Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-778/2021 24.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsininin 24 fevral 2020-ci il tarixli, 2(019)-179/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 06.01.2007ci ildə anadan olmuş X5 adında uşağının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2005-ci ilin dekabrın 8-də qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları müddətdə 06.01.2007-ci ildə X5 adında bir uşaqları olmuşdur. Evləndikdən sonra cavabdehlə aralarında ailə münaqişələri zəminində mübahisələri yaranmağa başlamışdır. Tez-tez aralarında ailə münasibətləri zəminində mübahisələri olmuşdur. Buna görə də onunla ailə münasibətləri uzun sürməmişdir. 2016-cı ilin sentyabr ayında ayrılmışlar. Uşaq onun himayəsindədir. Balakən Rayon Məhkəməsinin 2(109)-1179/2018 nömrəli, 24 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 06.01.2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 90 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsininin 24 fevral 2020-ci il tarixli, 2(019)-179/2020 nömrəli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 06.01.2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Ancaq Cavabdeh verdiyi 110 manat miqdarında alimentlə uşağına baxmaq onun üçün çox çətindir. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin Balakən rayon şöbəsində işləyir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasının xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq onun heç yerdə işləmədiyini, İİ qrup əlil olduğunu, ailə başçısını itirməyinə görə ayda 200 manat pensiya aldığını, Cavabdeh isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsində sosial xidmət sektorunda baş mütəxəssis-sosial xidmətçi vəzifəsində işədiyini və onun əmək haqqının 382,50 manatdan artılıraqaq hazırda 500 manat təşkil etdiyini, özünə məxsus evi, torpaq sahəsi və başqa daşınmaz əmlakının olmadığını bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 da təmsil etidiyi İddiaçı izahatına uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Hazırki iş üzrə 12 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə 2005-ci ilin dekabrın 8-də qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları müddətdə 06.01.2007-ci ildə X5 adında bir uşaqları olmuşdur. Evləndikdən sonra iddiaçı ilə aralarında ailə münaqişələri zəminində mübahisələri yaranmağa başlamış, sonradan aralarında ailə münasibətləri zəminində tez-tez mübahisələri olmuşdur. Buna görə də iddiaçı ilə ailə münasibətləri uzun sürməmişdir. 2016-cı ilin sentyabr ayında ayrılmışlar. Birgə nikahlarından olan uşağı hazırda iddiaçının himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin 2(109)-1179/2018 nömrəli, 24 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan 90 manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsininin 24 fevral 2020-ci il tarixli, 2(019)-179/2020 nömrəli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, ondan 06.01.2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 manat alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsində sosial xidmət sektorunda baş mütəxəssis-sosial xidmətçi vəzifəsində işləyir. Onun aylıq vəzifə maaşı 382 manat 50 qəpik olmuş, alimentin artırılması barədə qətnamə çıxarıldıqdan sonra 2020-ci ilin sonlarında artılaraq 500 manat olmuşdur. Hazırda əmək haqqı 500 manatdır. İddiaçı ilə birgə nikahlarından 06.01.2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat məbləğində aliment ödəyə bilər. Ona görə də iddianı qismən- 120 manat aliment tələbi hissəsində qəbul edir. İddianın qismən təmin olunmasına etirazı yoxdur. Cavabdeh sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon VVADQ Şöbəsi tərəfindən 16 mart 2007-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 06 yanvar 2007-ci il tarixdə anadan olmuş, atası İddiaçı, anası Cavabdeh yazılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 2(109)-179/2020 nömrəli, 24 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(019)-1179/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, 06 yanvar 2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon ZAQS Şöbəsi tərəfindən 14 may 1985-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxx 1985-ci il tarixdə anadan olmuş, atası X6, anası X4 yazılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 16 saylı regional ərazi filialı tərəfindən verilmiş 24.09.2021-ci il tarixli, **********7 nömrəli arayışdan görünür ki, İddiaçı 259,78 manat məbləğində ailə başçısını itirdiyinə görə daimi pensiya təyin olunub. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və 12 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə bir uşağın saxlanması üçün Cavabdeh Novruz qızından tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmaqla, hər ay 130 manat miqdarında müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatlarının yüksəlməsi, aliment təyin edilən 24 fevral 2020-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 170 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2021-ci ildə isə 175 manat təşkil etməsi) və bu xüsusda uşağın təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsaslar kimi qəbul edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayan Məhəmməd Bayramovun saxlanması üçün Balakən Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(019)-179/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş 110 manat aliment həmin uşağın yaşının və bu xüsusda tələbatının artması zəminində təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə cavab vermir. Həmçinin aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik baş vermiş, onun əmək haqqı artmışdır. Belə ki, cavabdehin özünün məhkəmədə verdiyi izahatına görə o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsində sosial xidmət sektorunda baş mütəxəssis-sosial xidmətçi vəzifəsində işləyir və onun aylıq vəzifə maaşı 382 manat 50 qəpikdən 500 manatadək artmışdır. Bu fakt tərəflər arasında işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, bu zaman tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Belə ki, cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməklə onun əmək haqqı artsa da, bu müddət ərzində yaşayış tələbatı da artmışdır və cavabdehin bu əmək haqqından başqa hər hansı başqa qazancı (gəliri) müəyyən edilməmişdir. Eyni zamanda diqqətə alınmalıdır ki, iddiaçı da 259,78 manat aylıq pensiya alır. Həmçinin uşaq iddiaçının himayəsində yaşamaqla, onun saxlanması, təlim-tərbiyəsi, təhsili, fiziki və əqli inkişafının təmin edilməsi ilə bağlı iddiaçının üzərinə şübhəsiz ki, çox ağırlıq düşür. İş materialları ilə iddiaçının 259,78 manat pensiyadan başqa digər qazancı (gəliri) də müəyyən edilməmişdir. Bu konteksdə məhkəmə qeyd edir ki, uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideylərin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının və nümayəndəsinin izahatından və iş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaq böyüdükcə onun tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşağı saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Bu xüsusda yuxarıda göstərilənlər, uşağı saxlamağın hər iki valideynin bərabər vəzifəsi olması, aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin hər ay 200 manat müəyyən olunması tələbinin qismən-130 manat hissəsində təmin edilməsi əsaslı və ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, iddia uşağın saxlanması üçün 130 manatdan artıq alimentin dəyişdirilməsi (artırılması) tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf iddia tələbinin əsaslandırıldığı hal kimi aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması və bununla da alimentin miqdarının aylıq 200 manat müəyyən edilməsinin zəruri olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, məhz 200 manat aliment tələbinin tam əsaslı olmasını sübut edə edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bu tələbi sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bu xüsusda məhkəmə qeyd edir ki, iddiaçı tərəf alimentin miqdarının hər ay 200 manat müəyyən olunması ilə bağlı öz tələbinin əsaslandırıldığı halları sübuta yetirə bilmədiyindən onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, təyin olunmuş aliment məbləğinin artırılaraq hər ay 200 manat miqdarında müəyyən edilməsi heç şübhəsiz ki, işin hallarına və cavabdehin əmlak vəziyyətinə qətiyyən uyğun olmayacaq, cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaradacaq, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması və onların müəyyən aylıq qazanca malik olmaqla uşaq üçün qanunvericilikdlə nəzərdə tutulmuş maddi təminat yaratmaq imkanı zəminində onların mənafeləri arasında ədalətli tarazlıq prinsipini pozmuş olacaqdır. Eyni zamanda məhkəmə alimentin miqdarının hər ay 120 manat müəyyən edilməsi barədə cavabdehin mülahizəsini də əsaslı hesab etmir. Belə ki, bu məbləğ uşağın təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması tələbinə cavab vermir. Ona görə də məhkəmə təyin olunmuş alimentin miqdarının ayda 130 manatadək dəyişdirilməsi (artırılması), bu məbləğdən artıq tələb hissəsində isə iddianın rədd olunması nəticəsinə gəlir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(019)-179/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 06 yanvar 2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh 130 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. İddia ayda 110 manat aliment məbləğindən artıq aliment tələbi hissəsində isə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 19,5 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X11” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(019)-179/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); 06 yanvar 2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh 19,5 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-778/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-778/2021
24.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver