Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-75/2022 27.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə iddiaçı "xxxx" X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" X1 Bank Kredit Təşkilatı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2011 AZN, faiz borcu üzrə 674.00 AZN, cərimə borcuna görə 22.05 AZN olmaqla, cəmi 2707.05 AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMQBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X1 Bank Kredit Təşkilatı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 03.11.2014-cü il tarixli, **********1655 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 (dörd min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 221 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1 -ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin 03.11.2014cü il tarixli, **********1655 saylı kredit müqaviləsi 01.06.2016-ci il tarixli **********7445 nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2063 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Beləliklə, 03.09.2021 -ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 2011.00 AZN əsas, faiz borcu üzrə 674.00 AZN, cərimə borcuna görə 22.05 AZN olmaqla cəmi 2707.05 (iki min yeddi yüz yddi manat, beş qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İddiaçı "xxxx" X1 Bank Kredit Təşkilatı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Ramil Heydərov məhkəməyə teleqram göndərərək, işdə iştirak edə bilməyəcəklərini bildirərək, işə onların iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə təkrarən iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan 03.11.2014-cü il tarixli, **********1655 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" X1 Bank Kredit Təşkilatından 24 ay müddətinə illik 28 % ödəmək şərti ilə 4000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən kredit alan əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin Zamin Cavabdeh2 "xxxx" X1 Bank Kredit Təşkilatı ilə borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən **********1655 saylı Kredit Müqaviləsinin Restrukturizasiyasına dair 01.06.2016-cı il tarixli Sazişdən görünür ki, Kredit müqaviləsi üzrə Kredit Alanın Kredit Verənə qalıq əsas borcu 2063.00 AZN, hesablanmış və ödənilməmiş faizlər 0.00 AZN, cərimə isə 0.00 AZN təşkil edir, bu sazişin 2-ci maddəsində göstərilən məbləğ 28 ay müddətində tamamilə ödəniləcəkdir. Ödəniş cədvəlinə əsasən kreditin son ödəmə müddəti 03.10.2018-ci il tarix təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 03.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı təşkilata 2011,00 AZN əsas, 674,00 AZN faiz, 22,05 AZN cərimə borcu olmaqla, cəmi 2707,05 AZN borcu vardır. İş materiallarından həmçinin görünür ki, iddiaçı "xxxx" MMM QBKT tərəfindən cavabdehlərə kredit borcunun ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuş və 09.09.2021-ci il tarixdə hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İşin məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, 03.11.2014-cü il tarixli, **********1655 saylı kredit müqaviləsi ilə Cavabdeh1 "xxxx" X1 Bank Kredit Təşkilatı tərəfindən 24 ay müddətinə illik 28 % ödəmək şərti ilə 4000 AZN məbləğində kredit verilmiş, zamin Cavabdeh2 "xxxx" X1 Bank Kredit Təşkilatı ilə borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüş, həmin kredit müqaviləsi 28.03.2016-cı il tarixdə restrukturizyasiya olunmuş, 03.11.2014-cü il tarixli kredit müqaviləsinin restrukturizyasiya olunmuş variantı kimi 28.03.2016-cı il tarixli, **********1655 saylı Kredit Müqaviləsinin Restrukturizasiyasına dair 01.06.2016-cı il tarixli Sazişlə Kredit müqaviləsi üzrə Kredit Alanın Kredit Verənə qalıq əsas borcu 2063.00 AZN, hesablanmış və ödənilməmiş faizlər 0.00 AZN, cərimə isə 0.00 AZN, bu sazişin 2-ci maddəsində göstərilən məbləğin 28 ay müddətində tamamilə ödəniləcəyi müəyyən olunmuş, ödəniş cədvəlinə əsasən kreditin son ödəmə müddəti 03.10.2018-ci il tarix qeyd edilmişdir. Tərəflər, yəni "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında kredit münasibətlərindən yaranan öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat Cavabdeh1 qarşısında götürülmüş öhdəliklərini icra etmiş, Cavabdeh1 isə iddiaçı qarşısında götürülmüş öhdəliklərini icra etməmiş, onun iddiaçıya sözügedən kredit müqaviləsi üzrə 2011.00 AZN əsas borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı yönəltdiyi 2011.00 AZN əsas borc tələbi əsaslıdır və tam təmin edilməlidir. İddiaçının cavabdehə qarşı 674.00 AZN faiz borcu və 22.05 AZN cərimə borcu tələbi isə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, hazırki 03.11.2014-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının təsiri altına düşür. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanına əsasən güzəşli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara bank tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərnkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valüyutada olan kreditlərinin əsas məbləğinin devalvasiyası nəticəsində manatla alınmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq edəiləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməli, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödənişlərin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublkasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyyə edilmişdir ki, Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 682000000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeri güzəştli kredit müqailəsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərdən borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyyə edilmişdir. Sözügedən fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Həmin fərmana əsasən probemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kormpensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzəştli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz. Banklar tərəfrindən yalnız əsas kredit borcu tələb edilə bilər. Cavabdeh1 yeni müqavilə bağlanması üçün qanunla müəyyən edilmiş müddətdə iddiaçıya müraciət etməməsi faiz borcunun tutulması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemləri kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli, 551 nöömrəli Fərmanında problemləi kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edlilən müddəaları nəzərə almadan yenidən hazırki vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə barəbər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də qeyd edilən Fərmanın tələbləri nəzərə alınmaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan iki ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əmələ edilməməsi səbəbindən baxılmasından imtina edilə bilinmir. Belə ki, Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələb edilən 674,00 AZN faiz borcu və 22.05 AZN cərimə borcu tələbi hissəsində əsassızdır və təmin olunmamalıdır. İş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə etiraz bildirməmiş və iddia tələbinə hər hansı etirazla bağlı bu etirazı əsaslandıran hallarla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, kredit müqaviləsinin restrukturizasiyasına dair "xxxx" MM QBKT ilə Cavabdeh1 arasında 01.06.2016-cı il tarixli əlavə saziş bağlanmış və həmin əlavə sazişlə qalıq borc 2063 AZN və bu məbləğin ödəniş müddəti 28 ay müddəti kimi müəyyən edilmiş, zaminin razılığı olmadan 03.11.2014-cü il tarixli kredit müaviləsi üzrə zaminin üzərinə götürdüyü öhdəlik dəyişdirilmiş və bu dəyişdirilmə zaminin məsuliyyətinin artmasına səbəb olmuşdur. Belə ki, bu şərtlərlə razılıq və bu şərtlər əsasında borclu Cavabdeh1 öhdəliklərinin icrası ilə əlaqədar birgə məsuliyyət götürməsi barədə "xxxx" MM QBKT ilə zamin Cavabdeh2 arasında yazılı müqavilə bağlanmamış və Cavabdeh2 əlavə sazişin şərtlərinə əsasən borclunun öhdəliklərinin icrasına görə birgə məsuliyyət barədə iddiaçı təkilat qarşısında öhdəlik götürməmişdir. İddiaçı təşkilat da "xxxx" MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 01.06.2016-cı il tarixli əlavə sazişlə qalıq borcun 2063 AZN və bu məbləğin ödəniş müddətinin 28 ay kimi müəyyən edilməsi ilə bağlı Cavabdeh1 öhdəliklərinin icrası ilə əlaqədar birgə məsuliyyət götürməsi barədə "xxxx" MM QBKT ilə zamin Cavabdeh2 arasında yazılı müqavilənin bağlanması və Cavabdeh2 iddiaçı təkilat qarşısında belə bir öhdəlik götürməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə (Mülki Məcəllənin 471-ci maddəsi) zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəlri şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarında o cümlədən qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. İş materiallarından görünür ki, zamin Cavabdeh2 01 iyun 2016-cı il tarixli əlavə sazişlə zamini olduğu 03.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin dəyişdirilməsinə razılıq verməmiş, bu halla bağlı onunla yazılı müqavilə bağlanmamış və ödəniş müddətinin artırılması xüsusunda bu öhdəliyin dəyişdirilməsi onun məsuliyyətinin artmasına səbəb olmuşdur. Zamin Cavabdeh2 Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən zaminliyin dəyişdirilməsi barədə müqavilə bağlamadığı və bu dəyişikliklə bağlı iddiaçı təşkilat qarşısında öhdəliyk götürmədiyi üçün iddiaçı təşkilat qarşısında dəyişdirilmiş kredit öhdəliyinə görə məsuliyyət daşımır. Həmçinin bu dəyişdirilmiş öhdəlik zaminin məsuliyyətinin artmasına səbəb olduğu üçün zamin Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Zaminliyə xitam verildiyi halda zamin Cavabdeh2 borclu Cavabdeh1 kredit öhdəliklərinə görə məsuliyyət daşımır. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, hətta zamin Cavabdeh2 iddiaçı təşkilatla dəyişdirilmiş kredit öhdəliyinə razılıq verilməsi ilə bağlı müqavilə bağlayıb bu məsuliyyəti üzərinə götürsəydi belə, müddətin keçməsinə görə onun zaminliyinə də xitam verilməlidir və ona qarşı iddia tələbi təmin edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, 03.11.2014-cü il tarixli kredit müqaviləsi ilə iddiaçı "xxxx" MM QBKT tərəfindən Cavabdeh1 illik 28.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 (dörd min) AZN məbləğində kredit verilmiş, zamin Cavabdeh2 borclunun iddiaçı təşkilat qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit Müqaviləsinin Restrukturizasiyasına dair 01.06.2016-cı il tarixli əlavə sazişə əsasən Kredit müqaviləsi üzrə Kredit Alanın Kredit Verənə qalıq əsas borcu 2063.00 AZN, hesablanmış və ödənilməmiş faizlər 0.00 AZN, cərimə isə 0.00 AZN təşkil edir, bu sazişin 2-ci maddəsində göstərilən məbləğ 28 ay müddətində tamamilə ödəniləcəkdir. Sözügedən Kredit Müqaviləsinin Restrukturizasiyasına dair 01.06.2016-cı il tarixli əlavə sazişə əlavə olan ödəniş cədvəlində kreditin son ödəniş müddəti 03.10.2018-ci il tarix qeyd edilməklə əsas öhdəliyin icrası müddəti göstərilmişdir. İş materiallarında olan "xxxx" MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, həmin müqavilədə bu zaminliyin verilmə müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi, qanun o cümlədən əqdlə təyin edilən müddətin təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar və hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Hazırki mülki işdə olan 03.11.2014-cı il tarixli qarışıq kredit və zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilməmiş, yəni müqavilənin verilmə müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir; bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır; kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər; mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər; kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır; kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Qanun normalarının tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə kredit müqaviləsi müddətli müqavilədir. Deməli, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün bağlanılan və müddəti göstərilməyən zaminlik müqaviləsinin qüvvədə olma müddəti də kredit müqaviləsinin qüvvədə olma müddəti olaraq hesab olunmalıdır. Qanunun tələbinə əsasən zaminliyin verilmə müddətinin başlanğıcı kredit müqaviləsi üzrə icra müddəti bitdiyi gündən hesablanmalıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə 01.06.2016-cı il tarixli əlavə sazişlə iddia predmetini təşkil edən Kredit Müqaviləsinin bitmə tarixi 03.10.2018-cı ildir. Belə olan halda məhkəmə hesab edir ki, zaminlik müqaviləsi üzrə zaminə qarşı onun təmin edilməsi ehtimal olunan öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni 03.10.2018-cı il tarixdən başlayaraq bir il ərzində iddia irəli sürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminlik müqaviləsi əsasında zaminliklə təmin edilməsi qeyd olunan öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən zamin Cavabdeh2 qarşı iddia irəli sürülməmiş, bu iddia həmin müddət keçdikdən sonra 20.09.2021-ci il tarixdə irəli sürülmüşdür ki, bu da qanunun tələblərinə ziddir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyinə xitam verilir. Zaminliyə xitam verildiyi halda, zamin Cavabdeh2 digər cavabdeh olan borclu Cavabdeh1 kredit öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia zamin olan Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2011.00 AZN əsas borc həmçinin ödənilmiş 22.29 manat məbləğində dövlət rüsumu "xxxx" MM QBKT-nın xeyrinə tutulmalı, iddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; Cavabdeh1 2011.00 AZN əsas borc və ödənilmiş 22.29 manat məbləğində dövlət rüsumu "xxxx" MM QBKT-nın xeyrinə tutulsun; iddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-75/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-75/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver