Məhkəmə qərarları › İş №2(019)-624/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-624/2020

25.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-624/2020 25.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı 1500 manat ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Qazma kənd sakini Cavabdeh ona dəymiş ziyan olan 1500 (bir min beş yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Balakən rayonunun Mahamalar kəndində qeydiyyatda olmaqla Sarıbulaq kəndində yaşayır. Şəxsi təsərrüfatında iribuynuzlu mal-qarası vardır. xx xxx 2020-ci il tarixdə təsərrüfatında olan bir baş iki yaşar balalı inəyində müəyyən xəstəlik olduğunu hiss etmişdir. Buna görə də inəyi müayinə və müalicə etmək məqsədi ilə baytar həkim kimi tanıdığı Balakən rayonu Qazma kənd sakini Cavabdeh müraciət etmişdir. Cavabdeh inəyi müayinə edərkən onda qurd xəstəliyi olduğunu bildirmiş, qurda qarşı dərman yazıb ona vermişdir ki, alıb inəyə versin. Sonra inəyə qızdırmaya qarşı antibiotik iynə vurub getmişdir. O da aptekdən qurda qarşı dərmanı alıb inəyə vermişdir. Lakin inəyin vəziyyəti yaxşılaşmamış, o yenə də Cavabdeh zəng etmişdir ki, gəlib inəyə baxsın, lakin Qurban gəlməmişdir. O, məcbur olub baytar həkim Əsəd həkimə zəng edərək inəyə baxmasını xahiş etmişdir. Əsəd həkim gəlib inəyə baxmış, inəyi kimin müalicə etdiyini soruşmuşdur. O da Qurban həkimin müalicə etdiyini demişdir. Əsəd həkim bildirmişdir ki, inəyi kim müalicə edirsə çağırın o da gəlib müalicə etsin. O, çox xahiş etdikdən sonra Əsəd həkim də inəyə qızdırmaya qarşı iynə vurub getmişdir. Sonrakı gün, xx xxx 2020-ci il tarixdə inəyi ölmüşdür. İnəyi Cavabdeh təqsiri ucbatından tələf olmuşdur. Belə ki, inəyi sonradan müayinə edən digər baytar həkimləri inəyinin düzgün müalicə aparılmadığından tələf olduğunu bildirmişlər. Dəfələrlə Cavabdeh inəyinin tələf olması ilə bağlı ona dəymiş ziyan olan 1500 manatı tələb etsə də, o, pulu ödəməyəcəyini bildirmişdir. Onun hərəkətləri barədə Balakən Rayon Polis Şöbəsinə müraciət etmişdir. Orada ona tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. Buna görə də ziyan tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, ailəsi ilə birlikdə Balakən rayonunun Qazma kəndində yaşayır. 2013-cü ildən yaşadığı Qazma kəndi ərazisində baytar kimi fəaliyyət göstərir. xx xxx 2020-ci il tarixdə həmkəndlisi İddiaçı inəyinin xəstə olduğunu və onu müayinə etməsini xahiş etmişdir. O, həmin günü iddiaçının yaşadığı ünvana gəlmiş, inəyi müayinə etmiş, inəyin qızdırması olduğundan iynə (antibiotik) vurmuşdur. Qurd xəstəliyinin olmasından şübhələnərək inəyə qurda qarşı dərman verilməli olduğunu bildirmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə inəyin vəziyyətinin pisləşdiyi barədə ona məlumat vermişdir. O, İddiaçıgilə gələndə inəyin öldüyünü görmüşdür. O, inəyə ilkin yardım edərək bütün müalicəni düzgün aparmışdır. İddiaçının iddia tələbini əsassız hesab edir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Balakən rayonu Qazma sahə baytarlıq məntəqəsinin müdiri vəzifəsində işləyir. xx.xx.2020ci il tarixdə Sarıbulaq kənd sakini İddiaçı bir baş inəyinin xəstə olması ilə əlaqədar baytar feldşeri Cavabdeh məlumat vermiş, baytar feldşeri Cavabdeh İddiaçı həyətinə gedərək inəyi müayinə etmiş və inəyə ilkin yardım göstərmişdir. Bundan sonra bir-iki gün inəyin vəziyyəti yaxşı olmuş, xx.xx.2020-ci il tarixdə inəkdə narahatçılıq olduğuna görə inəyə baxmaq üçün onu çağırmışlar. O, inəyin hərarətini ölçmüş, inəkdə 41,02 dərəcə hərarət olmuşdur. Həmin vaxt o, İddiaçı inəyi kimin müalicə etdiyini soruşmuş, İddiaçı Cavabdeh müalicə etdiyini bildirmişdir. O, İddiaçı inəyi kim müayinə edibsə yenidən baxmaq üçün onu çağırmalarını bildirmişdir. Lakin İddiaçı çox xahiş etdiyi üçün inəyə qızdırmaya qarşı iynə vurmuş və oradan getmişdir. Həmin malda qızdırma olmuş və Cavabdeh vurduğu iynə ilə mal ölə bilməzdi. xx xxx 2020-ci il tarixdə İddiaçı inək malı ölmüşdür. Həmin gün İddiaçı həyətində inəyin cəmdəyi yarılmış və daxili orqanlardan götürülmüş patoloji material diaqnozun tam dəqiqləşdirilməsi üçün AQTİ X10 Laboratoriyasına göndərilmişdir. Bu barədə xx xxx 2020-ci il tarixdə akt tərtib edilmiş, lakin inəyin sahibi İddiaçı akta imza etməkdən imtina etmişdir. Lobaratoriyada inəyin ölüm səbəbi müəyyən edilməmişdir. Həmin malda qızdırma olmuş və Cavabdeh vurduğu iynə ilə mal ölə bilməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, İddiaçı ilə qonşuluqda yaşayır. Qonşusu İddiaçı inəyinin xəstə olması ilə əlaqədar onlara gəlmiş, o, həyətə gələrkən inəyin öldüyünü görmüşdür. İnəyin nə səbəbdən öldüyünü bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İHB Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 825 nömrəli arayışdan görünür ki, İddiaçı Balakən rayonu Mahamalar kənd sakini olmaqla təsərrüfat qeydiyyatında 2 (iki) baş iri buynuzlu mal-qarası olduğu qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş «Sultan» X3 tərəfindən xx xxxx 2020ci il tarixdə verilmiş 830 nömrəli arayışdan görünür ki, Balakən Heyvan bazarında bir baş iki yaşar balalı inəyin orta bazar satış qiyməti 1450-1500 manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon polis şöbəsi tərəfindən İddiaçıh qızına ünvanlanmış xx xxxx 2020-ci il tarixli 109-11563M-3220 nömrəli məktubdan göstərilmişdir ki, «müraciətinizdə qeyd edilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olması müəyyən edilmişdir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir». İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə Sarıbulaq kənd sakini İddiaçı bir baş inəyinin xəstə olması barədə baytar feldşeri Cavabdeh məlumat vermişdir. Baytar feldşeri Cavabdeh vətəndaşın həyətində olmuş, inəyi müayinə etmiş və ilkin yardım göstərmişdir, lazımi məsləhətlərini vermişdir. Bir neçə gün inəyin vəziyyəti yaxşılaşmış, lakin 16.05. 2020-ci il tarixdə heyvanda narahatlıq olduğuna görə inəyin sahibi Qazma sahə baytar məntəqəsinin müdiri Şahid1 müraciət etmişdir. Baytar həkimi inəyi müayinə etmiş və simptomatik müalicəyə başlamışdır. Lakin vətəndaşa məxsus qara-ala rəngli, 5 yaşar inək xx.xx.2020-ci il tarixdə ölmüşdür. Komissiya üzvlərinin iştirakı ilə cəmdəkdə patoloji yarma aparılmış və daxili orqanlardan götürülmüş patoloji material diaqnozun tam dəqiqləşdirilməsi üçün AQTİ-nin X10 Laboratoriyasına göndərildi. Yarma zamanı tərtib olunmuş yarma protokolu akta əlavə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxx 2020-ci il tarixdə tərtib edilmiş imtina aktında göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə Sarıbulaq kənd sakini İddiaçı məxsus bir baş 5 yaşar, qara-ala rəngli inəyi ölmüşdür. Həmin tarixdə cəmdəyə baxış keçirilmiş, cəmdək yarılmış, təlimata uyğun akt və yarma protokolu tərtib edildi. Heyvan sahibi İddiaçı aktda və yarma protokolunda qeyd olunanları şifahi təsdiq etsə də imza etməkdən imtina etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli 01 nömrəli yarma protokolundan görünür ki, İddiaçı məxsus xx xxx 2020-ci il tarixdə ölmüş bir baş 5 yaşar iribuynuzlu malın cəmdəyində patoloji yarma aparılmış və daxili orqanlardan götürülmüş patoloji material diaqnozun dəqiqləşdirilməsi üçün AQTİ-nin X10 Laboratoriyasına göndərilmişdlir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə İddiaçı bir baş inəyi xəstə olmuş və o inəyin müayinə və müalicəsi üçün Balakən rayonu Qazma sahə baytarlıq məntəqəsinin baytar feldşeri Cavabdeh müraciət etmişdir. Baytar feldşeri Cavabdeh iddiaçının həyətində olmuş, inəyi müayinə etmiş və inəkdə qurd xəstəliyinin olması qənaətinə gəlmiş, iddiaçıya qurd dərmanı alıb inəyə verməsini bildirmiş, eyni zamanda inəyin qızdırması olduğundan inəyə antibiotik iynəsi vurmuşdur. Bundan sonra inəyin vəziyyəti yaxşılaşmışdır. İddiaçı baytarlıq aptekindən qurda qarşı dərman alaraq özü inəyə vermişdir. xx.xx.2020-ci il tarixdə heyvanda narahatlıq olduğuna görə İddiaçı Qazma sahə baytar məntəqəsinin müdiri Şahid1 müraciət etmişdir. Şahid1 inəyi müayinə etmiş və inəyin qızdırması olduğundan inəyə qızdırmaya qarşı iynə vurmuşdur. Səhəri günü inək ölmüşdür. Bundan sonra iddiaçı inəyin cavabdehin təqsirindən öldüyünü iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı inəyinin Cavabdeh təqsiri üzündən öldüyünü iddia etsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Əksinə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh müayinəsindən sonra inəyin vəziyyəti yaxşılaşmış, bundan sonra İddiaçı özü inəyə qurda qarşı dərman vermiş, sonra isə Qazma sahə baytar məntəqəsinin müdiri Şahid1 inəyə qızdırmaya qarşı iynə vurmuş, səhəri günü inək ölmüşdür. İnəyin ölüm səbəbi müəyyən edilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi əsassızdır, ona görə də təmin edilməməlidir . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 1500 manat ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar