Məhkəmə qərarları › İş №2(020)-1028/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1028/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1028/2025 04.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh1, onun və digər Cavabdeh2 vəkalətli nümayəndəsi və vəkili Beyləqan Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30.000 (otuz min) manat pulun və 180 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə yaxın münasibətləri olmuşdur. O, 2022-ci ilin iyun ayında Beyləqan şəhərində anbar tikmək üçün torpaq sahəsi axtaran zaman Cavabdeh2 belə bir torpağın olduğunu, torpaq sahəsinin sənədlərinin olduğunu və bir ay müddətinə sənədləri tam qaydasına salacağını bildirmişdir. Həmçinin Cavabdeh2 onunla alqı-satqı edə biləcəyini bildirmişdir. O, Cavabdeh2 ilə həmin torpaq sahəsinin satış qiymətini 200.000 manat məbləğində razılığa gəlmişlər. Cavabdeh2 torpaq sahəsinin sənədlərini qaydasına salmaq üçün 10 iyun 2022-ci ildə ondan ilk öncə 5.000 manat pul almışdır. Pulu aldıqdan bir neçə gün sonra yenidən ona zəng edərək 20.000 manatda pul lazım olduğunu və pulu almağa qardaşı Cavabdeh1 göndərəcəyini bildirmişdir. 17 iyun 2022-ci ildə saat 16:10-da Cavabdeh1 onun işlətdiyi “Beyləqan Market” ə onun iş otağına gələrək 20.000 manat pulu ondan götürmüşdür. Ona vəd edilən torpaq sahəsi Cavabdeh1 adına olmuşdur. Cavabdeh1 15-20 gün müddətinə torpağın sənədlərinin hazır olacağına söz vermişdir. Lakin həmin vaxtdan xeyli müddət keçsə də torpağın sənədləri düzəlməmişdir. Cavabdeh2 20 aprel 2023-cü ildə ona zəng edərək torpağın sənədlərinin hazır olduğunu bildirib əlavə olaraq 5.000 manat lazım olduğunu bildirmişdir. Vaqiflə razılaşmış və 20 aprel 2023-cü ildə saat 09:55 radələrində Cavabdeh2 qardaşı oğlu Samiri göndərərək ondan 5.000 manatı götürmüşdür. Xeyli müddət keçdikdən sonra hər dəfə torpağın sənədləşməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb edərkən cavabdehlər də müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda düzələcəyini deyərək onu aldatmışlar. O, cavabdehlərin onu aldatdıqlarını anlayıb Cavabdeh1 və Cavabdeh2 verdiyi 30.000 manat pulunu geri qaytarmalarını tələb etmişdir. Cavabdehlər yenə də ona yalan vədlər verərək pulunu geri qaytarmamışlar. Cavabdehlər tərəfindən ona satacaqları torpaq barədə danışıqlar və torpaq üçün onlara və Samirə ümumilikdə verdiyi 30.000 manat barədə olan söhbətlər işlətdiyi “Beyləqan Market”də iş otağında olan müşahidə video kameraları vasitəsi ilə qeydə alınmışdır. O, “Coca Cola” şirkəti ilə müqavilə bağlamışdır və müqavilə əsasında göndərilən malların qəbul edilməsi üçün anbar tikməkdən ötrü torpaq sahəsi axtarmışdır. Hər dəfə “Coca Cola” şirkətinin rəhbərliyi maraqlandıqda onlara yaxın günlərdə torpağın sənədlərinin hazır olacağını bildirmişdir. Artıq həmin şirkətdən narazılıq bildirmişlər. Cavabehlər isə onun işini ləngitdiyinə görə məcbur olub onlarla razılaşmanı pozmuşdur. Şakir yeri başqa şəxsə satıb punu geri qaytaracağını bildirsə də indiyə kimi onun pulu geri qaytarılmamışdır. O, şirkətlə danışıqlar apararkən cavabdehlər ona müəyyən sənəd təqdim etmişlər, o, da əsas sənədləri qaydaya salmaq üçün cavabdehlərə pul vermişdir. Lakin vaxtında sənədlər düzəlməmiş və ona təqdim edilməmişdir. Torpağın alqı-satqısı ilə bağlı cavabdehlərin hər ikisi ilə razılaşmaları olmuşdur. Əgər Cavabdeh1 razı olmasaydı torpağı satmazdı. Onların arasında razılaşma cavabdehlərin təqsiri üzündən pozulmuşdur. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30.000 (otuz min) manat pulun və 180 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, onun adına Beyləqan rayonu ərazisində torpaq sahəsi olmuşdur. Onun həmin torpaq sahəsini satmaq fikri olmuşdur. İddiaçı 2022-ci ilin iyun ayında onun qardaşı Cavabdeh2 müraciət etmiş, torpaq alqısatqısı ilə bağlı aralarında razılaşma olmuşdur. Həmin vaxt İddiaçı qardaşı Cavabdeh2 5.000 manat pul vermişdir. Onlar sənədləşmə işi ilə məşğul olmuş, ilkin olaraq DƏDRX-nin 6 saylı Beyləqan ərazi idarəsinə müraciət etmişlər. Ona bildirmişlər ki, sənədlər ilkin olaraq FHN-nə təqdim edilməli, oradan keçdikdən sonra DƏDRX-ə müraciət olunmasını məsləhət görmüşlər. FHN-dən sənədləri keçdikdən sonra DƏDRX-ə müraciət etsələr də sənədləşmənin aparılmasından imtina edilmişdir. Həmin ərəfədə qardaşı Cavabdeh2 ona zəng edərək İddiaçı 20.000 manat götürüb ona verməsini demişdir. O, Asimin işlədiyi “Beyləqan Market”ə getmiş və 20.000 manat pulu ondan alaraq gətirib qardaşı Vaqifə vermişdir. DƏDRX sənədləşmə işindən imtina etdikdən sonra onlar məhkəməyə müraciət etmiş, bununla əlaqədar olaraq sənədləşmə işləri yubanmışdır. Qardaşı Vaqifin tapşırığı ilə digər qardaşı oğlu Samir də Asimin yanına gedib sənədləşmə işi ilə bağlı ondan 5.000 manat alıb gətirib Vaqifə vermişdir. Sənədlər təxminən 2025-ci ilin əvvəllərində tam hazır vəziyyətdə olmuş, lakin həmin vaxt iddiaçı torpaq sahəsini almaqdan imtina etmiş, sonradan onlardan pulunu tələb etmişdir. Məlum olmuşdur ki, iddiaçı başqa yerdən torpaq almışdır. Hesab edir ki, iddia əsassızdır. İddiaçı özü imtina etdiyinə görə onun iddiası təmin edilə bilməz. Həmçinin torpaq onun adına olsa da iddiaçı bütün danışıqları Vaqiflə aparmışdır. O, hər hansı cavabdehlik daşımır. Ona görə də iddianın rədd edilməsinin xahiş etdi. Məhkəmə iclasında digər Cavabdeh2 nümayəndəsi və vəkili Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil izahatında göstərdi ki, iddia əsassızdır. Cavabdehlərdən asılı olmayan səbəblərdən sənədləşmə işi üzrə vaxt uzanmışdır. Tərəflər arasında beh müqaviləsi olmuşdur. İddiaçı sənədləşmə işinin gecikdiyini bilib pul ödəməkdə davam etmişdir. Beh müqaviləsində pul geri qaytarılmır. Sözügedən torpaq sahəsi dəyərindən aşağı qiymətə satılmışdır. Lakin iddiaçı sonradan imtina etmişdir. İddiaçının etdiyi hərəkətdən cavabdeh ağır vəziyyətə düşmüşdür. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Cavabdeh1 cavabdehlər Cavabdeh2 ünvanına pulun qaytarılması barədə göndərilən bildirişdən görünür ki, iddiaçı cavabdehlərdən borclu olduğu 30.000 (otuz min) manat pulunu yaxın müddət ərzində qaytarmasını tələb etmiş əks təqdirdə məhkəməyə müraciət edəcəyini göstərmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh1 iddiaçıdan 30.000 manat pul almalarını etiraf etmişdir. Həmin pul üç dəfəyə cavabdehlərə verilmişdir. Cavabdehlərin nümayəndəsi həmin pulun beh kimi verilməsini və behin qaytarılmadığını göstərsə də məhkəmə onun həmin izahatını inandırıcı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə görə behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Lakin tərəflər arasında yazılı formada beh müqaviləsinin bağanması müəyyən edilməmişdir. Həmçinin behin hansı məbləğdə olmasını cavabdeh tərəf məhkəmə iclasında göstərə bilməmişdir. Məhkəmə iclasının araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi 30.000 manat cavabdehlərə üç dəfəyə verilmişdir. Cavabdehlər hər dəfə torpağa dair sənədlərin qaydaya salınmasından ötrü iddiaçıdan pul almışlar. Ona görə də həmin məbləğin beh kimi verilməsinin qəbul edilməsi düzgün sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmədə müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehlərə 30.000 manatın verilməsi torpaq alqı-satqısı ilə bağlı olmuşdur. Lakin həmin alqı-satqı baş tutmamışdır. Pulun cavabdehlərdə qalmasının başqa hüquqi əsasları müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlərin həmin məbləği özündə saxlaması əsassız varlanma kimi qiymətləndirilir. Cavabdeh1 iddiaçının torpaq alqı-satqısı ilə bağlı qardaşı Vaqiflə razılaşmasını, onun həmin məsələdə iştirak etməməsi və cavabdehlik daşımamasını göstərsə də, məhkəmə onun həmin izahatını inandırıcı hesab etmir. Çünki torpaq sahəsi Cavabdeh1 adına olmuş, topraq sahəsini özü satmaq qərarına gəlmiş, iddiaçıdan bu məqsədlə 20.000 manat pulu özü almış və torpaq sahəsinə dair sənədləşmə işlərinin qaydaya salınması ilə məşğul olmuşdur. Ona görə də onun da cavabdeh kimi məsuliyyət daşımasını məhkəmə əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalə və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iddiaçının iddia tələbi işin faktiki halları ilə sübuta yetdiyindən cavabdehlər iddianın əsassızlığı ilə bağlı məhkəməyə əsaslı sübutlar təqdim edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə cavabdehlərdən ödənilmiş dövlət rüsumuna görə 180 manat alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30.000 (otuz min) manat pul və dövlət rüsumuna görə ödənilmiş 180 (yüz səksən) manat alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar