Məhkəmə qərarları › İş №2(019)-356/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-356/2021

26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-356/2021 26.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi X1,cavabdehlər Bodurov Vasif Vaqif oğlunun və Cavabdeh2 Vaqif oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Vaqif oğlu və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 Məzahir qızı və İddiaçı2 Səlimxan qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara dəymiş maddi ziyanın əvəzi olaraq 1000 (bir min) manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, onlara ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun şərəf və ləyaqətini alçaltdıqlarına görə üzr istəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Səlimxan qızı iddialarını onunla əsaslandırmışlar ki, onlar Balakən rayonu Qullar kənd sakini Qəhrəman adlı şəxsdən şifahi müqaviləyə əsasən 5 ha torpaq sahəsini 1 il müddətinə 1500 manat müqabilində almış və həmin torpaq sahəsində tütün əkmişlər. Təqribən 2 ay bundan əvvəl qeyd etdiyi tütün əkdiyi sahəyə getdikdə orada Vasif və Azər adlı şəxslərin onlara məxsus tütün sahəsinə ziyan vurduqlarını görmüş və eyni zamanda onlara məxsus otlaq sahəsində otun biçildiyini, həmin ot anbarının at arabasına yükləndiyini görmüşdür. Bu zaman onlara nə üçün başqasına məxsus olan tütünə və otlaq sahəsinə ziyan vurduqlarını soruşduqda, cavabdehlər ona-İddiaçı1 qarşı nalayiq ifadələr işlədərək, təhqir etmişlər. Bundan sonra o, Balakən Rayon Prokurorluğuna yuxarıda qeyd etdiyi məsələ ilə bağlı şikayət etmişdir. Balakən Rayon Polis Şöbəsi isə onlara vurulmuş 1000 (bir min) manat məbləğindəki ziyanın mülki iş olduğuna görə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Onlara vurulmuş maddi ziyandan əlavə olaraq cavabdehlər və onların ailə üzvləri onu (İddiaçı1) təhqir edərək, şərəf və ləyaqətini alçaltmışlar. Səbrlə gözləmişdir ki, onlara dəymiş ziyanı ödəsinlər və şəxsiyyətini alçaldan ifadələr işlətdiklərinə görə üzr istəsinlər. Amma belə bir hal olmadı. Onu da qeyd edir ki, cavabdehlərin polis şöbəsinə verdikləri izahatlarında hər şey öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara 1000 manat məbləğində maddi ziyan vurmuş və eyni zamanda İddiaçı1 şərəf və ləyaqətini alçaltmışlar. Buna görə də cavabdehlərin üzr istəməsi və dəymiş maddi ziyanın məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 01.04.2021-ci il və 13.04.2021-ci il tarixlərdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq cavabdehlərin onun ünvanına təhqiramiz ifadələr işlətməklə onun şərəf və ləyaqətini alçaltdıqlarını bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı1 26 aprel 2021-ci il tarixə, saat 11.20-yə təyin olunmuş məhkəmə iclasına, digər İddiaçı2 isə məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş üzrə cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 iddiaçıların iştirakı olmadan işin mahiyyəti üzrə baxılmasını və müvafiq məhkəmə qətnaməsinin çıxarılmasını tələb etmişlər. Göstərilənlərə əsasən məhkəmə hazırki işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, iddianın mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsinin çıxarılmasını tələb edərək, izahatında göstərdi ki, 6-7 ay bundan əvvəl ona məxsus at arabası ilə Poçtbinə kəndində becərdiyi qarpızları satdığı zaman kənd sakini Saleh Dabaxov ona bildirmişdir ki, göy ot satır, istəyən olsa, ona xəbər eləsin. Onun özünə də ot lazım olduğundan, bir araba otu neçəyə satdığını soruşanda, Saleh demişdir ki, arabasını 10 manata satır. Evə qayıdanda atasına Saleh Dabaxovun göy ot satdığını, bəlkə bir araba almalarını söyləmiş, atası da işi qurtaranda, gedib bir araba ot gətirməsini demişdir. O, otu haradan götürəcəyini Salehə bildirəndə, Saleh demişdir ki, özünün Zaqatalada olduğunu, ancaq oğlu Arzumanın sahədə olduğunun bildirərək, gedib oradan otu götüməsini söyləmişdir. O, arabanı qoşaraq ot yerinə yollanmaq istəyərkən, qardaşı Vasif onlara gəlmiş, ondan arabanı istəmişdir. O, qardaşına ot aldığını və onu gətirmək üçün getdiyini bildirərək, birlikdə otu gətirməyə getməsini, sonra isə arabanı aparmasını ona demişdir. Onlar həmin sahəyə çatanda Arzuman həmin sahədə ot biçmişdir. Ona ot almaq üçün gəlddiklərini bildirəndə, Arzuman xəbəri olduğunu və bu barədə atasının ona dediyini bildirmişdir. Onlar iki araba ot iştədiyini bildirərək, Arzumana 20 manat pul verəndən sonra arabanı dolduraraq evə qayıtmış, ikinci arabanı gətirmək üçün artıq qaranlıq olduğundan, ot dalınca sabah getməyə qərar vermişlər. Ertəsi gün ot dalınca gedərək, geridə qalan otu biçərək, arabaya dolduran zaman onlara iki qadın yaxınlaşaraq, biçdiyi otu geri boşaltmasını tələb etmişlər. O, sonradan adının İddiaçı1 olduğunu bildiyi həmin qadına otu Salehdən aldığını demişdir. İddiaçı1 Salehə zəng vuraraq, dogurdanmı otu onlara satmasını soruşduqda, Saleh cavabında otu onlara satdığını demişdir. İddiaçı1 onunla evlərinə gələrək, qardaşını onlara çagıraraq, nəyə görə otu biçdiklərini soruşmuş, qardaşı da otu Salehdən 20 manata aldığını bildirəndə, Ramilə kiməsə zəng etdikdən sonra onları hədələyərək, çıxıb getmişdir. Bütün bu olanlar barədə Salehin oglu Arzumanın xəbəri olmuşdur və onlara sahədə iki araba ot üçün 20 manat pul ödədiklərini o da təsdiq edə bilər. Araşdırma nəticəsində məlum oldu ki, həmin torpaq sahəsi iddiaçının dediyinə görə tütün əkmək üçün heç bir müqavilə olmadan onun tərəfindən icarəyə götürülmüş, otlaq sahə dedikdə isə tütün sahəsinin kənarlarında yabanı şəkildə bitən ot olduğundan, iddiaçı həmin ot olan hissəni Poştbinə kənd sakini Saleh adlı şəxsə satmış, Saleh də həmin sahədən iki araba otu ona satmışdır. Lakin İddiaçı1 səhəri gün həmin sahəyə gəldiyindən ikinci araba otun aparılmasına imkan verməmişdir. O, İddiaçı1 ilə heç bir mübahisə etmədən həmin sahədən özü ilə birlikdə çıxmışdır. Həmin iki araba otu öz sahələrindən onlara satmalarını Gərəkli kənd sakini olmuş və vəfat etmiş X7 oglunun oglu Arzuman da təsdiq edər. Çünki həmin sahəni məhz Arzuman ona göstərmişdir. O, tütün sahəsinin tam kənar hissəsində Arzumanm göstərdiyi sahədən ot biçərkən iddiaçı tütün sahəsinə onun tərəfindən zərər vurmağını şəxsən özü görməyib və bu barədə Balakən Rayon Polis Şöbəsində verdiyi izahatında da bildirmişdir. İddiaçı həmin tələblə baglı Balakən RPŞ-yə şikayət vermiş, onun haqqında inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Balakən Rayon Polis Şöbəsində olan araşdırılma nəticəsində, şikayətçidən və onlardan alınan izahatlarla onların iddiaçılara heç bir zərərin vurulmadığı sübuta yetirildikdən sonra işin baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 3(019)- 5/2021 nömrəli, 25.01.2021 -ci il tarixli qərarına əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilmişdir. İddiaçıların onlara qarşı iddiası tam əsassızdır və ona görə də təmin edilməməlidir. İddiaçıların onlardan dəymiş maddi ziyanın əvəzi olaraq 1000 (bir min) manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ödənilməsi və iddiaçının şərəf və ləyaqətinin alçaldılmasına görə ondan üzr istəmələri tələbi əsassız olduğundan, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 da iddianı qəbul etməyərək Cavabdeh1 izahatına uyğun eyni məzmunlu izahat vermiş, hazırki iddianın mahiyyəti üzrə baxılmasını və yekun məhkəmə qətnaməsinin çıxarılmasını tələb etdiyini bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Saleh Dabaxov onun atasıdır və rəhmətə gedib. Atası Saleh ot yerini İddiaçı1 200 manat verib, almışdır. Həmin ot yerindən iki araba otu Cavabdeh1 və Cavabdeh2 20 manata satmışdır. Vasif və Azər də həmin sahədən iki araba ot biçmişlər. Bu zaman orada olan tütün bitkiləri zədələnməmiş və biçilməmiş, Cavabdeh1 və Cavabdeh2 tərəfindən tütünə heç bir ziyan vurulmamışdır. Məhkəmə 13.04.2021-ci il və 26.04.2021-ci il tarixlərdə məhkəmə iclasında iştirak edən İddiaçı1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Polis X2 təhqiqatçısı X3 cinayət işinin başlanılmasının rədd edilməsi barədə 19 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, cinayət hadisəsi olmadığına görə İddiaçı1 şikayəti əsasında toplanılmış HK-1-631 nömrəli material üzrə cinayət işininin başlanması rədd edilmiş,qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, Cavabdeh1 Vaqif oğlu və Cavabdeh2 inzibati məsuliyyətə cəlb edilmələri məsələsinə baxılması üçün Balakən Rayon Polis Şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli, 3(019)-4/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli, 3(019)-5/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən Balakən DAİM-in Bitkiçilik sektorunun baş məsləhətçisi E. Bayramovun mütəxəssis rəyindən görünür ki, Balakən RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 DAİM-ə təqdim etdiyi 18.09.2020 ci il tarixli, 109.21244-12.20 saylı müraciətinə əsasən İddiaçı1 iddia etdiyi tıitün sahəsinə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi həmin sahəyə baxiş keçirilmiş, sahədə həqiqətən tütün əkilmişdir. Hal-hazırda tütün ağacları əsasən çiçəklənmə fazasındadır, tütün qırımı üçüncü yarusun son mərhələsindədir, tütünün cərgə aralarında əsasən alaq otlarından yovşan yarpaq ambroziya, qızıl pencər, sarı sarmaşıq, çayır otu vardır. Onlar alaq otları olduğu üçün yem tədarükündə istifadə olunmur. Həqiqətən də qeyd olunan sahədə əkilən tütün "Virciniya" növüdür, lakin əkin sxemi hər hektara 50 sm x 100 sm sxemi üzrə 20-25 min ədəd əvəzinə, 25 sm x 70 sm sxemi üzrə 60-70 min ədəd tütün şitili əkilmişdir. Sahədə bitki sayı bərabər paylanmamış, təxminən 0.35 ha sahədə tütün olmadığı, eyni zamanda 3.15 ha ümimi sahənin 10-15% hissəsində seyrəklik olduğu müşahidə edildi. 0.35 ha sahədə tütünün olmamasının və ümumi sahənin 1015% hissəsində seyrəkliyin olmasının səbəblərinin (kənar müdaxilə, mal-qaranın zərər verməsi, sahənin çalğı ilə çalınması, təbii təsirlər, yağış və sel düşməsi, quraqlıq və s.) müəyyən edilməsi mümkün olmadı. Lakin təxmini hesablamaya görə qeyd edilən 0.35 ha tütünün faktiki olmadığı və seyrəkliyin olduğu ümumi sahənin 10-15 faiz hissəsində normal tütün əmələ gəlidyi təqdirdə orta hesabla ***-**** manat əlavə gəlir götürmək mümkün olardı. İş materiallarında olan 12.02.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişlər. İlk əvvəl məhkəmə qeyd edir ki, iddiaçılar maddi ziyan vurulması iddia edilən tütünün əkidiyi torpaq sahəsinin onların mülkiyyətində, icarəsində və qanuni istifadəsində olmasını, onların bu torpaq sahəsinə olan mülkiyyət, icarə və istifadə hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bu xüsusda iddiaçılar qanuni hüquqlar əsasında onlara məxsus olan torpaq sahəsində əkilmiş tütün sahəsinə vurulduğu iddia edilən maddi ziyan tələbi ilə bağlı subyektiv hüquqlarının olmasını təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki məhkəməyə müraciət etmək hüququnu müəyyən edən həm Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, həm də Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin mənasına görə öz hüquqları və azadlıqlarını müdafiə etmək, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə məhkəməyə müraciət etmək üçün şəxs müvafiq subyektiv hüquqa malik olmalıdır. İddiaçıların isə ziyan tələbi ilə bağlı belə bir subyektiv hüquqa malik olması iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli və “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarlarında qeyd olunur ki, “....Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından görünür ki, iddiaçıların cavabdehlərə qarşı iddia tələbi mülki-hüquq pozuntusundan (deliktdən) yaranması ilə bağlı hüquqi əsasa söykənir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1113.2-ci maddəsinə əsasən zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrinə müvafiq olaraq zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçıya tələb olunan məbləğdə zərər vurulması, bu zərərin cavabdehin hansısa qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində yaranması, tələb olunan zərərlə cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi arasında səbəbli əlaqənin olması və cavabdehin bu zərərin vurulmasında təqsiri müəyyən edilmiş olsun. Məhkəmə zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənə zərərin vurulmasını, bu zərərin hansı şəraitdə və cavabdehin hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin bu zərəri hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Qanun normasının tələbinə görə (MPM-nin 77.1-ci maddəsi) göstərilən halları sübut etmə vəzifəsi birmənalı şəkildə iddiaçının üzərinə düşür. Hazırki iddia tələbində iddiaçılar cavabdehlərdən onlara məxsus tütün sahəsinə vurduğu maddi ziyana görə 1000 manat tələb edirlər. İş materiallarından həmçinin görünür ki, iddiaçılara məxsusluğu göstərilən tütün sahəsinə vurulması iddia edilən ziyan məsələsi Balakən RPŞ-nin TQ-da araşdırılmış və təhqiqatçının 19 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdehlərin əməlində cinayət tərkibi olmadığından, onlar barəsində cinayət işinin başlanması rədd edilmişdir. Balakən RPŞ-nin TQ-da araşdırılmış və təhqiqatçının 19 sentyabr 2020-ci il tarixli qərarı əsasında Cavabdeh1 və Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, Balakən Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 3(019)-4/2021 saylı və 25 yanvar 2021-ci il tarixli, 3 (019)-5/2021 saylı qərarları ilə müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün həmin inzibati xətalar haqqında iş üzrə icraatlara xitam verilmiş və həmin qərarlar da qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur (Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, 1000 manat maddi ziyan tələbinin əsası ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılara məxsusluğu qeyd edilən tütün sahəsinə ziyan vurmasında təqsirli olmasının müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır. Lakin qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərarları ilə Cavabdeh1 və Cavabdeh2 iddiaçılara məxsus tütün sahəsinə-əmlaka ziyan vurmasında təqsirli olmamaları müəyyən edilmiş, onların əməlində iddiaçılara məxsus əmlaka ziyan vurması ilə bağlı məsuliyyət müəyyən edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata onların əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilmişdir. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onlara tələb edilən 1000 manat məbləğdə maddi ziyan vurulmasını, bu məbləğdə maddi ziyanın cavabdehlərin hansısa qanunsuz hərəkətləri nəticəsində yaranmasını, iddia edilən zərərlə cavabdehlərin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasını və cavabdehlərin bu 1000 manat maddi ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bu tələb hissəsində iddia tələbinin əsaslılığını sübut edə bilməmişlər. Halbüki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu konteksdə məhkəmə Balakən DAİM-in Bitkiçilik sektorunun baş məsləhətçisi E. Bayramovun mütəxəssis rəyini iddia tələbinin əsaslandırıldığı halı təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin rəydə 0.35 ha sahədə tütünün olmamasının və ümumi sahənin 10-15% hissəsində seyrəkliyin məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hansısa qanunsuz hərəkətləri, o cümlədən otu biçməsi nəticəsində yaranması göstərilməmiş, bu seyrəklik ümumi olaraq kənar müdaxilə, mal-qaranın zərər verməsi, sahənin çalğı ilə çalınması, təbii təsirlər, yağış və sel düşməsi, quraqlıq və s. qeyrimüəyyən səbəblərlə əlaqələndirilmiş, bu seyrəkliyin olduğu ümumi sahənin 10-15 faiz hissəsində ***-**** manat əlavə gəlir götürməyin mümkün olmasının normal tütün əmələ gəldiyi barədə ehtimal olunan səbəblə bağlanmışdır. Mütəxəssis həmin sahədə normal tütün anlayışının nəyi ehtiva etməsini və həmin sahədə normal tütünun əmələ gəlibgəlməyəcəyini hansısa tədqiqat metodlarına və faktlara istinad etməklə əsaslandırmamışdır. Həmçinin bu mütəxəssis rəyində heç tütünün hansı növ, sort olması, həmin tütünün normal əmələ gəldiyi təqdirdə qiymətinin nə qədər olması və orta hesabla 800-100 manat gəlirin hansı qiymətlərlə və əsaslarla yaranacağı göstərilməmişdir. Bu mütəxəssis rəyi mütəxəssisin heç bir fakt və sübuta söykənməyən ümumi ehtimallarını əks etdirir. İşdəki heç bir sübutla təsdiqini tapmayan ehtimalları əks etdirən bir mütəxəssis rəyi mötəbər sübut kimi qəbul oluna bilməz. İş üzrə cavabdehlərin izahatları və şahid ifadələri, həmçinin digər sübutlarla ot biçilən zaman cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçılara məxsusluğu iddia edilən tütün sahəsinə heç bir ziyanın vurulmadığı müəyyən olunur. İddiaçılar isə bunun əksini, yəni cavabdehlərin onların tütün sahəsinə 1000 manat ziyan vurulmasını sübut edə bilməmişlər. Ümumiyyətlə tütün sahəsinə ehtimal edilən ziyanın vurulmasının müəyyən olunması halında bu ziyanın kənar müdaxilə, mal-qaranın zərər verməsi, təbii təsirlər, yağış və sel düşməsi, quraqlıq və s. digər səbəblər nəticəsində yaranması da istisna deyildir ki, yuxarıda istinad olunan mütəxəssis rəyində də bu qeyd olunmuşdur. Belə olan halda heç bir sübuta əsaslanmadan tütün sahəsinə ehtimal edilən ziyanın məhz cavabdehlərin qanunsuz əməli nəticəsində vurulmasının iddia edilməsi və onlardan maddi ziyanın tələb edilməsi əsassızdır və heç bir faktoloji bazaya malik deyildir. Qeyd olunanlar 1000 manat maddi ziyan tələbi ilə bağlı iddianın heç bir faktoloji və hüququ əsaslara malik olmadığını və əsassız olduğunu göstərir. Ona görə də iddia həmin 1000 manat maddi ziyan tələbi hissəsində təmin olunmamalıdır. İddiaçıların digər tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun şərəf və ləyaqətini alçaltdıqlarına görə üzr istəmələri tələbidir. İddia ərizəsində konkret göstərilməsə də, İddiaçı1 məhkəmədə verdiyi izahatından və iş materiallarından görünür ki, bu tələbdə söhbət İddiaçı1 iddia edilən şərəf və ləyaqətini alçaltdıqlarına görə cavabdehlərin məhz ondan üzr istəməsi tələbindən gedir. İlk əvvəl məhkəmə nəzərə çatdırır ki, işdə hər hansı mötəbər sübutla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıların, o cümlədən İddiaçı1 hansısa formada şərəf və ləyaqətini alçaltmaları sübut olunmur. İddiaçılar, o cümlədən İddiaçı1 tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların, o cümlədən onun ünvanına söyüş və təhqiramiz ifadələr işlətmələri və şərəf və ləyaqətini alçatlmalarını, bu halla cavabdehlərin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasını və bu xüsusda cavabdehlərin təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamış, bu tələb hissəsində də iddia tələbinin əsaslandırıldığı hallar sübut olunmamışdır. Halbuki, qeyd edildiyi kimi, qanuna göbrə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçı tərəfin üzərinə düşür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun şərəf və ləyaqətini alçaltmaları yalnız İddiaçı1 ehtimalıdır ki, həmin ehtimal da işdəki heç bir mötəbər sübutla təsdiqini tapmır. Heç Balakən RPŞ-nin TQ-nin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 sentyabr 2020-ci il tarixli qərarında və Cavabdeh1 və Cavabdeh2 barəsində olan inzibati xəta haqqında iş üzrə icraat materiallarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və ya digər iddiaçının şərəf və ləyaqətini alçaltması, onların ünvanına təhqiramiz ifadələr işlətməsi halı müəyyən olunmamışdır. Belə bir halın baş verməməsi cavabdehlərin izahatları və şahid ifadəsi ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının şərəf və ləyaqətni ləkələyən və alçaldan ifadələr işlətməsi təsdiq olunmadığı üçün, iddia cavabdehlərin iddiaçıdan üzr istəmələri tələbi hissəsində də əsassızdır və təmin edilməməlidir. Bu tələbə hüquqi qiymət verən məhkəmə onu da nəzərə çatdırır ki, hətta belə fikirlərin ifadəsi hipotetik olaraq qəbul olunsa belə (hərçənd ki, işdəki sübutlarla cavabdehlərin iddiaçının şərəf və ləyaqətini ləkələyən və alçaldan ifadələr işlətməsi müəyyən olunmamışdır), ümumiyyətlə ifadə etdiyi fikrə görə şəxsdən təkzib verilməsinin tələb edilməsi həmin şəxsin söylədiyi fikirdən dönməyə məcbur edilməsidir ki, qanun da bunu qadağan edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin İİ hissəsinə görə heç kəs fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Hazırki iddia tələbində cavabdehlərdən üzr istənilməsinin tələb edilməsi birmənalı şəkildə cavabdehlərin söylənməsinin iddiaçı tərəfindən ehtimal olunduğu fikirlərindən dönməyə məcbur edilməsi olardı ki, bu da konstitusion normaya görə qətiyyən qəbuledilən sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir və birbaşa hüquqi qüvvəyə malikdir. Qeyd olunanlara əsasən də məhkəmə belə tələbi qanuni və əsaslı saymır və onun rədd olunması nəticəsinə gəlir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçılar İddiaçı1 Məzahir qızı və İddiaçı2 Səlimxan qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara dəymiş maddi ziyanın əvəzi olaraq 1000 (bir min) manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, onlara ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun şərəf ləyaqətini alçaltdıqlarına görə üzr istəmələri tələbinə dair iddiası təmin təmin olunmamalı, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət e tdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara dəymiş maddi ziyanın əvəzi olaraq 1000 (bir min) manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, onlara ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun şərəf və ləyaqətini alçaltdıqlarına görə üzr istəmələri tələbinə dair iddiası təmin olunmasın; iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar