Məhkəmə qərarları › İş №2(019)-199/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-199/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-199/2022 02.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2220 AZN məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, həmkəndlisi Balakən rayon Talalar kənd sakini X3 ilə öz aralarında məsləhətləşərək boş olan torpaq sahəsində satmaq məqsədilə sarımsaq əkmək fikrinə düşmüş, mülkiyyətlərində olan 0.15 ha torpaq sahəsində əkin-biçin işlərini qurtardıqdan sonra həmin sahəyə 80 kq sarımsaq əkmiş və əkin üçün yararlı olan həmin sarımsağın bir kiloqramını bazardan 5 manata almışlar. Mülkiyyətində olan, Balakən rayon Talalar kənd ərazisində yerləşən torpaq sahəsin 0,15 ha hissəsində sarımsaq yetişdirmişlər. Bu Talalar kənd İnzibati Ərazi Dairəsinin 1194 saylı 13.12.2021-ci il tarixli arayışı ilə təsdiq edilir.Əkinbiçin işlərinə 720 manat vəsait xərcləyərək yetişənəcən aqrotexniki qaydada qulluq etmişlər ki, məhsul bol olsun. Beləliklə sarımsaq yetişdikdən sonra 375 kq olmuşdur Həmkəndlisi Vaqiflə sarımsağı yığıb bazara bir yerdən verməyi qərara almışlar. İş üzrə şahid olaraq qonşularından Şahid1,Şahid2,şəriyi və şahid X1 iştirakı ilə topladıqları sarımsağı kisələrə yığıb, onun həyətində birlikdə hər birinin köməyi ilə maşına yükləyən zaman Cavabdeh gəlib çıxmış və bildirmişdir ki, Bakıda yaşıl bazarda yaxın dostu var. Bakıdakı qiymət buradakı bazardan çox olarsa danışıb aparıb məhsulu ona versin və onların pulunu da qaytarsın. Beləliklə cavabdeh kənara çəkilib özünün dostu ilə söhbətləşəndən sonra onlara bildirmişdir ki, Bakıda sarımsağın qiyməti buradakı bazardan daha yüksəkdir və malı Bakıya aparmağa dəyər.O, “aparım satım sizin pulunuzu artıqlaması ilə bir həftə ərzində gətirib ödəyim”-demişdir.Danışıqlarına əsasən Cavabdeh 375 kq sarımsağın hər kiloqramını onlardan 2,5 manata nisyə almışdır və onlara 947 manat pul ödəməli idi.2021-ci ilin iyul ayının əvvəlindən bu tərəfə artıq 7 aydır ki, Telman pulu ödəməkdən yayınır. Bir müddət gözlədikdən sonra onunla telefonla əlaqə saxladıqda “narahat olmayın saramsağın pulunu verəcəyəm” deyərək telefonu bağlamışdır. Məsələnin nə yerdə olduğunu öyrənmək üçün evlərinə getməli olmuşlar ki, görəsən cavabdeh nə üçün onlardan gizlənir. Evlərindən də münasib cavab ala bilməmişlər. Çox çalışandan sonra onlara düşən pulu qaytaracağını bildirsə də pulu verməkdən yenə də yayınmışdır. Cavabdeh yanlarında Bakı ilə əlaqə saxlayanda onlara bildirmişdir ki, Bakıda sarımsağın kilosu 5 manatdır, ortada olan gəliri bölüşdürərlər. Əgər onlar sarımsağı rayondakı bazara mövcud qiymətlə versəydilər heç bir itki olmadan qazanc əldə edəcəkdilər.Lakin cavabdehin onlara vurduğu zərərin nəticəsində xeyli zərərə düşmüşlər. Cavabdehin onlarla əlaqə saxlamamasını görüb 09.12.2021-ci il tarixli təklif məktubu göndərmiş və o həmin məktuba da heç bir cavab verməmişdir. Balakən -Bazar ASC-nin verdiyi 05 saylı 25.09.2021-ci il tarixli arayışından da görünür ki, 2021-ci il mövsümündə bazarda sarımsagın bir kiloqramı 4 manat təşkil edir. (375 kq x 4 AZN =1500 AZN+720AZN =2.220AZN).Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı ona müraciət edərək təsərrüfatında sarımsaq məhsulu yetişdiridiyini və həmin məhsulu satmaq üçün ona köməklik edilməsini ondan xahiş etmişdir. O, Bakı şəhərində Xəqani adlı tanışı olduğunu, onun vasitəsilə sarımsağı sata biləcəklərini bildirmiş və bu məqsədlə Xəqaniyə zəng etmişdir. Xəqani sarımsağı almağa söz vermiş,o da bu barədə İmrana bildirmişdir. Bundan sonra o,Xəqaninin nömrəsini ona verdiyi Ford markalı maşının sürücüsünə zəng etmiş, 03 iyul 2021-ci il tarixdə həmin sürücü İmranının həyətinə gəlmişdir. Onlar sarımsağı həmin Ford markalı avtomaşına yığaraq Bakı şəhərinə göndərmişlər. Lakin sonradan Xəqani sarımsağın pulunu verməmişdir. Bu səbəbdən o da İmranın pulunu verə bilməmişdir. O, İmranın xahişinə görə sarımsaq məhsulunu kisələrə yığmağa və həmin məhsulu Bakı şəhərinə Xəqani adlı şəxsə yola salmağa İmrana köməklik etmiş, İmranla Xəqaninin arasında vasitəçi olmuşdur.O,həmin məhsulu özü üçün almamışdır. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 oğlu göstərdi ki, İddiaçı onun qonşusudur.2020-ci ildə İddiaçı özünə məxsus torpaq sahəsində sarımsaq məhsulu əkmişdir. 2021-ci ilin təxminən may-iyul aylarında İddiaçı sarımsaq məhsulunu Telman adlı şəxsə 2,5 manata satdığını bildirmiş və həmin sarımsaq məhsulunu doldurmaq üçün onu köməyə çağırmışdır. O da sarımsaq məhsulunun doldurulmasında İmrana köməklik etmiş və həmin məhsulu özü çəkmişdir. Cavabdeh sarımsaq məhsulu apararkən pulunu səhəri gün çatdıracağını demişdir. Lakin sonradan Telman İmranın pulunu verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, İddiaçı onun qonşusudur. İddiaçı 2020-ci ildə özünə məxsus torpaq sahəsində sarımsaq məhsulu əkmişdir. O, İddiaçı xahişi ilə sarımsaq məhsulunun alaq otlarından təmizlənməsində İmrana köməklik göstərmişdir. Lakin, İmran sarımsaq məhsulunu satarkən orada olmamış və kimə satdığını görməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 25.09.2021-ci il tarixdə verilmiş 05 saylı arayışdan görünür ki, bazarda 2021-ci il mövsümündə bir kq sarımsaq məhsulunun orta satış qiyməti 4 (dörd) manat olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 dekabr 2021-ci il tarixdə verilmiş 1194 nömrəli arayışdan görünür ki, İddiaçı özünə məxsus torpaq sahəsində 2020-ci ildə sarımsaq əkmiş, özünün deməsinə görə 2021-ci ilin may ayında 375 kq məhsul əldə etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN seriyalı 40113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə İddiaçı, X5, X6 və X4 Balakən rayonu Talalar kəndi ərazisindən 0.02 hektar kənd təsərrüfat məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan, Cavabdeh Balakən Rayon Polis Şöbəsinə 13.07.2021-ci il tarixdə verdiyi izahatından görünür ki, o, Balakən rayonu Talalar kənd sakini İmran adlı şəxsdən 379 kq sarımsağı 2,5 manata, cəmi 947 manata nisyə almışdır. Həmin sarımsağı Bakıya Xəqani adlı şəxsə göndərmişdir və pulunu iki günə qaytarmağa söz vermişdir. Ancaq Xəqani pulu ona göndərmədiyindən o İmranın pulunu verə bilməmişdir. Söz verir ki, qısa müddətdə İmranın pulunu verəcəkdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh 2021-ci ilin iyul ayının əvvəlində İddiaçı hər kiloqramını 2,5 manata olmaqla 375 kq sarımsaq məhsulunu nisyə almış və həmin məhsulun pulunu iki gün ərzində ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və iddiaçıya ödəməli olduğu 937,5 manatı hazıra kimi ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1, 600.2,600.4-cü maddələrinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 937,50 manat alınıb İddiaçı xeyrinə verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 43 manat dövlət rüsumu xərcinin 18,06 manatı Cavabdeh alınıb ona verilməlidir. Dövlət rüsumu xərcinin qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 937,50 (doqquz yüz otuz yeddi manat əlli qəpik ) manat pul alınıb İddiaçı xeyrinə ödənsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 43 manat dövlət rüsumu xərcinin 18,06 manatı Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar