Məhkəmə qərarları › İş №2(019)-577/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-577/2020

12.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-577/2020 12.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra İddiaçı) Cavabdeh qarşı İddiaçı-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə 3205 (üç min iki yüz beş) manatın və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğin Cavabdeh tutularaq, cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlanmaqla sonuncu 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və onunla “X1” haqqında müqavilə imzalanmışdır. O,xx.xx.2018-ci il tarixli, 403-K saylı əmr ilə administrator vəzifəsinə keçirilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə «Oba-Balakən 1» mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli «İnventarizasiya Nəticələrinə» dair Akta əsasən yekun ziyan məbləği 3364 (üç min üç yüz altmış dörd) manat məbləğində müəyyən olunmuşdur. Maliyyə arayışından məlum olur ki, Cavabdehna 3364 (üç min üç yüz altmış dörd) manat borcdan 159 (bir yüz əlli doqquz) manat güzəşt edilmişdir, qalıq borc 3205 (üç min iki yüz beş) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdlir. İddiaçı sonrakı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi məhkəməyə teleqram göndərərək, Cavabdeh işinə məhkəmə iclasında onların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, ona təhkim edilmiş meyvə və tərəvəz məhsullarının xarab olduğunu, ona görə də atılmalı olduğunu, lakin bu meyvə və tərəvəzin pulunun qanunsuz olaraq onun adına yazıldığını bildirərək, iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Cavabdeh sonrakı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2018-ci il tarixli Əmək Müqaviləsindən görünür ki, həmin müqavilə «X2» MMC ilə Cavabdeh arasında bağlanmaqla, Cavabdeh 3 (üç) ay sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı- kassir vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2018-ci il tarixli X1 Haqqında Müqavilədən və vəzifə təlimatından görünür ki, «X2» MMC ilə Cavabdeh arasında X1 haqqında müqavilə bağlanmış və o, vəzifə təlimatı ilə tanış edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən «X2» MMC üzrə xx.xx.2018-ci il tarixli, 403-K saylı əmrdən Çıxarışdan, xx.xx.2018-ci il tarixli Əmək Müqaviləsinə əlavədən, sistemə xx.xx.2018-ci il tarixdə daxil edilmiş əmək müqaviləsi bildirişindən və X1 haqqında müqavilədən görünür ki, Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixdən Cəmiyyətin Satış Departamentinə Administrator vəzifəsinə keçirilmiş və onunla X1 haqqında müqavilə bağlanmış və o, həmin müqavilə ilə tanış edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sistemə daxil edilmə tarixi xx.xx.2018ci il göstərilən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixli Oba Balakən 4 filialında aparılmış təhvil-təslimin nəticələrinə dair yekun Aktından, Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktından və «X2» MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 3364 (üç min üç yüz altmış dörd) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 3364 (üç min üç yüz altmış dörd) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 159 (bir yüz əlli doqquz) manat cəmiyyət tərəfindən güzəşt edilmişdir. Faktiki qalıq borcu 3205 (3364-159) manat təşkil edir. Həmin aktlara Cavabdeh tərəfindən imza edilmiş və o, həmin sənədlərlə tanış edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən «X2» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh edilmiş xx.xx.2020-ci il tarixli, DN-2167 №-li xəbərdarlıqdan görünür ki, İddiaçı in Balakən 4 filialında administrator vəzifəsində işləyərkən administrator olaraq ona etibar edilmiş əmlakdan 3364 AZN əskikgəlmə aşkar edilməklə cəmiyyətə həmin məbləğdə maddi ziyan vurmasının müəyyən edilməsi, keçən dövr ərzində 159 AZN güzəşt edilməsi və faktiki qalıq borcunun 3205 AZN təşkil etməsi göstərilməklə, ondan 3 gün müddətində cəmiyyətə vurduğu maddi ziyanın ödənilməsi xahiş olunmuş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, “X2” MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə cəmiyyətdə satıcı- kassir vəzifəsinə işə qəbul olunmuşdur. Eyni zamanda tərəflər arasında “X1” haqqında müqavilə imzalanmışdır. Cavabdeh öz razılığı ilə onunla bağlanmış əmək müqaviləsinə əlavəyə uyğun olaraq cəmiyyətin xx.xx.2018-ci il tarixli, 403-K saylı əmri ilə Cəmiyyətin Satış Departamentinə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə “Oba-Balakən 4” mağazasında aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş və Cavabdeh bu yoxlamanın nəticələri ilə tanış olaraq yekun aktına imza etmişdir. xx.xx.2019-cu il tarixli “İnventarizasiya nəticələrinə dair» akta əsasən Cavabdeh iddiaçıya vurduğu yekun ziyanın məbləği 3364 (üç min üç yüz altmış dörd) manat müəyyən edilmişdir. Həmin 3364 manat məbləğdən Cavabdeh 159 (bir yüz əlli doqquz) manat güzəşt edilmişdir, cavabdeh qalıq borcu olan 3205 manatı isə ödəməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 92-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır; tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 193-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda X1 daşıyır; mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur; ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin 2-ci bəndinə əsasən ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada X1 daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinin 1, 2, 3, 4 və 5-ci bəndlərinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər; işlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X1 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər; bu maddənin birinci və ikinci hissələrində göstərilən X1 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir; işçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır; X1 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 202-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir; işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır; işəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır; araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 204-cü maddəsinin 1, 2, 3 və 4-cü bəndlərinə əsasən işəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər; vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir; işəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər; ziyanın məbləği əvəzinə işçi işəgötürəninin razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü yaxud öz vəsaiti ilə onu təmir edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir; əgər ziyan işçi tərəfindən X1 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər; işçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşdəki sübutlardan görünür ki, Cavabdeh İddiaçı ilə əmək münasibətlərində olduğu vaxt onunla bağlanmış əmək müqaviləsinin və X1 haqqında müqavilənin tələblərini pozaraq, ona etibar edilmiş malları və ya onların dəyərini qaytarmayaraq, İddiaçı-yə aylıq əmək haqqından çox-3364 manat məbləğində zərər vurmuş, bu məbləğin 159 manatı ona güzəşt edilmiş və ümumi zərərin məbləği 3205 manat müəyyənləşdirilmişdir ki, iddiaçı da cavabdehdən həmin 3205 manat məbləği tələb edir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, həmin tələb edilən 3205 manat məbləğ Cavabdeh tutularaq, İddiaçı-yə ödənilməlidir. İş üzrə Cavabdeh iddiaçıya heç bir ziyan vurmadığını, ona verilən əmlakın meyvətərəvəz məhsulları olduğunu, həmin məhsullar xarab olduğu üçün atılmalı olduğunu, bu barədə akt tərtib edilərək, onların silinməli olduğunu və onun iddiaçıya heç bir ziyan vurmadığını göstərib, iddia tələbinə etiraz etsə də, bu etirazın əsaslandırıldığı halları-ona etibar edilən əmlakın meyvə-tərəvəz məhsulları olmaqla, həmin məhsulların xarab olduğu üçün atılmalı olduğunu, bu barədə akt tərtib edilərək, onların silinməli olduğunu və onun iddiaçıya heç bir ziyan vurmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı həmin halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə cavabdehin üzərinə düşür. Əksinə iş materiallarından görünür ki, Cavabdeh keçirilən inventarizasiyada iştirak etmiş, bu yoxlamanın nəticələri ilə tanış olmuş və xx.xx.2019-cu il tarixli İnventarizasıyanın Nəticələrinə dair Akta imza etmiş və iddiaçıya 3205 manat məbləğində maddi ziyan vurduğunu təsdiq etmişdir. Məhkəmə xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin olunmalı, İddiaçı-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 3205 (üç min iki yüz beş) manat və dövlət rüsumu kimi ödənilmiş 30 AZN məbləğ Cavabdeh tutularaq, İddiaçı-nin bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 3205 (üç min iki yüz beş) manat və dövlət rüsumu kimi ödənilmiş 30 AZN məbləğ Cavabdeh tutularaq, İddiaçı-nin bank hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar