddiaçı verilməsi qət edilmişdir. O, hazırda başqa bir qadınla ailə həyatı qurmuşdur. Həmin nikahdan bir azyaşlı övladı vardır. Himayəsində xəstə anası vardır. İddiaçının tələb etdiyi ayda hər bir uşaq üçün 170 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddianın qismən-ayda hər bir uşaq üçün 120 manat aliment tələbi hissəsində qəbul edir. İddianın qismən təmin olunmasına etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxx 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 255021 №-li və xx xxxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 972924 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, X7 xx xxxxxxxx 2008-ci il tarixdə və İslamov Ömər Rəşid oğlu xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş, həmin şəhadətnamələrin «atası» Cavabdeh, «anası» qrafasında isə X9 qızı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(107)-668/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X6 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(019)-99/2015 №-li qətnaməsinin alimentin miqdarına aid hissədə dəyişdirilməsi, xx xxxxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxxx 2012-ci il təvəllüdlü İslamov Ömər Rəşid oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2016ci il tarixdə verilmiş AZ-İ seriyalı, 248647 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016-ci ilin sentyabr ayının 08 günündə 97 № ilə qeyd edilmiş, nikah ləğv olunduqdan sonra qadına Şeşdirova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Kiçik Dəhnə kəndindəki nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 994 №-li arayışdan görünür ki, X4 2020-ci ilin kənd təsərrüfatbaşına kitabının 11/18 əsasən onun aşağıdakı tərkibdə ailə üzvləri vardır, işləmir: əri-Cavabdeh, qızı-X8. İş materiallarına əlavə edilmiş TQS 103 №-li Doğum haqqında tibbi şəhadətnamədən görünür ki, Rəsulova Sona xx.xx.2020-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş İlkin Səhiyyə Xidməti (ASM) şöbəsi tərəfindən verilmiş 283 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü uşağı X1 İlkin Səhiyyə Xidməti (ASM) şöbəsində xx.xx.2020-ci il tarixdə həkim müayinəsindən keçmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə iki uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmaqla, hər ay hər bir uşaq üçün 120 manat miqdarında müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «X5» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «X5» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının yüksəlməsi, aliment təyin edilən xx xxxx 2015-cı il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 108 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2015-cı ildə uşaqlar üçün yaşayış minimumunun 108 manat, 2020-ci ildə 170 manat, 2021-ci ildə isə 175 manat təşkil etməsi) və bu xüsusda uşaqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsaslar kimi qəbul edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayan Xəyyam İslamovun və Ömər İslamovun saxlanması üçün Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2015-cı il tarixli, 2(019)-668/2015 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay hər bir uşaq üçün 80 manat aliment həmin uşaqların yaşının və bu xüsusda tələbatının artması zəminində təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə cavab vermir. Belə ki, aliment təyin olunduqdan sonra uşaqların yaşayış tələbatı artmışdır. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması və Cavabdeh yeni ailə qurması və himayəsində başqa bir azyaşlı uşağın da olması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, bu zaman tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynlərin hər ikisinin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının iddia ərizəsindən, iddiaçının nümayəndəsinin-vəkilinin məhkəmə iclasında verdiyi izahatndan və iş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur və uşaqların mənafeyinə uyğun deyildir. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Bu xüsusda yuxarıda göstərilənlər, aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin hər ay hər bir uşaq üçün 170 manat müəyyən olunması tələbinin qismən-hər bir uşaq üçün aylıq 120 manat hissəsində təmin edilməsi əsaslı və ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia uşaqların saxlanması üçün hər bir uşaq üçün 120 manatdan artıq alimentin dəyişdirilməsi (artırılması) tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf iddia tələbinin əsaslandırıldığı hal kimi aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması- onun yüksək yaxşı qazanc əldə etməsi və bununla da alimentin miqdarının aylıq hər bir uşaq üçün 170 manat müəyyən edilməsinin zəruri olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmiş, məhz 170 manat aliment tələbinin tam əsaslı olmasını sübut edə edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bu tələbi sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, təyin olunmuş aliment məbləğinin artırılaraq hər ay hər bir uşaq üçün 170 manat miqdarında müəyyən edilməsi heç şübhəsiz ki, işin halları, yeni ailə qurması və yeni nikah münasibətlərindən doğulmuş daha bir azyaşlı uşağının onun himayəsində olması zəminində cavabdehin əmlak vəziyyətinə qətiyyən uyğun olmayacaq, cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaradacaq, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olması konteksində onların mənafeləri arasında ədalətli tarazlıq prinsipini pozmuş olacaqdır. Ona görə də məhkəmə təyin olunmuş alimentin miqdarının ayda hər bir uşaq üçün 120 manatadək dəyişdirilməsi (artırılması), bu məbləğdən artıq tələb hissəsində isə iddianın rədd olunması nəticəsinə gəlir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2015-cı il tarixli, 2(019)-668/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X2 və xx xxxxxx 2012-ci il tarixdə doğulmuş İslamov Ömər Rəşid oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 120 manat, hər ay cəmi 240 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 21,18 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2015-cı il tarixli, 2(019)-668/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X2 və xx xxxxxx 2012-ci il tarixdə doğulmuş İslamov Ömər Rəşid oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 120 manat, hər ay cəmi 240 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh 21,18 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar