Məhkəmə qərarları › İş №2(019)-490/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-490/2020

11.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-490/2020 11.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili-fərdi qaydada fəaliyyət göstərən Vəkil, cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3900 (üç min doqquz yüz) manat pulun, evin bünövrəsi üçün çəkilmiş 2820 (iki min səkkiz yüz iyirmi) manat pulun və 30 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, o, evin bünövrəsi üçün çəkilmiş 2820 (iki min səkkiz yüz iyirmi) manat pulla bağlı işi cavabdehlərlə məhkəmədənkənar qaydada həll edə bilməsə, gələcəkdə məhkəmədə bununla bağlı iddia qaldıracağını bildirərək, 2820 (iki min səkkiz yüz iyirmi) manat pul tələbi hissəsində iddia tələbinin həcmini azaldaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3900 (üç min doqquz yüz) manat pulun və 30 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Özü Zaqatala rayon Yanğından mühafizə hissəsində işləyir. Yaşayış üçün evi olmadığına görə torpaq sahəsi alaraq, ev tikdirmək qərarına gəlmişdir. Buna görə də soraqlaşıb həyətyanı torpaq sahəsi axtarmışdır. Dostları ona Cavabdeh1 onlara məxsus olan torpaq sahəsini satmaq istədiklərini bildirmişdir. O, Cavabdeh2 məxsus olan torpaq sahəsi ilə tanış olmuş və torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılığa gəlmişlər. Həmin vaxt Cavabdeh1 və atası Cavabdeh2 torpaq sahəsinin sənədlərinin tam qaydasında olmadığını, lakin az müddətdə torpağın sənədlərini düzəldəcəyini bildirdi. O, cavabdehlərdən aldığı torpaq sahəsinin hansı kateqoriyadan olduğunu və ev tikmək üçün icazənin olub-olmadığını soruşmuşdur. Cavabdehlər ona həmin torpaq sahəsinin həyətyanı torpaq sahəsi olduğunu və ev tikmək üçün hər hansı qadağanın olmadığını bildirmişlər. O, cavabdehlərlə 5 sot torpaq sahəsi və hər sotunu 1250 manat olmaqla bağlı razılaşmışdır. Əvvəlcə onlara 3900 (üç min doqquz yüz) manat beh pul vermiş, geridə qalan pulu isə alqı-satqı müqaviləsi bağladıqdan sonra verəcəyini demişdir. Alqı-satqı müqaviləsi bağlananadək cavabdehlər satdıqları torpaq sahəsində evin bünövrəsini qoymağı xahiş etdilər. O, cavabdehlərə inanaraq, şifahi qaydada razılaşdıqları torpaq sahəsində evin bünövrəsini tikdirmişdir. Bunun üçün torpaq sahəsini qazdıraraq, ora beton tökdürmüşdür. Bunun üçün 2820 (iki min səkkiz yüz iyirmi) manat pul xərcləmişdir. Belə ki, qapı açdırmaq üçün oradan keçən qaz xəttinin aşağı salınması üçün 410 manat xərcləmiş, 850 manat dəyərində 100 torba 500 markalıq Akkord sementi almışdır. 100 manat dəyərində 2 maşın beton üçün qum almışdır. 250 manat dəyərində 16 mm armatur almışdır. 500 manat ustaya pul vermişdir. 180 manat mikserə pul vermişdir. 80 manat fəhləyə pul vermişdir. 250 manat kanalizasiya tikilməsi üçün pul vermişdir. 200 manat orada əkilən ağacları kəsmək, oranı təmizləmək üçün vermişdir. Tikəcəyi ev üçün layihəsmeta sənədləri hazırlamaq üçün Balakən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Bölməsinə müraciət edərkən məlum oldu ki, ev tikəcəyim torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və orada ev inşa etmək qadağandır. Bundan sonra memarlıqdan, reyestr xidmətindən və bələdiyyədən mütəxəssislər də həmin torpaq sahəsinə baxış keçirərək, orada evin inşa edilməsinin qanunsuz olduğunu bildirmişlər. Cavabdehlər onu bilərəkdən aldadaraq, onun pulunu ələ keçirmişlər. Bununla bağlı cavabdehlərə kəskin etirazını bildirmiş və torpaq sahəsinə görə verdiyi pulu və çəkdiyi 2820 manat xərci onlardan ona ödənilməsini tələb etmişdir. Cavabdehlər 3900 (üç min doqquz yüz) manat pulu xərclədiklərini, həmin pulu az-az ödəyəcəklərini, amma evin bünövrəsi üçün çəkilmiş 2820 manat pulu isə ödəməyəcəklərini bildirmişlər. O isə onlara bildirmişdir ki, onu torpaq sahəsinin kateqoriyası ilə bağlı aldatmasaydılar, o, 2820 manat ziyana düşməyəcəkdi. 3900 manat pulun verilməsini, evin bünövrəsinin qoyulması ilə bağlı görülən işlərlə cavabdehləri məlumatlandırmaqla videoçəkiliş aparmışdır. Bütün bunlarla bağlı diskləri işə əlavə etmişdir.Cavabdehlər may ayının sonunadək pulun bir hissəsini ödəyəcəklərini bildirsələr də, hazıradək pulu ödəməmişlər. O, cavabdehlərdən 3900 manat pulun alınıb ona ödənilməsini tələb edir. Buna görə də göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədəqətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul və etiraf edərək izahatında göstərdi ki, o və atası Cavabdeh2 İddiaçı ilə 5 sot torpaq sahəsi və hər sotunu 1250 manat olmaqla alqı-satqıyla bağlı razılaşmışdır. Əvvəlcə İddiaçı 3900 (üç min doqquz yüz) manat beh pul vermiş, geridə qalan pulu isə alqı-satqı müqaviləsi bağladıqdan sonra verəcəyini bildirmişdir. 3900 manat pul tələb barədə iddianı qəbul və etiraf edir və bu barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdeh və digər cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, İddiaçı ona və atası Cavabdeh2 qarşı 3900 manat iddia tələbini qəbul və etiraf edir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 0,05 ha torpaq sahəsinin alqı-satqısı barədə hər sot torpaq sahəsinə 1250 manat ödənilməsi şərtilə razılığa gəlmişlər. İddiaçı ilk olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsi ilə bağlı 3900 manat pul vermiş, pulun qalan hissəsinin isə alqı-satqı müqaviləsi bağlandıqdan sonra ödənilməsi tərəflər arasında şərtləndirilmişdir. İddiaçı tikəcəyi ev üçün layihə-smeta sənədləri hazırlamaq məqsədilə Balakən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə müraciət edərkən ev tikəcəyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması və orada ev inşa etməyin qadağan olması ona məlum olmuşdur. Bundan sonra memarlıq şöbəsindən, reyestr xidmətindən və bələdiyyədən mütəxəssislər də həmin torpaq sahəsinə baxış keçirərək, orada evin inşa edilməsinin qanunsuz olduğunu söyləmişlər. İddiaçı ödədiyi 3900 manat pulu cavabdehdən tələb etdikdə, cavabdehlər 3900 (üç min doqquz yüz) manat pulu xərclədiklərini, həmin pulu az-az ödəyəcəklərini bildirmişlər. Cavabdehlər həmin pulu ödəmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1 və 646.2-ci maddələrinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.1 və 648.2-ci maddələrrinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir; satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasənəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasənborclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasənzərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 yazılı şəkildə ərizə verməklə, 3900 manat tələbinə dair iddianı etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, bu etiraf qəbul olunmalı və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, cavabdehlər 3900 manat pulu iddiaçıya ödəməməklə və ödəməkdən boyun qaçırmaqla, İddiaçı hesabına həmin 3900 manat məbləğdə əsassız varlanmış və iddiaçıya 3900 manat məbləğdə maddi ziyan vurmuşlar. Ona görə də həmin 3900 manat məbləğ cavabdehdən alınaraq, iddiaçıya ödənilməli və bununla da iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan hüquq normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3900 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3900 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsiləAzərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar