Məhkəmə qərarları › İş №2(019)-555/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-555/2021

16.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-555/2021 16.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Ramazanova (Hüseynova) Mədinə Ramazanovnanın iştirakı ilə, İddiaçı Ramazanova (Hüseynova) Mədinə Ramazanovnanın Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ramazanova (Hüseynova) Mədinə Ramazanovna Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)-534/2020 nömrəli, 18.08.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan 14 iyul 2013-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş) manat sabit pul məbləğində alientin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ramazanova (Hüseynova) Mədinə Ramazanovna iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2012-ci ildə qeyri-rəsmi nikahla Balakən rayonunda evlənmişdir. Nikahlarını isə 06.03.2013-cü ildə Balakən rayon Şambul kənd İnzibati Ərazi Dairəsində 04 sayla rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikah dövründə 14 iyul 2013-ci il tarixdə X6 adında bir uşaqları olmuşdur. Cavabdeh ilə ailə münasibətləri 2020-ci ilə qədər davam etmişdir. Daha sonralar aralarında ailə münaqişələri baş vermiş və aralarında olan nikah Balakən Rayon Məhkəməsinin 2(019)-534/2020 nömrəli, 18.08.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozularkən himayəsində olan bir uşağın saxlanması üçün 120 ( bir yüz iyirmi) manat miqdarında alimentin tutulması qət edilmişdir. O,hal-hazırda heç bir yerdə işləmir. Balakən Rayon Məhkəməsinin 2(019)- 534/2020 nömrəli, 18.08.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 120 manat aliment uşağının pal-paltarlarının, sağlamlığının, maddi təminatlarının və təhsil xərclərinin ödənilməsi üçün kifayət etmir. Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 2(019)-534/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş,iddiaçı X5 ilə Cavabdeh arasında bağlanmış Balakən rayon Şambul kənd İnzibati ərazi Dairəsində 06 mart 2013-cü il tarixdə 04 nömrə ilə qeydə alınmış nikahın pozulması; nikah pozularkən tərəflərin birgə nikahından 14 iyul 2013-cü il tarixdə doğulmuş X4 anası X2 yanında saxlanılması; ərizənin verildiyi 30 iyun 2020-ci il tarixdən başlayaraq 14 iyul 2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı X3 verilməsi; hazırki qətnamənin alimentin alınması hissəsində dərhal icra olunması; Cavabdeh 20 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı X3 və 10 manat dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 sentyabr 2013-cü ildə verilmiş AZ-İİİ seriyalı, 175332 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 14 iyul 2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə Hüseynova Mədinə Ramazanovna göstərilmişdir. İşdə olan və məhkəmə iclasındla tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 367607 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Hüseynova Mədinə Ramazanovna arasında olan nikaha Balakən Rayon Məhkəməsinin 2(019)534/2020 nömrəli qətnaməsilə pozulmasına görə xitam verilmiş və bu barədə 2020-ci ilin 10 ayının 10 günündə 03 № ilə qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən iddiaçı Ramazanova (Hüseynova) Mədinə Ramazanovnanın xeyrinə bir uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla), 140 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda,uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatının yüksəlməsi, aliment təyin edilən 18.08.2020-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 170.00 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2021-ci ildə uşaqlar üçün yaşayış minimumunun 175 manat təşkil etməsi) və bu xüsusda uşağın təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. 14 iyul 2013-cü ildə anadan olmuş X1 üçün Balakən Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli, 2(019)-534/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş 120 manat aliment həmin uşağın yaşının və bu xüsusda tələbatının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının izahatından və iş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaq böyüdükcə onun tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşağı saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Bu xüsusda aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay 140 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən-təyin olunmuş alimentin 140 manat miqdarında artırılması hissəsində təmin edilməli, 140 manatdan artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 2(019)-534/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 14 iyul 2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 140 (bir yüz qırx ) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı Ramazanova (Hüseynova) Mədinə Ramazanovnanın xeyrinə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, Cavabdeh 24 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X7” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin 08 avqust 2020-ci il tarixli, 2(019)-534/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); 14 iyul 2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı Ramazanova (Hüseynova) Mədinə Ramazanovnanın xeyrinə ödənilsin; iddia qalan hissədə təmin olunmasın; Cavabdeh 24 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar