Məhkəmə qərarları › İş №2(019)-780/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-780/2021

27.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-780/2021 27.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Sədullah qızının və Cavabdeh Zəməddin oğlunun iştirakı ilə, İddiaçı Sədullah qızının Cavabdeh Zəməddin oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Sədullah qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)-1146/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişdirilməklə himayəsində olan, 02 iyul 2004-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün cavabdeh X2 hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə 2001 -ci ilin noyabr ayının 3-də qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 20 sentyabr 2003-cü ildə Balakən VVAQ şöbəsində 174 sayla rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikah dövründə 09 aprel 2003cü il tarixdə X8 və 02 iyul 2004-cü il tarixdə X4 adında iki uşaqları olmuşdur.Cavabdehlə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Balakən Rayon Məhkəməsinin 20 iyul 2011 -ci il tarixli, 2(019)-270/2011 saylı qətnaməsinə əsasən himayəsində olan iki uşağın baxılıb saxlanılması üçün cavabdeh X2 hər ay hər uşaq üçün 40 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. 2015-ci il tarixdə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)- 1146/2015 nömrəli qətnaməsinə əsasən alimentin miqdarı artırılmış, hər ay hər uşaq üçün 60 manat müəyyən olunmuşdur. Hal-hazırda oğlu 09 aprel 2003-cü il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatdığından alimentin tutulması 1 uşağa nisbətdə dayanmışdir. Qızı-02 iyul 2004-cü il tarixdə doğulmuş X3 isə hələ yetkinlik yaşına çatmamışdır. Oğlu yetkinlik yaşına çatmasına baxmayaraq, onun təhsil xərclərini və digər tələbatlarını özü ödəyir. O, hal-hazırda heç bir yerdə işləmir. Balakən Rayon Məhkəməsinin 2(019)- 1146/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 60 manat alimentlə uşaqların pal- paltarlarının, sağlamlığının, maddi təminatlarının və təhsil xərclərinin ödənilməsi heç cür mümkün deyildir. Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, o, 2001-ci ilin noyabr ayında qeyri-rəsmi nikahla İddiaçı ilə evlənmişdir. Nikahlarını isə 20 sentyabr 2003-cı ildə rəsimiləşdirmişlər. Birgə nikahlarından 09 aprel 2003-cü ildə X8 və 02 iyul 2004-cü ildə isə X4 adında iki uşaqları olmuşdur. Evləndikdən sonra iddiaçı ilə aralarında ailə münaqişələri zəminində mübahisələri yaranmağa başlamış,buna görə iddiaçı ilə aralarında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı ilə birgə nikahlarından olan uşaqlar hazırda iddiaçının himayəsində yaşayırlar . Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli, 2(019)-1146/2015 nömrəli qətnaməsinə əsasən 09 aprel 2003-cü ildə anadan olmuş X14 oğlunun və 02 iyul 2004-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan hər ay hər bir uşaq üçün 60 manat alimentin tutulub, İddiaçı qızına verilməsi qət edilmişdir. Hazırda o, Balakən Rayon Elektirik Şəbəkəsində nəzarətçi vəzifəsində işləyir. İddiaçının tələb etdiyi məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddianı qismən təmin olunmasına etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 fevral 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 221373 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X4 02 iyul 2004-cü il tarixdə anadan olmuş, həmin şəhadətnamədə uşağın atası X12 oğlu, anası qrafasında isə İddiaçı Sədullah qızı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 mart 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 119990 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X7 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli, 2(019)-1146/2015 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş,09 aprel 2003-cü ildə anadan olmuş X6 və 02 iyul 2004-cü il tarixdə anadlan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Balakən Rayon Məhkəməsininin 20 iyul 2011-ci il tarixli, 2(019)-270/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdidirilərək 24 avqust 2015-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 60 (altmış) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı Sədullah qızına verilməsi,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı Sədullah qızının xeyrinə bir uşağın saxlanması üçün Cavabdeh Zaməddin oğlundan tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmaqla, hər ay 160 manat miqdarında müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatlarının yüksəlməsi, aliment təyin edilən 22 sentyabr 2015-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 108 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2021-ci ildə isə 175 manat təşkil etməsi) və bu xüsusda uşağın təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsaslar kimi qəbul edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayan Şəmsiyyə Əhmədovanın saxlanması üçün Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2015-cı il tarixli, 2(019)-1146/2015 nömrəli qətnaməsi ilə təyin edilmiş aylıq 60 manat aliment həmin uşağın yaşının və bu xüsusda tələbatının artması zəminində təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə cavab vermir. Belə ki, aliment təyin olunduqdan sonra uşağın yaşayış tələbatı artmışdır. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması və Cavabdeh Zaməddin oğlunun yeni ailə qurması da nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, bu zaman tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynlərin hər ikisinin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının iddia ərizəsindən, məhkəmə iclasında verdiyi izahatndan və iş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur və uşağın mənafeyinə uyğun deyildir. Belə ki, uşaq böyüdükcə onun tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşağı saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Bu xüsusda yuxarıda göstərilənlər, aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin hər ay 200 manat müəyyən olunması tələbinin qismən-hər ay 160 manat hissəsində təmin edilməsi əsaslı və ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia uşağın saxlanması üçün hər ay 160 manatdan artıq alimentin dəyişdirilməsi (artırılması) tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsaslandırıldığı hal kimi aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasıonun yüksək yaxşı qazanc əldə etməsi və bununla da alimentin miqdarının aylıq 200 manat müəyyən edilməsinin zəruri olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmiş, məhz 200 manat aliment tələbinin tam əsaslı olmasını sübut edə edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bu tələbi sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, təyin olunmuş aliment məbləğinin artırılaraq hər ay 200 manat miqdarında müəyyən edilməsi heç şübhəsiz ki, işin halları, yeni ailə qurması zəminində cavabdehin əmlak vəziyyətinə qətiyyən uyğun olmayacaq, cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaradacaq, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması konteksində onların mənafeləri arasında ədalətli tarazlıq prinsipini pozmuş olacaqdır. Ona görə də məhkəmə təyin olunmuş alimentin miqdarının ayda 160 manatadək dəyişdirilməsi (artırılması), bu məbləğdən artıq tələb hissəsində isə iddianın təmin olunmaması nəticəsinə gəlir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli, 2(019)-1146/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 02 iyul 2004cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən Cavabdeh Zaməddin oğlundan hər ay 160 manat sabit pul məbləğində aliment İddiaçı Sədullah qızının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh Zaməddin oğlundan 24 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X13” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli, 2(019)-1146/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); 02 iyul 2004-cü il tarixdə doğulmuş X10 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən Cavabdeh Zaməddin oğlundan hər ay 160 manat sabit pul məbləğində aliment İddiaçı Sədullah qızının xeyrinə tutulsun; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh Zaməddin oğlundan 24 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar