Məhkəmə qərarları › İş №2(020)-1103/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1103/2024

27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1103/2024 27.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəyə müraciət edərək Cavabdeh 5.700 (beş min yeddi yüz) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhəkəmə iclasında izahat verən İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, o, kənd təsərrüfatı bitkilərini yetişdirib, alqı-satqısı ilə məşğul olaraq ailəsini dolandırır. Təxminən 3-4 il əvvəl Ağdam rayonu, Ergi ərazisində Cavabdeh ilə soğan alveri etmişlər. 2020-ci ildə Mahirə bir kisəsi 21 manat olmaqla, ümumi dəyəri 11.700 manat təşkil edən 560 kisə soğan satmışdır. Mahir ona 5.000 manat pul vermiş və qalanını isə 10-15-günə verəcəyinə söz vermişdir. 2021-ci ilin yay aylarında əlavə olaraq 1.000 manat da qaytarmışdır. Lakin indiyə kimi qalan 5.700 manat borcunu ödəməmişdir. O, bu barədə Ağdam rayon Polis Şöbəsinə şikayət etmiş, araşdırma aparıldıqdan sonra “cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il taixli qərar qəbul edilmiş və ona şikayəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Onun Mahirə satdığı soğanlar tam yararlı vəziyyətdə olmuşdur. Mahir onun pulunu ödəməkdən yayınmaq istədiyinə görə soğanların bir hissəsinin yararsız olduğunu bildirmişdir. Ona görə də, Cavabdeh 5.700 (beş min yeddi yüz) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan poçt xəbərnamələrindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh qeydiyyatda olduğu ünvanda ailə üzvləri tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinə əsasən Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər . Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir Hazırda məhkəmə tərəfindən göndərilən bildirişlər cavabdehin qeydiyyatda olduğu ünvanda ailə üzvləri tərəfindən qəbul edildiyindən məhkəmə bildirişi ona çatdırılmış hesab edilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilib dindirilən X4 ifadəsində göstərdi ki, İddiaçıla həmkəndlidir. 2021-ci ilin may ayında Telmangilə getmişdir. Həmin vaxt Cavabdeh da orada olmuşdur. Mahir Telmanla soğan alveri ilə bağlı haqq-hesab çəkmişlər. Mahir Telmana 6700 manat borcu olduğunu bildirmiş və borcundan 1000 manat Telmana ödəmişdir. Mahir borcundan ödəyəndən sonra Telmana 5700 manat borclu qaldığını bildirmişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilib dindirilən X1 ifadəsində göstərdi ki, İddiaçı qohumudur və 2018-ci ildən Telmanın yanında işləyir. Onun təsərrüfat işlərinə köməklik göstərmişdir. Mahir Telmandan soğan alarkən soğan kisələrini maşına onlar yükləmişlər. Mahir soğanı bir neçə günlüyə nisiyə aparmış, lakin uzun müddət soğanın pulunu verməmişdir. Onlar Telmandan öz iş pulunu tələb etdikdə Telman Mahirin pulu vermədiyini bildirmişdir. 2021-ci ilin təxminən iyun ayında Mahir həmin borcun 1000 manatını gətirib Telmana vermişdir. X7 pul qaytarıb qaytarmadığından məlumatı yoxdur. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilib dindirilən X8 ifadəsində göstərdi ki, İddiaçı yanında fəhlə işləmişdir. Cavabdeh Telmandan soğan almış, digər fəhlələrlə birlikdə 560 kisə soğanı Kamaza yükləmişlər. Telmandan fəhlə pulu istəmiş, Telman isə Mahirin hələ pulu vermədiyini bildirmişdir. Onlar malı yükləyərkən soğanlar yararlı vəziyyətdə olmuş, heç bir çürüyü olmamışdır. Sonradan 2021-ci ilin yay aylarında Telmanla bir yerdə olanda Mahir ora gəlmiş, Telmana 1000 manat pul vermiş, onların danışığından məlum olmuşdur ki, Mahirin 5700 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il taixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı Cavabdeh satdığı soğanın pullarını ala bilmədiyinə görə Ağdam rayon Polis Şöbəsinə şikayət etmiş, araşdırma aparıldıqdan sonra cinayət işinin bağlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, İddiaçı şikayəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş torpaq icarə müqaviləsindən görünür ki, Ağdam rayon İcra Hakimiyyəti Başçısının 04 oktyabr 2019-cu il tarixli, 160 saylı sərəncamı ilə X2 Ağdam rayonu Ergi ərazisindən yenidən 52 ha torpaq sahəsi 5 il müddətinə icarəyə verilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5700 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567.1-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci madddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Məhkəmədə müəyyən edildi ki, cavabdeh iddiaçıdan bir neçə günə dəyərinə ödəmək şərti ilə 2020-ci ildə560 kisə soğan məhsulu almış, sonradan soğanın dəyərinin bir hissəsinin pulunu ödəsə də, qalan pulu ödəməmişdir. Cavabdeh axırıncə dəfə iddiaçıya 2021-ci ilin ayay aylarında 1000 manat pul vermiş, 5700 manat borcu qısa müddətdə ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh verdiyi vədinə əməl etmədiyinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. qalmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın tam şəkildə təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən Cavabdeh dövlət rüsumuna görə 87 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 5700 (beş min yeddi yüz) manat alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 87 (səksən yeddi) manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən l(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar