Məhkəmə qərarları › İş №2(019)-484/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-484/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-484/2021 29.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu İddiaçı məhkəməyə daxil olmuş ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: İddiaçı tələb göstərilənməyən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları və poçt ünvanları, həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, yenə də həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Lakin hazırki ərizədə ərizəçinin tələbi, ərizəyə əlavə olunan sənədlərin siyahısı göstərilməmiş, bununla da iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Həmçinin ərizəçi iddia ərizəsində iş üzrə cavabdeh «xxxx» ASC və onun hüquqi ünvanı Bakı şəhəri, N.Nərimanov küçəsi, 21 b göstərilməklə hazırki tələb üzrə «xxxx» ASC-nin yerləşdiyi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, ərazi aidiyyəti qaydalarını pozaraq hazırki iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etimişdir. Qeyd olunanlar da hazırki ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və həmin Məcəllənin 152.1.3-ci maddəsinə əsasən iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, İddiaçı ərizəsi geri qaytarılmalı və İddiaçı ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı ərizəsi geri qaytarılsın; İddiaçı ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar