Məhkəmə qərarları › İş №2(020)-1144/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1144/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1144/2024 01.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat məbləğində pulun və ona vurmuş olduğu maddi cəhətdən 500 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-ci ilin əvvəlində Cəlilə tanış olmuş və ona müharibədə iştirak etdiyini və yaralandığını, lakin hələ də əlilik qrupu və qazi adını ala bilmədiyini bildirmişdir. Cəlil ona köməklik edərək bunun müqabilində ona 4.000 manat manat ödəməli olduğunu ona demişdir. O da razılaşıb yaxın gündə Cəlilin dediyi pulu gətirib verəcəyini demişdir. 2017-ci ilin təxminən may ayının əvvəllərində atası X3 ilə birgə Beyləqan rayon təhsil şöbəsinə Cəlilin yanına gedərək 2.000 manat düzəldib gətirdiyini, yerdə qalan 2.000 manatı isə 1 aya kimi düzəldib gətirib verəcəyini deyərək Cəlilə 2.000 manat pul vəsaiti vermişdir. Cəlil etiraz etməmiş, ondan 2.000 min manatı götürmüşdür. Bundan sonra o, 2017-ci ilin iyun ayında yerdə qalan 2.000 min manatı toplayıb gətirib Cəlilə ödəmiş ki, işi tez alınsın. Bundan sonra Cəlil onu maddi cəhətdən ziyana salaraq hər dəfə komissiya görə Bakıya gedib gəlmək və sənəd, həkimlərə rüsum ödəyərək 500 manat miqdarda ziyana salmışdır. Ümumilikdə isə Cəlil ondan 4.000 manat almış və 500 manat ziyana salmışdır. Dəfələrcə özünə müraciət etsə də, onu hər dəfə aldadaraq bu gün sabah həll olacaq deyərək 2024-cü ilə kimi onu aldatmış və yola vermişdir. O, rəsmi qaydada hüquq mühafizə orqanlarına xx.xx.2024-cu il tarixdə 102 zəng xidmətinə müraciət etmişdir. Aparılmış cinayət istintaq zamanı həqiqətən də Cəlilin ondan dələduzluq yolu ilə 4.000 min manat pulun ələ keçirməsi öz təsdiqini tapmışdır. X2 2024-cü il tarixli HK-1/593 saylı rədd qərarında da cinayət işinin müddəti keçdiyi üçün rədd edilsə də lakin tam sübuta yetirilmişdir. Eyni zamanda Cəlil etiraf edərək izahatında ondan pulu aldığını etiraf etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, məhkəməyə yazılı izahat da təqdim edərək, izahatında göstərmişdir ki, 2017-ci ildə iddiaçının atası oğlunun pensiyasının düzəldilməsi üçün lazımi olan sənədlərin toplanması və Birinci Qarabağ döyüşləri zamanı yaralanması haqqında sənədlərin lazaret, hospital və mülki xəstəxanalardan axtarıb tapılması, ona Azərbaycan Respublikasını müdafiəsi zamanı pensiya düzəldilməsi üçün zəruri olan sənədlərin və hal-hazırdakı vəziyyəti barədə müalicə alınması, müvafiq analizlərin verilməsi, xəstəliyə uyğun olaraq zəruri aparatlardan keçərək müvafiq cavabların alınması və yerli həkim komissiyalardan keçirilərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasına təqdim edilməsi üçün müvafiq razılığa gəlmişlər. Bütün bunların həll olunması üçün iddiaçının atası Kamran ona 5000 manat pul verəcəyini bildirmiş və ilk iki ay ərzində ona hissə-hissə 4000 manat pul vermiş və 1000 manatını isə iş düzələndən sonra verəcəyini bildirmişdir. O, üç il ərzinə bütün bunların hamısını həll etmişdir. Belə ki, Seymurun özünün dediyi bütün lazaretləri, hospitalları, mülki xəstəxanaları axtarsa da onun yaralanması haqqında heç bir yerdə məlumat tapılmamışdır. O da onun döyüş yoldaşlarını tapmış və onların Seymurun yaralanması şahidləri kimi ifadələrini notariusda təsdiqlədərək, sənədləri Beyləqan rayon hərbi komissarlığı vasitəsi ilə Azərbaycan Respublikası Hərbi Məhkəmə Tibbi Ekspertizasına göndərmişdir. Hərbi Məhkəmə Tibbi Ekspertizasının rəyi Hərbi həkim komissiyasına göndərilmişdir. Seymurun həqiqətən “Azərbaycan Respubikasının müdafiəsi zamanı yaralanması” təsdiq edilmişdir. Bundan sonra Seymur Beyləqan rayon xəstəxanasında müalicə alsa da xəstəliyinin sağalmasında heç bir müsbət nəticə alınmadığı üçün onu müalicəsi davam etdirmək üçün Bakı şəhərinin mərkəzi xəstəxanalardan birinə müalicəyə göndərilmişdir. Bütün bu müalicə dövründə alınan müalicələr zamanı müxtəlif analizlər verilmiş, müxtəlif aparaturalardan alınan cavablar göstərdi ki, onun xəstəliyi davam edir və xroniki xəstəliyi çevrilmişdir. Bütün bu proseslərin hamısı xeyli vaxt aparmış və əldə olunan bütün sənədlər onlayn qaydada sistemə yerləşdirilmiş və pensiyanın təyinatı üçün Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının rəyi müəyyən səbəblərdən müsbət olmamışdır ki, burada onun heç bir günahı yoxdur. Bütün bu proseslərin həyata keçirilməsi üçün dəfələrlə Seymurun özünün iştirakı ilə və iştirakı olmadan 30 dəfədən artıq Bakı şəhərinə və respublikanın başqa rayon və şəhərlərində yerləşən xəstəxana və arxivlərdə araşdırmalar aparılmışdır ki, bu da müəyyən qədər xərc tələb edir. Beləliklə aldığı 4000 manat pul bütün bu işlərin görülməsi üçün yol, yemək, kommunal, analiz və aparaturalara çəkilən xərclərə sərf olunmuşdur. Onun Seymura borcu yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 22 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki,İddiaçı 06.04.202-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək özünə təqaüd düzətmək üçün Cavabdeh 4000 manat pul verdiyini, lakin həmin şəxsin onu aldadıb pulunu ələ keçirdiyini göstərərək, Cavabdeh barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət üzrə ilkin yoxlama aparılmış və ilkin yoxlama zamanı Cavabdeh İddiaçı pulu 2017-ci ilin mart ayından almış, hazırda həmin tarixdən yeddi ildən artıq müddət keçmişdir. Ona görə də, həmin fakt üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü (cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə) maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və 22 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı tədqiq edərək hesab edir ki, Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində İddiaçı 4000 manat məbləğində nağd pul vəsaitini ələ keçirməklə, sonucuya maddi ziyan vurduğu işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin istinad edilən maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası isə digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. İndiki halda iddia tələbinin əsası kimi Mülki Məcəllənin delikt ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Məhkəmənin qənaətinə görə, Cavabdeh qanunsuz hərəkətlər nəticəsində İddiaçı maddi zərər vurulmuşdur və həmin qanunsuz hərəkətlər ilə ona vurulan zərər arasında səbəbli əlaqə vardır. Odur ki, İddiaçı məruz qaldığı ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin izahatında göstərilənlərlə bağlı isə onu qeyd edir ki, hərbi xidmətdə yaralanma ilə əlaqədar şəxsə təqaüd təyin edilməsi müvafiq dövlət orqanın səlahiyyətindədir və bununla əlaqədar hər hansı bir şəxsin pul alması ilə qanun pozuntusudur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 4000 manat məbləğində maddi ziyanın tutulması hissəsində təmin edilməli, Cavabdeh həmin məbləğ İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “500 manat məbləğində ziyanın tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 500 manat ziyan dəydiyini də bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən bununla əlaqədar sübutlar, yəni 500 manat məbləğində pul xərcləməsinə dair sənədlər məhkəməyə təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsi 4000 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4000 (dörd min) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin Cavabdeh dövlət nəfinə 60 (altmış) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar