Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1118/2025 23.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdi 200 manatın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Mil qəsəbəsində yaşayır. Cavabdeh oğlnau onun evinin polunu vurmaq üçün 100 manat pul vermişdir və 100 manat dəyərindədə balıq vermişdir. Cəmi ona 200 manat pul borcludur. Nə işini görür, nə də ki pulunu qaytarıb vermir. Onunla işləyən X1 da bütün bu olanları məhkəmədə şahid kimi təsdiq edə bilər. Az miqdarda iş görmüş və sonra çıxıb getmişdir. İndi dəfələrlə desədə gəlib polu düzəltmir və pulunu da qaytarmır. Özü də kasıb insandır. Kasıbçılıqla dolanır. Pulunu almaq istəsə də, heç bir nəticə əldə edə bilməmişdir və polisə müraciət etmişdir. Lakin ona cavab olaraq, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də Cavabdeh verdiyi 200 manatın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, o, cavabdehə nağd qaydada 80 manat pul vermiş, 20 manatlıq isə o, cavabdehi öz maşını ilə evinə aparmış və 100 manat dəyərində isə balıq vermişdir. Cavabdeh təmir işlərinin bir qismini görmüş, qalan hissəsini isə demişdir ki, gəlib görəcək. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, öz izahatında göstərmişdir ki, o, usta kimi fəaliyyət göstərir. İddiaçı ilə onun evinin döşəməsini təmir etməsi ilə bağlı razılığa gəlmişlər. İddiaçı ona balıq verəcəyi üçün döşəmənin təmiri üçün 140 manata razılığa gəlmişlər və iddiaçı ona 80 manat pul vermiş, 20 manatlıq isə balaca balıqlar vermişdir. O, işin çox hissəsini görmüş, lakin döşəmənin quruması üçün müəyyən vaxt tələb olunduğu üçün 1 günlük işi qalmışdır. Lakin iddiaçı ilə aralarında mübahisə yarandığı üçün işin qalan hissəsini görməmişdir. İddiaçı ona ödəməli olduğu qalan məbləği də ödəməmişdir. O, iddiaçıdan cəmi 80 manat pul almış, o, pulu isə bir şərtlə qaytarar ki, gedib gördüyü işləri söksün. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə işin təsvir edilmiş mübahisəsiz hallarını və Mülki Məcəllənin göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Eyni Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçının evində təmir işlərinin aparılması ilə bağlı razılıq əldə olunmuş, cavabdeh işin bir qismini gömüş, qalan hissəsini görməmiş və iddiaçı tərəfindən cavabdehə cəmi 80 manat məbləğində pul vəsaiti ödənilmişdir. Hal-hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona borclu olduğu 200 manatı tələb edir, cavabdeh isə iddiaya etiraz edərək, təmir işlərinin görülməsi ilə əlaqədar iddiaçı ilə aralarında 140 manata razılığa gəldiklərini və görmüş olduğu işə görə 80 manat məbləğində nağd pulun və 20 manatlıq balığın verildiyini, 40 manatın isə ödənilmədiyini bildirir. Məhkəmə hesab edir ki, hal-hazırda iddiaçı evində təmir işlərinin tam görülməməsi ilə əlaqədar 200 manat məbləğində pul vəsaitinin (100 manat nağd olaraq və 100 manat dəyərində balıq verdiyinə görə) cavabdehdən alınıb ona verilməsini xahiş etsə iddia tələbinin əsaslığına dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçının cavabdehə cəmi 80 manat məbləğində pul vəsaiti verdiyi müəyyən edilmiş olsa da, lakin iş materialları ilə cavabdehin həmin pulun müqabilində hansı işlərin görüb-görməməsini müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1118/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1118/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver