Məhkəmə qərarları › İş №2(020)-10/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-10/2025

02.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-10/2025 02.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, İddiaçı və digər İddiaçı1 vəkalətli nümayəndəsi- İddiaçı2, Cavabdeh- X1 vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 oğlu, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsindən çıxarılması və maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 oğlu, X2, Cavabdeh3 və Cavabdeh4 onlara məxsus və mülkiyyətlərində olan 3.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.50 hektarından çıxarılması, maneənin aradan qaldırılması və həmin torpağın onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında izahat verən iddiaçı və digər İddiaçı1 vəkalətli nümayəndəsi İddiaçı2 iddianı müdafiə etdi və izahatında göstərdi ki, ona və ailə üzvlərinə islahat zamanı Beyləqan rayon X4 01 noyabr 1998-ci il tarixli, 57 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair JN0030, kod 60708018 saylı, 09 yanvar 1999-cu il tarixli Dövlət Aktı ilə 3.31 ha pay torpaq sahəsi verilmişdir. Hazırda torpaq onların mülkiyyətindədir və həmin sənəd heç bir orqan tərəfindən ləğv və ya etibarsız hesab edilməmişdir. Torpaq onların tam xüsusi mülkiyyətlərindədir. Lakin həmin torpağı cavabdehlər Cavabdeh1 oğlu, X2, Cavabdeh3 və Cavabdeh4 1.50 hektarını tutmuşlar. Dəfələrlə tələb etsədə cavabdehlər torpağının 1.50 hektarını boşaldın ona təhvil verməmişlər. Onlara məxsus torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilərək oradan istifadə etməyə imkan verilmir. Ona görə də, o, cavabdehlər Cavabdeh1 oğlu, X2, Cavabdeh3 və Cavabdeh4 onlara məxsus və mülkiyyətlərində olan 3.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.50 hektarından çıxarılması, maneənin aradan qaldırılması və həmin torpağın onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X1 vəkalətli nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və göstərdi ki, sözügedən torpaq sahəsi oğlunun mülkiyyətində olmuş, su pulunu və torpaq pulunu onlar ödəmişlər. O, ekspertizanın rəyi ilə razı deyildir. Topaq sahəsi ölçülərkən onlar iştirak etməmişlər. Həmin yerdə torpaq sahələri düzgün ölçülməmişdir. Əgər oğlu 0,23 ha torpaq sahəsindən çıxarsa onların yerində çatışmamazlıq əmələ gələcəkdir. Bunun üçün DƏDRX-nin Beyləqan rayon ərazi idarəsinə müraciət edəcəkdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına gəlməmişlər. İşdə olan poçt xəbərnamələrindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlərin qeydiyyatda olduğu ünvanda ailə üzvləri tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinə əsasən Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər tərəfindən almışdır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir Hazırda məhkəmə tərəfindən göndərilən bildirişlər cavabdehin qeydiyyatda olduğu ünvanda ailə üzvləri tərəfindən qəbul edildiyindən məhkəmə bildirişi ona çatdırılmış hesab edilir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-0030, kod 60708018 saylı, 09 yanvar 1999-cu il tarixli Dövlət Aktından görünür ki, Beyləqan rayon X4 01 noyabr 1998-ci il tarixli, 57 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair JN-0030, kod 60708018 saylı, 09 yanvar 1999-cu il tarixli Dövlət Aktı ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində 3.31 ha pay torpaq sahəsi verilmişdir. İş üzrə məhkəmə 10 avqust 2023-cü il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkə zinə göndərilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli, 3-16- 16/2- 10/7342 nömrəli məlumatdan görünür ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədilə, mütəxəssis rəyinin təqdim olunması barədə vəsatətin göndərilməsinə baxmayaraq,mütəxəssis rəyi Mərkəzə təqdim edilməmişdir. Bu səbəbdən də, qərardadın sualları üzrə tədqiqat aparılması, rəy verilməsi mümkün olmamış və mülki iş məhkəməyə qaytarılmışdır. İş üzrə iddiaçının vəsatəti əsasında məhkəmənin 18 mart 2024-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2025-ci il tarixli, 10/10032 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayon X4 01 noyabr 1998-ci il tarixli, 57 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair JN-0030, kod 60708018 saylı, 09 yanvar 1999-cu il tarixli Dövlət Aktı ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində yerləşən 3.31 ha pay torpaq sahəsinin X3 X6 (TEKUİS) məlumatlarına əsasən İddiaçı2 və ailə üzvlərinin faktiki istifadəsində olan 2.72 ha hissəsinin və mübahisəli ərazidə yerləşən 0,59 ha hissəsinin sərhədləri müəyyən edilmişdir. Beyləqan rayon X4 01 noyabr 1998-ci il tarixli, 57 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair JN-0030, kod 60708018 saylı, 09 yanvar 1999-cu il tarixli Dövlət Aktı ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində yerləşən 3.31 ha pay torpaq sahəsinin X3 X6 (TEKUİS) məlumatlarına əsasən mübahisəli ərazidə yerləşən 0.59 ha hissəsinin 0.19 ha hissəsi X5, 0.12 ha hissəsi Cavabdeh1 oğlu, 0.05 ha hissəsi Cavabdeh4, 0.23 ha hissəsi isə X2 tərəfindən istifadə olunur. İddiaçı iddia ərizəsində cavabdehlərin ona məxsus 3.31 ha torpaq sahəsinin 1,50 ha hissəsindən çıxarılmalarını göstərsə də, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0.59 ha hissəsinin 0.19 ha hissəsinin X5, 0.12 ha hissəsinin Cavabdeh1 oğlu, 0.05 ha hissəsinin Cavabdeh4, 0.23 ha hissəsinin isə X2 tərəfindən istifadə olunması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə sübuta yetmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Beyləqan rayon X4 01 noyabr 1998-ci il tarixli, 57 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair JN- 0030, kod 60708018 saylı, 09 yanvar 1999-cu il tarixli Dövlət Aktı ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində yerləşən 3.31 ha pay torpaq sahəsinin X3 X6 (TEKUİS) məlumatlarına əsasən mübahisəli ərazidə yerləşən 0.59 ha hissəsinin 0.19 ha hissəsindən X5, 0.12 ha hissəsindən Cavabdeh1 oğlu, 0.05 ha hissəsindən Cavabdeh4, 0.23 ha hissəsindən isə X2 çıxarılmalıdırlar. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan qəbzdən görünür ki, İddiaçı2 mütəxəssis rəyinin dəyirini təşkil edən 100 (yüz) manat pulu KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin hesabına ödəmişdir. Ona görə də mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 manat cavabdehlər Cavabdeh1 oğlu, X2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınıb iddiaçılara verilməlidir. İş materiallarına əlavə edilmiş şəhid ailəs üzvü vəsiqəsindən görünür ki, İddiaçı1 şəhid ailəsidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiklərindən cavabdehlərdən dövlət rüsumuna görə 100 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayon X4 01 noyabr 1998-ci il tarixli, 57 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair JN-0030, kod 60708018 saylı, 09 yanvar 1999-cu il tarixli Dövlət Aktı ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində yerləşən 3.31 ha pay torpaq sahəsinin X3 X6 (TEKUİS) məlumatlarına əsasən mübahisəli ərazidə yerləşən 0.59 ha hissəsinin 0.19 ha hissəsindən X5, 0.12 ha hissəsindən Cavabdeh1 oğlu, 0.05 ha hissəsindən Cavabdeh4, 0.23 ha hissəsindən isə X2 çıxarılsınlar. Cavabdehlər tərəfindən həmin torpaq sahəsinə törədilən maneə aradan qaldırılmaqla torpaq sahəsi iddiaçılara təhvil verilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh1 oğlu, X2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 manat cavabdehlər Cavabdeh1 oğlu, X2, Cavabdeh3 və Cavabdeh4 müşrətək qaydada alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilsin. Dövlət Rüsumuna görə 100 manat cavabdehlər Cavabdeh1 oğlu, X2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar