Məhkəmə qərarları › İş №2(019)-687/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-687/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-687/2021 27.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 28.03.2019-cu il tarixli, 169CLM30348678AA saylı kredit müqaviləsinə əsasən 3194.65 AZN əsas; 638.77 AZN faiz; cəmi 3833.42 AZN məbləğində borcun, 30.10.2018-ci il tarixli, **********01944169 saylı kredit xətti müqaviləsinə əsasən 2431.06 AZN əsas; 492.98 AZN faiz; cəmi 2924.04 AZN borcun və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.03.2019-cu il tarixli, 169CLM30348678AA saylı kredit müqaviləsinə əsasən ona 34 ay müddətinə, illik 24.72 faiz dərəcəsi ilə 5850 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30.10.2018-ci il tarixli, **********01944169 saylı kredit xətti müqaviləsinə əsasən ona 59 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 2700 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödənməsi barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında buğlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 19.05.2021-ci il tarixə İddiaçı ASC-yə 28.03.2019-cu il tarixli, 169CLM30348678AA saylı kredit müqaviləsinə əsasən 3194.65 AZN əsas, 638.77 AZN faiz, cəmi 3833.42 AZN borcu, 30.10.2018-ci il tarixli, **********01944169 saylı kredit xətti müqaviləsinə əsasən 2431,06 AZN əsas, 492.98 AZN faiz; cəmi 2924.04 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Açıq Cəhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Hazırki iş üzrə 02 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, 29.09.2020-ci il tarixdən 03.01.2021-ci il tarixədək səfərbərlik üzrə Qarabağ döyüşlərində iştirak etdiyini və hərbi xidmətdə olduğunu, yalnız 03.01.2021-ci il tarixdə səfərbərlikdən tərxis edildiyini bildirmiş, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, 27 dekabr 2021-ci il saat 10.05-ə təyin edilmiş məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan 28.03.2019-cu il tarixli, 169CLM30348678AA saylı kredit müqaviləsindən və ödəniş sənədlərindən görünür ki, Cavabdeh 34 ay müddətinə, illik 24.72 faiz dərəcəsi ilə 5850 AZN məbləğində kredit verilmişdir. İşdə olan 30.10.2018-ci il tarixli, **********01944169 saylı kredit xətti müqaviləsindən və ödəniş sənədlərindən görünür ki, Cavabdeh 59 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 2700 AZN məbləğində kredit verilmişdir. İşdə olan 27.05.2021-ci il tarixli, 135000/1047 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 19.05.2021-ci il tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 28.03.2019-cu il tarixli, 169CLM30348678AA saylı kredit müqaviləsinə əsasən 3194.65 AZN əsas; 638.77 AZN faiz; cəmi 3833.42 AZN məbləğində borcu, 30.10.2018-ci il tarixli, **********01944169 saylı kredit xətti müqaviləsinə əsasən 2431.06 AZN əsas; 492.98 AZN faiz; cəmi 2924.04 AZN borcu vardır. İş materiallarına əlavə edilmiş SX0205051 nömrəli hərbi biletdən çıxarışdan və iş matertiallarından görünür ki, Cavabdeh 29.09.2020-ci il tarixdən 03.01.2021-ci il tarixədək İİ Vətən Müharibəsində iştirak etmiş, ordu sıralarında olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 29 noyabr 2021-ci il tarixli, 9/5356 saylı rəyindən görünür ki, Cavabdeh 28.03.2019-cu il tarixli, 169CLM30348678AA saylı kredit müqaviləsi üzrə “KapitalBank» ASC-yə olan borcu 27.05.2021-ci il tarixə (sualda qeyd olunan tarixə) əsas borc üzrə 3194,65 manat və faiz borcu üzrə 638,77 manat, 29.09.2020-ci il tarixdən 03.01.2021-ci il tarixədək (sualda qeyd olunan tarixə) faiz borcu üzrə 206,51 manat, 30.10.2018-ci il tarixli, **********01944169 saylı kredit xətti müqaviləsi üzrə 27.05.2021-ci il tarixə (sualda qeyd olunan tarixə) əsas borc üzrə 2431,06 manat və faiz borcu üzrə 492,98 manat, 29.09.2020-ci il tarixdən 03.01.2021-ci il tarixədək (sualda qeyd olunan tarixə) faiz borcu üzrə 159,33 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 29 noyabr 2021-ci il tarixli, 9/5356 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. İş materiallarında olan 26.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən qanun normalarına istinad edən məhkəmə 28.03.2019-cu il tarixli, 169CLM30348678AA saylı kredit müqaviləsini, 30.10.2018-ci il tarixli, **********01944169 saylı kredit xətti müqaviləsini, 27.05.2021-ci il tarixli 135000/1047 nömrəli maliyyə arayışını, məhkəmə-mühasibatlıq ekspertizasının 29 noyabr 2021-ci il tarixli, 9/5356 saylı rəyini, ödəniş sənədlərini işin hallarını bir-biri ilə əlaqəli şəkildə təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İş materiallarından görünür ki, Cavabdeh 29.09.2020-ci il tarixdən 03.01.2021-ci il tarixədək İİ Vətən savaşında iştirak etmiş və hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olmuşdur. Bu dövr ərzində yaranan faiz borcalarına görə o, məsuliyyət daşıya bilməz. Belə ki, həmin 29.09.2020-03.01.2021-ci il dövrü üzrə kredit müqavilələri əsasında müəyyən olunmuş faizlərin ödənilməməsi onun təqsiri nəticəsində baş verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu gecikdirmə sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-c i maddəsinə əsasən borclu öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.2-ci maddəsinə əsasən iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvvələrin tərkibində olduqda iddia müddətinin axımı dayandırılır. Göründüyü kimi qanunvericilik borclunun öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət müəyyən edir. İşdəki sübutlardan isə görünür ki, Cavabdeh 29.09.2020-ci il tarixdən 03.01.2021-ci il tarixədək Vətənin-Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olmuşdur. Ona görə də cavabdehin, 29 noyabr 2021-ci il tarixli, 9/5356 saylı ekspertiza rəyinə əsasən 28 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə 29.09.2020-ci il tarixdən 03.01.2021-ci il tarixədək yaranmış 206,51 manat faiz borcu və 30 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 29.09.2020-ci il tarixdən 03.01.2021-ci il tarixədək yaranmış 159,33 manat faiz borcu öhdəliklərini yerinə yetirməməsinə görə təqsiri yoxdur və bu öhdəliklərə görə məsuliyyət daşıya bilməz. Ona görə də 28 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehə 29.09.2020-ci il tarixdən 03.01.2021-ci il tarixədək hesablanmış 206,51 manat faiz borcu həmin müqavilə üzrə ümumi hesablanmış 638.77 manat faiz borcundan və 30 oktyabr 2018-ci il tarixli kredit xətti müqaviləsi üzrə cavabdehə 29.09.2020-ci il tarixdən 03.01.2021-ci il tarixədək hesablanmış 159.33 manat faiz borcu həmin müqavilə üzrə ümumi hesablanmış 492.98 manat faiz borcundan çıxılmalıdır. Cavabdeh 28 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə ümumi hesablanmış 638.77 manat faiz borcundan həmin 206.51 manat çıxdıqda bu faiz 432.26 manat, 30 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 492.98 manat faiz borcundan həmin 159.33 manat faiz borcu çıxdıqda bu faiz 333.65 manat edir. Beləlikdə Cavabdeh 28 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçı banka 3194.65 manat əsas borc və 432.26 manat faiz borcu olmaqla ümumi borcu 3626.91 manat, 30 oktyabr 2018-ci il tarixli kredit xətti müqaviləsi üzrə 2431.06 manat əsas borc və 333.65 manat faiz borcu olmaqla cəmi borcu 2764.71 manat təşkil edir və məhkəmə bu məbləğləri qəbul edir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.03.2019-cu il tarixli, 169CLM30348678AA saylı kredit müqaviləsinə əsasən ona 34 ay müddətinə, illik 24.72 faiz dərəcəsi ilə 5850 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30.10.2018-ci il tarixli, **********01944169 saylı kredit xətti müqaviləsinə əsasən ona 59 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 2700 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödənməsi barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında buğlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin İddiaçı ASC-yə 28.03.2019-cu il tarixli, 169CLM30348678AA saylı kredit müqaviləsi üzrə 3194.65 manat əsas borc və 432.26 manat faiz borcu olmaqla cəmi 3626.91 manat borcu, 30.10.2018-ci il tarixli, **********01944169 saylı kredit xətti müqaviləsi üzrə 2431.06 manat əsas borc və 333.65 manat faiz borcu olmaqla cəmi 2764.71 manat borcu yaranmışdır. İddiaçı bank tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 28.03.2019-cu il tarixli, 169CLM30348678AA saylı kredit müqaviləsinə əsasən 3194.65 AZN əsas borc və 30.10.2018-ci il tarixli, **********01944169 saylı kredit xətti müqaviləsinə əsasən 2431.06 AZN əsas borc tələbi əsaslıdır və təmin olunmalıdır. Həmçinin 28.03.2019-cu il tarixli, 169CLM30348678AA saylı kredit müqaviləsinə əsasən 638.77 AZN faiz borcu tələbi 432.26 manat faiz borcu hissəsində və 30.10.2018-ci il tarixli, **********01944169 saylı kredit xətti müqaviləsinə əsasən 492.98 AZN faiz borcu tələbi 333.65 manat faiz borcu hissəsində təmin edilməli, iddia bu məbləğlərdən artıq faiz borcu tələbləri hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesanı keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağrılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 28.03.2019-cu il tarixli, 169CLM30348678AA saylı kredit müqaviləsinə əsasən 3194.65 AZN əsas; 432.26 manat faiz; cəmi 3626.91 AZN məbləğində borc, 30.10.2018-ci il tarixli, **********01944169 saylı kredit xətti müqaviləsinə əsasən 2431.06 AZN əsas; 333.65 AZN faiz; cəmi 2764.71 AZN borc və ödənilmiş 28,38 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin iş üzrə 100 manat ekspertiza xərcinin 94.59 manatı Cavabdeh və 5.41 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Cavabdeh İddiaçı ASC-nin xeyrinə 28.03.2019-cu il tarixli, 169CLM30348678AA saylı kredit müqaviləsinə əsasən 3194.65 AZN əsas; 432.26 manat faiz; cəmi 3626.91 AZN məbləğində borc, 30.10.2018-ci il tarixli, **********01944169 saylı kredit xətti müqaviləsinə əsasən 2431.06 AZN əsas; 333.65 AZN faiz; cəmi 2764.71 AZN borc və ödənilmiş 28,38 manat dövlət rüsumu tutulsun; iddia qalan hissədə təmin olunmasın; iş üzrə 100 manat ekspertiza xərcinin 94.59 manatı Cavabdeh və 5.41 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar