Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-514/2021 07.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı "xxxx" X5 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, X4 və Məmmədov Hüseyn Həsən oğluna qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" X5 Bank Kredit Təşkilatı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada 2193.92 USD əsas, faiz borcu üzrə 296.00 USD, cərimə borcuna görə 30.76 USD olmaqla cəmi 2520.68 (iki min beş yüz iyirmi dollar, altmış səkkiz sent) USD, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X5 Bank Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 03.09.2015-ci il tarixli, **********1550 saylı kredit müqaviləsinə əsasən biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.78% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz) USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 133 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşlar. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 15.03.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən 27.04.2016-ci il tarixli **********1550 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2193.92 USD əsas, faiz borcu üzrə 296.00 USD, cərimə borcuna görə 30.76 USD olmaqla cəmi 2520.68 (iki min beş yüz iyirmi dollar, altmış səkkiz sent) USD təşkil edir. İddiaçı "xxxx" X5 Bank Kredit Təşkilatı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Ramil Heydərov məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırki iş üzrə 08 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul etməyərək, cavabdeh tərəfin əsas borc, faiz borcu və cərimə borcunun müəyyən olunması üçün ekspertizasının keçirilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 03.09.2015-ci il tarixli, **********1550 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" X5 Bank Kredit Təşkilatından 24 ay müddətinə illik 23,78 % ödəmək şərti ilə 2500 USD məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən kredit alan əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin həmin müqaviləyə əsasən Cavabdeh2l qızı və Cavabdeh3 oğlu zaminlər kimi borclu Cavabdeh1 iddiaçı qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 2193.92 USD əsas, 296 USD faiz, 30.76 USD cərimə borcu olmaqla cəmi 2520.68 manat borcu təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 07.09.2021-ci il tarixli, 9/3705 №-li rəyindən görünür ki,rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 iddiaçı "xxxx" MM QBKT-yə olan borcu 03 sentyabr 2017-ci il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 2193.10 ABŞ dolları, faiz borcu üzrə 864.85 ABŞ dolları, 15 mart 2021-ci il tarixə (sual üzrə tarixə) 2193.10 ABŞ dolları, faiz borcu üzrə 1252.30 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 07.09.2021-ci il tarixli, 9/3705 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145,0 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, iddiaçı "xxxx" MMM QBKT tərəfindən cavabdeh tərəfə kredit borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuş və 31.03.2021-ci il tarixdə hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə 08 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh X2 izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən qanun normalarına istinad edən məhkəmə 03.09.2015-ci il tarixli, **********1550 saylı kredit və zaminlik müqaviləsini, ödəniş sənədlərini, faizlər və ödəmələr üzrə cədvəli, 15.03.2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının 07 sentyabr 2021-ci il tarixli, 9/3705 №-li rəyini və işdə olan sair sənədləri mötəbər sübut kimi qəbul edir. Məhkəmə, Cavabdeh1 əsas kredit borcu və faiz borcu barədə 15.03.2021-ci il tarixli maliyyə arayışı ilə məhkəmə-mühasibatlıq ekspertizasının 07 sentyabr 2021-ci il tarixli, 9/3705 №-li rəyi arasında ziddiyyətə hüququi qiymət verərək, hesab edir ki, Cavabdeh1 əsas kredit borcu barədə məhkəmə-mühasibatlıq ekspertizasının 07 sentyabr 2021-ci il tarixli, 9/3705№-li rəyi, faiz borcu və cərimə borcu barədə isə 15.03.2021-ci il tarixli maliyyə arayışı mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, həmin sənədlər işdəki sübutlar əsasən cavabdeh tərəfin əsas kredit borcu, faiz borcu və cərimə borcu barədə işin hallarını obyektiv və ədalətli şəkildə əks etdirirlər. Məhkəmə, məhkəmə-mühasibatlıq ekspertizasının 07 sentyabr 2021-ci il tarixli, 9/3705 №-li rəyinə istinad etməklə Cavabdeh1 iddiaçıya olan əsas kredit borcunu 2193.10 ABŞ dolları, 15.03.2021-ci il tarixli maliyyə arayışına istinad etməklə faiz borcunu 296.00 ABŞ dolları kimi qəbul edir və cərimə borcunun 30.76 ABŞ dolları olmasının göstərilməsini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə işin məhkəmə təhqiqatı zamanı müəyyən olunmuş faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, tərəflər, yəni "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında kredit münasibətlərindən yaranan öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat Cavabdeh1 qarşısında götürülmüş öhdəliklərini icra etmiş, Cavabdeh1 isə iddiaçı qarşısında götürülmüş öhdəliklərini icra etməmiş, onun iddiaçıya sözügedən kredit müqaviləsi üzrə 2193.10 ABŞ dolları əsas borcu,296.00 ABŞ dolları faiz borcu və 30.76 ABŞ dolları cərimə borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı yönəltdiyi 2193.92 ABŞ dolları əsas borc tələbi 2193.10 ABŞ dolları hissədə əsaslıdır və təmin olunmalıdır, İddia Cavabdeh1 2193.10 ABŞ dolları əsas borc tələbindən artıq tələb hissəsində isə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı yönəltdiyi 296.00 ABŞ dolları faiz borcu tələbi isə əsaslıdır və tam təmin edilməlidir. İddiaçı Cavabdeh1 həmçinin 30.76 ABŞ dolları cərimə formasında dəbbə pulu tələb edir. Məhkəmə iddiaçının 30.76 ABŞ dolları dəbbə pulu tələbinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi dəbbə pulu tələb edilən əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə kreditorun, yəni "xxxx" MM QBKT-nin gəliri, kredit müqaviləsi üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, hazırki iş üzrə tələb olunan 30.76 ABŞ dolları dəbbə pulu kreditorun əmlak mənafeləri və bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən, həmçinin kreditorun və borclu tərəfin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınmaqla tənasübsüz surətdə yüksək məbləğdir və öhdəliyin pozulmasnın nəticələrinə uyğun gəlmir. Qeyd olunanlar Cavabdeh1 tələb olunan 30.76 ABŞ dolları dəbbə pulunun ədalətsiz və tənasübsüz surətdə yüksək məbləğ olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı» 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X7rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 tələb olunan 30.76 ABŞ dolları məbləğində cərimə növündə dəbbə pulu azaldılaraq, 1 ABŞ dolları məbləğində müəyyən olunmalıdır. İş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə etiraz bildirməmiş və iddia tələbinə hər hansı etirazla bağlı bu etirazı əsaslandıran hallarla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh1 tərəfindən hazırki kredit müqaviləsi üzrə sonuncu ödəniş 15 mart 2021-ci il tarixdə aparılmışdır. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 03.09.2015-cü il tarixli, **********1550 saylı qarışıq kredit və zaminlik müqaviləsi ilə iddiaçı "xxxx" MM QBKT tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 23.78 faiz dərəcəsi ilə 2500 USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsində və kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində kreditin son ödəniş müddəti 03.09.2017-ci il tarix qeyd edilməklə əsas öhdəliyin icrası müddəti göstərilmişdir. İş materiallarında olan "xxxx" MM QBKT ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış qarışıq kredit və zaminlik müqaviləsindən görünür ki, həmin müqavilədə bu zaminliyin verilmə müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi, qanun o cümlədən əqdlə təyin edilən müddətin təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar və hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Hazırki mülki işdə olan 03.09.2015-ci il tarixli qarışıq kredit və zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilməmiş, yəni müqavilənin verilmə müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir; bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır; kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər; mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər; kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır; kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Qanun normalarının tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə kredit müqaviləsi müddətli müqavilədir. Deməli, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün bağlanılan və müddəti göstərilməyən zaminlik müqaviləsinin qüvvədə olma müddəti də kredit müqaviləsinin qüvvədə olma müddəti olaraq hesab olunmalıdır. Qanunun tələbinə əsasən zaminliyin verilmə müddətinin başlanğıcı kredit müqaviləsi üzrə icra müddəti bitdiyi gündən hesablanmalıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə 03.09.2015-ci il tarixli kredit müqaviləsinin icra müddətinin bitmə tarixi 03.09.2017-cı ildir. Yəni 03.09.2015-ci il tarixli o cümlədən zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gün 03.09.2017-cı il tarixdir. Belə olan halda məhkəmə hesab edir ki, 03.09.2015-ci tarixli zaminlik müqaviləsi üzrə zaminlərə qarşı onların təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni 03.09.2017-cı il tarixdən başlayaraq bir il ərzində iddia irəli sürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliklə təmin edilmiş 03.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 24 aylıq kreditlə bağlı öhdəliyin icrası vaxtının başa çatdığı gün 03.09.2017-cı il tarixdir ki, qanuna görə də kreditor, yəni "xxxx" MM QBKT həmin gündən, yəni 03.09.2017-cı il tarixdən başlayaraq bir il ərzində hazırki zaminlərə qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, 03.09.2015-ci il tarixli o cümlədən zaminlik müqaviləsi əsasında zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia irəli sürülməmiş, bu iddia həmin müddət keçdikdən sonra 07.04.2021-ci il tarixdə irəli sürülmüşdür ki, bu da qanunun tələblərinə ziddir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyinə xitam verilir. Zaminliyə xitam verildiyi halda, zaminlər Cavabdeh2 və Cavabdeh3 digər cavabdeh olan borclu Cavabdeh1 03.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia zaminlər olan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi lazım bilir ki, zaminliyə bu əsasla xitam verilməsi qanunda göstərilmişdir, qanuni haldır. Bunun üçün qanunda zaminin razılığının tələb olunması nəzərdə tutulmamışdır. Qanun birmənalı qeyd edir ki, zaminliyin verilmə müddəti göstərilmədikdə və zaminliklə təmin edilmiş öhdəliyin icrasının başa çatdığı vaxtdan kreditor ona qarşı bir il ərzində iddia irəli sürmürsə, mütləq qaydada zaminliyə xitam verilməlidir. Zaminliyə xitam verilməsinin tərəfin mütləq qaydada ərizə verməklə iddia müddətinin tətbiqinə heç bir aidiyyəti yoxdur. Belə ki, zaminliyə xitam verilməsi və bu əsasla zaminə qarşı iddianın rədd edilməsi ərizə verilməsi əsasında iddia müddətinin tətbiqi deyildir. Bu qanunda göstərilmiş kəsici müddətdir və zaminin buna ərizə verilməsi ilə şərtləndirilmir. İddia müddəti isə məhkəmədə iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddətdir. İddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi üçün tərəflərin ərizəsinin olması vacib şərtdir (Mülki Məcəllənin 373, 375.1 və 375.2-ci maddələri). Zaminliyə xitam verilməsi institutu iddia müddətinin tətbiqi institutundan öz mahiyyətinə, həmçinin hüquqi nəticələrinə görə tamamilə fərqlidir və onların eyniləşdirilməsi qanunun tələblərinə ziddir. Bu xüsusda məhkəmə bildirir ki, kəsici müddət elə bir müddətdir ki, hər hansı hüquq, o cümlədən tələb etmə hüququ yalnız həmin müddətlər daxilində mövcud olur. Həmin müddət bitdikdən sonra hüququn özü də aradan qalxır, yəni artıq belə bir hüquq mövcud olmur. İddia müddətlərinin keçməsi isə hüququn özünü aradan qaldırmır, lakin iddia müddətinin keçməsi həmin hüququn təmin olunmaması halını şərtləndirir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2193.10 USD əsas borc, 296.00 USD faiz borcu və 1 USD cərimə olmaqla cəmi 2490.10 (iki min dörd yüz doxsan dollar, on sent) USD borc ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş 29.64 manat məbləğində dövlət rüsumu "xxxx" MM QBKT-nın xeyrinə tutulmalı, iddia qalan hissədə və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə münasib olaraq iş üzrə 145,00 manat ekspertiza xərcinin 143.24 manatı Cavabdeh1 və 1.76 manatı iddiaçı "xxxx" MM QBKT-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; Cavabdeh1 2193.10 USD əsas borc, 296.00 USD faiz borcu və 1 USD cərimə olmaqla cəmi 2490.10 (iki min dörd yüz doxsan dollar, on sent) USD borc ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş 29.64 manat məbləğində dövlət rüsumu "xxxx" MM QBKT-nın xeyrinə tutulsun;iddia qalan hissədə və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməsin; iş üzrə 145,00 manat ekspertiza xərcinin 143.24 manatı Cavabdeh1 və 1.76 manatı iddiaçı "xxxx" MM QBKT-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-514/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-514/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver