Məhkəmə qərarları › İş №2(019)-234/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-234/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-234/2021 06.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı "FİNCA Azərbaycan" MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "FİNCA Azərbaycan" MM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 2917.91 AZN, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN, olmaqla, cəmi 2917.91 (iki min doqquz yüz on yeddi manat, doxsan bir qəpik) AZN məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "FİNCA Azərbaycan" MM QBKT-nin xeyirinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X1 Bank Kredit Təşkilatı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 25.09.2014-cü il tarixli, **********0235 saylı kredit müqaviləsinə əsasən həmin şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 24.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 20.000 (iyirmi min) USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 1061 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşlar. Kredit müqaviləsinin 1.1 -ci maddəsinə əsasən zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin 25.09.2014-cü il tarixli, **********0235 kredit müqaviləsi 28.04.2016-cı il tarixli, **********2561 yeni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 13651.02 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. 28.04.2016-cı il tarixli, **********9961-763283 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 öhdəliklərin icrasına təminat olaraq sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Eyni tarixli **********9961-726155 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 öhdəliklərin icrasına təminat olaraq sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, 12.11.2020-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği əsas borc üzrə 2917.91 AZN, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla, cəmi 2917.91 (iki min doqquz yüz on yeddi manat, doxsan bir qəpik) AZN təşkil edir. İddiaçı "xxxx" X1 Bank Kredit Təşkilatı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Ramil Heydərov məhkəməyə teleqram göndərərək, işdə nümayəndəinin iştirak edə bilməyəcəyini bildirərək, işə onların iştirakı olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil iddianı qəbul etməyərək, işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 25.09.2014-cü il tarixli, **********0235 saylı kredit müqaviləsindən və ödəniş sənədlərindən görünür ki, Cavabdeh1 "FİNCA Azərbaycan" MM QBKT tərəfindən məqsədli istifadə üçün 24 ay müddətinə illik 20000.00 USD kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən "FİNCA Azərbaycan" MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış Kredit Müqaviləsinin Restrukturizasiyasına dair 28.04.2016-cı il tarixli sazişdən və sazişə əlavə edilmiş kreditin ödəniş cədvəlindən görünür ki, həmin kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 13651 AZN hesablanmış və qəbul edilmiş, ödənilməmiş faizlərin 0.00 AZN və cərimənin 0.00 AZN təşkil etməsi və bu sazişin 2-ci bəndində göstərilən məbləğin 40 ay müddətində tamamilə ödənilməli olması göstərilmiş, kredit ödənişinin son müddəti 27.08.2019-cu tarix qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 28.04.2016-cı il tarixli Zaminlik Müqavilələrindən görünür ki, "FİNCA Azərbaycan" MM QBKT ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış, zaminlər borclunun 28.04.2016-cı il tarixli, **********9961 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 12.11.2020-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 12.11.2020-ci il tarixə 28 aprel 2016-ci il tarixli kredit müqaviləsi üzrə "FİNCA Azərbaycan" MM QBKT-ə qalıq borcu 2917,91 AZN təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 20.05.2021-ci il tarixli, 9/1999 saylı rəyindən görünür ki,rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanılmış 25.09.2014-cü il tarixli, **********0235 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" MMM QBKT-yə olan borcu müqavilə müddətininin bitmə tarixinə, yəni 27.08.2019-cı il tarixə əsas borc üzrə 2360,42 manat, faiz borcu üzrə 117.29 manat, iddia tələbininin tarixinə, yəni 12.11.2020-ci il tarixə əsas borc üzrə 2360,42 manat, faiz borcu üzrə 362,57 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 20.05.2021-ci il tarixli, 9/1999 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, iddiaçı "xxxx" MMM QBKT tərəfindən cavabdeh tərəfə kredit borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuş və 03.12.2020-ci il tarixdə hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən qanun normalarına istinad edən məhkəmə 25.09.2014-cü il tarixli, **********0235 saylı kredit müqaviləsini, 28.04.2016-cı il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair sazişi və zaminlik müqavilələrini, faizlər və ödəmələr üzrə cədvəli, məhkəmə-mühasibatlıq ekspertizasının 20 may 2021-ci il tarixli, 9/1999 №-li rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə, Cavabdeh1 əsas kredit borcu barədə 12.11.2020-ci il tarixli maliyyə arayışı ilə məhkəmə-mühasibatlıq ekspertizasının 20 may 2021-ci il tarixli, 9/1999 №-li rəyi arasında ziddiyyətə hüququi qiymət verərək, hesab edir ki, bu xüsusda məhkəməmühasibatlıq ekspertizasının 20 may 2021-ci il tarixli, 9/1999 №-li rəyi mötəbər sübut kimi qəbul edilməli, 12.11.2020-ci il tarixli maliyyə arayışı ilə mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının 20 may 2021-ci il tarixli, 9/1999 №-li rəyi müasir elmi-tədqiqat metodlarına və xüsusi biliklərə əsaslanmaqla, işdəki sübutlara istinad edilməklə verilmişdir, işdəki digər mötəbər sübutlarla ziddiyyət təşkil etmir, obyektiv və reallığı əks edirən rəydir. Həmin rəylə də Cavabdeh1 əsas borcu da doğru olaraq müəyyən edilmişdir. Ona görə də məhkəmə, məhkəmə-mühasibatlıq ekspertizasının 20 may 2021-ci il tarixli, 9/1999 №-li rəyinə istinad etməklə Cavabdeh1 iddiaçıya olan əsas kredit borcunu 2360,42 manat kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə işin məhkəmə təhqiqatı zamanı müəyyən olunmuş faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, tərəflər, yəni "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında kredit münasibətlərindən yaranan öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat Cavabdeh1 qarşısında götürülmüş öhdəliklərini icra etmiş, Cavabdeh1 isə iddiaçı qarşısında götürülmüş öhdəliklərini icra etməmiş, onun iddiaçıya sözügedən kredit müqaviləsi üzrə 2360.42 AZN əsas borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı yönəltdiyi 2917.91 AZN əsas borc tələbi 2360.42 AZN hissədə əsaslıdır və təmin olunmalıdır, iddia Cavabdeh1 2360.42 AZN əsas borc tələbindən artıq tələb hissəsində isə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 25.09.2014-cü il tarixli, **********0235 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMM QBKT tərəfindən 24 ay müddətinə illik 24% ödəmək şərti ilə Cavabdeh1 20000 USD məbləğində kredit verilmiş, "FİNCA Azərbaycan" MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış Kredit Müqaviləsinin Restrukturizasiyasına dair 28.04.2016-cı il tarixli saziş və sazişə əlavə edilmiş kreditin ödəniş cədvəli ilə həmin kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 13651 AZN hesablanmış və qəbul edilmiş, ödənilməmiş faizlərin 0.00 AZN və cərimənin 0.00 AZN təşkil etməsi və bu sazişin 2-ci bəndində göstərilən məbləğin 40 ay müddətində tamamilə ödənilməli olması göstərilmiş, kredit ödənişinin son müddəti 27.08.2019-cu tarix qeyd edilmişdir. Həmin kredit müqaviləsi üzrə saziş və ona əlavə olunmuş ödəniş cədvəlində kreditin son ödəniş müddəti 27.08.2019-cu il tarix qeyd edilməklə əsas öhdəliyin icrasının son müddəti göstərilmişdir. İş materiallarında olan "xxxx" MMM QBKT ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 28.04.2016-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilədə bu zaminliyin verilmə müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi, qanun o cümlədən əqdlə təyin edilən müddətin təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar və hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Hazırki mülki işdə olan 28.04.2016-cü il tarixli zaminlik müqavilələrində zaminliyin verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilməmiş, yəni müqavilənin verilmə müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir; bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır; kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər; mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər; kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır; kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Qanun normalarının tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə kredit müqaviləsi müddətli müqavilədir. Deməli, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün bağlanılan və müddəti göstərilməyən zaminlik müqaviləsinin müddəti də kredit müqaviləsinin müddəti olaraq hesab olunmalıdır. Qanunun tələbinə əsasən zaminliyin verilmə müddəti kredit müqaviləsi üzrə icra müddəti bitdiyi gündən hesablanmalıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə 28.04.2016-cı il tarixli sazişin icra müddətinin bitmə tarixi 27.08.2019-cu ildir. Yəni 28.04.2016-cü il tarixli zaminlik müqavilələri üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gün 27.08.2019cu il tarixdir. Belə olan halda məhkəmə hesab edir ki, 28.04.2016-cü tarixli zaminlik müqavilələri üzrə zaminlərə qarşı onların təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni 27.08.2019-cu il tarixdən başlayaraq bir il ərzində iddia irəli sürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliklə təmin edilmiş 28.04.2016-cı il tarixli saziş üzrə 40 aylıq kreditlə bağlı öhdəliyin icrası vaxtının başa çatdığı gün 27.08.2019-cu il tarixdir ki, qanuna görə də kreditor, yəni "xxxx" MMM QBKT həmin gündən, yəni 27.08.2019-cu il tarixdən başlayaraq bir il ərzində hazırki zaminlərə-Cavabdeh2 və Cavabdeh3 qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, 28.04.2016cı il tarixli zaminlik müqavilələri əsasında zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia irəli sürülməmiş, bu iddia həmin müddət keçdikdən sonra 09.12.2020-ci il tarixdə irəli sürülmüşdür ki, bu da qanunun tələblərinə ziddir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən Cavabdeh2 və Cavabdeh3 zaminliyinə xitam verilir. Zaminliyə xitam verildiyi halda, zaminlər Cavabdeh2 və Cavabdeh3 digər Cavabdeh1 28.04.2016-cı il tarixli kredit sazişi üzrə yaranmış öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi lazım bilir ki, zaminliyə bu əsasla xitam verilməsi qanunda göstərilmişdir, qanuni haldır. Bunun üçün qanunda zaminin razılığının tələb olunması nəzərdə tutulmamışdır. Qanun birmənalı qeyd edir ki, zaminliyin verilmə müddəti göstərilmədikdə və zaminliklə təmin edilmiş öhdəliyin icrasının başa çatdığı vaxtdan kreditor ona qarşı bir il ərzində iddia irəli sürmürsə, mütləq qaydada zaminliyə xitam verilməlidir. Zaminliyə xitam verilməsinin tərəfin mütləq qaydada ərizə verməklə iddia müddətinin tətbiqinə heç bir aidiyyəti yoxdur. Belə ki, zaminliyə xitam verilməsi və bu əsasla zaminə qarşı iddianın rədd edilməsi ərizə verilməsi əsasında iddia müddətinin tətbiqi deyildir. Bu qanunda göstərilmiş kəsici müddətdir və zaminin buna ərizə verilməsi ilə şərtləndirilmir. İddia müddəti isə məhkəmədə iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddətdir. İddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi üçün bu müddətin tətbiqi barədə tərəflərin ərizəsinin olması vacib şərtdir (Mülki Məcəllənin 373, 375.1 və 375.2-ci maddələri). Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2360.42 AZN əsas borc borc və dövlət rüsumu olaraq ödənilmiş 24,27 manat iddiaçı "xxxx" MMM QBKT-nin xeyrinə tutulmalı, iddia qalan hissədə və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə münasib olaraq iş üzrə 100,00 manat ekspertiza xərcinin 80.89 manatı Cavabdeh1 və 19.11 manatı iddiaçı "xxxx" MMM QBKT-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı X2 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; Cavabdeh1 2360.42 AZN əsas borc borc və dövlət rüsumu olaraq ödənilmiş 24,27 manat iddiaçı "xxxx" MMM QBKT-nin xeyrinə tutulsun; iddia qalan hissədə və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməsin; iş üzrə 100,00 manat ekspertiza xərcinin 80.89 manatı Cavabdeh1 və 19.11 manatı iddiaçı "xxxx" MMM QBKT-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı X2 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar