Məhkəmə qərarları › İş №2(019)-654/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-654/2020

01.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-654/2020 01.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Muradova (Mahmudova) Arzu Sabir qızının nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Muradova (Mahmudova) Arzu Sabir qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Muradova (Mahmudova) Arzu Sabir qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-949/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx xxxx 2013-cü il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Muradova (Mahmudova) Arzu Sabir qızı iddiasını onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-949/2019 nömrəli qətnaməsi ilə onunla əri Cavabdeh arasında olan nikah pozulmuşdur. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-949/2019 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından xx xxxx 2013-cü il tarixdə doğulmuş X4sı İddiaçı yanında saxlanılması, ərizənin verildiyi xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2013-cü il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda X10 7 yaşı vardır. Məktəbə gedir, 130 manat aliment uşağın tələbatının ödənilməsinə yetmir. Zəif olduğu üçün tez-tez xəstələnir. Ayrılmış aliment məsrəflərin yarısını qarşılamır. Ayrılğıqları tarixdən atası uşağı ilə maraqlanmır. O, uşağın bütün qayğılarını çəkir. Halbuki valideynlər uşaqları saxlamağa borcludurlar. Ayrılmış 130 manatı da cavabdeh vaxtlı-vaxtında ödəmir. Halbuki onun uşağın alimentin ödəmək üçün imkanı vardır, Rusiyada işləyir. Odur ki, Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-949/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx xxxx 2013-cü il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Muradova (Mahmudova) Arzu Sabir qızının nümayəndəsi Nümayəndə1iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı Cavabdeh ilə xx xxxxxxxx 2011-ci ildə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 223 sayla rəsmiləşdirməklə, evlənmişlər. Tərəflərin birgə nikahından xx xxxx 2013-cü il tarixdə X16 adında bir uşaqları olmuşdur. Tərəflər evləndikdən sonra mehriban yaşamışlar. Sonradan aralarında tez-tez ailə münasibətləri zəminində mübahisələri olmuşdur. Buna görə də iddiaçı ilə cavabdeh ayrılmışlar. Hazırda iddiaçı bir uşağı ilə valideynlərinin evində yaşayır. Cavabdeh hal-hazırda Rusiya Federasiyasında yaşayır, işləyir, ayda cüzi məbləğdə-9000 Rusiya rublu maaş alır, başqa qazancı da yoxdur. Cavabdeh xx xxxx 2013-cü il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat məbləğində aliment ödəmək imkanına malik deyildir. Cavabdeh hətta 130 manat alimenti ödəməkdə çətinlik çəkir. 130 manat aliment kəsirlərlə ödənilir. Bəzən aliment borcları yaranır. O, oğlu Aminin maddi imkanı zəif olduğu üçün bir çox hallarda öz qazancından oğlunun aliment borcunu ödəyir. Balakən Rayon Məhkəməsində aliment təyin olunduqdan sonra Cavabdeh ailə və maddi vəziyyətində heç bir dəyişiklik baş verməmişdir. Buna görə də alimentin miqdarının artırılması iddiasını əsassız hesab edir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 125456 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx xxxx 2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X11yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 910 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Mahamalar kənd sakinidir və himayəsində X16 adında azyaşlı övladı vardır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-949/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və xx xxxxxxxx 2011-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 223 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx xxxx 2013-cü il tarixdə doğulmuş X10 anası İddiaçı yanında saxlanılması, ərizənin verildiyi xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2013-cü il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Mahamalar kənd soveti tərəfindən x xxxxxx 1980-cı il tarixdə verilmiş Vİ-JQ seriyalı 414150 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh x xxxxxx 1980-cı il tarixdə anadan olmuş, atası Nümayəndə2, anası X5yazılmışdır. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Mahamalar kənd soveti tərəfindən xx xxxx 1989-cu il tarixdə verilmiş XİV-JQ seriyalı 307499 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx xxx 1989-cu il tarixdə anadan olmuş, atası Nümayəndə1, anası X6yazılmışdır. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Təhsil Nazirliyi Balakən Rayon Təhsil Şöbəsi X20 Şahmat Məktəbinin xx xxxxxx 2018-ci il tarixli, 07 №-li əmrindən çıxarışdan görünür ki, X11- şahmat üzrə X20 Məktəbinin məşqçi müəllimi, Balakən Rayon Məhkəməsinin iş № 2 (019)-183/2017 saylı,xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən işə bərpa edilmişdir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən fərdi sahibkar X7 avqust 2020ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən fərdi sahibkar X7 yanında sürücü işləyir və yanvar 2019-cu il tarixdən iyul 2020-ci il tarixədək onun əmək haqqı 9000 (doqquz min) rus rublu təşkil etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki,İddiaçı Cavabdeh ilə xx xxxxxxxx 2011-ci ildə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 223 sayla rəsmiləşdirməklə, evlənmişlər. Tərəflərin birgə nikahından xx xxxx 2013-cü il tarixdə X16 adında bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-949/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış və xx xxxxxxxx 2011-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 223 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahından xx xxxx 2013-cü il tarixdə doğulmuş X16 anası İddiaçı yanında saxlanılmış, ərizənin verildiyi xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2013-cü il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı X15 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı X1 üçün Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-949/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 130 manat alimentin miqdarının artırılaraq hər ay 170 manat miqdarında müəyyən olunmasın xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «X9» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «X9» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə,valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. AzərbaycanRespublikasıAilə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanun normasının mənasına görə tərəflərinin ailə vəziyyətlərinin dəyişməsi dedikdə, aliment ödəyən şəxslərin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Aliment ödəyən şəxsin vəziyyətinin dəyişməsinə o hallar da daxildir ki, onunla müqayisədə birinci növbədə aliment ödəməli olan şəxslər meydana çıxmış olur. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən tərəflərin maddi vəziyyətinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanun normasının mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment öbdəyən şəxs gəlirləri azaldıqda, o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində məhkəməyə həmçinin tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimentin miqdarını dəyişməsi və ya alimenti ödəyən şəxsi onun ödəməkdən azad etməsi səlahiyyətləri verilmişdir. Tərəflərin başqa diqqətəlayiq maraqlarına aliment alan şəxsin aliment verən şəxsə qarşı cinayət törətməsi və yaxud ailədə nalayiq hərəkətlərə yol verməsi; ailə üzvləri ilə amansız davranması, spirtli içkilərdən və narkotik vasitələrdən sui-istifadə etmsəsi və bu səpkidə sair hallar aid edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Göstərilən qanun normasına görə cavabdehdən alınan vaxtaşırı ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar yalnız qətnamə qanuni qüvvəyə mindikdən sonra dəyişdikdə vaxtaşırı ödəmələrin miqdarının və müddətlərinin dəyişdirilməsinə dair yeni iddia verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-949/2019 saylı qətnaməsilə alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki iş üzrə Cavabdeh ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmamış, gəliri artmamış, həmçinin onun diqqətəlayiq hər hansı maraqları meydana çıxmamışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-949/2019 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən olunarkən tərəflərin, ailə və maddi vəziyyəti, diqqətəlayiq maraqları, 2019-cu il üçün ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləği, valideynlərin uşaqlarına həmin yaşayış minimumu məbləğindən az olmayan maddi təminat yaratmaq vəzifəsi və bu xüsusda tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipi nəzərə alınmışdır. İddiaçı Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-949/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verməmiş, qətnamədə alimentin tutulmasına əsas olmuş faktoloji və hüquqi halları mübahisələndirməməklə, qəbul etmişdir. Aliment təyin olunduqdan sonra isə Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) səbəb ola biləcək ailə və maddi vəziyyətində hər hansı halın baş verməsi müəyyən olunmur. Ona görə də məhkəmə hesab edir ki, hazırki işdə alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) əsas ola biləcək hallar müəyyən olunmadığı üçün bu alimentin miqdarının dəyişdirilməsi (artırılması) şübhəsiz kimi, cavabdehin maddi vəziyyətinə əsaslı şəkildə mənfi təsir göstərəcəkdir ki, bu da yolverilməzdir. Həm də o hal nəzərə alınmalıdır ki, qanuna görə uşağı saxlamaq hər iki valideynin borcudur və bu xüsusda məhkəmə qətnaməsilə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin (iddiaçının) üzərinə düşməsi nəzərə alınmış və ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş minimum yaşayış məbləğinin çox hissəsi (130 manat) məbləğində aliment ödənişi cavabdehin üzərinə qoyulmuşdur. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iş üzrə iddiaçı da işləməklə aylıq müəyyən qazanca malikdir. Belə olan halda ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləği miqdarında aliment ödənişinin tam olaraq cavabdehin üzərinə qoyulması təbii kimi, cavabdeh üçün ağır maddi məhrumiyətlər yaratimaqla tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipini pozardı və bu da hüququn universal prinsipi olan haqq-ədalət prinsipinə zidd olardı. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədalət prinsipini bərabər mənafelərə bərabər münasibət kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, alimentin artırılması barədə məhkəməyə müraciət edən şəxs bu tələbini mötəbər sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X19 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-949/2019 saylı qətnaməsilə alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olması və gəlirləri artmaqla maddi vəziyyətinin yaxşılaşması və ya başqa formada maddi vəziyyətində dəyişiklik olması, həmçinin başqa diqqətəlayiq maraqlarının meydana çıxması və bu halların təyin olunmuş alimentin miqdarının artırılması üçün faktoloji və hüquqi əsas yaratmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu xüsusda məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi cavabdehin Rusiya Federasiyasında yaşaması onun yüksək qazanc əldə etməsi və maddi vəziyyətinin yaxşılaşmasını sübut edən hal kimi qəbul oluna bilməz. Qeyd edilənlər də iddia tələbinin tamamilə əsassız olmasını göstərir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı Muradova (Mahmudova) Arzu Sabir qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar