Məhkəmə qərarları › İş №2(019)-966/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-966/2021

17.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-966/2021 17.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, İddiaçı və Cavabdeh Ramazanhacı oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Ramazanhacı oğluna qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən ona dəymiş 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək göstərdi ki, o, 2003-cü ildə Balakən rayonu Qullar kənd sakini X1 qanuna müvafiq qaydada 0,08 hektar torpaq sahəsini oğlu- X5 üçün almışdır. Həmin vaxt Qazbinə kənd Bələdiyyəsində işləyən Cavabdeh müraciət etmişdir ki, ondan alqı-satqı sənədlərini qəbul etsin və oğlu-X2 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlatsın. Cavabdeh ondan 300 ABŞ dolları, yəni 510 ( beş yüz on) manat tələb etmişdir. O, pulu ödəmiş və 26.06.2006-cı il tarixdə Cavabdeh ona torpaq sahəsinin oğlu Fuad Cəbrayılovun adına sənədləşdirilməsinə dair JN-623A KOD 40108038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməsini vermişdir. O, qanun əsasında aldığı torpaq sahəsində oğluna ev tikməyə başlamışdır. 2021-ci ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında 18 saylı Zaqatala Ərazi İdarəsinin məktubuna əsasən bilmişdir ki, həmin torpaq sahəsi Bələdiyyə mülkiyyətidir. Cavabdeh ona verdiyi JN-623A KOD 40108038 torpağın mülkiyytə verilməsinə dair şəhadətnamə saxtadır,heç yerdə qeydə alınmamışdır. O, Cavabdeh cinayət məsuliyyətinə cəlb olunması üçün Rayon Prokurorluğuna yazılı müraciət etmişdir.Fakt əsasında araşdırılma RPŞ-i tərəfindən aparılmış 27.04.2021-ci il tarixdə işə Azərbaycan Respublikası CPM-nin 39.1.3 maddəsinə əsasən cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. O, İlqar Əhmədovdan 0,08 hektar torpağı alarkən ona razılaşma yolu ilə 1200 ABŞ dolları yəni (2040 manat) ödəmişdir. Cavabdeh bu qanunsuz əməli nəticəsində ona 2500 ( iki min beş yüz) manatdan artıq maddi ziyan vurulmuşdur. Buna görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, o, Balakən rayon Qazbinə Bələdiyyəsində işlədiyi vaxt, 2006-cı ildə İddiaçı onun yanına gələrək oğlu Fuada aldığı torpaq sahəsinə sənəd düzəltdirmək istədiyini bildirmişdir. O, da bunun üçün 300 ABŞ dolları lazım olacağını demişdir. Bundan sonra İddiaçı gətirib ona 300 ABŞ dolları vermiş və oğlunun torpaq sahəsinə sənəd hazırlatmasını tapşırmışdır. O, da həmin torpaq sahəsinə JN-623A KOD 40108038 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırladıb İddiaçı vermişdir. Sonradan məlum olmuşdur ki, həmin sənəd qeydə alınmamışdır. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən cinayət işinin başlanlımasının rədd edilməsi barədə 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, vətəndaş İddiaçı şikayəti əsasında araşdırma zamanı müəyyən edilmişdir ki, 2006-cı ildə X8 Mehdiyevə torpaq səhadətnaməsi almaq üçün 300 ABŞ dolları vermiş, Cavabdeh isə ona saxta torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vermişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-623A KOD 40108038 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə X3 Balakən rayonu Qazbinə kəndi ərazisindən 0.08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Mərkəzi Bankının valyuta məzənnəsindən görünür ki, 17 sentyabr 2021-ci il tarixə ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edib. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,2006-cı ildə İddiaçı Balakən rayon Qazbinə Bələdiyyəsində işləyən Cavabdeh hazırkı məzənnə ilə 510 manat dəyərində 300 ABŞ dolları vermiş və oğlu Fuad Cəbrayılov üçün aldığı torpaq sahəsinə görə sənəd hazırlamasını tapşırmışdır. Cavabdeh iddiaçı İddiaçı 510 manat dəyərində 300 ABŞ dollarını almış,ona JN-623A KOD 40108038 torpağın mülkiyyətə verilməsinə dair saxta şəhadətnamə vermişdir. Cavabdeh oğlu dəymiş ziyanı ödəmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-777.2-ci maddələrinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Zərərin əvəzinin ödənilməsini müəyyən edən Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi İddiaçı cavabdeh Mehdiyev Qasım Ramazanhacı oğluna verdiyi 300 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə dəyəri olan 510 manata aid hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi qalan hissədə isə təmin edilməməlidir, Belə ki, İddiaçı, tələb etdiyi qalan 1990 manat miqdarında ona ziyan dəyməsini iddia etsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Eyni zamanda iddiaçının X4 adlı şəxsə verdiyi pulu Cavabdeh tələb etməsini məhkəmə əsaslı hesab etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 510 (beş yüz on) manat alınıb iddiaçı İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh Mehdiyev Qasım Ramazanhacı oğlundan maddi ziyana görə 510 (beş yüz on) manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 manat dövlət rüsumu xərcinin 6 manatı cavabdeh Mehdiyev Qasım Ramazanhacı oğlundan alınıb İddiaçı verilsin, 24 manatı İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar