Məhkəmə qərarları › İş №2(019)-933/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-933/2021

29.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-933/2021 29.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, İddiaçı, Cavabdeh Başir oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh Başir oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair ilk və Cavabdeh Başir oğlunun İddiaçı Eyvaz oğluna qarşı 5987 manat pul tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Başir oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək gübrəyə və vətəndaşlara dəymiş ziyanın- 23 738 (iyirmi üç min yeddi yüz otuz səkkiz) manat pulun Cavabdeh Başir oğlundan tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh Başir oğlu İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Eyvaz oğlundan 5987 (beş min doqquz yüz səksən yeddi) manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, kənd təsərrüfatı məhsullarının alqı-satqısı ilə məşğuldur. Belə ki, Balakən rayonu Tülü kəndində vətəndaşların bağlarında yetişən meyvə ağaclarına martaprel aylarında qulluq edir. Meyvə yetişəndə özü vətəndaşlardan meyvəni alaraq bazara çıxarır. Armud ağaclarına qulluq edən zaman ağacların vegetasiya dövründə, aprel- may aylarında armud ağaclarını dərmanlayır ki, ağac yaxşı bar gətirsin. Bununla bağlı onunla bağ sahibləri arasında heç bir müqavilə bağlanmamış,onlar şifahi olaraq bu razılığa gəlmişlər. O, 5 ildir ki, Cavabdeh ağaclara vurmaq üçün dərmanlar alır. Hər il aldığı dərmanlar keyfiyyətli çıxmışdır. Bu ildə eyni qaydada təxminən 8388 manatlıq dərman almış, dərmanın pulunun bir hissəsini ödəmiş, bir hissəsini məhsulu satıb ödəyəcəyini bildirmişdir.Onun Şahruddinə ümumilikdə 6000 manata yaxın borcu qalmışdır. O,aldığı dərmanları 87 bağa vurmuş, vurduğu dərman keyfiyyətsiz çıxmış,dərman vurduğu bütün ağaclar yararsız vəziyyətə düşmüşdür.Dərman vurulmayan ağacların meyvəsi daha yaxşı olmuşdur. O, Cavabdeh yanına gedərək verdiyi dərmanların keyfiyyətsiz olduğunu,meyvələrin yararsız hala düşdüyünü bildirərək onun pulunu ödəyə bilməyəcəyini demişdir. Eyni zamanda Şahruddinə ona keyfiyyətli dərmanlar verməsini, həmin dərmanları ağaclara vuraraq yaxşı məhsul götürərək ona olan borcunu ödəyəcəyini bildirmişdir. Şahruddin onunla razılaşmış, o da dərmanları apararaq ağaclara vurmuşdur. Şahruddin ona dərmanları hansı qaydada da vuracağını yazıb vermiş, o da eyni qaydada vurmuşdur. O, ağaclara dərmanı iki dəfə vurmuşdur. İkinci dəfə dərmanı vurduğu zaman ağacların yarpaqları yanıb tökülməyə başlamışdır.Bu barədə Şahruddinə bildirdiyi zaman Şahruddin ona əlavə dərmanlar vermişdir ki, onları da aparıb vursun, ancaq heç bir nəticəsi olmamışdır. Yenidən bu barədə Şahruddinə bildirdiyi zaman ona DAİM-dən nümayəndə göndərmişdir. Gələn nümayəndələr ağaclara baxış keçirərək şəkillərini çəkmişdir .Dərman vurduğu bağların sahiblərinin hamısı meyvəyə görə dəymiş ziyanı ondan tələb etməyə başlamışlar. O,həmin şəxslərin hər birini Tülü kənd İcra nümayəndəliyinə dəvət edərək icra nümayəndəliyinin tərtib etdiyi yazılı ərizə ilə hər birinə dəymiş ziyanı ödəmişdir. Balakən rayon X12 Mərkəzinə dəymiş ziyana görə müraciət etdikdə onlar məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Cavabdeh Başir oğlunun satdığı dərmanlar sayəsində ona ümumilikdə 23738 ( iyirmi üç min yeddi yüz otuz səkkiz) manat ziyan dəymişdir. Bunun 8388 manatı keyfiyyətsiz dərmanın dəyəri, 15350 ( on beş min üç yüz əlli) manat hissəsi isə həmin dərmanlardan vətəndaşlara ziyana görə ödədiyi dəyərdir. Həmin zərər ona ödənməlidir. Buna görə də göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, həmçinin göstərdi ki, aldığı dərmanlar keyfiyyətsiz olduğundan o borclu olduğu 6000 manata yaxın pulu Cavabdeh ödəməyəcəkdir. Qarşılıqlı iddia tələbi əsassızdır. Qeyd edilənləri nəzərə alaraq ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, nümayəndəsi olduğu Cavabdeh Başir oğlu 10-15 ildir ki, toxumçuluq ticarəti ilə məşğul olur. İddiaçı Şahruddin Aslanova qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək gübrəyə və vətəndaşlara dəymiş ziyana görə 23738 (iyirmi üç min yeddi yüz otuz səkkiz) manat pulun ondan tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, Cavabdeh Balakən Bazar ASC-nin ərazisində yerləşən mağazada kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulmuş toxum, dərman və s. satışı ilə məşğul olur . 2021-ci ildə Balakən rayonu Tülü kənd sakini X7 onun yanına gələrək onlara bitki və ağaclar üçün dərmanlar lazım olduğunu, qardaşı İddiaçı onun sifariş etdiyi həcmdə dərman vasitələrini verməsini, həmin dərmanları nisyə götürəcəklərini, pulunu İrşad gətirib ona verəcəyini, əgər vermədiyi halda özü ödəyəcəyini bildirmişdir.Şahruddin X2 meyvə alqı-satqısı və s. işlərlə məşğul olan imkanlı şəxs olduğunu bilərək İddiaçı meyvə ağacları üçün nisyə dərmanlar verməyə razı olmuşdur. 2020-ci ildən 2021-ci ilin əvvəllərinədək müxtəlif vaxtlarda İddiaçı 12000 manata yaxın meyvə ağacları üçün dərman vasitələri vermişdir. İddiaçı nisyə verdiyi həmin əmlakların dəyərinin bir hissəsini ona qaytarmış, lakin 5987 (beş min doqquz yüz səksən yeddi) manat borc isə ödənilməmiş qalmışdır. Şifahi razılaşmaya əsasən həmin məbləğ 2021-ci ilin may ayınadək ödənilməli idi. Aralarında olan razılaşmaya görə ödənilməmiş qalan pulu iddiaçının qardaşı X7 ödəməli idi. Lakin Şahruddin pulu Elsevər Layıcovdan pulu tələb etdikdə, o bildirmişdir ki, dərmanı İrşad almış, pulu da İrşad ödəməlidir. Bir müddət sonra İrşaddan qalan borcu qısa müddətdə ödənilməsini tələb etdikdə, o, onun mağazasına yanında bir nəfər şəxslə gələrək Cavabdeh hədə-qorxu gəlmiş, guya ondan aldığı dərmanları ağaclara vurduqda ağacların az məhsul verdiyini, buna görə ziyana düşdüyünü, bu səbəbdən də, ona borcunu ödəməyəcəyini bildirmişdir. Bundan sonra o, da İddiaçı və X2 qanunsuz hərəkətləri və ona olan borcarı ilə bağlı 28 iyul 2021-ci il tarixdə Balakən rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh müraciəti Balakən rayon X9 Bölməsinin təhqiqatçısı polis kapitanı Zaur Xəlilov tərəfindən araşdırılmış, cinayət işinin başlanması rədd edilmiş, İddiaçı və X3 qarşı 5987 manat pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Həmin qərardan da görünür ki, İddiaçı ona olan borcunu etiraf etmişdir. Bundan sonra iddiaçı Layıcov X4 olan borcundan yayınmaq üçün ona qarşı Balakən rayon Məhkəməsində guya satdığı dərman vasitələrinə görə vətəndaşlara və özünə ziyan dəyməsi barədə iddia qaldırmışdır. İddiaçının iddia tələbi ilə razı deyildir. Belə ki, Cavabdeh satdığı dərmanların əksəriyyəti Almaniya istehsalıdır, hamısının da şəhadətnaməsi vardır. Dərmanlardan da istifadə qaydaları dərmanların özündə vardır. Bu dərmanlardan düzgün istifadə olunmamış,yəni dərmandan normadan artıq istifadə olunduqda və günün isti vaxtı istifadə olunduqda dərmanın fəsadları ola bilər.İddiaçı dərmanların keyfiyyətsiz olmasına dair heç bir sübutu yoxdur. Ona görə də onun iddiasını əsassız hesab edir. Qeyd edilənləri nəzərə alıb ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Başir oğlu əvvəlki məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edib, ilk iddianı etiraf etməyərək nümayəndəsi Nümayəndə1la eyni məzmunlu ifadə verərək ilk iddianın rədd edilməsi ,qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən şəhəri X12 Mərkəzinin nümayəndəsi Nümayəndə2 göstərdi ki, o, X13 Mərkəzində baş aqronom vəzifəsində işləyir. Balakən rayonu Tülü kənd sakini İddiaçı Cavabdeh Başir oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı 23.08.2021 -ci il tarixində Tülü kəndində seçmə üsulu ilə adları göstərilən vətəndaşların Xəlilov Murtuzəli, Yetimova Afət, Hüseynova Almaz və digərlərinin həyətyanı sahələrinə vizual baxış keçirilmişdir. Həmin həyətyanı sahələrə, baxış keçirdikdə armud ağaclarının yarpaqlarının qismən töküldüyünü, meyvələrin üstündə olduğunu, digər dərmanlanmamış ağaclara nisbətən inkişafdan qaldığını və üzərlərində ifraz edilmiş şirənin ləkələri müşahidə edilmişdir.İ. Layıcovla söhbət zamanı zərərvericilərə və xəstəliklərə qarşı istifadə edilmiş dərmanların aprel - may aylarında Ş. Aslanovdan alındığını, həmin aylarda da istifadə edildiyi müəyyən edilmişdir. Vurulan dərmanların (“Effekt”, “Armor”, “Ultimatum” və sair funqusid və insektisidlər) keyfiyyətsiz olması barədə ağaclar dərmanlanandan 5-10 gün sonra müraciət edilsəydi, həmin vaxt yerində baxıb qiymət vermək olardı. Dərman vurulandan 3-4 ay keçdiyini nəzərə alaraq dərmanın keyfiyyətini müəyyən etmək mümkün deyildir. Buradan belə mülahizə sürmək olar ki, ağacları dərmanlayan zaman ya işçi məhlulun dozasını artıq ediblər və yaxud günün daha isti vaxtında vurublar. İrşaddan başqa onlara dərmanlarn yararsız olması ilə bağlı müraciət edən olmamışdır. Qeyd etdiyi məsələlərə görə dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır.Qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, O, "xxxx" MMC-də aqronom işləyir. Ona aqronom kimi müraciət olunub. İrşadla birgə bağlara gedib ağaclara baxış keçirmiş və müalicə yazmışdır. May ayında ona təkrarən müraciət olunub ki, ağaclarda şirə axını var. O, təkrar gedib bağlara baxış keçirmiş, və ağaclara zərərverici düşdükdən sonra dərman vurulduğunu bildirmişdir. O, dərman yazmış və onu vurmasını bildirmişdir. Ona iyul ayında təkrar İrşad zəng vuraraq yenidən ağaclarda şirə axını olduğunu bildirmişdir. O, yenidən təkrar bağlara baxış keçirmiş, bir dəfə dərman verməyin yetərli olmadığını, 7-8 gündən sonra təkrar dərman vurulmasını demişdir. O, İrşada ağacların bu vəziyyətə gəlməsinin səbəbinin dərmanın ağaclara düzgün vurulmaması olmasını bildirmişdir. Dərman suya normadan artıq əlavə edildikdə və isti vaxtı vurulduqda onun belə fəsadları ola bilir.Bağ sahibləri də təsdiq etdilər ki, dərmanı vuranlar günorta saatlarında vurublar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Məhəmməd oğlu göstərdi ki, onun bağında 27 armud ağacı var. Keçən il həmin ağaclardan 4 tondan çox məhsul əldə etmişdir. Bu il İddiaçı ağaclara dərman vurduqdan sonra ağaclar yararsız hala düşüb məhsul ala bilməmişdir.Onun həyətindəki ağacların dərmanlanmasını iki nəfər tanımadığı şəxs həyata keçirtmişdir. O,zərərə görə İrşaddan 2700 manat pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 qızı göstərdi ki, İddiaçı neçə ildir ki onların bağının meyvəsini alır. Bu ildə 6 dəfə ağaclara dərman vurub. Ağaclarda meyvə yararsız olduğu üçün bu il məhsul sata bilməmişdir. İrşad ona 490 manat pul ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, İddiaçı 10 ildir ki onun bağının meyvəsini alır. Onun bağında 20 armud ağacı vardır. İlk dəfə ağaclara dərmanın hansı ay vurulduğunu , nə qədər məhsul əldə etdiyini, armudun kilosunu neçədən verdiyini xatırlamır, lakin dərman günorta vaxtı vurulmuşdur.Bu il bağdakı ağaclara dərman vurulandan sonra ağaclar yararsız hala düşmüş, meyvə yetişməmışdir. İrşad armuda görə ona 2500 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, İddiaçı neçə ildir ki onların bağın meyvəsini alır. Onun bağına dərmanı İrşad vurmuşdur. Dərman vurulandan sonra ağacların yarpaqları tökülmüşdür. Bu il meyvə ağacları yararsız hala düşmüş, məhsul olmamışdır. O, İrşada “sən dərman vurandan sonra ağaclar yararsız hala düşüb mənim zərərimi qarşıla» demişdir.İrşad ona 350 manat pul vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki,cinayət hadisəsi olmadığına görə Balakən şəhər sakini vət. Cavabdeh Başir oğlunun şikayəti əsasında toplanılmış HK- 1-607 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh Başir oğlunun Layıcov İrşad Eyvaz oğlu və Layıcov Elsevər Eyvaz oğlu tərəfindən ona ümumilikdə 5987 manat pul vəsaitinin ödənilməsi üçün aidiyyəti üzrə hər iki şəxsin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququnun olması Cavabdeh izah edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X5 Xidməti tərəfindən 23 fevral 2018-ci il tarixdə verilmiş 003055 nömrəli pesiisdlərin, bioloji preparatların və Aqrokimyəvi maddələrin Dövlət Qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx" MMC Cin Xalq Respublikasının «EVERGREEN AGROCHEMİCAL CO.,LTD» şirkəti 12 may 2006-cı il tarixli 441 nömrəli «Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq preparat Deniprid 20SP,insektisid (t.e.m-20 % Acetamiprid) 5 il müddətinə 23.02.2018-ci il 003055 nömrəli dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X5 Xidməti tərəfindən 29 iyun 2018-ci il tarixdə verilmiş 003440 nömrəli pesiisdlərin, bioloji preparatların və Aqrokimyəvi maddələrin Dövlət Qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx"MMC İtaliya Respublikasının «ALBA MİLAQRO internatonal S.p.A.» şirkəti 12 may 2006-cı il tarixli 441 nömrəli «Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq preparat Mixamin, aqrokimyəvi maddə 5 il müddətinə 29.06.2018-ci il 003440 nömrəli dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X5 Xidməti tərəfindən 29 iyun 2018-ci il tarixdə verilmiş 003442 nömrəli pestisidlərin, bioloji preparatların və Aqrokimyəvi maddələrin dövlət Qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx"MMC İtaliya Respublikasının “ALBA MİLAQRO internatonal S.p.A.” şirkəti 12 may 2006-cı il tarixli 441 nömrəli “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq preparat Olipşmix, aqrokimyəvi maddə 5 il müddətinə 29.06.2018-ci il 003442 nömrəli dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X5 Xidməti tərəfindən 10 may 2017-ci il tarixdə verilmiş 002165 nömrəli pestisidlərin, bioloji prepartaların və Aqrokimyəvi maddələrin dövlət Qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx" MMC Almaniya Federativ Respublikasının “DVA AQRO” GmBH şirkəti 12 may 2006-cı il tarixli 441 nömrəli «Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq preparat Bingo 20WP fungisid (t.e.m-200 q/kq Bordeaux mixture) maddə 5 il müddətinə 10.05.2017-ci il 002165 nömrəli dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 10 dekabr 2020-ci il tarixdə verilmiş 001283 nömrəli pestisidlərin, bioloji prepartaların və Aqrokimyəvi maddələrin Dövlət Qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, Almaniya Respublikasının “DVA Agro GmbH” şirkəti 12 may 2006-cı il tarixli 441 nömrəli “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq preparat Pestisid-finqisid ;Effect 70% WP 5 il müddətinə 10.12.2020-ci il tarixində 4756 nömrəli dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 30 yanvar 2020-ci il tarixdə verilmiş 000620 nömrəli pestisdlərin, bioloji preparatların və Aqrokimyəvi maddələrin Dövlət Qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, Almaniya Respublikasının “DVA Agro GmbH” şirkəti 12 may 2006-cı il tarixli 441 nömrəli “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq preparat Pestisid-finqisid ;Armor 350 SC 5 il müddətinə 30.01.2020-ci il tarixində 000620 nömrəli dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 10 dekabr 2020-ci il tarixdə verilmiş 001284 nömrəli pestisidlərin, bioloji preparatların və Aqrokimyəvi maddələrin dövlət Qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, Almaniya Respublikasının “DVA Agro GmbH” şirkəti 12 may 2006-cı il tarixli 441 nömrəli «Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq preparat Pestisid-finqisid ;Korus WC 5 il müddətinə 10.12.2020ci il tarixində 4757 nömrəli dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 30 yanvar 2020-ci il tarixdə verilmiş 000617 nömrəli pestisidlərin, bioloji preparatların və Aqrokimyəvi maddələrin Dövlət Qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, Almaniya Respublikasının “DVA Agro GmbH” şirkəti 12 may 2006-cı il tarixli 441 nömrəli «Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq preparat Pestisid-finqisid ;Metazeb WP 5 il müddətinə 30.01.2020-ci il tarixində 000617 nömrəli dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bitkiçilik sektoru tərəfindən 24 avqust 2021-ci il tarixdə verilmiş 81 nömrəli rəydən görünür ki, Balakən rayonu Tülü kənd sakini İddiaçı Cavabdeh Başir oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı 23.08.2021 -ci il tarixində Tülü kəndində seçmə üsulu ilə adları göstərilən vətəndaşların Xəlilov Murtuzəli,Yetimova Afət,Hüseynova Almaz və digərlərinin həyətyanı sahələrinə vizual baxış keçirilmişdir. Həmin həyətyanı sahələrə, baxış keçirdikdə armud ağaclarının yarpaqlarının qismən töküldüyünü, meyvələrin üstündə olduğunu, digər dərmanlanmamış ağaclara nisbətən inkişafdan qaldığını və üzərlərində ifraz edilmiş şirənin ləkələri müşahidə edilmişdir.İddiaçıla söhbət zamanı zərərvericilərə və xəstəliklərə qarşı istifadə edilmiş dərmanların aprel -may aylarında Ş. Aslanovdan alındığı həmin aylarda da istifadə edildiyi müəyyən edilmişdir. Əgər vurulan dərmanlar (“Effekt”, “Armor”, “Ultimatum” və sair funqusid və insektisidlər) keyfiyyətsiz olsaydı ağaclar dərmanlanandan 5-10 gün sonra müraciət edilsəydi, həmin vaxt yerində baxıb qiymət vermək olardı. Dərman vurulandan 3-4 ay keçdiyini nəzərə alaraq dərmanın keyfiyyətini müəyyən etmək mümkün deyildir. Buradan belə mülahizə sürmək olar ki, ağacları dərmanlayan zaman ya işçi məhlulun dozasını artıq ediblər və yaxud günün daha isti vaxtında vurublar.Qeyd etdiyi məsələlərə görə dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, ilk idda təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı fərdi əməklə məşğul olur, Balakən rayonu Tülü kənd sakinlərinin armud ağaclarının məhsullarını alıb onların satışını həyata keçirir. 2020-2021-ci illərdə o, kənd təsərrüfatı istehsalı üçün zərərvericilərə qarşı Pestisid-finqisid preparatların satışını həyata keçirən Cavabdeh Başir oğlundan 12000 manat dəyərində ““Mixamin”, “Oliqomix”, “Ultimatum”, ”Korus”, “Metazeb” “Denuprid” ,”Ormor” və s. adlı Pestisid-finqisid preparatlarını nisyə almışdır. O, aldığı pestisid-finqisid preparatlarının dəyərinin bir hissəsini ödəmiş, 5987 manat borcunu isə hal-hazıra kimi ödəməmişdir. İddiaçı aldığı pestisid-finqisid preparatlarını may-iyun aylarında müxtəlif şəxslər vasitəsi ilə kənd sakinlərinin bağlarında olan ağaclara vurdurmuşdur. Bir müddətdən sonra ağaclardan şirə axdığını, meyvələrin yaxşı inkişaf etmədiyini,ağacların bəzilərinin yarpaqlarının töküldüyünü müşahidə etmişlər.O,ağaclarda müşahidə olunan vəziyyətin aldığı dərmanların keyfiyyətsiz olmasına görə baş verməsini, nəticədə ona və bağ sahiblərinə ziyan dəydiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini müəyyən edən Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı Layıcov İrşad Eyvaz oğlu ağaclara ziyanın aldığı dərmanların keyfiyyətsiz olması səbəbindən dəydiyini göstərsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Əksinə məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatı və şahid qismində dindirilmiş aqronom Şahid5 oğlunun ifadəsi ilə müəyyən edildi ki, pestisid-finqisid preparatlarından düzgün istifadə edilməməsi, yəni suya normadan artıq əlavə edilməsi, günün isti saatlarında dərmanlanmanın aparılması bu hallara səbəb olsa bilər. Məhkəmə iclasında iddiaçının özünün vəsatəti əsasında dindirilən şahidlərin ifadələrindən isə aydın oldu ki, dərmanlanma günorta vaxtı və mütəxəssis olmayan ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, ilk iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1,600.2,600.4-cü maddələrinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında iddiaçının özünün etirafı, təqdim etdiyi sübutlar əsasında müəyyən edildi ki, onun nisyə olaraq aldığı dərmanlara görə Cavabdeh Başir oğluna 5987 manat borcu vardır. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia təmin edilmədiyindən ilk iddiaya görə iddiaçı tərəfindən ödənmiş dövlət rüsumu xərci onun özünə aid edilməli, qarşılıqlı iddia təmin edildiyindən qarşılıqlı iddiaya görə ödənmiş 30 manat dövlət rüsumu xərci iddiaçıdan alınıb cavabdehə verilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək,işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh Başir oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, İddiaçı 5987 (beş min doqquz yüz səksən yeddi ) manat və 30 manat dövlət rüsumu xərci, cəmi 6017 (altı min on yeddi) manat alınıb Cavabdeh Başir oğluna verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh Başir oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı 5987 (beş min doqquz yüz səksən yeddi ) manat və 30 manat dövlət rüsumu xərci, cəmi 6017 (altı min on yeddi) manat alınıb Cavabdeh Başir oğluna verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar