Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1025/2024 06.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “avtomobilə dəyən ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “avtomobilə dəyən ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus «Mercedes Ben E-200» markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomaşınına vurduğu 1390 manat ziyanın və Sərxan Avtomotoservis və Ticarət Firmasına ödədiyi 28 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Rasimli X1 şəhərində “Mercedes- Benz E-200” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə hərəkət edən zaman Cavabdeh özünə məxsus məxsus “Vaz-21074” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla maşınını vuraraq toqquşmuşdur. Hadisə törətdikdən sonra yerə düşdükdə məlum olmuşdur ki, maşınına külli miqdarda maddi ziyan vurmuşdur. Cavabdeh barəsində İXM-nin 332.4cü maddəsi ilə inzibati xət haqqında protokol tərtib edilərək, cəza verilməsi üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh günah onda olduğu üçün Beyləqan Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qərarı ilə təqsirli bilinərək, 500 manat cərimə edilmişdir. Onlar bir neçə dəfə Cavabdeh avtomaşına vurduğu ziyanın ödənilməsini tələb etsə də, o, ödəməkdən imtina etmişdir. “Mercedes-Benz E-200” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomaşınını təmir etdirmək üçün Beyləqan şəhərində yerləşən "xxxx" Avtomotoservis və Ticarət firmasına müraciət etmişdir. "xxxx" Avtomotoservis və Ticarət firmasına tərəfindən ona məxsus “Mercedes-Benz E- 200” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomaşınına baxış keçirilmiş və 07 may 2024-cü il tarixdə ziyan aktı tərtib edilərək dəyən ziyan 1390 manat müəyyən edilmişdir. Avtomaşın demək olar ki əzilərək yarasız hala düşmüşdür. Nəqliyyat vasitəsində əzilmiş, qırılmış, deformasiyaya uğrayaraq, yararsız vəziyyətə düşmüş hissələrin və tələb olunan materialların dəyəri, nəqliyyat vasitəsinin əvvəlki vəziyyətinə salınması üçün təmiri, rənglənməsi və xidmət haqqı 1392 manat təşkil edir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2024-cü il tarixdə iştirak etdiyi məhkəmə hazırlıq iclasında isə iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin 3(020)-403/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmçinin həmin qərardan müəyyən edilir ki, Cavabdeh 06 may 2023-cü il tarixdə, saat 11:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində idarə etdiyi “VAZ 21074” markalı, **-CM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə sola dönən zaman ötmə əməliyyatı edən İddiaçı1 məxsus “Mercedes Benz E200” markalı, **-TC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. BD497166 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Mercedes Benz E 200 minik” markalı **- TC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 mülkiyyətindədir. "xxxx" MMC tərəfindən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün tərtib olunmuş 07 may 2024-cü il tarixli, SA-060 saylı ziyan aktından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı1 idarə etdiyi “Mercedes Benz E200” markalı, **-TC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil əzilmiş, qırılmış deformasiyaya uğrayaraq yarasız vəziyyətə düşmüş hissələrin və tələb olunan materialların dəyəri 790 manat, nəqliyyat vasitəsinin əvvəlki vəziyyətə salınması, təmiri, rənglənməsi və hadisə yerindən təmir sexinə daşınması üçün tələb olunan xidmət haqqının məbləği 600 manat olmaqla, 1390 (min üç yüz doxsan) manat təşkil edir. Sifarişçi nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün xidmət haqqı olaraq ziyan məbləğinin 2 %-nin müəssisəsinin kassasına 28 manat pul ödəyir. 005648 №-li Şəhid ailəsi üzvünün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki,İddiaçı2 şəhid ailəsi üzvüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan “Vaz-21074” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh üzərinə qoyulmalıdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərər dəymiş avtomobil İddiaçı2 mülkiyyətindədir və həmin avtomobilin zədələnməsi ilə əlaqədar İddiaçı2 ziyan dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı2 hal-hazırkı iddia tələbi ilə əlaqədar məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin digər İddiaçı1 da ona dəymiş ziyanla əlaqədar məhkəməyə müraciət etmiş olsa da, onun həmin avtomobilə dəymiş ziyanı tələb edilməsinə dair subyektiv hüququ yoxdur. Eyni zamanda İddiaçı1 həmin yol nəqliyyat hadisəsi nəticəsində ona ziyan dəyməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “Mercedes-Benz E200” minik markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1390 manat məbləğində ziyan və eləcə də, həmin avtomobilə dəymiş ziyanın müəyyən edilməsi üçün İddiaçı2 "xxxx" Avtomotoservis və Ticarət Firmasına ödədiyi 28 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı2 xeyrinə tutulmalıdır. İddia qalan hissədə, yəni İddiaçı1 iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qiyməti 1418 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 33,90 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə vurduğu maddi ziyanın əvəzi olaraq 1390 (min üç yüz doxsan) manat və xidmət xərci olaraq ödənilmiş 28 (iyirmi səkkiz) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 33,90 (otuz üç manat 90 qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1025/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1025/2024
06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver