Məhkəmə qərarları › İş №2(019)-349/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-349/2020

06.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-349/2020 06.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona dəyən ziyana görə cavabdehdən 643 manat alınaraq, onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixində ona məxsus **-OM-*** dövlət nömrə nişanlı Mersedes-220 markalı avtomobilinin sürət qutusunun yağını dəyişmək məqsədi ilə Yasamal ərazisində fəaliyyət göstərən avtotəmir sexində çalışan Cavabdeh müraciət etmişdir. Avtomobilinin sürət qutusunun yağını dəyişəndən iki gün sonra idarə etdiyi avtomobilin sürət qutusu demək olar ki, tamamilə məhv olaraq dagılmışdır. Belə ki, buna başlıca səbəb cavabdehin sürət qutusunun yağını dəyişəndən sonra, sürət qutusundakı qapağı yaxşı bağlamaması və nəticədə sürət qutusundakı yağın axıb getməsi olmuşdur. Bundan sonra o, xx.xx.2019cu il tarixində 8-ci kilometr dairəsində yerləşən avtomobil bazarında işlənmiş avtomobil ehtiyat hissələri satan dükandan 425 manata işlənmiş sürət qutusu almışdır. Bir sözlə göründüyü kimi, cavabdehin işindəki səhlənkarlığı üzündən ona ümumilikdə cəmi 643 manat ziyan dəymişdir. Dəymiş ziyanla bağlı cavabdehə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Hətta məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət etmişdir. Lakin iş mülk xarakterli olduğuna görə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs onun vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtdəki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-cimaddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında podrat müqaviləsi bağlandığından, hazırki mübahisənin həlli üçün podrat müqaviləsi ilə bağlı qanun normaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.3-ci maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o, bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 756.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.3-ci maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.4-cü maddəsinə əsasən əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763.3-cü maddəsinə əsasən əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 767.1-ci maddəsinə əsasən əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 767.2-ci maddəsinə əsasən podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 768.1-ci maddəsinə əsasən podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. 768.2. Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 771-ci maddəsinə əsasən podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 772.1-ci maddəsinə əsasən görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 772.2-ci maddəsinə əsasən materialın təsadüfən məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 775-ci maddəsinə əsasən əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona məhz 643 manat məbləğində zərər vurması və cavabdehin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Bu baxımdan məhkəmə iddiaçının öz tələbini əsaslandırdığı bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi əsassızdır. Belə ki, iddiaçı cavabdehin ona məxsus avtomobilin sürət qutusunun yağını dəyişəndən sonra, sürət qutusundakı qapağı yaxşı bağlamaması, nəticədə sürət qutusundakı yağın axıb getməsi ilə əlaqədar surət qutusunun sıradan çıxmasını, bununla da ona 643 manat məbləğində zərər vurulmasını, cavabdehin işi keyfiyyətsiz görməsi və ya hansısa qanunsuz hərəkətləri ilə tələb olunan zərər arasında səbəbli əlaqənin olmasını, cavabdehin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X9 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı tərəfindən iddia tələbinin əsaslandırıldığı halların sübut olunması ilə bağlı, yəni cavabdehin ona məxsus avtomobilin sürət qutusunun yağını dəyişəndən sonra, sürət qutusundakı qapağı yaxşı bağlamaması, nəticədə sürət qutusundakı yağın axıb getməsi ilə əlaqədar surət qutusunun sıradan çıxmasını, bununla da ona 643 manat məbləğində zərər vurulmasını və cavabdehin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını təsdiq heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu xüsusda məhkəmə iddiaçının öz izahatını iddia tələbinin əsaslandırıldığı halların sübutu üçün mötəbər sübut kimi qəbul etmir. Belə ki, iddiaçının bildirdikləri iş materialları ilə və işdəki hər hansı mötəbər sübutla təsdiqini tapmır və əksinə işdəki mötəbər sübutlarla təkzib olunur. İddiaçı məhz cavabdeh tərəfindən ona ziyan yetirilməsini sübut edə bilməmişdir. Məhkəmə bu xüsusda iddiaçının iddia tələbinin əsaslandırıldığı halların sübutu kimi məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli aktı, xx xxxxxx 2019-cu il tarixli 2-ci Alatava sözü yazılmış aktı və xx.xx.2020-ci il tarixli aktı mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, xx.xx.2019-cu il tarixli akt iddiaçının dilindən yazılmışdır, xx.xx.2019-cu il tarixdə avtomaşınında sürətlər qutusunun alt krışkasının yaxşı bərkidilməməsi və nəticədə maşının altındakı yağın axması ilə bağlı sürət qutusunun yararsız vəziyyətə düşməsi barədə iddiaçının yazdığı məlumatı əks etdirir. xx xxxxxx 2019-cu il tarixli 2-ci Alatava sözü yazılmış aktda isə Bakı şəhəri 2-ci Alatavada yerləşən avtomaşınların təmiri sexində usta işləyən X2 ona məxsus avtomaşında yararsız hala düşmüş avtomat sürət qutusunu çıxararaq, yerinə üstdən çıxan işlək vəziyyətdə olan 1 ədəd sürətlər qutusunun quraşdırılması, quraşdırma haqqının 80 AZN olması, sexin müdiri Tofiq müəllimin 5 litr korobka yağının 40 AZN, mühərrikin arxa salnikinin 30 AZN, cəmi 70 AZN təşkil etdiyini bildirməsi, həmçinin 5 litr yağ, sürətlər qutusuna əlavə olunmuş 1 ədəd arxa salnik dəyişdirildiyini bildirməsi, yekun olaraq onun tərəfindən sürətlər qutusunun dəyişdirilməsinə 5 lit yağ əlavə olunmasına, 1 ədəd mühərrikin arxa salnikinin dəyişdirilməsinə cəmi 150 AZN ödənilməsi barədə iddiaçının öz dilindən yazdığı məlumat göstərilmişdir. İddiaçı, X8 və X5 tərtib etdiyi xx.xx.2020-ci il tarixli aktda isə xx.xx.2019-cu il tarixində Biləcəri qəsəbəsində yerləşən avtomobil ehtiyatı hissələri mağazasından Mersedes- 220 markalı avtomobilin sürət qutusu üçün 48 manat dəyəri olan 6 litr yağ, dəyəri 20 manat olan sürətlər qutusunun salniki, cəmi 68 manat dəyərində olmaqla alınması, xx.xx.2019-cu il tarixində 8-ci km deyilən dairədə yerləşən avtomobil bazarında işlənmiş avtomobil ehtiyat hissələri satan dükandan digər avtomobilin üstündən çıxan işlənmiş sürətlər qutusu (işlək vəziyyətdə) 425 manat pul dəyəri əvəzində alınması qeyd edilmişdir. Məhkəmə bildirir ki, əvvəla, bu aktlarda cavabdeh tərəfindən iddiaçıya məxsus Mersedes-220 markalı avtomaşında yağ dəyişilməsi ilə bağlı keyfiyyətsiz iş görülməsi, avtomaşının sürət qutusunun alt krışkasının yaxşı bərkidilməməsi, nəticəsində sürət qutusunun sıradan çıxması və cavabdehin bu hərəkətləri nəticəsində iddiaçıya 643 manat məbləğində zərər vurulması göstərilmir və konkret olaraq sübut olunmur. xx.xx.2019-cu il tarixli aktı tərtib edən İddiaçı, X7 və X4 Cavabdeh iddiaçıya məxsus Mersedes-200 markalı avtomaşında yağ dəyişməsi ilə bağlı keyfiyyətsiz iş görüb-görməməsi, sürət qutusunun alt krışkasını yaxşı bərkidib-bərkitməməsi və bunun nəticəsində sürət qutusundan yağın axmasını və məhz cavabdehin hərəkətləri nəticəsində iddiaçının avtomaşının sürət qutusunun sıradan çıxmasını görməmiş, belə bir halın şahidi olmamışlar. İddiaçı bunu ehtimal edir, həmin şəxslər, yəni Tofiq Nəbiyev və Vüsal Məhərrəmov da iddiaçının ehtimaledici məlumatına istinadən bunu ehtimal edə bilərlər və edirlər. Həmin xx.xx.2019-cu il tarixli akt iddiaçının ehtimaledici məlumatını özünə əks etdir və onun dilindən də nəqlvari formada yazılmışdır. Ehtimallar isə sübut deyildir və iş üzrə hər bir halın baş verməsini sübut etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76 və 80-ci maddələrinin tələbinə görə iş üzrə hər hansı bir fakt və ya halın baş verməsi yalnız mötəbər sübutlar əsasında müəyyən oluna bilər. Qanunda ehtimallara görə hər hansı bir fakt və ya halın sübut olunması nəzərdə tutulmamışdır. Digər tərəfdən, iddiaçının cavabdehin onun avtomaşınının yağını xx xxxxxx 2019-cu il tarixdə dəyişdiyini və bir neçə gün bundan sonra da avtomaşını idarə etdiyini bildirir. Belə olan halda həmin bir neçə gün müddətdə iddiaçıya məxsus avtomaşının sürətlər qutusuna, o cümlədən onun alt krışkasına digər kənar müdaxilənin olunması (digər şəxslər tərəfindən və ya hansısa predmetə dəyməsi nəticəsində və sair) istina olunmur. İddiaçı bu halı təkzib edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə belə bir xüsusatın olması əsasını aradan qaldıra bilməmişdir. Eynilə iddiaçı tərəfindən xx xxxxxx 2019-cu il 2-ci Alatava yazısı olan aktda sürətlər qutusunun quraşdırılmasına 80 AZN, 5 litr korobka yağına 40 AZN, mühərrikin arxa salnikinə 70 AZN olmaqla avtomobilin təmiri sexinə cəmi 150 AZN ödənilməsini, həmçinin xx.xx.2020-ci il tarixli aktda avtomobilin sürətlər qutusu üçün 48 manat olan 6 litr yağ, sürətlər qutusunun salniki üçün 20 manat, cəmi 68 manat və işlənmiş avtomobilin sürətlər qutusu üçün 425 manat ödənilməsini təsdiq edən sənədlərqaimə, qəbz və digər ödəniş sənədləri məhkəməyə təqdim edilməmiş və iddiaçının cavabdehin iddia olunan qanunsuz hərəkətləri nəticəsində göstərilən məbləğdə xərc çəkməsi konkret ödəniş sənədləri ilə sübut olunmamışdır. Halbuki avtomaşının sürətlər qutusunu dəyişməsi qeyd edilən avtomobil təmiri sexi, həmçinin avtomobil ehtiyat hissələri mağazası ya sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs, ya da hüquqi şəxslərə məxsusdur ki, onlar konkret iş və xidmətlər göstərən zaman hansı işin, xidmətin göstərilməsi və hansı avtomaşın ehtiyat hissələrinin satılması ilə bağlı qaimə və qəbz təqdim etməlidirlər. Hazırki halda isə bunlar mövcud deyildir. Həmçinin iddiaçı avtomaşındakı nasazlıqla bağlı xx xxxxxx 2019-cu il tarixdə təmir sexinə müraciət etdiyini, sürətlər qutusunu isə xx xxxxxx 2019-cu ildə alaraq həmin tarixdə dəyişildiyini göstərdiyi halda, nədənsə bu aktlar sonrakı vaxt-xx xxxxxx 2019-cu il və xx.xx.2020-ci il tarixlərdə tərtib olunmuşdur. Göstərilənlər həmin aktların və orada göstərilən məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və iddiaçı bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, sözügedən aktlar yazılı sübutlarla bağlı Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsində göstərilən tələblərə cavab vermir. Belə ki, həmin aktlarda onları tərtib edən şəxslərin həqiqətən də avtomobilin təmiri sexi və avtomobillərin ehtiyat hissələri mağazasının işçiləri olması, onların bu aktı tərtib etməyə səlahiyyətli olması, bu aktların hansı mötəbər rəsmi sənədlər və etibarlı məlumatlar əsasında tərtib olunması, həmin aktların qeydiyyata alınması və orada göstərilən məlumatların hansı mötəbər sənədlər əsasında həqiqəti əks etdirməsi qeyd və müəyyən olunmamış, aktlar sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin və ya hüquqi şəxsin möhürü ilə təsdiq edilməmişdir. Həmçinin müvafiq qaimə və qəbzlər və yuxarıda göstərilənləri əks etdirən müvafiq rəsmi sənədlər həmin aktlara əlavə olunmamışdır. Ona görə də məhkəmə həmin sözügedən aktları iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən sübutlar kimi qəbul etmir. İddiaçı cavabdehin işi qüsurlu görməsi nəticəsində ona ziyan dəyməsini sübut edə bilməmişdir. Göstərilənlər də iddia tələbinin tamamilə əsassız olmasını göstərir. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iddiaçının izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın təmin olunmaması nəticəsinə gəldiyi üçün həmçinin hesab edir ki, hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar