Məhkəmə qərarları › İş №2(019)-37/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-37/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-37/2021 23.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1201.58 manat əsas və 16.21 manat faiz olmaqla, cəmi 1217.79 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin alınıb, iddiaçı «xxxx» X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, məhkəməyə müraciət edildikdən sonra cavabdehin banka olan borcunda azalma olduğunu bildirərək, Cavabdeh 660,43 AZN əsas və 4.32 AZN faiz olmaqla, cəmi 664.75 AZN manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı «xxxx» X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, borcluya istehlak məqsədləri üçün 39 ay müddətinə illik 21% ödəmək şərtilə 2788 manat məbləğində kredit verilmişdir. «xxxx» KB ASC ilə Cavabdeh arasında bir neçə kredit müqaviləsi olmuşdur. Müştərinin xx.xx.2016-ci il tarixli, 46nkFİL8/16 saylı kreditinin ödənilməsində maddi çətinliyi yaranmış, banka müraciət edərək ona yeni kredit verilməsini və bu kredit hesabına gecikmədə olduğu kreditin bağlanmasını xahiş etmişdir. Müştərinin xahişinə uyğun olaraq ona xx.xx.2017-ci il tarixli, 4670nkBANK/17 saylı müqavilə üzrə yeni kredit verilmiş və verilmiş yeni kredit hesabına müştərinin gecikmədə olan krediti bağlanmışdır. Yəni bankın pulu hesabına cavabdehin digər krediti bağlanılmış və bu əməliyyat bir hesabda olan pulun digər hesaba köçürülməsi ilə baş vermişdir. Qeyd edilən prosedur, yəni əvvəlki kreditin yeni öhdəlik hesabına bağlanması müvafiq qanunvericiliyə əsasən həyata keçirilmişdir. Bundan başqa müqavilənin 1.3-cü bəndindən də göründüyü kimi, xx.xx.2017-ci il tarixli 4670nkBANK/17 saylı kredit müqaviləsi xx.xx.2016-ci il tarixli, 46nkFİL8/16 saylı kredit müqaviləsinin bağlanılması (xitam olunması) şərti ilə rəsmiləşdirilmişdir. İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxaraq tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul və etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, onun «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinə 660,43 AZN əsas və 4.32 AZN faiz olmaqla, cəmi 664.75 AZN borcu vardır, bu borcu qəbul və etiraf edir. İşə mahiyyəti üzrə baxılıb qərar verilməsini tələb edir. İddianın təmin edilməsinə etiraz etmir. Həmçinin məhkəmə iclasında Cavabdeh məhkəməyə iddianın qəbulu və etirafı haqqında yazılı ərizə ilə müraciət edərək, iddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin ona qarşı 660,43 AZN əsas və 4.32 AZN faiz olmaqla, cəmi 664.75 AZN borc tələbinə dair iddiasını qəbul və etiraf etdiyini və bu barədə qətnamə çıxarılmasına etirazının olmadığını göstərmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixli, 4670nkBANK/17 saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh «xxxx» X2 Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2016-cı il tavrixli, 46nkFİL8/16 nömrəli müqavilənin bağlanılması üçün 39 ay müddətinə 2788 manat məbləğində kredit verilmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş xx xxxxxx 2021-ci il tarixli, 4670nkBANK/17 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh xx xxxxxx 2021-ci il tarixinə «xxxx» X2 Səhmdar Cəmiyyətinə 660,43 AZN əsas və 4.32 AZN faiz olmaqla, cəmi 664.75 AZN məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/5656 saylı rəyindən görünür ki, Cavabdeh «xxxx» X2 Səhmdar Cəmiyyətinə olan borcu xx.xx.2020-ci il tarixə əsas borc üzrə 1126,23 manat və faiz borcu üzrə 11,83 manat, xx.xx.2020-ci il tarixə əsas borc üzrə 797,11 manat və faiz borcu üzrə 1.39 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2021-ci il tarixli, 9/5656 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı «xxxx» X2 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədən kənar qaydada məktub göstərilməklə Cavabdeh borcunun ödənilməsi tələb edilmiş, lakin həmin borc ödənilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı «xxxx» X2 Səhmdar Cəmiyyəti hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən qanun normalarına istinad edən məhkəmə xx.xx.2017-ci il tarixli 4670nkBANK/17 saylı kredit və bank hesabı müqaviləsini, faizlər və ödəmələr üzrə cədvəli, xx xxxxxx 2021-ci il tarixli, 4670nkBANK/17 nömrəli maliyyə arayışını və sair sənədləri işin hallarını bir-biri ilə əlaqəli şəkildə təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/5656 saylı rəyində göstərilən əsas borcu və faiz borcunu iş üzrə cavabdehin ödənişlər nəzərə alınmaqla iddiaçıya olan borc məbləği ilə bağlı daha son məlumatları əks etdirmədiyindən və bu xüsusda həqiqəti özündə ehtiva etmədiyindən qəbul etmir. Məhkəmə xx xxxxxx 2021-ci il tarixli, 4670nkBANK/17 nömrəli maliyyə arayışını mötəbər sübuti kimi qəbul etməklə, həmin maliyyə arayışında cavabdehin iddiaçıya olan əsas borc və faiz borcunu əsas kimi qəbul edir. Məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, «xxxx» X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə 39 ay müddətinə illik 21% ödəmək şərtilə 2788 manat məbləğində kredit verilmişdir. «xxxx» KB ASC ilə Cavabdeh arasında bir neçə kredit müqaviləsi olmuşdur. Cavabdehin xx.xx.2016-ci il tarixli, 46nkFİL8/16 saylı kreditinin ödənilməsində maddi çətinliyi yaranmış, o, banka müraciət edərək, ona yeni kredit verilməsini və bu kredit hesabına gecikmədə olduğu kreditin bağlanmasını xahiş etmişdir. Cavabdehin xahişinə uyğun olaraq ona xx.xx.2017-ci il tarixli, 4670nkBANK/17 saylı müqavilə üzrə yeni kredit verilmiş və verilmiş yeni kredit hesabına müştərinin gecikmədə olan krediti bağlanmışdır. Yəni bankın pulu hesabına cavabdehin digər krediti bağlanılmış və bu əməliyyat bir hesabda olan pulun digər hesaba köçürülməsi ilə baş vermişdir. Qeyd edilən prosedur, yəni əvvəlki kreditin yeni öhdəlik hesabına bağlanması müvafiq qanunvericiliyə əsasən həyata keçirilmişdir. Bundan başqa müqavilənin 1.3-cü bəndindən də göründüyü kimi, xx.xx.2017-ci il tarixli, 4670nkBANK/17 saylı kredit müqaviləsi xx.xx.2016-ci il tarixli 46nkFİL8/16 saylı kredit müqaviləsinin bağlanılması (xitam olunması) şərti ilə rəsmiləşdirilmişdir. Cavabdehin iddiaçıya müqavilə üzrə 660,43 AZN əsas və 4.32 AZN faiz borcu olmaqla cəmi 664.75 AZN borcu yaranmışdır. Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı bank qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə Cavabdeh yazılı şəkildə ərizə verməklə, 660,43 AZN əsas və 4.32 AZN faiz olmaqla, cəmi 664.75 AZN məbləğində iddianı etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, bu etiraf qəbul olunmalı və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı «xxxx» X2 Səhmdar Cəmiyyətinin xeyrinə 660,43 AZN əsas və 4,32 AZN faiz olmaqla, cəmi 664,75 AZN borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 100,00 manat ekspertiza xərci Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X1 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; Cavabdeh iddiaçı «xxxx» X2 Səhmdar Cəmiyyətinin xeyrinə 660,43 AZN əsas və 4,32 AZN faiz olmaqla, cəmi 664,75 AZN borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun; iş üzrə 100,00 manat ekspertiza xərci Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X1 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar