Məhkəmə qərarları › İş №2(019)-590/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-590/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-590/2021 01.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 7 avqust 2019-cu il tarixli, NSMK-634_KMP saylı kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 1559,02 (bir min beş yüz əlli doqquz manat 02 qəpik) manat, faiz borcuna görə 2,96 (iki manat 96 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1561,98 (bir min beş yüz altmış bir manat 98 qəpik) manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə cavabdeh - Cavabdeh1 arasında bağlanmış 7 Avqust 2019-cu il tarixli, NSMK-634 KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 1701,39 (bir min yeddi yüz bir tam yüzdə otuz doqquz ) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 7 Avqust 2019-cu il tarixdə İddiaçı ASC-nin Nizami filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 7 Avqust 2019-cu il tarixli, NSMK-634_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 7 Avqust 2019-cu il tarixli, NSMK-634JKMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 7 Avqust 2019-cu il tarixli, NSMK- 634JKMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 7-dan gec olmayaraq hər ay 29,09 (iyirmi doqquz manat 09 qəpik) manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 7 Avqust 2019-cu il tarixli, NSMK-634_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1559,02 (bir min beş yüz əlli doqquz manat 02 qəpik) manat, faiz borcuna görə 2,96 (iki manat 96 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 1561,98 (bir min beş yüz altmış bir manat 98 qəpik) manat təşkil edir. İddiaçı Açıq Cəhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 07.08.2019-cu il tarixli, NSMK-634_ KMP saylı Kredit Müqaviləsindən (güzəştli şərtlərlə) və ödəniş sənədlərindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən vaxtı keçmiş kredit borcunun restrukturizasıyası məqsədilə Cavabdeh1 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 1701,39 manat məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 07.08.2019-cu il tarixli, NSMK-634_ KMP saylı Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı ASC-nin Cavabdeh1 ünvanlanmış 26.01.2021-ci il tarixli, 06-03/634 saylı bildirişindən və digər bildirişlərindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan kredit borcunun ödənilməsi təklif edilmiş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan 21.04.2021-ci il tarixli, RB-02/PK-4221 nömrəli arayışda göstərilmişdir ki, Cavabdeh1 7 avqust 2019-cu il tarixli, NSMK-634_ KMP saylı Kredit müqaviləsi üzrə 21 aprel 2021-ci il tarixə İddiaçı ASC-yə 1559,02 manat əsas, 2,96 manat faiz borcu olmaqla, cəmi 1561,98 manat borcu vardır. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30 avqust 2021ci il tarixli, 9/4531 saylı rəyindən görünür ki, Cavabdeh1 “KapitalBank» ASC-yə olan borcu 21.04.2021-ci il tarixə əsas borc üzrə 1556.89 manat və faiz borcu üzrə 2.98 manat müəyyən olunur. Qeyd edilir ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən 21.04.2021-ci il tarixdən sonra 100,0 AZN məbləğində ödəniş edilməsi müəyyən edilir. Həmin ödənişi nəzərə aldıqda 18.06.2021-ci il tarixə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borc üzrə 1462.34 AZN, faiz borcu üzrə 0.00 AZN borcu müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 30 avqust 2021-ci il tarixli, 9/4531 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. İş materiallarında olan 11.02.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı “Rabitəbank» ASC hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən qanun normalarına istinad edən məhkəmə 07.08.2019-cu il tarixli, NSMK- 634 KMP saylı kredit müqaviləsini, ödəniş sənədlərini, 07.08.2019-cu il tarixli, NSMK-634_ KMP saylı zaminlik müqaviləsini, məhkəmə-mühasibatlıq ekspertizasının 30 avqust 2021ci il tarixli, 9/4531 saylı rəyini, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişləri və digər sənədləri işin hallarını bir-biri ilə əlaqəli şəkildə təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu xüsusda məhkəmə cavabdehin əsas borc və faiz borcuna dair iddiaçı təşkilatın təqdim etdiyi 21.04.2021-ci il tarixli maliyyə arayışı ilə məhkəmə-mühasibatlıq ekspertizasının 30 avqust 2021-ci il tarixli, 9/4531 saylı rəyi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, cavabdeh tərəfindən kredit borcu üzrə sonuncu ödənişi nəzərə almaqla müasir tədqiqat metodlarına və qanuna əsaslandığından və daha obyektiv və ədalətli olduğundan, cavabdehin əsas kredit borcu və faiz borcu barədə məhkəməmühasibatlıq ekspertizasının 30 avqust 2021-ci il tarixli, 9/4531 saylı rəyi mötəbər sübut kimi qəbul olunur. 21.04.2021-ci il tarixli maliyyə arayışı isə cavabdehin sonuncu ödənişini əks etdirmədiyindən və bu konteksdə obyektiv həqiqəti əks etdirmədiyindən mötəbər sübut kimi qəbul olunmur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, 07.08.2019-cu il tarixli, NSMK-634_ KMP saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfin iddiaçıya olan borcu məhkəmə-mühasibatlıq ekspertizasının 30 avqust 2021-ci il tarixli, 9/4531 saylı rəyində əks olunan əsas borc üzrə 1462.34 manat və faiz borcu üzrə 00,00 manat məbləğində qəbul olunmalıdır. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh1 arasında bağlanmış 7 Avqust 2019-cu il tarixli, NSMK-634_ KMP saylı kredit müqaviləsinə əsasən vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədilə illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 1701,39 (bir min yeddi yüz bir tam yüzdə otuz doqquz ) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 7 Avqust 2019cu il tarixdə İddiaçı ASC-nin Nizami filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirməyərək, iddiaçıya 07.08.2019-cu il tarixli, NSMK-634_ KMP saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1462.34 manat və faiz borcu üzrə 00,00 manat borcu yaranmışdır. Həmçinin hazırki iddianın qaldırılması üçün İddiaçı ASC 30 (otuz) manat dövlət rusumu ödəmişdir. İşdəki sübutlardan həmçinin görünür ki, cavabdeh tərəf həqiqətən də sözügedən kredit müqavilələri üzrə yaranmış öhdəliyi lazımi qaydada icra etməyib, iddiaçıya ziyan vurmuş, müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçını ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı bank qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formada bağlanmaması zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi 7 avqust 2019-cu il tarixli, NSMK-634_ KMP saylı kredit müqaviləsi üzrə 1559.02 manat əsas borc tələbi 1462.34 manat hissədə təmin olunmalı, 1462.34 manat əsas borc tələbindən artıq tələb hissəsində isə təmin edilməməlidir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, iddia 2.96 manat faiz borcu tələbi hissəsində təmin edilməməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7 avqust 2019-cu il tarixli, NSMK-634_KMP saylı kredit müqaviləsi üzrə 1462.34 (bir min dörd yüz altmış iki manat 34 qəpik) manat məbləğində əsas borc və 28.09 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə 100,00 manat ekspertiza xərcinin 93,62 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 6,38 manatı İddiaçı ASC-dən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7 avqust 2019-cu il tarixli, NSMK-634_KMP saylı kredit müqaviləsi üzrə 1462.34 (bir min dörd yüz altmış iki manat 34 qəpik) manat məbləğində əsas borc və 28.09 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun; iddia qalan hissədə təmin edilməsin; iş üzrə 100,00 manat ekspertiza xərcinin 93,62 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 6,38 manatı İddiaçı ASC-dən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar