Məhkəmə qərarları › İş №2(020)-1023/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1023/2024

01.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1023/2024 01.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bir nəfər yetkinlik yaşına çatmayan uşağın, yəni xx.xx.2010-cu ildə anadan olmuş Aqşinin saxlanılması üçün Beyləqan Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixdə kəsilmiş alimentin miqdarının artırılaraq, sabit pul məbləğində hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat alimentin alınıb, ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə quraraq nikahlarını 17 aprel 2009-cu ildə Beyləqan rayin İHB-nın Yuxarı Çəmənli inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirmişdilər. Birgə nikahlarından 03 fevral 2010-cu il tarixdə Aqşin adlı uşağı anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən Beyləqan Rayon Məhkəməsinin 2(020)-658/2011 saylı 10 noyabr 2011-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Beyləqan Rayon Məhkəməsinin 2(020)-410/2012 saylı 15 may 2012-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən hər ay 70 (yetmiş) manat sabit pul məblğində aliment alınaraq 02 fevral 2010-cu il tarixdə anadan olmuş Aqşinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi qət edilmişdir. O, 2022-ci il tarixdə məhkəmədə həmin aliment miqdarının artırılması barədə iddia qaldırmışdır. Beyləqan Rayon Məhkəməsinin 2(020)-209/2022 saylı 18 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək hər ay 50 (əlli) manat və aylıq gəlirlərinin dörddə bir hissəsi miqdarında alınması müəyyən edilmişdir. O, həmin miqdarda alimentlə uşağını saxlamaqda həddindən artıq çətinlik çəkir. Hal-hazırda oğlu məktəbdə oxuyur. Onun gündəlik güzəranını və tələbatlarını tək başına təmin etməyə gücü çatmır. Xəstələnərkən həkimə aparmağa, dərmanlarını almağa maddi gücü çatmır. Cavabdehin ona ödədiyi alimentlə hazırkı iqtisadi vəziyyətlə əlaqədar olaraq övladını saxlaya bilmir. Bir uşağı saxlamaq, onun gündəlik güzəranını təmin etmək, yedirmək, geyindirmək üçün bu məbləğ kifayət etmir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək, göstərmişdir ki iddiaçı X2 ilə birgə nikahdan 1 uşağı olmuşdur. Ülviyyə ilə bir müddət bir ailə kimi münasibətləri olmuşdur. Uzun vaxtdır ki, münasibətləri pozulmuşdur. Məhkəmə qaydasında boşanmışdılar. Beyləqan Rayon Məhkəməsinin 2(020)-410/2012 saylı 15 may 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş əmək haqqının dörddə bir və sabit pul məbləğində 50 manat məbləğində Aqşin adlı uşağın saxlanması üçün kəsilmişdir. Beləliklə ümumi müəyyən edilmiş 135 manat alimenti verməyə etiraz etmir, lakin o, 135 manat alimenti müntəzəm qaydada çətinliklə ödəmişdir. 135 manat alimentin bir hissəsi əmək haqqından, bir hissəsi isə sabit pul məbləğində ondan tutlur. Əmək haqqından əlavə premya və digər gəlirlər olanda cavabdehə artıq pul da ödənilir, indi isə iddiaçının tələb etdiyi - 220 manat məbləğdə alimenti ödəməyə imkanı yoxdur. X2 eşitdiyinə görə sosial yardım alır və ailə quraraq başqa insanla evlənmişdir. Ülviyyə ərə gedərkən uşağı atasının, yəni uşağı babasının yanında qoyub getmişdir. Hazırda uşağı ağır işlərdə işlədir və onu normal uşaq kimi yaşamaqdan məhrum ediblər. Uşağını saxlamağa və normal təhsil alaraq yaşamasını təmin etməyə hazırdır. O, işləyir və ayda 328 manat əmək haqqı alır və başqa yerdən qazancı yoxdur. O, hazırda X5 ilə ailə qurmuş və onunla birgə nikahdan 2 uşaqları vardır. O, yeni ailəsi ilə mehriban yaşayır. Lakin alimentin artırılması söhbəti çıxandan dolanmaqları çətinləşəçək deyə ailəs idə ondan üz döndərib. Lakin yanında yeni ailəsi, 2 övladı var - 2014-cü ildə Yusif, 2021-ci ildə Hüseyn adlı uşaqları doğulmuşdur. Bu uşaqları da dolandırmalı olduğu üçün iddiaçıya 135 manat aliment ödəyə bilər. O, yeni ailəsi və uşaqlarına baxmalı və onları dolandırmalıdır. Uşaqları da balaca azyaşlıdır və xəstədir və tez-tez müalicələr almalıdır. İmkan isə yoxdur. Güclə ailəsilə birlikdə yaşayıram. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsin müdafiə edib, ətiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin suallara cavab olaraq bildirdi ki, iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, ailə qurmuş, birgə nikahdan iki azyaşlı övladları var və uşaqları xəstədir. Ona görə də, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ seriyalı 786260 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X7 atası Cavabdeh, anası isə İddiaçıdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-209/2022 saylı qətnaməsindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(020)- 410/2012 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 üçün uşağın anası İddiaçı xeyrinə ödənilən hər ay 70 manat məbləğində alimentin miqdarının dəyişdirilərək, hər ay 50 (əlli) manat sabit pul məbləğində və qazancının (başqa gəlirin) dörddə bir hissəsi miqdarında müəyyən edilməklə artırılması qət edilmişdir. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin, X3 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-37-42/2-111/2024 №-li Arayışdan görünür ki, Cavabdeh ailə tərkibi - həyat yoldaşı X5, oğlu xx.xx.2014-cü il təvəllüdlü X9, oğlu – xx.xx.2021-ci il təvəllüdlü X4 ibarətdir. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh hal-hazırda “Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətində elektrik montyoru vəzifəsində işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər ay uşağa görə 50 (əlli) manat sabit pul məbləğində və qazancının (başqa gəlirin) dörddə bir hissəsi miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə də, məhkəmə hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 50 (əlli) manat sabit pul məbləğində və qazancının (başqa gəlirin) dörddə bir hissəsi miqdarında alimentin tutulmasına dair Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-209/2022 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, cavabdehin himayəsində azyaşlı uşaqlarının olması, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində və qazancının (başqa gəlirin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-209/2022 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində və qazancının (başqa gəlirin) dörddə bir hissəsi miqdarında tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində və qazancının (başqa gəlirin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-209/2022 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində və qazancının (başqa gəlirin) dörddə bir hissəsi miqdarında tutulan alimentin məbləği artırılsın. xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay 100 (yüz) manat sabit pul məbləğində və qazancının (başqa gəlirin) dörddə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar