Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1032/2025 01.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı Əliyeva(Həşimova) Tamara Məhəmməd qızının və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 (eyni zamanda Cavabdeh2 və Cavabdeh3 nümayəndəsidir) iştirakı ilə, İddiaçı Əliyeva(Həşimova) Tamara Məhəmməd qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Əliyeva(Həşimova) Tamara Məhəmməd qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ondan hissə-hissə olaraq almış olduqları 6000 manat borc pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tanıdığı şəxslərdir. Həmin şəxslərdən Cavabdeh1 ilə yaxın münasibətləri olmuşdur. Məhz həmin yaxın münasibətlərinin olmasının nəticəsidir ki, 2018-ci il etibarən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hissə-hissə olaraq ondan 7000 manat pul borc almışdırlar. Pulu həmişə Zəhra və Sahilə birlikdə alıblar. Hətda qəbzlərdə yazılmış Zəhra sözünün hamısı onun yanında pulun alınması zamanı Sahilə tərəfindən yazılmışdır. Çünki Zəhra yazıb-oxumağı bacarmır. Həmin pulların alınmasında Cavabdeh1 əri, Cavabdeh2 atası Cavabdeh3 da iştirak etmişdirlər. Belə ki, alınmış pulların hesabını həmişə Cavabdeh3 aparırdı. Bu da onu göstərir ki, borca alınmış pulların hamısı Cavabdeh3 göstərişləri əsasında alınmışdır. Onu da bildirir ki, borca alınmış 7000 manat pulun 1000 manatını Cavabdeh1 oğlu Samirlə birlikdə Beyləqan rayonunda Aqilin yeməkxanasının yanında vermişdirlər. Hətta həmin 1000 manat pulun verilməsi zamanı Samir bildirmişdir ki, qalan borc pullarını atası – Cavabdeh3 tərəfindən hesablamışdır. Həmin borc pulun qalığının 6000 manat olmasını bildirmişdir. Həmin borc pulların alınmasında və verilməsində Cavabdeh3 da yaxından iştirak etmişdir. Belə ki, o onu öz evinə dəvət edərək onların ona nə qədər borcu olmasını soruşmuşdur. O da həmin vaxtı indi məhkəməyə təqdim etdiyi qəbzləri Cavabdeh3 təqdim etmişdir. O, da hesablayaraq özlərinin ona 6192 manat olan borclarını etiraf etmişdir. Hətta bu barədə olan qəbzlərin birində hesablayaraq özlərinin ona olan borclarının 6192 manat olmasını bildirmişdir. Bundan başqa qəbzlərin birində onun da imzası vardır. Buna baxmayaraq cavabdehlər onun pulunu məqsədli şəkildə qaytarmaqdan imtina etməkdə davam etmişdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı Əliyeva(Həşimova) Tamara Məhəmməd qızı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, 7000 manat məbləğində borcdan Cavabdeh1 tərəfindən 1000 manat məbləğində pul vəsaiti ödəmişdir. O, 6000 manat məbləğində pul vəsaitini borc olaraq hissə-hissə Cavabdeh1 vermiş, lakin o, yazı yaza bilmədiyinə görə onun əvəzindən yazını qızı Sahilə yazmış, hesablamanı isə həyat yoldaşı Cavabdeh3 aparmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi(vəkili) Nümayəndə iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, Əliyeva(Həşimova) Tamara Məhəmməd qızı onun qonşusudur. O, iddiaçıdan qızıllarını girov qoyaraq 1000 manat məbləğində pul vəsaiti götürmüş, lakin daha sonra həmin pul vəsaitini qaytarmış olsa da, iddiaçı onun qızıllarını qaytarmamışdır. Həmçinin iddiaçı onlara hissə-hissə 6000 manat məbləğində pul vəsaiti vermiş, lakin həmin pulu ona borc olaraq deyil, nəvəsinə baxdığına görə vermişdir. O, öz evində onun nəvəsinə baxmış, ona dayəlik etmiş, pampersin və yeməyini almışdır. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişir. Məhkəmə proses iştirakçılarının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehlər onun qonşusudur. İddiaçının nəvəsi həmişə cavabdehgilin evində olurdu və onlar həmin uşağa baxırdılar. Lakin onun məlumatı yoxdur ki, Cavabdeh1 həmin uşağa pul müqabilində baxır və belə bir məlumat eşitməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, tərəflər onun qonşusudur. O, iddiaçının nəvəsini həmişə cavabdehgilin evlərində görüb, lakin həmin uşağın pul müqabilində saxlanmasını eşitməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, Cavabdeh1 onun qohumudur. O, qohumugilə qonaq gedən zaman onun evində balaca uşaq olub və kim olduğunu Zəhrdan soruşmuş, Zəhra isə qonşunun nəvəsi olduğunu və onu saxladığını bildirmişdir. Lakin onun hansı miqdarda pul müqabilində saxladığı barədə məlumatı olmamışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X1 bildirdi ki, iddiaçı Əliyeva(Həşimova) Tamara Məhəmməd qızı onun qaynanasıdır. Onun hal-hazırda 2 uşağı var və hər iki uşağına o, özü baxmışdır, heç bir yerdə işləməmişdir. Hətta qaynanasıgilə belə uşağı saxlamağa etibar etmir. Onlar cavabdehgillə yaxın münasibətləri olduğu üçün onlara gedib-gəlmişlər. Beləliklə məhkəmə iclasında tərəflərin izahatları müəyyən edilmişdir ki, iddiaçı Əliyeva(Həşimova) Tamara Məhəmməd qızı tərəfindən Cavabdeh1 hissə-hissə olmaqla 7000 manat məbləğində pul vəsaiti verilmiş, 1000 manatı Cavabdeh1 tərəfindən iddiaçıya qaytarılmışdır. Hal-hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 6000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq ona ödənilməsini xahiş edir, cavabdeh tərəf isə həmin 6000 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən nəvəsinə dayəlik etdikləri üçün verdiyini bildirərək, iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında borc münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mükin Prosessual Məcəlləsinin: 106.1-сi maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə Cavabdeh1 hissə-hissə 7000 manat məbləğində borc pul vermiş və cavabdeh həmin puldan cəmi 1000 manat qaytarmış, qalan pulu vaxtında iddiaçıya qaytarmamışdır. Cavabdeh tərəf 6000 manat məbləğində pul vəsaitinin ona iddiaçının nəvəsinə dayəlik etdiyi üçün verildiyini bildirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; İş üzrə dindirilmiş şahidlərin ifadələrinə gəldikdə isə, həmin şahidlərin Cavabdeh1 iddiaçının nəvəsinin məhz pul müqabilində saxlamasının bilavasitə şahidi olmadıqları müəyyən edilmişdir. Bu mənada şahidlərin ifadələri “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz. Eyni zamanda məhkəmə iddiaçının 6000 manat məbləğində pul vəsaitinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı digər cavabdehlərdən qeyd edilən pul vəsaitinin tutulmasını Zəhranın əvəzindən vərəqdə qeydlərin Cavabdeh2 tərəfindən həyata keçirilməsi və digər cavabeh Cavabdeh3 borcu hesablaması ilə əsaslandırmışdır. Qeyd edilən hallar isə 6000 manat məbləğində pul vəsatinin həmin cavabdehlərə verilməsini sübuta yetirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 6000 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia Cavabdeh1 aid hissədə təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 80 manat məbləğində dövlət rüsumu Cavabdeh1 iddiaçının xeyrinə tutulmaldır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 6000 (altı min) manat məbləğində pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu iddiaçı Əliyeva(Həşimova) Tamara Məhəmməd qızının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1032/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1032/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver