Məhkəmə qərarları › İş №2(019)-487/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-487/2021

03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-487/2021 03.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı İsrafil qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)-45/2020 saylı, 11 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 04.08.2010cu ildə doğulmuş X3 və 03.07.2012-ci ildə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı İsrafil qızı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 16 oktyabr 2009-cu ildə qeyri-rəsmi evlənmiş, nikahlarını 16 noyabr 2009-cu ildə 11 sayla Balakən rayonu Şambul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində rəsmiləşdirmişlər. Cavabdeh ilə birgə yaşadıqları dövrdə 04.08.2010-cu ildə X7 və 03.07.2012-ci ildə X11 adında iki uşaqları olmuşdur. Onunla evləndikdən sonra bir müddət mehriban yaşamışlar. Sonradan aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Aralarında baş vermiş narazılıqla əlaqədar o, uşaqları da götürüb valideynlərinin evinə getmişdir. Birgə nikahlarından olan iki uşağı hazırda özünün himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin 2(019)- 45/2020 saylı, 11 mart 2020-ci il tarixli qətnaməsinə əsasən 16 noyabr 2009-cu ildə 11 sayla Balakən rayonu Şambul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində rəsmiləşdirilmiş nikahın pozulması, Cavabdeh 04.08.2010-cu ildə doğulmuş X3 və 03.07.2012-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub, ona ödənilməsi qət edilmişdir. Cavabdeh pensiya alır və onun pensiyasından cəmi 112 manat pul tutulur. Həmin məbləğdə alimentlə uşağını baxmaq onun üçün çox çətindir. Cavabdeh fərdi əməklə məşğul olur, suvaq ustasıdır. Onun alimenti ödəmək üçün kifayət qədər gəliri vardır. Özü isə heç yerdə işləmir. Hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik olmuş, onun qazancı və digər gəlirləri artmışdır. Hazırda onun 1900 (bir min doqquz yüz) manat aliment borcu vardır. Tərəflərin birgə nikahından doğulmuş uşaqların mənafeyi nəzərə alınmaqla, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün, eləcə də alimentin həlli məsələsində uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsində ananın üzərinə daha çox ağırlığın düşməsini nəzərə alaraq, alimentin miqdarı artırılmalı və Cavabdeh 04.08.2010-cu ildə doğulmuş X3 və 03.07.2012-ci ildə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat miqdarında aliment müəyyən olunmalıdır.Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, o, 2009-cu ildə qeyri-rəsmi nikahla İddiaçı İsrafil qızı ilə evlənmiş, nikahlarını 16 noyabr 2009-cu ildə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə 04.08.2010-cu ildə X7 və 03.07.2012-ci ildə Mollayev Rasul Ramazan oğlu adında iki uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqlı əlaqədar nikahları Balakən Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(019)-45/2020 saylı qətnaməsinə əsasən pozulmuş və iddiaçının himayəsində olan uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində alimentin ondan alınıb, iddiaçıya ödənilməsi qət edilmişdir. Onun iddiaçını tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Özü suvaq ustasıdır, lakin pandemiya ilə bağlı iş demək olar ki, yoxdur. Ancaq hər ay hər uşağa 140 manat aliment ödəyə bilər. İddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 13 may 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 347811 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2020ci ilin may ayının 13 günündə 30 № ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra arvada Mağaliyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Şambul kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 20 oktyabr 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 521269 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 04 avqust 2010-cu il tarixdə anadan olmuş, atası X10, anası X8 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Şambul kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 16 iyul 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 895011 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 03 iyul 2012ci il tarixdə anadan olmuş, atası X10, anası X8 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsininin 11 mart 2020-ci il tarixli, 2(019)-45/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddia təmin edilmiş, iddiaçı X8 ilə Cavabdeh arasında 16 noyabr 2009cu il tarixdə Balakən rayon Şambul kənd İƏD-nin nümayəndəliyində 11 nömrə ilə qeydə alınmış nikahın pozulması; nikah pozularkən tərəflərin birgə nikahından 04 avqust 2010-cu il tarixdə doğulmuş X7 və 03 iyul 2012-ci il tarixdə doğulmuş X11 anaları X4 yanında saxlanılması; hazırki qətnamənin çıxarıldığı 11 mart 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 04 avqust 2010-cu il tarixdə doğulmuş X3 və 03 iyul 2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Abdulla oğlundan hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, iki uşaq üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment, alınıb iddiaçı X5 verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı qızının xeyrinə iki uşağın saxlanması üçün cavabdeh X12 oğlundan tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmaqla, hər ay hər bir uşaq üçün 140 manat miqdarında müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda,uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının yüksəlməsi, aliment təyin edilən 11 mart 2020ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 170 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2021-ci ildə uşaqlar üçün yaşayış minimumunun 175 manat həddində müəyyən olunması) və bu xüsusda uşqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsaslar kimi qəbul edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayan Cəmilə Mollayevanın və Rasul Mollayevin saxlanması üçün Balakən Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2 (019)-45/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş 100 manat aliment həmin uşaqları yaşının və bu xüsusda tələbatının artması zəminində təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması və cavabdehin suvaq ustası olmaqla ayda müvafiq gəlirlərə malik olması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, bu zaman tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Lakin məhkəmə onu da qeyd edir ki, uşaqlar iddiaçının himayəsində yaşamaqla, onların saxlanması, təlim-tərbiyəsi, təhsili, fiziki və əqli inkişafının təmin edilməsi ilə bağlı iddiaçının üzərinə şübhəsiz ki, ağırlıq düşür. Uşaqlara ən azından yaşayış minimumunun təmin edilməsi valideynlərin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının izahatından və iş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Bu konteksdə məhkəmə onu da nəzərə çatdırır ki, təyin olunmuş alimentin miqdarının 175 manat həddində müəyyən edilməsi şübhəsiz ki, cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaradacaq və tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipinə zidd olacaqdır. Belə ki, cavabdeh hər uşaq üçün 140 manatdan artıq alimenti ödəyə bilməyəcəyini, buna onun maddi imkanlarının olmadığını göstərmiş, iddiaçı bunun əksini, yəni cavabdehin aylıq qazancının (gəlirlərinin) daha yüksək olduğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslandırıldığı bu halı sübut edə bilməmişdir. Cavabdeh iddia tələbini 140 manat hissədə qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması, uşaqları saxlamağın və onlara yaşayış minimumunun təmin edilməsinin hər iki valideynin borcu olması, həmçinin uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsində iddiaçıya daha çox ağırlığını düşməsi zəminində tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, iddianın qismən-təyin olunmuş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) hər ay hər uşaq üçün 140 manat müəyyən edilməsi əsaslı və ədalətlidir. Məhkəmə onu da qeyd edir ki, əslində aliment təyin olunan maddi yardım formasıdır və bu ödəniş valideynlərin uşaqları saxlamaq, onu boya-başa çatdırmaq, əqli və fiziki inkişafını təmin etmək vəzifəsindən yaranır. Qanunvericilik uşaqlar barəsində valideynlərin hüquq və vəzifələrinin bərabər olmasını (Ailə Məcəlləsinin 56.1-ci maddəsi) müəyyən edir. Bu bərabər vəzifələrə uşaqların saxlanması vəzifəsi də daxildir. Lakin qanunvericilik uşaqların saxlanması üçün aliment məbləğini müəyyən edərkən həmçinin uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi ilə bağlı uşaqların yanında yaşadığı valideynin üzərinə daha çox yükün düşməsinin proporsional qaydada nəzərə alınmasını da zəruri hesab edir. Bu da uşaqlar üçün yaşayış minimumunun əhəmiyyətli hissəsinin valideynlərdən digərinin-hazırki işdə atanın üzərinə qoyulmasına əsas verir. Lakin bu vəziyyət heç bir halda uşaqlar üçün bütün maddi təminat yükünün, o cümlədən yaşayış minimumu məbləğinin tam olaraq atanın üzərinə qoyulmasına faktoloji və hüquqi əsaslar yaratmır. Qeyd edildiyi kimi, əks hal tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipinə xələl gətirər, haqq-ədalətin özü ilə ziddiyyət təşkil edərdi. Belə ki, istənilən qanun və ya qərar, o cümlədən məhkəmə qərarı haqqədalətə söykənməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsi isə haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Uşaqların saxlanmasında bütün maddi təminat yükünün bir tərəfin üzərinə qoyulması bərabər mənafelərə bərabər münasibətin pozulmasına, mənafelər arasında konfliktlərin yaranmasına və bir tərəfin o biri tərəfə nisbətdə məqsədə qeyri-adekvat maddi məhrumiyyətlərə düçar etməklə əlverişsiz vəziyyətə salınmasına şərait yaradacağı şübhəsizdir. Ümumiyyətlə məsələnin belə qoyuluşu, yəni bütün yaşayış minimumu yükünün bir tərəfin üzərinə qoyulması aliment institutunun fəlsəfəsinə zidd olmaqla ondan bir qisas instrumenti kimi istifadə olunması qənaətini yaradır. Aliment institutunun belə bir formada qəbulu və istifadə olunması isə tərəflər arasında münaqişəli vəziyyətlər yaradır, belə münasibətlərin nəticəsi olaraq aliment öhdəliyi qoyulan tərəf bir çox hallarda aliment məbləğinin çoxluğundan və onu ödəmək imkanları olmadığından alimenti tam ödəyə bilmir və ya bəzən alimenti ödəməkdən qəsdən yayınır və bu son nəticədə uşaqların mənafeyinə zərər vurur, onları valideynlərdən maddi təminat almaq və sağlam vəziyyətdə böyümək və inkişaf etmək hüquqlarından məhrum edir. Tərəflərin ailə və maddi vəziyyətlərinə, ödəniş imkanlarına uyğun olmayaraq və onların mənafeləri arasında ədalətli tarazlıq prinsipinə zidd olaraq təyin olunan yüksək aliment məbləğləri son nəticədə ödənilməmiş qalır və görülən inzibati və sair sanksion tədbirlər belə bu ödənişin tam həyata keçirilməsinə imkan vermir. Belə hallardan birinci olaraq əziyyət çəkən isə uşaqlardır. Son illərin məhkəmə praktikası belə nəticəyə gəlməyə əsas yaradır. Ən yaxşı və qəbul olunan hal valideynlər arasında uşaqların saxlanması üçün qarşılıqlı razılığın əldə edilməsi və bu razılığa riayət olunmasıdır. Bütün inkişaf etmiş sivil ölkələrdə valideynlər arasında məhz belə sazişlər bağlanır. Valideynlərin vəzifəsi isə uşaqlara münasibətdə ilk növbədə öz aralarındakı qərəzli münasibətləri arxa plana keçirmək və uşaqların saxlanması və normal böyüməsi üçün bir yerdə bütün mənəvi və maddi komfort şəraiti yaratmaqdır. Uşaqlar heç bir halda valideynlərin bir-birinə olan münasibətlərindən əziyyət çəkməməli, valideynlərin bir-birinə qarşı münasibətlərində düşmənçilik instrumenti kimi istifadə olunmamalı, uşaqlarda belə münasibətlərdən doğan natamamlıq kompleksi yaranmamalıdır. Həm də uşaqların təlimtərbiyəsi və inkişafı təksə maddi təminat və maddi düşüncə ilə məhdudlaşdırılmamalıdır. Uşaqlar valideynlərindən maddi qayğı ilə yanaşı, həm də mənəvi qayğı və diqqət görməli, sevgi hiss etməlidir. Yalnız belə sağlam mühitdə böyüyən uşaqlar son nəticəyə fiziki və əqli cəhətdən sağlam bir fərd kimi yetişir. Bu isə şübhəsizdir ki, həm ailənin, həm də cəmiyyətin əldə etdiyi son dərəcə müsbət bir nəticədir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, iddia hər uşaq üçün 140 manatdan artıq alimentin dəyişdirilməsi (artırılması) tələbi hissəsində təmin edilməməlidir. Belə ki, qeyd edildiyi kimi, iddiaçı tərəf iddia tələbinin əsaslandırıldığı hal kimi aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasıonun yüksək yaxşı qazanc əldə etməsi və bununla da alimentin miqdarının aylıq hər uşaq üçün 175 manat müəyyən edilməsinin zəruri olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, hər uşaq üçün aylıq məhz 175 manat aliment tələbinin tam əsaslı olmasını sübut edə edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bunu sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Ona görə də məhkəmə təyin olunmuş alimentin miqdarının hər uşaq üçün ayda 140 manatadək dəyişdirilməsi (artırılması), bu məbləğdən artıq tələb hissəsində isə iddianın rədd olunması nəticəsinə gəlir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(019)-45/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 04.08.2010-cu ildə doğulmuş X7 və 03.07.2012-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh oğlundan hər ay hər bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla hər ay cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 24 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X17” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(019)-45/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); 04.08.2010-cu ildə doğulmuş X7 və 03.07.2012-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla hər ay cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin; iddia qalan hissədə təmin olunmasın; iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 24 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar