Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-171/2025 20.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Xəlilova (Yunusova) Samirə Sabir qızının iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Xəlilova (Yunusova) Samirə Sabir qızına və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 hüquqi varisləri Cavabdeh1, Cavabdeh2 və X2 əsas borc üzrə 2 692.41 manat, faiz borcu üzrə 388.31 olmaqla, cəmi 3 080.72 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 51.20 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasının xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X6 dair sənədlər S-FK-706 saylı, 24 oktyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Binəqədi filialı ilə cavabdeh X8 arasında xx.xx.2016-cı il tarixdə, № 554-xx.xx.2016-SM7 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 % tətbiq edilməklə, 24 ay müddətinə 3 000 (üç min) manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2016-cı il tarixli kassa məxaric orderindən də göründüyü kimi X8 ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kredit Müqaviləsinə əsasən Bank borc alana istehlak məqsədi ilə 3 000 (üç min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.4 bəndi) “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 24 aydır. Qeyd olunan Kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 22 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh X4 banka hazırda olan əsas borc üzrə 2 692.41 manat, faiz borcu üzrə 388.31 olmaqla, cəmi üzrə 3 080.96 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: 6.1 Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2 Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3 Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğumuz maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Əlavə olaraq Cəmiyyət tərəfindən cavabdehə restrukturizasiya müqaviləsi bağlanılması üçün xx.xx.2020-ci il tarixli 4232 saylı bildiriş məktubu göndərilsə də cavabdeh tərəfindən həmin bildiriş məktubuna heç bir münasibət bildirilməmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərkən iddia müddətinə riayət edilmiş iddia müddətinin bitdiyi tarix xx.xx.2021-ci il tarix olsa da müddətin bitməsinə 3 gün qalmış xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-337/2021 saylı qərardadı ilə Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında xx.xx.2016-cı il tarixli AZ-İ seriyalı 820426 №-li şəhadətnaməyə əsasən X8 xx.xx.2016-cı ildə vəfat etdiyi üçün İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh X6 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki işin icraatı cavabdehin hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. İddiaçı QSC tərəfindən cavabdehlər X4 hüquqi varisləri Cavabdeh1, Cavabdeh2 və X2 əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-20/2022 saylı qərardadı ilə cavabdeh X4 ölümündən sonra mübahisə edilən hüquq münasibətinin hüquqi varisliyinə yol verilməsi müəyyən edilməməsindən iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh X6 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə Balakən Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(019)-20/2022 saylı qərardadından şikayət verilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-20/2022 saylı qərardadı ilə tələbin güzəşt edilməsi ilə bağlı tələb hüququnu təsdiqləyən sənədlər ölmüş cavabdeh X4 hüquqi varislərinə təqdim edilməməsi və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatlar ölmüş cavabdeh X4 və onun hüquqi varislərinin Mülki Məcəllənin 198-199-cu maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulduğunu, sağ vaxtında cavabdeh X8 ilə və ölmüş cavabdeh X4 hüquqi varisləri ilə mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmamış, həmin şəxslərlə mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi qaydasına riayət etmədiyi üçün iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Qeyd olunan səbəblər aradan qaldırıldığı üçün yenidən iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(019)-597/2023 saylı qərardadı ilə iddia ərizəsinin “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi, həmçinin ərizədə cavabdehin telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanları və eyniləşdirmə məlumatlarının (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN göstərilməmişdir.) göstərilməməsini əsaslandıraraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsillərinin geri qaytarılması qərara alınmışdır. Odur ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə prosesinə gələ bilmədikləri üçün mülki işə iddiaçının iştirakı olmadan baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barərə ərizə göndərərək mülki iş üzrə iddia müddətini tətbiq etməklə, həmin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, atası X8 xx.xx.2016-cı ildə ölmüşdür. Bundan sonra ona heç bir xəbərdarlıq edilməmişdir. Buna görə də borcun silindiyini düşünmüşdür. İddia müddətinin keçməsi əsası ilə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Xəlilova (Yunusova) Samirə Sabir qızı izahatında bildirmişdir ki, atasının kredit götürməyindən məlumatı olmayıb, məhkəmədə məlumatı olmuşdur. İddia müddətinin keçməsi əsası ilə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 554-xx.xx.2016-SM56 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə ilə X6 24 ay müddətinə illik 22 faizlə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixdə bitir. xx.xx.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, X8 2849 manat ayrılmış kredit vəsaitini almışdır. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Tələb hüququnun güzəşt edilməsinə dair müqavilədən görünür ki, "xxxx" ASC-nin problemli aktivlər üzrə borclu şəxslərə tələb hüququ İddiaçı QSC-yə keçmişdir. 24 oktyabr 2017-ci il tarixli S-FK-706 saylı təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X6 dair sənədlər İddiaçı QSC-yə verilmişdir. 24 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, kredit müqaviləsinə əsasən İddiaçı QSC-yə olan borc, 2692.41 məbləğində əsas borc, 388.31 manat məbləğində faiz borcu, ümumilikdə 3080.72 manat təşkil edir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-20/2022 nömrəli qərardadından görünür ki, iddiaçı “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının adından «X9 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyətinin ölmüş cavabdeh X4 hüquq varisləri X3, Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. Balakən rayonu İcra Hakimiyyətinin Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 879 nömrəli arayışda göstərilmişdir ki, həqiqətən X8 vəfat etdiyi 27 may 2016-cı il tarixdə ünvan 1i ünvanında daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri vardır: arvadı X1, qızı X7, oğlu Cavabdeh2, oğlu Cavabdeh1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Konstitusiya Məhkəməsinin Plenumu “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 22 faizlə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli Tələb hüququnun güzəşt edilməsinə dair Müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. 24 oktyabr 2017-ci il tarixli S-FK-706 saylı təhvil-təslim aktına əsasən borclu şəxs X6 dair sənədlər İddiaçı QSC-yə verilmişdir. X8 xx.xx.2016-cı ildə ölmüşdür. Bundan sonra hər hansı kredit məbləği ödənilməmişdir. Həmin müqavilədə icra müddəti 24 ay müəyyən edilmiş, həmin müddət xx.xx.2018-cı il tarixdə bitmişdir. İddiaçı həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-20/2022 saylı qərardadına əsasən mülki iş baxılmamış saxlanılmış, iddiaçı təkrarən xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının hazırkı iddianı qaldırmaqla borc alanın vərəsələri olan cavabdehlərdən kredit müqaviləsi üzrə borcu tələb etməyə subyektiv hüququ olmuşdur. Lakin iddiaçı həmin borc tələbini tələb etmək üçün mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüş, hər 3 cavabdeh məhkəməyə ərizə verərək iddia müddətinin tətbiq edilməsini və həmin əsasla iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi hazırki kredit münasibətindən yaranan mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməli, kredit müqaviləsində başqa hal nəzərdə tutulmadığından, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən mülki iş baxılmamış saxlanıldığından iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmiş və bitmişdir. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən zəruri prosedurlara sərf edilmiş ağlabatan müddətin iddia müddətinə daxil olmaması dəlilini əsassız hesab edir. Belə ki, iddia müddətinin axımının dayandırılması əsasları Mülki Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Beləliklə, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürüldüyündən və cavabdehlər bununla bağlı ərizə təqdim etdiklərindən iddia tələbi rədd edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Xəlilova (Yunusova) Samirə Sabir qızına və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №2(019)-171/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-171/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver