Məhkəmə qərarları › İş №2(019)-20/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-20/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-20/2022 06.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ölmüş Cavabdeh hüquqi varisi X2 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından «X8 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyətinin ölmüş Cavabdeh hüquqi varisləri X6,X4 və X5 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından «X8 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 2.692,41 (iki min altı yüz doxsan iki manat, 41 qəpik) manat, faiz borcu üzrə 388,31 (üç yüz səksən səkkiz manat, 31 qəpik) manat, cəmi 3.080,72 (üç min səksən manat, 72 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2016-cı ildə ölmüşdür. Bu barədə xx.xx.2016-cı il tarixli AZ-İ seriyalı 820426 №-li şəhadətnamə verilmişdlir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-337/2021 nömrəli qərardadı ilə hazırki mülk işin icraatı ölmüş Cavabdeh hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmənin sorğusu əsasında alınaraq, iş materiallarına əlavə edilmiş Balakən rayon Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 01 oktyabr 2021-cı il tarixli, 72 saylı arayışından görünür ki, Cavabdeh vəfat etdiyi 27 may 2016-cı il tarixdə Balakən rayonu Tülü kəndində daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: qızı-X4, oğlu-X7, oğlu-X6 Göstərilənlərə əsasən məhkəmə ölmüş Cavabdeh onun hüquqi varisləri olan qızı-X4, oğlu-X7 və oğlu-X6 ilə əvəz etmiş və hazırki mülki iş üzrə icraatı təzələyərək, məhkəmə baxışına təyin etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(019)-20/2022 nömrəli qərardadına əsasən hazırki mülki iş üzrə icraata xitam verilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(019)-20/2022 nömrəli qərardadına əsasən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından "xxxx" MMC-nin icraçı direktoru Süleyman Bəkirovun ərizəsi təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(019)-20/2022 nömrəli qərardadı ləğv edilmiş, hazırki mülki iş üzrə icraat davam etdirilmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından «X8 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X8 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-706 saylı 24 oktyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASCnin Binəqədi filialı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə, 554-xx.xx.2016-SM56 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% tətbiq edilməklə, 24 ay müddətinə 3000 (üç min) manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2016-cı il tarixli kassa məxaric orderindən də göründüyü kimi, Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank borc alana istehlak məqsədi ilə 3000 (üç min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır (5.3 bəndi). “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 24 aydır. Qeyd olunan Kredit Müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 22%-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka borcu hazırda olan əsas borc üzrə 2.692,41 (iki min altı yüz doxsan iki manat, 41 qəpik) manat, faiz borcu üzrə 388,31 (üç yüz səksən səkkiz manat, 31 qəpik) manat, cəmi 3.080,72 (üç min səksən manat, 72 qəpik) manat məbləğ təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı və onun adından «X8 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi məhkəməyə teleqram göndərərək, məhkəmə işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə prosesinə gələ bilmədiklərini bildirərək mülki işə iddiaçının iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında ölmüş Cavabdeh hüquqi varisi X2 nümayəndəsi-vəkili Nümayəndə iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ölmüş Cavabdeh digər hüquqi varisləri X4 və X7 məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə ölmüş Cavabdeh hüquqi varisləri X1 və X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan "xxxx" ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 554-xx.xx.2016-SM56 saylı saylı təminatlı kredit müqaviləsindən görünür ki, həmin müqavilə ilə bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 22 faizlə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 18.2-ci bəndinə əsasən tərəflər öhdəliklərini yerinə yetirdiyi zaman yaranan mübahisə və ziddiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyində göstərilmiş qaydada aidiyyət üzrə Bakı şəhərinin məhkəmələrində həll edilir. Həmin müqavilənin 19.1ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Yenə də həmin müqavilənin 19.2-ci bəndinə əsasən tərəflər mübahisələrin həlli haqqında razılığa gələ bilməkdikdə mübahisənin məhkəmə qaydasında araşdırması hüququndan istifadə edəcəklər. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Tələb hüququnun güzəşt edilməsinə dair Müqavilədən görünür ki, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan 24 oktyabr 2017-ci il tarixli S-FK-706 saylı təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər İddiaçı QSC-yə verilmişdir. İş materiallarında olan «X8 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyətinin Tələbin güzəşt edilməsi haqqında xx.xx.2021-ci il tarixli 209 nömrəli bildirişində Cavabdeh "xxxx" ASC-nin Binəqədi filialı ilə xx.xx.2016-cı il tarixdə, 554-xx.xx.2016-SM56 saylı kredit müqaviləsi bağlaması, müqaviləyə əsasən istehlak məqsədi ilə ona illik 22 % tətbiq edilməklə, 24 ay müddətinə 3000 manat məbləğində kreditin verilməsi, 05.002.2016-cı il tarixli kassa məxaric orderindən göründüyü kimi ona ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASCnin problemli aktivlərinin tələb hüququnun İddiaçı QSC-yə keçməsi, İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş avtivlərin idarə edilməsinin Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum («X8 Edilməsi Agentliyi» MMC) vasitəsilə həyata keçirilməsi, qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 195-ci maddəsini nəzərə alaraq onunla "xxxx" ASC-nin Binəqədi filialı arasında bağlanmış, yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə tələb hüquqlarının «X8 Edilməsi Agentliyi» MMC tərəfindən idarə ediləcəyinin bildirilməsi, onun kredit müqaviləsinə əsasən gecikmədə olan borcunun əsas borc üzrə 2692,41 manat, faiz borcu üzrə 388,31 manat, cəmi 3080,72 manat təşkil etməsi, göstərilənlərlə bağlı xəbərdarlıq edilərək 10 (on) gün müddətinə yuxarıda qeyd olunan borcu ilə bağlı ödənişi icra etməsi, əks təqdirdə əsas borc üzrə 2692,41 manat, faiz borcu üzrə 388,31 manat, cəmi 3080,72 manat borcunun ondan tutulmasına dair iddia tələbi ilə tərəflərindən məhkəməyə mraciət olunacağı, əlavə olaraq məhkəməyə müraciət edildiyi günə qədər müqavilə üzrə hesablanmış faizlərin ondan tələb ediləcəyi barədə tələbin güzəşt edilməsi haqqında həmin bildirişin Balakən rayonu Tülü kəndində qeydiyyatda olan Cavabdeh ünvanlanması qeyd olunmuşdur. Həmçinin Cavabdeh xx.xx.2021-ci il tarixli 209 nömrəli Tələbin güzəşt edilməsi haqqında bildirişi alması ilə işin həlli üçün məhkəmədən kənar (pretenziya) qaydasına riayət edilməsi əsas tutularaq İddiaçı QSC X10 Təşkilatı adından «X8 Edilməsi Agentliyi» MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə olunmuş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında akt qeydindən çıxarışda isə Cavabdeh xx.xx.2016-cı ildə ölməsi və bu barədə xx.xx.2016-cı il tarixli AZ-İ seriyalı 820426 №-li ölüm haqqında şəhadətnamənin verilməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.2-ci maddəsinə əsasən əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.3-cü maddəsinə əsasən əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcələsinin 194.3-cü maddəsinə əsasən kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.4-cü maddəsinə əsasən sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 195-ci maddəsinə əsasən tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 197-ci maddəsinə əsasən 197-ci maddəsinə əsasən əgər tələb sahibi eyni tələbin güzəşti barədə bir neçə şəxslə şərtləşərsə, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, tələb onun sahibinin daha əvvəl münasibətlər yaratdığı şəxsə keçir. Bunu müəyyənləşdirmək mümkün olmadıqda, tələb, haqqında borcluya daha əvvəl məlumat verilmiş şəxsə keçir. Eyni qayda gələcəkdə yaranan tələblərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 198.1-ci maddəsinə əsasən borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 198.2-ci maddəsinə əsasən tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 199.1-ci maddəsinə əsasən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 199.2-ci maddəsinə əsasən əgər borclu borc öhdəliyi barədə sənəd vermişsə, borc öhdəliyinin təqdim edilməsi üzrə tələbin güzəşti zamanı o, yeni kreditor qarşısında buna istinad edə bilməz ki, öhdəlik münasibətlərinə girməsi və onların təsdiqi yalnız görüntü yaratmaq üçün edilmişdir və ya ilkin kreditorla razılaşmaya görə güzəşt istisna edilmişdir, amma güzəşt zamanı yeni kreditorun işin təfsilatını bildiyi və ya bilməli olduğu hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində qanunla və müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etmədiyinə və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyinə görə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından «X8 Edilməsi Agentliyi» MMC-nin ölmüş Cavabdeh hüquqi varisləri X6,X4 və X5 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Binəqədi filialı ilə ölmüş Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 554-xx.xx.2016-SM56 saylı saylı təminatlı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 22 faizlə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Tələb hüququnun güzəşt edilməsinə dair Müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. 24 oktyabr 2017-ci il tarixli S-FK-706 saylı təhvil-təslim aktına əsasən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər İddiaçı QSC-yə verilmişdir. Həmçinin İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum olan «X8 Edilməsi Agentliyi» MMC vasitəsilə həyata keçirilməsi müəyyən olunmuşdur. Cavabdeh xx.xx.2016-cı ildə ölmüşdür. Lakin Cavabdeh "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququnun İddiaçı QSC-yə keçməsi və İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş avtivlərin idarə edilməsinin Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum olan «X8 Edilməsi Agentliyi» MMC vasitəsilə həyata keçirilməsi barədə bildiriş-məlumat, tələbin yeni kreditora keçdiyinə dair sübutlar göndərilməmiş və Cavabdeh həmin Tələbin güzəşt edilməsinə dair bildirişi və tələbin yeni kreditora keçdiyinə dair sübutları almamışdır. İş materiallarına əsasən tələbi başqa şəxsə güzəşt etmiş "xxxx" ASC tərəfindən, həmçinin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı» və «X8 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Tələbin güzəşt edilməsi ilə bağlı tələb hüququnu təsdiqləyən sənədlər Cavabdeh təqdim edilməmiş və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatlar Cavabdeh bildirilməmişdir. «X8 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Tələbin güzəşt edilməsi haqqında xx.xx.2021-ci il tarixli 209 nömrəli bildirişin Cavabdeh göndərilməsi və onun həmin bildirişi alması barədə iddiaçı tərəfin gəldiyi nəticə isə tamamilə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə ölmüşdür və belə olan halda onun ölümündən 5 il sonra xx.xx.2021-ci il tarixli 209 nömrəli Tələbin güzəşt edilməsinə dair bildirişi alması absurddur. Eyni zamanda iddiaçı tərəfindən ölmüş Cavabdeh hüquqi varislərinə də ölmüş Cavabdeh münasibətdə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququnun İddiaçı QSC-yə keçməsi və İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş avtivlərin idarə edilməsinin Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum olan «X8 Edilməsi Agentliyi» MMC vasitəsilə həyata keçirilməsi barədə bildiriş-məlumat və tələbin yeni kreditora keçdiyinə dair sübutlar göndərilməmiş və hüquqi varislər həmin Tələbin güzəşt edilməsinə dair bildirişi və tələbin yeni kreditora keçdiyinə dair sübutları almamışlar. İş materiallarına əsasən tələbi başqa şəxsə güzəşt etmiş "xxxx" ASC tərəfindən, həmçinin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı» və «X8 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Tələbin güzəşt edilməsi ilə bağlı tələb hüququnu təsdiqləyən sənədlər ölmüş Cavabdeh hüquqi varislərinə təqdim edilməmiş və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatlar ölmüş Cavabdeh hüquqi varislərinə bildirilməmişdir. Bununla da Cavabdeh və onun hüquqi varislərinin Mülki Məcəllənin 198-199-cu maddələrində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. İş materialları ilə müəyyən olunur ki, sağ vaxtında Cavabdeh ilə və ölmüş Cavabdeh hüquqi varisləri ilə mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmamış, həmin şəxslərlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınması qaydasına riayət edilməmişdir. Həmçinin iddiaçı hazırki işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi qaydasını tətbiq etmək imkanını itirməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işin hallarını araşdırıb yekun olaraq bu nəticəyə gəlir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından «X8 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyətinin ölmüş Cavabdeh hüquqi varisləri X6,X4 və X5 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından «X8 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyətinə iddia ərizəsinin baxılmamış saxlanması üçün əsas olmuş halları aradan qaldırmaqla yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından «X8 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyətinin ölmüş Cavabdeh hüquqi varisləri X6,X4 və X5 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından «X8 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyətinə iddia ərizəsinin baxılmamış saxlanması üçün əsas olmuş halları aradan qaldırmaqla yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar