Məhkəmə qərarları › İş №2(019)-883/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-883/2020

24.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-883/2020 24.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, X1 və Cavabdeh iştirakı ilə, X1 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Məhkəməsinin 2(019)-1038/2019 saylı, xx.xx.2019-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan xx xxxxxx 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 iddiasını müdafiə edərək, izahatında göstərdi ki, Cavabdeh ilə 2012-ci ilin noyabr ayında qeyri-rəsmi nikahla evlənmiş və onların nikahlarından xx xxxxxx 2013-cü il tarixində X5 adında bir uşaqları doğulmuşdur. Onlar ailə qurandan sonra bir müddət mehriban ər-arvad kimi yaşamış, sonralar cavabdehlə aralarında ailə münasibətləri zəminində narazılıqlar yaranmağa başlamışdır. Aralarında yaranan narazılıqlara səbəb xasiyyətlərinin uyğun gəlməməsi, cavabdehin işləməməsi və bir-birini başa düşməməsi olmuşdur. Aralarında olan ailə münaqişələri kəskin xarakter almış və ailədə dözülməz hal yaranmışdır. Buna görə də o, uşağını özü ilə birlikdə götürüb, evdən ayrılmış və valideynləri iləyaşamağa başlamışdır. Qızı onun himayəsində yaşayır və Cavabdeh uşağın baxılması ilə demək olar ki, maraqlanmır, laqeydir. O, uşağın tələbatını təkbaşına ödəməkdə çətinlik çəkir. 2019-ci ildə aliment ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-1038/2019 saylı, xx.xx.2019-cü il tarixli qətnaməsinə əsasən hər ay bir uşaq üçün 100 ( bir yüz) manat miqdarında aliment müəyyən edilmişdir. Cavabdeh verdiyi 100 (bir yüz) manat miqdarında alimentlə uşağı baxmaqda çətinlik çəkir. Cavabdeh fərdi işlərdə işləməklə kifayət qədər qazanc əldə etməsinə baxmayaraq, uşağın baxılmasına ona tam köməklik göstərmir. Məhkəmə qərarı ilə təyin olunmuş alimentin məbləği isə uşağın aylıq ehtiyaclarını ödəmir. Onun təkbaşına uşağa baxmağa imkanı yoxdur. Ona görə də alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasının xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, o, 2012-ci ilin noyabr ayında qeyri-rəsmi nikahla İddiaçı ilə evlənmişdir. Nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından xx xxxxxx 2013-cü il tarixdə X5 adında bir uşaqları olmuşdur. Evləndikdən sonra iddiaçı ilə aralarında ailə münaqişələri zəminində mübahisələri yaranmağa başlamış, xasiyyətləri uyğun gəlməmişdir. Buna görə də iddiaçı 2016-cı ilin sentyabr ayında ayrılmışlar. Faktiki nikahlarından olan qızı hazırda iddiaçının himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-1038/2019 nömrəli qətnaməsinə əsasən qızı Tamellanın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan 100 manat alimentin tutulub, İddiaçı verilməsi qət edilmişdir. O, hazırda başqa bir qadınla ailə həyatı qurmuş və xx.xx.2019-cu il tarixdə Damla adında bir qızı olmuşdur. Özü hazırda heç yerdə işləmir və iddiaçının tələb etdiyi 170 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddianın qismən-120 manat aliment tələbi hissəsində qəbul edir. İddianın qismən təmin olunmasına etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 301321 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 2(109)-1038/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 765 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuş İddiaçı ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2013-cü ilindən xx.xx.2020-ci ilədək olan dövrə aid vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikahı haqqında akt qeydli aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 384706 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X4 yazılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu «xxxxxxxx» MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, 10 №-li arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixədək X10 MMC-də fəhlə işləmiş və onun aylıq xalis əmək haqqısı 289,50 manat olmuşdur. Cavabdeh sentyabr ayında səhhətinin pisləşməsi ilə əlaqədar olaraq işə gəlməmiş və xx.xx.2020-ci il tarixdə 03 №-li əmrə işdən azad edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə bir uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmaqla, hər ay 130 manat miqdarında müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «X7» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «X7» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatlarının yüksəlməsi, aliment təyin edilən xx xxxxxx 2019-cu il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 160 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2019-cu ildə uşaqlar üçün yaşayış minimumunun 160 manat, 2020-ci ildə isə 170 manat təşkil etməsi) və bu xüsusda uşağın təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsaslar kimi qəbul edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayan Tamella Əliyevanın saxlanması üçün Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-1038/2019 nömrəli qətnaməsi ilə təyin edilmiş 100 manat aliment həmin uşağın yaşının və bu xüsusda tələbatının artması zəminində təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə cavab vermir. Belə ki, aliment təyin olunduqdan sonra yaşayış tələbatı artmışdır. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması və cavabdehin yeni ailə qurması və himayəsində başqa bir azyaşlı uşağın da olması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, bu zaman tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının izahatından və iş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaq böyüdükcə onun tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşağı saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Bu xüsusda yuxarıda göstərilənlər, aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin hər ay 170 manat müəyyən olunması tələbinin qismən-130 manat hissəsində təmin edilməsi əsaslı və ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia uşağın saxlanması üçün 130 manatdan artıq alimentin dəyişdirilməsi (artırılması) tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf iddia tələbinin əsaslandırıldığı hal kimi aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasıonun yüksək yaxşı qazanc əldə etməsi və bununla da alimentin miqdarının aylıq 170 manat müəyyən edilməsinin zəruri olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, məhz 170 manat aliment tələbinin tam əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bu tələbi sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, təyin olunmuş aliment məbləğinin artırılaraq hər ay 170 manat miqdarında müəyyən edilməsi heç şübhəsiz ki, işin halları, yeni ailə qurması və bu nikahdan doğulmuş daha bir azyaşlı uşağının onun himayəsində olması zəminində cavabdehin əmlak vəziyyətinə qətiyyən uyğun olmayacaq, cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaradacaq, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması konteksində onların mənafeləri arasında ədalətli tarazlıq prinsipini pozmuş olacaqdır. Eyni zamanda məhkəmə alimentin miqdarının hər ay 120 manat müəyyən edilməsi barədə cavabdehin mülahizəsini də əsaslı hesab etmir. Belə ki, bu məbləğ uşağın təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması tələbinə cavab vermir. Ona görə də məhkəmə təyin olunmuş alimentin miqdarının ayda 130 manatadək dəyişdirilməsi (artırılması), bu məbləğdən artıq tələb hissəsində isə iddianın rədd olunması nəticəsinə gəlir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-1038/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 22,94 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-1038/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı xeyrinə ödənilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh 22,94 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar