Məhkəmə qərarları › İş №2(019)-95/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-95/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-95/2021 12.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı BOKT «İddiaçı Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra BOKT «İddiaçı Azərbaycan» MMC) nümayəndəsi Nümayəndə, ölmüş Cavabdeh1 hüquqi varisləri X2, Seyidova (Xurtanova) İlhamə İbrahim qızının və Cavabdeh2 Şaban qızının iştirakı ilə BOKT «İddiaçı Azərbaycan» MMC-nin ölmüş Cavabdeh1 hüquqi varisləri X4, Seyidova (Xurtanova) İlhamə İbrahim qızı, Əmirova (Xurtunova) Aynurə İbrahim qızı və Cavabdeh2 Şaban qızına qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BOKT «İddiaçı Azərbaycan» MMC cavabdehlər Cavabdeh1 Qurbanmahama oğlu və Cavabdeh2 Şaban qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 oğlundan və Xoçberova Ziyafət Şaban qızından 1016.53 ABŞ dolları əsas borc, 307 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1323.53 ABŞ dolları kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq, BOKT İddiaçı Azərbaycan» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin sorğusu əsasında alınaraq, iş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 fevral 2018-ci il tarixli, AZ-İ seriyalı, 925210 nömrəli ölüm haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh1 19 yanvar 2018-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 02 ayının 02 günündə 11 № ilə qeyd edilmişdir. Balakən Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2 (019)-840\2020-ci il tarixli qərardadı ilə BOKT «İddiaçı Azərbaycan» MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işin icraatı ölmüş Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmənin sorğusu əsasında alınaraq, iş materiallarına əlavə edilmiş Balakən Rayon İcra Hakimiyyətinin Mahamalar kənd inzibati ərazi dairəsinin 01 mart 2021-ci il tarixli, 266 №-li arayışından görünür ki, mərhum Cavabdeh1 aşağıda qeyd olunan vərəsələri vardır:1. Arvadı-25.12.1968-ci ildə doğulmuş X5, 2. Qızı-16.11.1993-cü ildə doğulmuş X9 və 3.Qızı- 06.12.1992-ci ildə doğulmuş X10. İş materialları ilə müəyyən olunur ki, X5 mərhum Cavabdeh1 arvadı, Seyidova (Xurtanova) İlhamə İbrahim qızı və Əmirova (Xurtunova) Aynurə İbrahim qızı isə onun qızlarıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respeublikası MPM) 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası MPM-nin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Göstərilənlərə əsasən məhkəmə ölmüş Cavabdeh1 onun hüquqi varisləri olan arvadı X4 və qızları Seyidova (Xurtanova) İlhamə İbrahim qızı və Əmirova (Xurtunova) Aynurə İbrahim qızı ilə əvəz etmiş və hazırki mülki iş üzrə icraatı təzələyərək, məhkəmə baxışına təyin etmişdir. Məhkəmə iclasında iddiaçı BOKT «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, BOKT İddiaçı Azərbaycan MMC ilə Cavabdeh1 arasında bağlanmış 03.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə illik 21% ödəmək şərtilə 1650 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X13 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin kredit alan müqavilənin şərtlərini pozaraq, ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehlərin iddiaçı təşkilata 1016.53 ABŞ dolları əsas, 307 ABŞ dolları faiz olmaqla, cəmi 1323.53 ABŞ dolları borcu yaranmışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydadad həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor BOKT İddiaçı- öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etməklə bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə tərəfindən ölmüş Cavabdeh1 hüquqi varisləri X4, Seyidova (Xurtanova) İlhamə İbrahim qızı və Əmirova (Xurtunova) Aynurə İbrahim qızı ilə əvəz edilmişdir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ölmüş cavabdeh X1 hüquqi varisləri Xurtanova Nailə Şarabiddin qızı və Seyidova (Xurtunova) İlhamə İbrahim qızı iddianı qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsini, BOKT «xxxx» MMC-nin kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair hazırki iddiasının qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti keçirməsi səbəbindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, onun zaminlik müddətinin keçdiyini, həmçinin iddia müddətinin ötdüyünü bildirərək, iddia müddəti və zaminliyin keçmə müddəti tətbiq edilməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Ölmüş Cavabdeh1 digər hüquqi varisi Əmirova (Xurtunova) Aynurə İbrahim qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə ölmüş Cavabdeh1 Qurbanmahma oğlunun digər hüquqi varisi Əmirova (Xurtunova) Aynurə İbrahim qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və ölmüş Cavabdeh1 hüquq varisləri X4 və Seyidova (Xurtanova) İlhamə İbrahim qızının və digər Cavabdeh2 Şaban qızının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, maddi hüquq normalarına istinad edərək hesab edir ki, iddia müddəti keçdiyi üçün hazırki iddia təmin olunmamalıdır. Belə ki, ölmüş Cavabdeh1 hüquqi varisləri X4, Seyidova (Xurtanova) İlhamə İbrahim qızı və Əmirova (Xurtunova) Aynurə İbrahim qızı və Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, BOKT «İddiaçı Azərbaycan» MMC-nin onlara qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasının (iş № 2 (019)-95/2021), iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti keçirməsi səbəbindən rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 03.11.2015-ci il tarixli, 6782 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 oğluna BOKT «İddiaçı Azərbaycan» MMC tərəfindən 18 ay müddətinə illik 21 faizlə 1650 ABŞ dolları kredit verilməsi göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 03.11.2015-ci il tarixli, 6782 saylı Zaminlik Müqaviləsindən görünür ki, BOKT «İddiaçı Azərbaycan» MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən BA/377 nömrəli maliyyə arayışında Cavabdeh1 BOKT «İddiaçı Azərbaycan» MMC-yə 21 sentyabr 2020-ci il tarixə 1016.53 ABŞ dolları məbləğində əsas borc və 307.00 ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə 1323.53 ABŞ dolları borcunun olması göstərilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı BOKT «İddiaçı Azərbaycan» MMC hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qanun normasının mənasından görünür ki, kredit müqaviləsi iki tərəfli müqavilədir. Müqavilə üzrə borc verən pulu borcalana verməli, borcalan həmin pulu qəbul etməlidir. İş materiallarında olan 03.11.2015-ci il tarixli kredit müqaviləsində BOKT «İddiaçı Azərbaycan» MMC-nin mərhum Cavabdeh1 18 ay müddətinə illik 21 faizlə 1650 ABŞ dolları kredit verməsi barədə öhdəlik götürməsi göstərilmişdir. İş materiallarında olan 03.11.2015-ci il tarixli Receiptdə (orderdə) isə Cavabdeh1 hərflərlə yazılmış min altı yüz dolları (hansı ölkənin dolları olması göstərilməmişdir) alması qeyd edilir. Bu sənədlə hansısa məbləğin digər ödənişlər əsasında tutulması və ödənilməsi müəyyən olunmur. Sözügedən Receiptdə Cavabdeh1 03.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə BOKT «İddiaçı Azərbaycan» MMC-dən məhz müqavilədə göstərilən 1650 ABŞ dolları alması görünmür. Eyni zamanda bu Receiptin 03.11.2015-ci il tarixli kredit müqaviləsinin tərkib hissəsi olması iş materialları ilə təsdiq olunmur. Həmçinin həmin sözügedən Receiptin əsli və ya qanunun tələbləri qaydasında təsdiq olunmuş surəti deyil, kserosurəti məhkəməyə təqdim olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 89.1 və 89.3-cü maddələrinin tələblərinə əsasən həmin kserosurət də yazılı sənəd kimi qəbul oluna bilməz. Belə həmin qanun normalarına əsasən yazılı sənədin ya əsli, ya da notarial qaydada və ya ona bərabər qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin Receipt hazırki işdə sübut kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 03.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə BOKT «İddiaçı Azərbaycan» MMC-nin mərhum Cavabdeh1 18 ay müddətinə illik 21 faizlə 1650 ABŞ dolları məbləğində kredit verməsi və onun maliyyə arayışında göstərilən məbləğdə borcunun olması əsaslı şübhələrə səbəb olur ki, iş üzrə iddiaçı tərəfindən də bu şübhələri aradan qaldıran və Cavabdeh1 03.11.2015-ci il tarixli kredit müqaviləsi əsasında məhz 1650 ABŞ dolları kreditin verilməsini və qeyd olunan məbləğdə borcunun olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmçinin hesab edir ki, 03.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə illik 21 faizlə 1650 ABŞ dolları məbləğində kreditin Cavabdeh1 verilməsi və onun maliyyə arayışında göstərilən məbləğdə kredit borcunun olması qəbul edilsə belə, hazırki iddia tələbi üzrə iddia müddəti keçdiyindən və ölmüş cavabdehin hüquqi varisləri və digər cavabdeh iddia müddətinin tətbiq edilməklə iddianın təmin olunmaması barədə yazılı ərizə verdiyindən, hazırki iddia iddia müddətinin keçməsinə görə təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyəti ilə bağlı sözügedən 3 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasınqda məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında da əks olunmuşdur. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxrmaq zərurətindən azad edir. Deryus Litvaya qarşı, Baranovski Polşaya qarşı və Braniovski Polşaya qarşı işlərdə Avropa Məhkəməsi göstərmişdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standartlara cavab verməlidir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarına istinad edərək qeyd edir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqədardır. Bu hallar da hər zaman bir-biri ilə üst-üstə düşmür. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Məhkəmə hesab edir ki, hətta iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ mövcud olsaydı belə, onunla bağlı qanunda nəzərdə tutulmuş iddia müddəti buraxılmışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iş materiallarında olan 03.11.2015-ci il tarixli kredit müqaviləsində 1650 ABŞ dolları məbləğində kreditin illik 21 faizlə 18 ay müddətinə Cavabdeh1 verilməsi göstərilmişdir. Həmin 1650 ABŞ dolları məbləğində kreditin Cavabdeh1 Qurbanmahma oğluna illik 21 faizlə 18 ay müddətinə verilməsi ehtimal olunsa, buradan belə nəticəyə gəlmək olar ki, kreditin son ödəmə müddəti 03 may 2017-ci il tarixdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 3 iyun 2013-cü il tarixli qərarına əsasən müqavilə üzrə iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin bitməsi tarixindən, yəni həmin 03 may 2017-ci il tarixdən başlanır. Göstərilənlər əsasında həmçinin o qənaət də hasil olunmalıdır ki, iddiaçının kredit müqaviləsi ilə bağlı ehtimal edilən subyektiv hüququ obyektiv an-03 may 2017-ci il tarixdən başlayır və məhz həmin tarixdən o, öz hüquqlarının pozulduğunu bilməli idi. Belə ki, BOKT «İddiaçı Azərbaycan» MMC özünə məxsus olan pul vəsaitini sonradan qaytarmaq şərtilə kredit formasında müştəriyə verir və bu zaman ödənilən faizlər təşkilatın qazancını təşkil edir. Bu təşkilatın əsas funksiyası məhz kredit verilməsini həyata keçirməkdir. Verdiyi kredit məbləğlərinin qaytarılmasına nəzarət etmək və bununla bağlı müvafiq hüquqi prosedurlardan istifadə etmək şübhəsizdir ki, təşkilatın vəzifəsidir. Bu zəmində məhkəmə hesab edir ki, müştəriləri ilə çoxlu sayda kredit müqavilələri bağlayan iddiaçı məhz qeyd olunan tarixdən onun hüquqlarının pozulduğunu bilməli idi. İddiaçı iddia müddətinin axımının dayandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsində qeyd olunmuş halların mövcud olması və iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə hər hansı sübutlar təqdim etməmiş, eyni zamanda iddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1-ci maddəsinə əsasən iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda. Lakin iş materiallarından görünür ki, hazırki işdə iddia müddətinin axımının dayandırılmasına səbəb olmuş bu halların heç bir baş verməmrişdir. İddiaçı hazırki iş üzrə öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu kreditin ödəniş müddətinin bitdiyi 03 may 2017-ci il tarixdən başlyaraq 3 il ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı BOKT «İddiaçı Azərbaycan» MMC qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ərzində kredit borcunun qaytarılması tələbi ilə məhkəməyə müraciət etməmiş, həmin 3 illik iddia müddəti keçdikdən sonra 23.09.2020-ci il tarixdə bu tələblə məhkəməyə müraciət etmişdir. Ölmüş cavabdehin hüquqi varisləri və digər cavabdeh də iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddianın rədd olunmasını xahiş etmişlər. Məhkəmə bu xüsusda hesab edir ki, hazırki işdə iddia müddəti tətbiq edilməklə iddianın təmin olunmaması üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur və ona görə də iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia zaminlik müddətinin keçməklə zaminliyə xitam verilməsinə görə də Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 03.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə BOKT «İddiaçı Azərbaycan» MMC tərəfindən 18 ay müddətinə illik 21 % ödəmək şərti ilə Cavabdeh1 1650 ABŞ dolları məbləğində kreditin verilməsi göstərilir. Həmin kredit müqaviləsində kreditin son ödəniş müddəti 03 may 2017ci il tarix qeyd edilməklə əsas öhdəliyin icrası müddəti göstərilmişdir. İş materiallarında olan BOKT «İddiaçı Azərbaycan» MMC ilə Cavabdeh2 arasında bağlanmış 03.11.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilədə bu zaminliyin verilmə müddəti göstərilməmiş, müqavilənin 6-cı bəndində bu müqavilənin imzalandığı tarixdən qüvvəyə minməsi və təmin etdiyi öhdəlik yerinə yetirilənə qədər qüvvədlə olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi, qanun o cümlədən əqdlə təyin edilən müddətin təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar və hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Hazırki mülki işdə olan 03.11.2015-ci il tarixli zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilməmiş, yəni müqavilənin verilmə müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir; bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır; kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər; mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər; kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır; kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Qanun normalarının tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə kredit müqaviləsi müddətli müqavilədir. Deməli, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün bağlanılan və müddəti göstərilməyən zaminlik müqaviləsinin müddəti də kredit müqaviləsinin müddəti olaraq hesab olunmalıdır. Qanunun tələbinə əsasən zaminliyin verilmə müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanmalıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə 03.11.2015-ci il tarixli kredit müqaviləsinin icra müddətinin bitmə tarixi 03.05.2017-ci ildir. Yəni 03.11.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gün 03.05.2017-ci il tarixdir. Belə olan halda məhkəmə hesab edir ki, 03.11.2015-ci tarixli zaminlik müqaviləsi üzrə zaminə qarşı onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni 03.05.2017-ci il tarixdən başlayaraq bir il ərzində iddia irəli sürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəiyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliklə təmin edilmiş 03.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə 18 aylıq kreditlə bağlı öhdəliyin icrası vaxtının başa çatdığı gün 03.05.2017-ci il tarixdir ki, qanuna görə də kreditor, yəni BOKT «xxxx» MMC həmin gündən, yəni 03.05.2017-ci il tarixdən başlayaraq bir il ərzində hazırki zaminə qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, 03.11.2015-ci il tarixli zaminlik müqaviləsi əsasında zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən zamin X7 qarşı iddia irəli sürülməmiş, bu iddia həmin müddət keçdikdən sonra-23 sentyabr 2020ci il tarixdə irəli sürülmüşdür ki, bu da qanunun tələblərinə ziddir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən X3 zaminliyinə xitam verilir. Zaminliyə xitam verildiyi halda, zamin X11 ölmüş Cavabdeh1 03.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranması ehtimal edilən öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia həmçinin zamin X7 münasibətdə təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi lazım bilir ki, zaminliyə bu əsasla xitam verilməsi qanunda göstərilmişdir, qanuni haldır. Bunun üçün qanunda zaminin razılığının tələb olunması nəzərdə tutulmamışdır. Qanun birmənalı qeyd edir ki, zaminliyin verilmə müddəti göstərilmədikdə və zaminliklə təmin edilmiş öhdəliyin icrasının başa çatdığı vaxtdan kreditor ona qarşı bir il ərzində iddia irəli sürmürsə, mütləq qaydada zaminliyə xitam verilməlidir. Zaminliyə xitam verilməsinin tərəfin mütləq qaydada ərizə verməklə iddia müddətinin tətbiqinə heç bir aidiyyəti yoxdur. Belə ki, zaminliyə xitam verilməsi və bu əsasla zaminə qarşı iddianın rədd edilməsi ərizə verilməsi əsasında iddia müddətinin tətbiqi deyildir. Bu qanunda göstərilmiş mütləq tətbiq edilməli olan haldır və zaminin buna ərizə verilməsi ilə şərtləndirilmir. İddia müddəti isə məhkəmədə iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddətdir. İddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi üçün tərəflərin ərizəsinin olması lazımdır (Mülki Məcəllənin 373, 375.1 və 375.2-ci maddələri). Zaminlik, o cümlədən ona xitam verilməsi institutunun iddia müddəti institutundan fərqli olması onların Mülki Məcəllədəki təsnifatından da görünür. Belə ki, iddia müddəti institutu Mülki Məcəllənin 18-ci fəslində, zaminlik, o cümlədən zaminliyə xitam verilməsi institutu isə Mülki Məcəllənin öhdəliklərin icrasının təmin edilməsindən bəhs edən 24-cü fəslində (paraqraf 4) təsbit edilmişdir. Bu institutlar öz mahiyyətinə, həmçinin hüquqi nəticələrinə görə tamamilə fərqlidir və onların eyniləşdirilməsi qanunun tələblərinə ziddir. Məhkəmə iddiaçının nümayəndəsinin və ölmüş Cavabdeh1 hüquqi varisləri X2, Seyidova (Xurtanova) İlhamə İbrahim qızının və Cavabdeh2 izahatlarını dinləyib, iş üzrə müəyyən olunmuş hallara yuxarıda istinad olunan qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi, zaminliyə xitam verildiyi və iddiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməyib, iddia tələbinin və iddia müddətinin tətbiq olunmasının əsaslılığını sübut edə bilmədiyi üçün, BOKT «İddiaçı Azərbaycan» MMC-nin ölmüş Cavabdeh1 hüquqi varisləri X4, Seyidova (Xurtanova) İlhamə İbrahim qızı, Əmirova (Xurtunova) Aynurə İbrahim qızı və Cavabdeh2 Şaban qızına qarşı 1016.53 ABŞ dolları əsas borc, 307 ABŞ dolları faiz, cəmi 1323.53 ABŞ dolları kredit borcu tələbinə dair iddiası təmin olunmamalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı BOKT «İddiaçı Azərbaycan» MMC-yə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: BOKT «İddiaçı Azərbaycan» MMC-nin ölmüş Cavabdeh1 hüquqi varisləri X4, Seyidova (Xurtanova) İlhamə İbrahim qızı, Əmirova (Xurtunova) Aynurə İbrahim qızı və Cavabdeh2 Şaban qızına qarşı 1016.53 ABŞ dolları əsas borc, 307 ABŞ dolları faiz, cəmi 1323.53 ABŞ dolları kredit borcu tələbinə dair iddiası təmin olunmasın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı BOKT «İddiaçı Azərbaycan» MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar