Məhkəmə qərarları › İş №2(019)-708/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-708/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-708/2021 02.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı "xxxx" X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «FİNCA Azerbaijan» X2 Bank Kredit Təşkilatı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada əsas borc üzrə 2018.00 AZN, faiz borcuna görə 294.61 AZN, cərimə borcuna görə 0,00 AZN, cəmi 2312.61 (iki min üç yüz on iki manat, altmış bir qəpik) AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X2 Bank Kredit Təşkilatı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2015-ci il tarixli, **********7482 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 34% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 146 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit Verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 14.01.2015-ci il tarixli, **********7482 saylı kredit müqaviləsi 02.05.2016-ci il tarixli **********1660 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1925.62 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Beləliklə, 21.05.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 borcu əsas borc üzrə 2018.00 AZN, faiz borcuna görə 294.61 AZN, cərimə borcuna görə 0,00 AZN, cəmi 2312.61 (iki min üç yüz on iki manat, altmış bir qəpik) AZN təşkil edir. İddiaçı "xxxx" X2 Bank Kredit Təşkilatı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Ramil Heydərov məhkəməyə teleqram göndərərək, işdə iştirak edə bilməyəcəklərini bildirərək, işə onların iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan 14.01.2015-ci il tarixdə bağlanmış **********7482 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" X2 Bank Kredit Təşkilatından 24 ay müddətinə illik 34 % ödəmək şərti ilə, 2500 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən kredit alan əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə zamin Cavabdeh2 Cavabdeh1 "xxxx" X2 Bank Kredit Təşkilatı qarşısında kredit öhdəliklərinin icra edilməsi üçün birgə məsuliyytəi öz üzərinə götürmüşdür. İşdə olan 02.11.2015-ci il tarixli, **********1660 saylı kredit müqaviləsindən restrukturizasiyasına dair 02.05.2016-cı il tarixli sazişdən və ödəniş planından görünür ki, tərəflərin razılaşmasına görə qalıq borcu 1925.62 manat, kreditin ödəniş müddəti 44 ay müəyyən edilmiş, qalıq məbləğinə 7 faiz dərəcəsi ilə faizlərin hesablanacağı göstərilmişdir. İşdə olan 02.11.2015-ci il tarixli, **********1660 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair sazişə əlavədən görünür ki, kreditin ödəniş müddəti 08.06.2016- 08.01.2020-ci il göstərilmişdir. İşdə olan 21.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı təşkilata 2018.00 AZN əsas, 294.61 AZN faiz, 0.00 AZN cərimə borcu olmaqla, cəmi 2312 AZN borcu vardır. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 20.10.2021-ci il tarixli, 9/6084 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2015-ci il tarixli № **********7482 Kredit Müqaviləsinin Restrukturizasiyasına dair 02.05.2016-cı il tarixdə Sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu 14.01.2017-ci il tarixinədək yəni, müqavilə müddətinə, əsas borc üzrə- 1812,12 manat; faiz borcu üzrə -47,81 manat; 21-05.2021-ci il tarixinədək; əsas borc üzrə-1812,12 manat; faiz borcu üzrə-599,96 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 20.10.2021-ci il tarixli, 9/6084 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, iddiaçı "xxxx" MMM QBKT tərəfindən cavabdehlərə kredit borcunun ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuş və 01.06.2021-ci il tarixdə hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, Cavabdeh1 əsas kredit borcu və faiz borcu barədə 21.05.2021-ci il tarixli maliyyə arayışı ilə məhkəmə-mühasibatlıq ekspertizasının 20 oktyabr 2021-ci il tarixli, 9/6084 №-li rəyi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh1 əsas kredit borcu və faiz borcu barədə 21.05.2021-ci il tarixli maliyyə arayışı mötəbər sübut kimi qəbul olunmalı, məhkəmə-mühasibatlıq ekspertizasının 20 oktyabr 2021-ci il tarixli, 9/6084№-li rəyi isə mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, 02.05.2016-cı il tarixli restrukturizasiya sazişinin 6-cı bəndində göstərilmişdir ki, əgər kredit alan bu saziş üzrə öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kredit verənin hüququ vardır ki, kreditin ödənişini bu saziş imzalananadək tətbiq olunan şərtlərlə və ödəniş cədvəli üzrə tələb etsin. İş materiallarından görünür ki, Cavabdeh1 öhdəliyini icra etmədiyi üçün iddiaçı tərəfindən kreditin ödənişi bu saziş imzalananadək tətbiq olunmuş şərtlərlə və ödəniş cədvəli üzrə tələb edilmişdir. Bu sazişdən əvvəlki ödəniş cədvəlində isə kreditin ödəmə müddətləri 14.02.2015-14.01.2017 il tarixləri göstərilmiş, əsas məbləğ 2500 manat, faiz məbləği 990 manat, cəmi ödəniş məbləği 3490 manat müəyyən edidlmişdir. 21.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən bu 3490 manat cəmi məbləğdən cəmi 1221 manat ödəniş edilmiş, bunun 482 manatı əsas məbləğə, 695,39 manatı isə faiz borcuna hesablanmışdır. Cavabdehə verilən və onun borclu olduğu 2500 manat əsas məbləğdən 482 manat çıxdıqda qalıq əsas borc 2018 manat edir. Həmçinin ödəniş planı üzrə cavabdehin ödəməli olduğu 990 manat faiz borcundan ödənilmiş 695,39 manat çıxdıqda qalıq faiz borcu 294,61 manat edir. Belə olan halda restrukturizasiya sazişi bağlanmazdan əvvəl kredit müqaviləsinin bitdiyi 14.01.2017-ci il tarixə Cavabdeh1 iddiaçı təşkilata 2018 manat əsas borc və 294,61 manat faiz borcu yaranmışdır və bu məbləğlər 21.05.2021-ci il tarixli maliyyə arayışında iş materiallarına, ödəmə sənədlərinə və işdəki digər mötəbər sübutlarla əlaqəli şəkildə əks olunmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının 20 oktyabr 2021-ci il tarixli, 9/6084 №-li rəyində isə cavabdehin 14.01.2017-ci il tarixə əsas borcunun 1812,12 manat və faiz borcunun 47.81 manat olması, həmçinin 21.05.2021-ci il tarixə əsas borcunun 1812,12 manat və faiz borcunun 599,96 manat təşkil etməsinin hansı hesablama sənədlərinə və elmi-tədqiqat metodlarına əsaslanmaqla müəyyən olunması məlum deyildir. Açıq-aşkar görünür ki, həmin ekspertiza rəyində ödəniş məbləğləri konteksində əsas borc və faiz borcu düzgün hesablanmamışdır və işdəki sübutlarla ziddiyyət təşkil edir. Ona görə də məhkəmə Cavabdeh1 əsas borcu və faiz borcu barədə məlumatı əks etdirən 21.05.2021-ci il tarixli maliyyə arayışını mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə işin məhkəmə təhqiqatı zamanı müəyyən olunmuş faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, tərəflər, yəni "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında kredit münasibətlərindən yaranan öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat Cavabdeh1 qarşısında götürülmüş öhdəliklərini icra etmiş, Cavabdeh1 isə iddiaçı qarşısında götürülmüş öhdəliklərini icra etməmiş, onun iddiaçıya sözügedən kredit müqaviləsi üzrə 2018 manat əsas borcu və 294,61 manat faiz borcu olmaqla cəmi 2312,61 manat borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı yönəltdiyi 2018,00 manat əsas borc, 294,61 manat faiz borcu, cəmi 2312,61 manat borc tələbi əsaslıdır və təmin olunmalıdır. İş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə etiraz bildirməmiş və iddia tələbinə hər hansı etirazla bağlı bu etirazı əsaslandıran hallarla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MM QBKT ilə Cavabdeh1 arasında 02.11.2015-ci il tarixli, **********1660 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 02.05.2016-cı il tarixli saziş bağlanaraq, həmin müqaviləyə tərəflərin razılaşmasına görə qalıq borcunun 1925.62 manat və kreditin ödəniş müddətinin 44 ay müəyyən edilməsi, qalıq məbləğinə 7 faiz dərəcəsi ilə faizlərin hesablanacağı, əgər kredit alan bu saziş üzrə öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kredit verənin kreditin ödənişini bu saziş imzalananadək tətbiq olunan şərtlərlə və ödəniş cədvəli üzrə tələb etməsi barədə hüququnun olması haqqında dəyişiklik və əlavə edilərkən zamin Cavabdeh2 razılığı alınmamış, "xxxx" MM QBKT ilə zamin Cavabdeh2 arasında zaminin həmin müqaviləyə edilən dəyişiklik və əlavələrə razılıq verməsi barədə yazılı müqavilə bağlanmamışdır. İş üzrə iddiaçı tərəfindən də "xxxx" MM QBKT ilə zamin Cavabdeh2 arasında sözügedən kredit müqaviləsinə dəyişiklik və əlavələrə razılıq verməsi barədə hər hansı müqavilənin bağlanmasına dair məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Göründüyü kimi, zamin Cavabdeh2 razılığı olmadan həmin zaminin təmin etdiyi öhdəlik dəyişdirilmiş və bu dəyişdirilmə Cavabdeh2 məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmuşdur. Belə ki, həmin dəyişikliyə əsasən kredit müqaviləsinin müddəti 02.05.2016-cı il tarixdən hesablanmaqla artırılmış və 44 ay müddətində müəyyən olunmuşdur. Bu hal isə zaminliyə xitam verilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xiam verilir. Bu əsasla, həmçinin Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə öhdəliyin dəyişdirilməsinə razılıq verilməsi ilə bağlı iddiaçı ilə zamin Cavabdeh2 arasında yazılı müqavilə bağlanmadığına görə zamin həmin dəyişdirilmiş öhdəlik üzrə Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Digər tərəfdən, hətta "xxxx" MM QBKT ilə zamin Cavabdeh2 arasında sözügedən kredit müqaviləsinə edilən dəyişiklik və əlavələrə razılıq verməsi barədə yazılı müqavilə bağlansaydı belə, zaminliyin verilmə müddəti qurtardlığına görə iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 14.01.2015-ci il tarixli, **********7482 saylı kredit müqaviləsi ilə iddiaçı "xxxx" MM QBKT tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 34 faiz dərəcəsi ilə 2500 AZN məbləğində kredit verilmişdir. 02.11.2015-ci il tarixli, **********1660 saylı kredit müqaviləsindən restrukturizasiyasına dair 02.05.2016-cı il tarixli sazişdə və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində kreditin son ödəniş müddəti 08.01.2020-ci il tarix qeyd edilməklə əsas öhdəliyin icrası müddəti göstərilmişdir. İş materiallarında olan "xxxx" MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, həmin müqavilədə bu zaminliyin verilmə müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi, qanun o cümlədən əqdlə təyin edilən müddətin təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar və hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Hazırki mülki işdə olan 14.01.2015-ci il tarixli müqavilədə zaminliyin verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilməmiş, yəni müqavilənin verilmə müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır;Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir; bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır; kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər; mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər; kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır; kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Qanun normalarının tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə kredit müqaviləsi müddətli müqavilədir. Deməli, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün bağlanılan və müddəti göstərilməyən zaminlik müqaviləsinin qüvvədə olma müddəti də kredit müqaviləsinin qüvvədə olma müddəti olaraq hesab olunmalıdır. Qanunun tələbinə əsasən zaminliyin verilmə müddətinin başlanğıcı kredit müqaviləsi üzrə icra müddəti bitdiyi gündən hesablanmalıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə kredit müqaviləsinin 02.05.2016-ci il tarixli sazişə əsasən icra müddətinin bitmə tarixi 08.01.2020-cı ildir. Yəni 14.01.2015-ci il tarixli o cümlədən zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gün 08.01.2020-cı il tarixdir. Belə olan halda məhkəmə hesab edir ki, 14.01.2015-ci tarixli zaminlik müqaviləsi üzrə zamin Aygun Umarovaya qarşı onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni 08.01.2020-cı il tarixdən başlayaraq bir il ərzində iddia irəli sürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliklə təmin edilmiş kredit müqaviləsinin restrukturizasiyasına dair 02.05.2016-ci il tarixli saziş üzrə 44 aylıq kreditlə bağlı öhdəliyin icrası vaxtının başa çatdığı gün 08.01.2020-cı il tarixdir ki, qanuna görə də kreditor, yəni "xxxx" MM QBKT həmin gündən, yəni 08.01.2020-cı il tarixdən başlayaraq bir il ərzində hazırki zamin Cavabdeh2 qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, 14.01.2015-ci il tarixli o cümlədən zaminlik müqaviləsi əsasında zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən zamin Cavabdeh2 qarşı iddia irəli sürülməmiş, bu iddia həmin müddət keçdikdən sonra 09.06.2021-ci il tarixdə irəli sürülmüşdür ki, bu da qanunun tələblərinə ziddir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilir. Zaminliyə xitam verildiyi halda, zamin Cavabdeh2 digər cavabdeh olan borclu Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia zamin olan Cavabdeh2 oğluna münasibətdə təmin edilməməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh1 əsas borc üzrə 2018 AZN, faiz borcuna görə 294.61 AZN, cəmi 2312.61 AZN məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MM QBKT-nın xeyrinə tutulmalı, iddia Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Həmçinin iş üzrə 100,00 manat ekspertiza xərci Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı X3 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; Cavabdeh1 əsas borc üzrə 2018 AZN, faiz borcuna görə 294.61 AZN, cəmi 2312.61 AZN məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MM QBKT-nın xeyrinə tutulsun; iddia Cavabdeh2 münasibətdə təmin edilməsin; iş üzrə 100,00 manat ekspertiza xərci Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı X3 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar