Məhkəmə qərarları › İş №2(020)-1145/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1145/2024

09.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1145/2024 09.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı (eyni zamanda digər İddiaçı2 etibarnamə əsasında nümayəndəsidir) İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti) “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ilə Cavabdeh2 MMC arasında bağlanmış və İddiaçı1 ilə Cavabdeh2 MMC və Cavabdeh1 MMC arasında bağlanmış əmək müqavilələrinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni təmsilçisi X1 olan Cavabdeh1 MMC (VÖEN: **********) və Cavabdeh2 MMC-də (VÖEN: **********) işçi kimi əmək müqaviləsi bildirişləri qeydiyyatdan keçmişdir. Bir müddət sonra həmin müəssisələr faktiki olaraq fəaliyyətini dayandırmşdır. Hazırda onlar digər işəgötürənlər ilə əmək müqaviləsi bağlaya bilmirlər. Belə ki, məşğulluq alt sistemində onlara məxsus aktiv əmək müqaviləsi bildirişi mövcud olduğundan bu mümkünsüz olmuşdur. Əldə etdiklər məlumata əsasən hər iki şirkətin qanuni təmsilçisi olan X1 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Yuxarıda qeyd edilən hallar ilə bağlı mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə mediasiya prosesi tətbiqi edilmiş, lakin cavabdehlər mediasiya prosesində iştirak etməmişlər. Buna görə də mediasiya prosesi baş tutmamış və müvafiq arayış verilmişdir. Bundan sonra tərəfimizdən ərizə ilə iddia tələbi üzrə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini X2 Xidmətinə müraciət edilərək cavabdehlər ilə aramızda olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt qəbul edilməsi xahiş edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini X2 Xidməti ərizədə qeyd edilənlərin icrasından imtina etmişdirş 3-cü şəxs imtina cavabında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməli olduğu bildirilmişdir. Əlavə olaraq cavabda qeyd edilmişdir ki, əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə bu barədə əsaslandırılmış qaydada rayon şəhər məhkəməsinə müraciət edilməli, məsələnin başqa həll yolu məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləs iqüvvədən düşmüş hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “əmək və məşğulluq” altsisteminə daxi edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir. Göründüyü kimi cavabdehlər ilə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həlli mümkün olmadığından onlar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı (eyni zamanda digər İddiaçı2 etibarnamə əsasında nümayəndəsidir) İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhəri idarəsi tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, onların 06 may 2024-cü il tarixli ərizələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətində baxılmış və bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Elektron Məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məıumatlardan görünür ki, İddiaçı1 Cavabdeh1 MMC-də istehsal və istismar/kommersiya xidməti üzrə bölmər rəhbəri vəzifəsində işləyir və əmək haqqı 300 manat təşkil edir. Eyni zamanda İddiaçı1 Cavabdeh2 MMC-də (VÖEN **********) pərakəndə ticarət üzrə menecer vəzifəsində işləyir və əmək haqqı 270 manat təşkil edir. İddiaçı2 Cavabdeh2 MMC-də (VÖEN **********) təmizləyici vəzifəsində işləyir və əmək haqqı 260 manat təşkil edir. Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli Arayışlardan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı1 iştirak etmiş, məlumat verilməsinə baxmayaraq Cavabdeh2 MMC-nin və Cavabdeh1 MMC-nin nümayəndələri iştirak etməmişdir. Mediasiya xərci İddiaçı1 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 3.5-1-ci maddəsinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 49.1-ci maddəsinə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1- 2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “M.Məmmədovanın şikayəti üzrə məhkəkə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 ilə Cavabdeh2 MMC-nin və Cavabdeh1 MMC arasında və İddiaçı2 ilə Cavabdeh2 MMC arasında əmək müqavilələri bağlanmasına dair mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq qeydlər aparılmış, lakin hal-hazırda onlar həmin şirkətlərdə işləmirlər və ona görə də əmək müqaviləsinə xitam verilməsinə xahiş edirlər. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçıların hazırkı iddiası əsaslıdır, iddiaçılar iddialarını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdehlər isə göstərilənlərə dair hər hansı sübutlarını nəinki məhkəməyə təqdim etməmiş, eyni zamanda təyin edilmiş məhkəmə iclaslarının heç birində nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçıların hüqunu müdafiə etmək məqsədi ilə iddia təmin edilməli, iddiaçıların pozulmuş əmək hüquqları bərpa edilməli, İddiaçı2 ilə Cavabdeh2 MMC arasında bağlanmış və İddiaçı1 ilə Cavabdeh2 MMC və Cavabdeh1 MMC arasında bağlanmış əmək müqavilələrinə verilməli və həmin əmək müqavilələrinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı2 ilə Cavabdeh2 MMC (VÖEN **********) arasında bağlanmış əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. İddiaçı1 ilə Cavabdeh2 MMC (VÖEN **********) və Cavabdeh1 MMC (VÖEN **********) arasında bağlanmış əmək müqavilələrinə xitam verilsin və əmək müqavilələrinə xitam verilməsi bildirişlənin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar